Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri və səfər çərçivəsində Sülh Şurasının ilk iclasında iştirakı müasir diplomatiya tariximizin növbəti nailiyyətlərindən biri kimi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, qlobal proseslərdə fəal mövqeyinin daha bir təsdiqi oldu. Bu səfər Azərbaycanın sülh təşəbbüslərində iştirakını genişləndirməklə yanaşı, bütün dünyada diplomatik nüfuzunun daha da gücləndiyini göstərdi.
Sülh niyyəti ilə yaradılmış alternativ diplomatik platforma
Sülh Şurası konsepsiyası son dövrlər beynəlxalq münasibətlər sistemində diqqət mərkəzinə çevrilmiş ən mühüm təşəbbüslərdəndir. Bu təşəbbüs qlobal münaqişələrin idarə olunması və diplomatik həll yollarının sürətləndirilməsi məqsədi daşıyan yeni platforma kimi təqdim olunur və artıq beynəlxalq siyasi gündəmdə özünə geniş yer tutmaqdadır.
Bu konsepsiyanın praktik icrasına doğru ilk addım Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş sammit çərçivəsində atılmışdı. Həmin sammitə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən dəvət olunması ölkəmizin beynəlxalq sülh təşəbbüslərində artan rolunun və regional proseslərdə təsir imkanlarının göstəricisi idi. Azərbaycanın belə platformalarda iştirakının artması ölkəmizin çoxtərəfli diplomatiyada fəal aktora çevrildiyini nümayiş etdirir.
Sammitin ilkin nəticələri konkret humanitar və təhlükəsizlik addımları ilə yadda qaldı. Qəzzada hərbi əməliyyatların dayandırılması və qan tökülməsinin qarşısının alınması istiqamətində razılaşma əldə olundu, eyni zamanda əsir və girovların qaytarılması prosesi başlandı. Bu addımlar təşəbbüsün yalnız siyasi deyil, praktiki nəticələr doğura biləcək mexanizm kimi təqdim olunmasına zəmin yaradırdı.
ABŞ tərəfindən irəli sürülmüş bu konsepsiyanın növbəti mərhələdə institusional əsaslarının formalaşdırılması istiqamətində işlərə başlandı. Məqsəd Sülh Şurasını daha sabit və davamlı beynəlxalq mexanizmə çevirmək idi. Bu isə təşəbbüsün gələcəkdə regional deyil, qlobal səviyyədə təsir imkanları qazana biləcəyini göstərir.
Bununla yanaşı, Sülh Şurası təşəbbüsü beynəlxalq arenada birmənalı qarşılanmır. Bir sıra dövlətlər və siyasi qruplar bu platformanı sülh təşəbbüsləri baxımından müsbət addım hesab etsələr də, digər tərəflər hələ ehtiyatlı mövqe tutmağa üstünlük verir. Ələlxüsus Avropa qrupu və Çin tərəfindən təşəbbüsün mövcud beynəlxalq institutların roluna, xüsusən qərarvermə balansına mümkün təsirləri ilə bağlı narahatlıqlar səsləndirilməkdədir. Bu mövqe Sülh Şurasının gələcəkdə beynəlxalq sistemdə hansı statusa malik olacağı sualını aktuallaşdırır.
Əsas müzakirə mövzusu isə ondan ibarətdir ki, bu təşəbbüs yalnız Qəzza böhranının idarə olunması ilə məhdudlaşacaq, yoxsa digər münaqişələrin həllində də rol oynayacaq yeni qlobal mexanizmə çevriləcək. Bəzi ekspertlər Sülh Şurasının BMT-ni əvəzləyəcək struktura çevrilməsini real saymasalar da, onun alternativ diplomatik platforma kimi fəaliyyət göstərə biləcəyini istisna etmirlər.
Zamanın tələbindən yaranan təsisat
Beləliklə, Sülh Şurası hazırda formalaşma mərhələsində olan, lakin artıq beynəlxalq münasibətlər sistemində mühüm siyasi diskussiya yaradan təşəbbüs kimi çıxış edir. Reallıq bundan ibarətdir ki, belə bir təsisatın yaradılması və təsirli gücə çevrilməsi zamanın tələbi, müasir dünyamızın çağırışıdır. Bu zərurəti şərtləndirən bir sıra səbəblər var.
Beynəlxalq münasibətlər sistemi hazırda köklü transformasiya mərhələsindən keçməkdədir. Geosiyasi rəqabətin kəskinləşməsi, regional münaqişələrin artması və təhlükəsizlik çağırışlarının mürəkkəbləşməsi mövcud qlobal idarəetmə mexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyini göstərir. Bu dəyişikliklər fonunda beynəlxalq sülhün təmin olunması üçün yeni alətlərin və platformaların formalaşdırılması məsələsi gündəliyin əsas mövzularından birinə çevrilib.
Ənənəvi beynəlxalq təşkilatlarlar uzun dövr ərzində qlobal sabitliyin qorunmasında mühüm rol oynasalar da, hazırkı mərhələdə onların beynəlxalq ictimaiyyətin üzləşdiyi təhlükəsizlik və humanitar problemləri həll etmək iqtidarında olmadıqları getdikcə daha açıq görünür. Bu vəziyyət ilk növbədə dünyada davam edən müharibə və silahlı münaqişələr fonunda özünü göstərir. Müxtəlif hesablamalara görə, hazırda dünyada 60-dan çox münaqişə ocağı mövcuddur. Qəzzada baş verən hadisələr, Yaxın Şərqdə gərginliyin artması və Rusiya-Ukrayna müharibəsinin davam etməsi beynəlxalq mexanizmlərin təsir imkanlarının məhdud olduğunu bir daha nümayiş etdirir.
Cərəyan edən proseslər fonunda xüsusilə Birləşmiş Millətlər Təşkilatının rolu geniş müzakirə olunur. Formal olaraq qlobal sülhün qorunmasına məsul olan bu təşkilat münaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli siyasi iradə və təsir imkanları göstərə bilmir. Buna torpaqlarının 20 faizi təxminən 30 ilə yaxın müddətdə işğal altında qalan, BMT-nin bununla bağlı 4 qətnaməsinin icrası istiqamətində heç bir addım atılmayan, yekunda bu qətnamələri ordumuzun gücü ilə icra etmək məcburiyyətində qalan Azərbaycan dövlətinin vətəndaşları olaraq hər birimiz çox yaxşı şahidik. Xüsusilə Təhlükəsizlik Şurasında veto mexanizminin mövcudluğu, qərarların icrasının zəifliyi və böyük dövlətlər arasında geosiyasi qarşıdurma BMT-ni operativ fəaliyyət göstərə bilməyən struktura çevirir.
BMT Nizamnaməsində təsbit edilən beynəlxalq sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktikada pozulması təşkilata olan etimadı ciddi şəkildə sarsıdır. Bu amillər yalnız siyasi deyil, həm də humanitar böhranların dərinləşməsinə gətirib çıxarır. Nəticədə beynəlxalq sistemdə alternativ mexanizmlərin yaradılması ilə bağlı müzakirələr güclənir.
Tramp administrasiyası məhz bu zərurətdən çıxış edərək alternativ sülh mexanizmi kimi Sülh Şurası təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs mövcud strukturları əvəz etməkdən daha çox onların çatışmazlıqlarını kompensasiya edə biləcək çevik platforma kimi təqdim olunur. ABŞ-nin son illər BMT-nin bir sıra strukturlarından çıxması və bəzi qurumların maliyyələşdirilməsini dayandırması da rəsmi Vaşinqtonun mövcud qlobal idarəetmə sistemindən narazılığının göstəricisi kimi şərh edilə bilər.
Sülh Şurası ideyası mahiyyət etibarilə beynəlxalq təhlükəsizlik məsələlərinin daha operativ, siyasi baxımdan çevik və nəticəyönümlü mexanizmlərlə idarə olunmasına yönəlib. Bu platformanın əsas məqsədi münaqişələrin erkən mərhələdə qarşısının alınması, humanitar böhranların azaldılması və siyasi dialoqun təşviqidir.
Azərbaycan Sülh Şurasının təsisçilərindən biridir
Əlbəttə, təşəbbüsün gələcəkdə hansı status alacağı və beynəlxalq sistemdə necə mövqe tutacağı hələ də açıq qalır. Bununla belə mövcud reallıqlar göstərir ki, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən qurulmasına ehtiyac var. Qlobal idarəetmə institutlarının zəifləməsi yeni və daha çevik mexanizmlərin yaradılmasını qaçılmaz edir. Bu proses yalnız bir təşəbbüslə məhdudlaşmır, əksinə, dünya siyasətində yeni platformaların formalaşması daha geniş transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Beləliklə, Sülh Şurasını hazırkı beynəlxalq sistemin çatışmazlıqları fonunda ortaya çıxan alternativlərdən biri kimi nəzərdən keçirə bilərik. Onun uğurlu olub-olmayacağı isə yalnız institusional quruluşundan deyil, həm də böyük dövlətlərin siyasi iradəsindən və beynəlxalq ictimaiyyətin bu təşəbbüsə verdiyi dəstəkdən asılı olacaq.
Təşəbbüsün özü bəşəriyyət üçün xoş məram daşıdığından Azərbaycan da Sülh Şurası ideyasına ilk dəstək verən dövlətlərdəndir. Dünya İqtisadi Forumu platformasında Sülh Şurasının yaradılması ilə bağlı dövlətlərə açıq müraciət edildikdən sonra Azərbaycan Respublikası bu təşəbbüsə yaradıcı (founding) üzv statusu ilə qoşuldu. Azərbaycanın Sülh Şurası kimi mötəbər bir təşkilatda bu statusda təmsil olunması ölkəmizin beynəlxalq siyasətdə artan çəkisinin, qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının və təşəbbüskar dövlət kimi rolunun göstəricisidir. Azərbaycanın bu proseslərdə fəal iştirakı həm də beynəlxalq təhlükəsizlik məsələlərinə töhfə vermək niyyətlərini bir daha göstərir.
Azərbaycan Prezidentinin dünya üçün nümunə yaradan sülh gündəliyi
Ölkəmizin bu platformada iştirakının əsasını dövlətimizin başçısı cənab İlham Əliyevin müstəqil və balanslı xarici siyasət xətti təşkil edir. Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi Prezident İlham Əliyevin irəli sürdüyü inkişaf modeli, strateji sabitlik kursu və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Respublikamız regional və qlobal problemlərin qarşısının alınması və idarə olunmasında konstruktiv yanaşmanı, dialoqu və nəticəyönümlü diplomatiyanı əsas prinsip kimi irəli sürür.
Sülh Şurası çərçivəsində Azərbaycanın xüsusi diqqət mərkəzində olmasının mühüm səbəblərindən biri də Ermənistanla münasibətlərdə irəli sürülən sülh gündəliyidir. Azərbaycan uzun illər davam edən münaqişənin həlli istiqamətində beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni reallıq formalaşdırıb. Prezident İlham Əliyev uzun müddətdir sülh gündəliyinin təşəbbüskarlarından və ən fəal təşviqatçılarından biri kimi çıxış edir. Azərbaycanın dövlət rəhbərinin liderliyi ilə həyata keçirilən siyasət nəticəsində regionda davamlı sülh üçün praktik əsaslar yaradılıb. Bu təcrübə qlobal miqyasda münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə dair uğurlu nümunələrdən biri kimi dəyərləndirilməkdədir.
Vaşinqtonda keçirilən tədbir zamanı Prezident Donald Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə birbaşa xitab etməsi də bir tərəfdən cənab İlham Əliyevin qlobal nüfuzunun, digər tərəfdən Azərbaycan liderinin müəllifi olduğu sülh gündəliyinə verilən ali dəyərin bariz göstəricisi idi. Bu fakt Azərbaycanın beynəlxalq dialoq və təhlükəsizlik məsələlərində konstruktiv rolunun necə rəğbətlə qarşılandığını, ən yüksək səviyyədə qəbul edildiyini göstərir.
Tədbirin ən mühüm məqamlarından biri də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşərək əl sıxmasının ABŞ Prezidenti Tramp tərəfindən xüsusi vurğulanması oldu. Bu epizod qlobal sülhün və təhlükəsizliyin təminatında Azərbaycanın oynadığı rolun, eləcə də regionda dialoq və sabitliyin təşviqində dövlətimizin başçısının siyasi nüfuzunun, cənab İlham Əliyevə olan qlobal inamın daha bir təsdiqidir.
Məsuliyyətli yanaşma
Qeyd edək ki, hazırda Sülh Şurasına qoşulmuş dövlətlərin sayı 28-dir. Amma yaxın gələcəkdə platformanın daha da genişlənməsi istisna olunmur. Hazırda Sülh Şurasının gündəliyində duran əsas məsələlərdən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, bərpa-quruculuq işlərinin təşkili və humanitar missiyaların həyata keçirilməsidir. Bu təşəbbüs bölgədə davam edən humanitar böhranın aradan qaldırılmasına, münaqişədən sonrakı mərhələdə iqtisadi və sosial sabitliyin bərpasına yönəlib.
Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyasına gəlincə, belə bir ideya ilk dəfə Şarm əl-Şeyxdə ABŞ Prezidenti tərəfindən irəli sürülüb və bölgə ilə bağlı hazırlanmış 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilib. Bununla belə, Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli mediaya verdiyi müsahibədə Azərbaycanın belə bir qüvvənin tərkibinə qoşulmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Bu mövqe Azərbaycanın real vəziyyətindən və daxili ictimai rəyindən irəli gəlir. Azərbaycan müharibədən yeni çıxmış ölkədir və hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi cəmiyyətdə müəyyən həssaslıq doğurur. Rəsmi Bakı bu məsələdə məsuliyyətli yanaşma nümayiş etdirərək daxili prioritetləri, təhlükəsizlik məsələlərini və regional sabitliyi əsas götürür. Bu, Azərbaycanın xarici siyasətində balanslı qərarvermə və milli maraqların qorunması prinsipinə sadiqliyini göstərir.
Bununla yanaşı, Azərbaycan Qəzza ilə bağlı proseslərdə digər istiqamətlərdə fəal rol oynaya bilər. Ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa və quruculuq sahəsində əldə etdiyi praktiki təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin, "ağıllı şəhər" konsepsiyalarının və sosial proqramların bu baxımdan nümunə kimi təqdim olunması mümkündür.
Azərbaycan həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərib və bu istiqamətdə fəaliyyətin davam etdirilməsi imkanları mövcuddur. Gələcəkdə kommersiya şərtləri və investisiya layihələri çərçivəsində Azərbaycanın bölgədə iqtisadi iştirak imkanları da istisna edilmir. Bununla belə, hazırkı mərhələdə səsləndirilən 7 milyard dollar həcmində fond çərçivəsində Azərbaycanın hər hansı maliyyə iştirakının nəzərdə tutulmadığı bildirilir.
Ümumilikdə, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal sülh və təhlükəsizlik gündəliyində artan rolunu bir daha nümayiş etdirdi. Göstərdi ki, Azərbaycan yalnız regional aktor deyil, həm də beynəlxalq səviyyədə sülh təşəbbüslərinə töhfə verən, məsuliyyətli və praqmatik siyasət yürüdən dövlət kimi qəbul olunur.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri və Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində hər cəhətdən yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu iştirak ölkəmizin sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləməklə Azərbaycanın qlobal səviyyədə söz sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirib.
İradə ƏLİYEVA,
"Azərbaycan"