Təbiətdə hər şeyin öz səsi var. Bəzən biz onları eşidir, duyur, "oxuyuruq". Bu səslərin hər biri bizim üçün doğma və əzizdir. Çünki təbiətdən gəlir, həyatın qoynundan doğur. Bir-birinə bənzəməyən bu səslər qəlbimizə rəvanlıq, könlümüzə duruluq, ürəyimizə sevinc ələyir. Qollarımıza güc, dizlərimizə taqət, təpər verir. Bizi daha işıqlı, daha xoşbəxt sabahlara səsləyir. Təbiətdə gördüyümüz gözəlliklərdən, eşitdiyimiz bənzərsiz səslərdən ruhumuz rahatlıq tapır, könlümüzün qapısını sevinc hissləri döyür.
Suyun gurlayıb axan şırıltısını, yarpaqların xışıltısını, quşların bənzərsiz nəğməsini, bulaqların zümzüməsini, çiçəklərin, güllərin pıçıltısını, torpağın nəfəsini eşitmisinizmi? Bu səsləri duyanda xoş anlar yaşamısınızmı? Bir-birindən fərqli olan bu səsləri, bu nəğmələri hansımız eşitməmişik ki! Təbiidir ki, hamımız. Bəs kədərin, qəmin səsini necə, eşitmisinizmi? Bu səsi duymusunuzmu, qəlbinizin, ürəyinizin kövrək süzgəcindən keçirmisinizmi? Ümumiyyətlə, ürəkləri üzən kədərin səsi varmı? Kimsə bunu haradasa eşidibmi, duyubmu, hiss edibmi?
Təbiidir ki, kədərin də səsi var. Amma biz bu səsi hər yerdə eşitmirik. Elə nə yaxşı da ki, eşitmirik. Çünki kədərin səsini eşidən kimi qəlbimizi kövrək hisslər bürüyür, gözlərimiz yaşarır, aram-aram ürəyimizdən qəm karvanı yol salır. Bütün bunlar isə bir an içində ovqatımızı korlayır, xoş hisslərimizi kədərin məngənəsinə salır. Kövrəlirik. Kövrəldikcə yanaqlarımızda göz yaşları tumurcuqlayır, sözlərimizin boynu bükülür, fikirlərimiz qəlbimizdən ərşə çəkilir. Ona görə də ovqatımızı zədələyən kədərin səsini eşitmək istəmirik. Onun yanından baş götürüb qaçmağa, uzaqlaşmağa, sevincin, fərəhin yanına çatmağa tələsirik. Güllərin, çiçəklərin ətrinə, rahiyyəsinə batmağa can atırıq. Qəlbimizdə xoş hisslər, xoş ovqat oyatmaq istəyirik.
Amma nə qədər ondan qaçmağa çalışsaq da, hərdən kədərin də səsini eşitmək məcburiyyətində qalırıq. Ondan tamam uzaqlaşmaq, aralanmaq mümkün olmur. Bu səs harada olsa gəlib bizi tapır. Bəlkə haradasa kədərin səsində də bir müdriklik, bir həzinlik, bir dərinlik duyulur, ona görə... Bəlkə onun da səsinin dərinliyində bir hikmət olduğu üçün. Yəqin elə buna görədir ki, kədərin səsini eşidəndə düşünmək, fikirləşmək, həyatı dərk etmək imkanı olur. Axı insan səssizlikdə daha aydın, daha yaxşı düşünür, daha rahat fikirləşir. Kədərin səsi nədir? Əslində, kədərin səsi sükutdur.
Kədərin səsini yalnız torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların dəfn olunduğu müqəddəs məkanda, xalqımızın and yerinə çevrilmiş Şəhidlər xiyabanında eşidirik. Çünki burada həmişə sükut hökm sürür. Deyirlər ki, ruhlar sakitliyi, səssizliyi sevir. Çünki kədərin səsi səssizlikdə daha aydın eşidilir, daha təmiz duyulur.
Arzulayardıq ki, heç yerdə, heç bir ölkədə, heç bir bölgədə kədərin səsi eşidilməsin, onun qəmə bürünmüş nəfəsi duyulmasın. Gülən üzlərə, sevinən gözlərə, şən ovqat dolu sözlərə qəm ələnməsin, kədər meydan sulayıb dilə gəlməsin. Həmişə təbiətdən gələn bir-birindən gözəl, bir-birinə bənzəməyən səslər eşidək. Bulaqların zümzüməsindən, quşların uçuşundan, ceyranların qaçışından, yarpaqların xışıltısından, çiçəklərin pıçıltısından zövq alaq. Kədərin səsi insanlardan uzaqlarda dolansın. Heç yerdə eşidilməsin, heç yerdə duyulmasın. Həyatımıza yalnız sevinc hakim olsun, ömrümüz, günümüz sevinclə dolsun, kədər susuz qalmış ağaclar kimi saralıb solsun.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"