İnsanların qəlbində ucalmayan abidə əbədiyaşarlıq ömrü qazana bilmir.
20 Yanvar xalqımızın qanla yazılmış qəhrəmanlıq tarixinin ən şanlı səhifəsidir.
20 Yanvar azadlıq və müstəqillik uğrunda mübarizə aparan bir xalıqın qəhrəmanlıq tarixinin dünyaya təqdimatıdır. 20 Yanvar Vətən sevgisinin, azadlıq uğrunda mübarizədə xalqımızın ölümə və qorxuya qalib gəldiyi möhtəşəm gündür. 20 Yanvar eyni zamanda qanlı bir imperiyanın ifşa olaraq dağılmasına təkan verən tarixi hadisədir.
SSRİ rəhbərliyi bu qanlı faciəni törətməklə imperiyanın illərdən bəri apardığı "dostluq və qardaşlıq" ideologiyasının saxta bir şüar olduğunu ifşa etdi. SSRİ rəhbərliyi insanların kütləvi qırğınına səbəb olan qanlı faciəni törədən zaman ağlından belə keçirməzdi ki, bu fərmanla azadlıq uğrunda mübarizə aparan bir xalqın ürəyində məskən salmış əbədiyaşar azadlıq məşəlinə od vura bilər. Bu tarixi gün istiqlal mübarizəsinin şanlı tarixi kimi azadlıq və vətənsevər insanların qəlbində müqəddəs yolun başlanğıcı kimi simvollaşdı.
2010-cu ildə müstəqillik uğrunda mübarizənin əbədiyaşar qəhrəmanlarına Yasamal rayonunda, bir zamanlar XI qızıl ordu adlanan dairədə, sovet ordusunun insanların azadlıq sevgisini gülləbaran etdiyi meydanda möhtəşəm 20 Yanvar Abidə Kompleksi yaradıldı.
20 Yanvar şəhidlərinin əbədiyaşar xatirəsi şərəfinə ucaldılan bu qəhrəmanlıq abidəsinin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə dayanır. Memarı Ədalət Məmmədov, heykəltaraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə Ümummilli Lider Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" - ifadəsi qızıl hərflərlə həkk edilib. Abidənin açılışında Prezident İlham Əliyev iştirak edib.
Əməkdar memar Ədalət Məmmədov söhbət zamanı qeyd etdi ki, 2009-cu ilin oktyabrında 20 Yanvar hadisəsinin 20-ci ildönümü ərəfəsində 20 Yanvar Abidə Kompleksinə memarlıq etmək təklifi aldım. Belə bir məsuliyyətli və şərəfli işin memarlığının mənə tapşırılmasına çox sevindim. Biz, o dövrü yaşayan insanlar qanlı hadisənin bu və ya digər formada iştirakçısı olmuşuq. Təklifi məmnuniyyətlə qəbul etdim. Onu da deyim ki, işin icrası "Dəvəli" Açıq Səhmdar Cəmiyyətinə etibar edilmişdir. İşə başlamaq üçün ilk növbədə heykəltaraş abidənin eskizini hazırlamalı idi ki, ərazi ilə abidə bir-birini tamamlasın. Heykəltaraşlar Cavanşir Dadaşov və Azad Əliyevlə görüşüb eskizlərə baxdım. Heykəltaraşlar bir neçə variantda eskiz işləmişdilər. Seçim zamanı indi mövcud olan abidənin ucaldılması barədə ümumi qərar qəbul etdik. Bu əsərdə 20 Yanvar hadisəsi tam şəkildə öz mənasını ifadə edirdi. Artıq işə başlamaq olardı. Düşünürdüm ki, abidənin yeri elə seçilməlidir ki, həm hər tərəfdən görünsün, həm də qarşısı geniş olsun. Yeri dəqiqləşdirdikdən sonra sahənin genişləndirilməsini həyata keçirdik. Gecəni- gündüzə qatıb fasiləsiz işləyirdik.
Əvvəllər 20 Yanvara qanlı Yanvar deyirdik. Əslində, 20 Yanvar azadlıq uğrunda mübarizə aparan insanların qəhrəmanlıq tarixidir. Bu azadlıqsevərlərin ölümsüzlüyə qovuşduğu gündür. İnsanlar öz şəhadətləri ilə dünyaya göstərdilər ki, azadlıq candan da şirindir. Onların can verdikləri meydan isə şəhadət və qəhrəmanlıq meydanıdır. Biz abidəni ucaldanda da əsas diqqət verdiyimiz məqam da bu idi ki, kompleksdə dediklərim öz əksini tapsın. Buna görə də kompleksi veyer şəklində qurmalı olduq. Bu nə deməkdir? Fikir vermisinizsə, abidə qövsvari, aypara şəkillidir. Mərkəzdəki pyedestalı çox da yüksək etməmişik. Bunu ona görə belə etdik ki, ətrafda dayanan insanları heykəllər basmasın. Heykəlin qarşısında dayanıb ona tamaşa edənlərin təmasını yaratmağa çalışdıq. Bunun üçün də heykəlləri çox da yüksək yox, adam boyunda verdik. Bu gün heykələ tamaşa edən insanlara kənardan baxanda adamda elə təəssürat yaranır ki, onlar qarşı-qarşıya durub söhbətləşirlər. Kompozisiyada əsasən öz azadlığı uğrunda mübarizə aparan insanın cəsarətlə sinəsini irəli verdiyi qabardılıb.
Abidənin qövsvari olması isə açılmış qola bənzəyir. Belə ki, xalqımız 20 Yanvar şəhidlərinə qucaq açıb. Onlar əbədi olaraq insanların ürəklərində yaşayacaqlar. Abidədə yuxarıda verilən insan fiquru ətrafındakıları qucaqlamış şəklindədir. Bu o deməkdir ki, siz bizim əzizlərimizsiniz. Abidənin kənarında qranitdən iki ədəd səkkizguşəli, ortası yaşıl olan element var. Yaşıl rəng həyat rəmzidir. Bayrağımızda da səkkiz guşə və yaşıl rəng mövcuddur. Bununla demək istəmişik ki, Azərbaycan xalqının iradəsini qırmaq mümkün deyil. Neyləsəniz də Azərbaycan bayrağı xalqdan güc alıb ucalacaq, bütün Azərbaycan torpaqlarında əbədi olaraq dalğalanacaq. Çox şükür ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın bu arzusunu gerçəkləşdirdi. Bu gün Azərbaycan bayrağı bütün torpaqlarımızda dalğalanır. Tam müstəqil və suveren ölkədə yaşayırıq.
20 Yanvar Abidə Kompleksinin heykəltaraşları ilə də söhbət etdik. Əməkdar heykəltaraş Azad Əliyev dedi ki, bir heykəltaraş kimi 20 Yanvar Abidə Kompleksinin həmmüəllifi olduğum üçün çox qürurluyam. Bu abidəni yaradıcılığımın şah əsəri hesab edirəm. Abidə bir faciəni yox, azadlıq uğrunda mubarizəni simvolizə edən əsərdir. Belə bir möhtəşəm iş bizə etibar ediləndə çox sevindik. Onu da qeyd edim ki, abidəni işləmək üçün bizə verilən vaxt da çox məhdud idi. Dostum Cavanşirlə işin məsuliyyətini və ciddiliyini nəzərə alıb onu layiqincə yerinə yetirmək üçün gecə-gündüz iki ay çalışdıq. Bircə faktı deyim ki, abidədə təkcə 20 ton tuncdan istifadə edilib. Əsas məsələ abidəyə məzmun vermək idi. Çox şükür ki, şəhidlərimizin canlarını fəda etdikləri ideyanı əsərdə əks etdirə bildik.
Heykəltaraş Cavanşir Dadaşov isə dedi: "20 Yanvar" abidəsi birmənalı olaraq qəhrəmanlıq rəmzidir. Qeyd etməliyəm ki, qəhrəmanlıq rəmzi olan abidələr postament üzərində qurulur. Faciəni göstərən abidələrin postament üzərinə qoyulmasını doğru hesab etmirəm. Məntiqlə o faciənin ucaldılması deməkdir. Faciə ucaldılmamalı, göstərilməlidir.
Biz "20 Yanvar" abidəsində qəhrəmanlığı göstərməyə çalışmışıq. Abidədə xalqımızın məğrurluğunu, qorxmazlıqını, azadlığa və vətənə olan sevgisini ifadə etməyə çalışmışıq. Hesab edirəm ki, buna kifayət qədər nail ola bilmişik. Hər bir heykəltaraş belə bir abidəyə müəlliflik etməyi arzu edərdi. Azadla özümüzü şanslı hesab etməkdə tam haqlıyıq ki, xalqımızın azadlığı uğrunda mübarizə tarixinin ən şanlı səhifəsini abidələşdirmək bizə nəsib oldu".
Elşən QƏNİYEV,
"Azərbaycan"