16 Yanvar 2025 08:05
280
SİYASƏT
A- A+
Qlobal siyasətdə qətiyyətli mövqe

Qlobal siyasətdə qətiyyətli mövqe


Həyat sübut edir ki, bütün dövrlərdə sınaqlara tab gətirməyən ölkələr daim böyük çətinliklərlə üzləşir, bu çətinlikləri dəf edənlər isə inkişaf yoluna qədəm qoyur, tarixi nailiyyətlər əldə edir, xalqının sevgisini, rəğbətini qazanır. Bu gün Azərbaycan müstəqil siyasət kursu həyata keçirir, həm də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və imicini getdikcə daha da möhkəmləndirir.

Ölkəmiz reallaşdırılan siyasətin səmərəliliyi, sosial-iqtisadi uğurları, regional və qlobal proseslərə təsir imkanları, təşəbbüskarı və əsas icraçılarından olduğu layihələrlə hazırda böyük bir cöğrafiyanın çox güclü və nüfuzlu tərəfdaşı kimi qəbul edilir. Bu baxımdan respublikamızın əksər dövlətlərlə rəsmi səviyyədə müttəfiqlik münasibətlərinə malik olması, müxtəlif sahələr üzrə mühüm sənədlərin imzalanması ölkəmizin siyasi nailiyyətidir.

Burada Azərbaycanın regionumuzda yaratdığı yeni tarixi reallıqların da mühüm təsiri var. Regionun lider dövləti kimi bu reallıqlarda Azərbaycanın üzərinə böyük missiya düşür. Dövlətimiz yaşadığımız coğrafiyada sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın əsas təminatçılarından biri rolunda çıxış edir. Təşəbbüskarı olduğu və addım-addım gerçəkləşdirdiyi layihələrlə bölgəmizi qlobal dünya üçün mühüm enerji-kommunikasiya mərkəzinə çevirir. Bu imkanlardan faydalanmaq istəyən dövlətlər isə təbii ki, çoxdur.


Reallıqlara prinsipial münasibət 


Azərbaycanın 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş  antiterror tədbirləri ilə 30 il işğal altında qalmış torpaqlarını azad etməsi dünya tərəfindən maraqla izlənilmiş, hətta ciddi rəğbətə səbəb olmuşdur. Ordumuzun müasir, yeni nəsil hərbi əməliyyatları, xüsusilə Şuşa kimi çətin relyefli ərazidə mümkün olmayanı edib tarixi şəhərimizi azadlığa qovuşdurması dünyanın aparıcı hərbi institutları və ekspertləri tərəfindən ciddi şəkildə öyrənilir və lazımi nəticələr çıxarılır. Silahlı Qüvvələrimizin İkinci Qarabağ savaşı günlərində göstərdiyi hərbi məharət müasir ordu anlayışına yeni baxışın meydana gəlməsində başlıca rol oynayıb. Ancaq unutmamalıyıq ki, düşmənin döyüş meydanında məhv edilib torpaqlarımızdan çıxarılmasından öncə, yəni problemin çözümünə ordunun müdaxiləsindən əvvəl Prezident İlham Əliyevin fenomenal xarici siyasət kursu ərazi bütövlüyümüzün bərpası yolunda hüquqi zəminin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. Bu çoxillik prosesdə xalqımızın nümayiş etdirdiyi mətanət, iradə və xarici təzyiqlərə qarşı əyilməzlik qazanılan qələbəmizin başlıca səbəbi rolunda öz əksini tapmışdır.

On illər boyu beynəlxalq birlik bizim tarixi torpaqlarımızdan imtina etməyimizə çalışsa da, bunun üçün müxtəlif təzyiq üsullarını işə salsa da, dövlətimiz prinsipial mövqeyindən geri çəkilməmişdir.  

Respublikamız uzun illər boyu bir dövlətin deyil, dünyanın birdən-birə üç aparıcı güc mərkəzinin təzyiqlərinə məruz qalıb. Onların hədəfləri bir olub - Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını leqallaşdırmaq və qanuniləşdirmək. Ancaq Azərbaycan nəinki bu təhdidlərə boyun əyməyib, hətta iqtisadiyyatını və ordusunu sıfırdan quraraq, möhkəm təməllər üzərində duran dövlətçilik ənənələrini yaradaraq öz ərazilərini işğaldan azad edib. Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bu problemə bir daha toxunmuşdur: "Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu "üçlüklə" çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini".


Xarici siyasətdə çoxvektorluq 


Torpaqlarının işğaldan azad edilməsinə nail olan Azərbaycan təzyiq və məhdudiyyətlərə rəğmən, milli maraqlarının təminatı məsələsində yüksək prinsipiallıq nümayiş etdirmiş və dünyanın diqqətini özünə cəlb etməyə nail olmuşdur. Vətən müharibəsindəki hərbi qələbə dövlətimizin beynəlxalq nüfuzunu artırmış və xarici siyasət sahəsindəki addımlarında daha da müstəqil olmasını şərtləndirmişdir. 

Azərbaycan kimi tam müstəqil dövlətlə digər ölkələrin siyasi və iqtisadi işbirliyi qurmağa can atmaları təbii haldır. Müstəqil xarici siyasət sabit münasibətlər deməkdir. Azərbaycan özünün çoxvektorlu xarici siyasət doktrinasına müvafiq olaraq bir sıra beynəlxalq siyasi platformalarda təmsil olunur. Rəsmi Bakının seçim edərkən əsas tutduğu başlıca prinsip ondan ibarətdir ki, bu təmsilçilik Azərbaycana real dividendlər gətirməli, üzvlük xatirinə olmamalı və ilk növbədə milli maraqlarımıza cavab verməlidir. Bu prosesdə dövlətimizin yanaşması ilk növbədə tarazlı olmalı, tələskənliyə yol verilməməli və uzun illər üçün hesablanmış analitik qənaətə əsaslanmalıdır. Məsələn, Azərbaycanın dünyanın tərkibinə görə ikinci böyük beynəlxalq təşkilatı - Qoşulmama Hərəkatına üzvlüyü, dördillik sədrliyi və burada fəal, uğurlu fəaliyyəti sözügedən yanaşmanın parlaq nümunəsidir.

Qoşulmama Hərəkatı hər hansı hərbi-siyasi bloka qatılmayan ölkələrin bir araya gəlməsi fəlsəfəsi üzərində bərqərar olan beynəlxalq təşkilatdır. Əgər bu dövlətlərin böyük bir qismi bu təmsilçiliklə özlərinin siyasi neytrallıqlarını nümayiş etdirirlərsə, Azərbaycanın təşkilata üzvlüyü heç bir beynəlxalq güclərin diktəsindən, xarici siyasət ruzigarlarından asılı olmadığının göstəricisidir. Dövlətimiz özünü iqtisadi cəhətdən tam təmin etməyə qadirdir. Ölkəmizin inkişaf etmiş milli hərbi-sənaye kompleksi var. Bütün bunlar Azərbaycanın beynəlxalq siyasi platformalara üzvlük məsələsində də mühüm rol oynayır.

Bu gün ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurur. Prezident İlham Əliyevin də xatırlatdığı kimi, regionumuzda və postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, Avropa İttifaqının 10 ölkəsi ilə strateji əməkdaşlıq edir. Respublikamız böyük qaz ehtiyatları, qurulan qlobal enerji infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. 

Bundan başqa, Azərbaycan Prezidentinin şəxsiyyətinə olan böyük güvən, onun verdiyi bütün vədləri tutması, əldə edilən anlaşmalara sadiqliyi, sözünə də imzası qədər dəyər verməsi ölkəmizlə sıx əməkdaşlıq etmək istəklərini şərtləndirən əsas amillərdəndir. Ona görə də Azərbaycanın lideri iştirak etdiyi beynəlxalq tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin əhatəsində olur, hər kəs Prezident İlham Əliyevlə müzakirələrə, onunla ünsiyyətdən hansısa şəkildə faydalanmağa can atır. 


Müsəlman dünyasının elitar birliyi 


Azərbaycanın iqtisadi tərəfdaş seçimi prosesində müstəqil qərar qəbul etməsi yenicə üzvü olduğu daha bir qurumla münasibətlər kontekstində xüsusi maraq kəsb edir. Söhbət islam dünyasının ən proqressiv iqtisadi platformalarından biri olan D-8-dən gedir. İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Qahirədə keçirilən XI Sammitində Azərbaycanın yekdilliklə quruma üzv seçilməsi müstəqillik tariximizdə beynəlxalq diplomatik uğurlarımızın sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yaddaşlarda qalacaq. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli və effektiv xarici siyasətinin məntiqi nəticəsi olmaqla bərabər, həm də dövlətimizin çoxtərəfli diplomatiyasının daha bir uğurudur. Azərbaycan müsəlman dövlətlərini və islam aləmini təmsil edən beynəlxalq platformalarla sıx təmasdadır. İslam dünyasının nüfuzlu qurumu olan D-8-ə üzvlük həmrəylik, təəssübkeşlik və qarşılıqlı maraqların təmin olunması prinsiplərinə əsaslanan işgüzar əməkdaşlığın göstəricisidir.

D-8-in sıralarına inkişaf etməkdə olan səkkiz müsəlman dövləti daxildir. Bu, böyük coğrafiyanı əhatə edən müsəlman dünyasının səkkiz qabaqcıl dövlətinin elitar birliyidir. Təşkilatın yaradılması təşəbbüsü Türkiyəyə məxsusdur. 1996-cı ilin 22 oktyabrında İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Konfransında Türkiyənin təklifinin müsbət nəticəsi olaraq İndoneziya, Malayziya, Pakistan, Misir, İran, Nigeriya və Banqladeş prioritet hədəf kimi birgə iqtisadi fəaliyyətin dərinləşdirilməsi ideyasını əsas tutaraq vahid platformada təmsilçiliyə razılıqlarını bildiriblər. Bir il sonra, 15 iyul 1997-ci ildə adıçəkilən dövlətlərin rəhbərləri və hökumət başçılarının iştirakı ilə keçirilən sammitdə D-8-in əsası qoyulub. Tədqirəlayiq haldır ki, təşkilatın uzun illərdən sonra genişlənmə üçün atdığı ilk addımı Azərbaycanı öz sıralarına qəbul etməsi olub. Halbuki dünyada onlarla müsəlman dövləti var. Prezident İlham Əliyev bunu ölkəmizin xarici siyasət imici, işgüzar reputasiyası baxımından ciddi hadisə hesab edir və yerli kanallara verdiyi müsahibədə məsələyə xüsusi münasibət bildirir: "Bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. ...Təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin".

Dövlət başçısı hesab edir ki, Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Əgər İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsək, görərik ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı müsbət fikirlər söyləmiş, ölkəmizə həmişə dəstək vermişlər: "Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk. Yəni, bu, mənim göstərişimdir və bir dəfə verilmiş göstəriş, yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox müsəlman ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və edəndə də bunu çox da işıqlandırmırıq. Amma hətta mətbuata gedən məlumat kifayətdir deməyə ki, bu sahədə də çox fəalıq, həm COVID dövründə, həm digər məsələlərdə, Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də biz ön sıralarda olmuşuq". Dövlətimizin başçısı daha sonra bildirdi ki, Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin, ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi. "Yəni bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax dediyimi islam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq", - Azərbaycan Prezidenti müsahibəsində xüsusi vurğulamışdır.

D-8-in əsas hədəf və məramı iqtisadi müstəvidə daha sıx birgə əməkdaşlıqdan ibarətdir. Bu faktor Azərbaycan qarşısında yeni üfüqlər açır. Birincisi, dövlətimizin bu elitar ölkələr qrupuna qəbul edilməsi iqtisadi nüfuz və imkanlarımızın daha geniş miqyasda tanınması və qəbul edilməsi deməkdir. İkincisi isə D-8 Azərbaycanın malik olduğu iqtisadi resurslar, təcrübə və logistik imkanlar baxımından, islam aləmi ilə mövcud olan əməkdaşlıq göstəricilərini daha da yüksəltmək üçün əlverişli fürsətdir. 

Azərbaycan tarix boyu Qərblə Şərqin kəsişdiyi bölgədə yerləşməklə bir növ körpü rolunu oynayıb. Ölkəmiz tarixi İpək yolunun üzərində yerləşib. Qərbin, Avropa ölkələrinin Şərq bazarına ənənəvi marağı xalqımızın və dövlətçilik tariximizin bu qlobal siyasi, iqtisadi-ticari prosesdən təcrübə toplamasına, zənginləşməsinə öz töhfəsini verib. Geniş siyasi və iqtisadi gücü Azərbaycanın malik olduğu bu tarixi fürsətdən maksimum şəkildə yararlanmasına təminat verir. Ölkəmiz özünün inkişaf etmiş və şaxələnmiş yol-nəqliyyat infrastrukturu ilə müasir dünyanın logistik problemlərinin həllində aparıcı rollardan birini oynayır.

Azərbaycanın ərazilərini geri qaytarması, suverenliyini və sərhədlərinin bütövlüyünü bərpa etməsi təkcə dövlətimiz və xalqımız deyil, daha qlobal coğrafiyada digər dövlətlər, hətta qitələr üçün əməkdaşlıq hüdudlarını genişləndirir. Məsələn, bu gün aktual olan Orta dəhliz layihəsinin əsas bəndlərindən biri kimi məhz Azərbaycan çıxış edir. Ölkəmizin qeyri-dayanıqlı dünyada sabitlik adası olması iri iqtisadi mərkəzlərin və bazarların mal mübadiləsi prosesində aparıcı və həlledici faktor qismində çıxış etməsinə şərait yaradır. 

Azərbaycan D-8-ə məhz belə geniş imkanları və proseslərə təsir alətləri ilə üzv olub. Ölkəmizin malik olduğu iqtisadi resursları, logistik infrastrukturu, intellektual potensialı ilə "İslam səkkizliyi"nin aparıcı üzvlərindən biri olacağı şübhə doğurmur. Siyasi gündəmdə olan və mütləq gerçəkləşəcək Zəngəzur dəhlizi islam coğrafiyasi ilə yalnız Azərbaycan və Cənubi Qafqazı deyil, həmçinin Orta Asiyanın türk dövlətlərini, uzaq Çini və Cənubi-Şərqi Asiyanın zəngin, qabaqcıl bazarlarını əlaqələndirə bilər. Təkcə bu fakt Zəngəzur dəhlizinin hansı qlobal əhəmiyyət daşıdığını sübut edir. 

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti dövlətimizin müstəqilliyinin göstəricisidir. Bu mühüm xüsusiyyət Azərbaycana dövlət mənafelərinin və təhlükəsizliyinin təmin edilməsində prinsipial mövqe sərgiləməyə imkan verir. Eyni zamanda güclü təməllər üzərində formalaşmış dövlət müstəqilliyimiz xarici siyasi əlaqələrimizin şaxələnməsinə də şərait yaradır.

Müasir dünyada müttəfiq çoxluğu amilinin çəkisi böyükdür. Biz buna Vətən müharibəsi günlərində Azərbaycana qarşı atılan qərəzli xarici siyasət addımlarının neytrallaşdırılması prosesində müttəfiqlərimizin nümayiş etdirdikləri həmrəylik zamanı əmin olduq.  


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

A.M.Vəliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

02:15
17 Yanvar

"Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi haqqında

02:14
17 Yanvar

Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası

02:12
17 Yanvar

Azərbaycanla Efiopiya arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib  

23:26
16 Yanvar

"Şamaxı" ukraynalı legioneri dəvət edib  

22:29
16 Yanvar

Dünyada 500 milyona yaxın uşaq müharibə bölgələrində yaşayır   

22:28
16 Yanvar

CAR-da tərk edilmiş mədəndən 78 adamın cəsədi çıxarılıb  

22:27
16 Yanvar

ABŞ-də gənclərin 70%-dən çoxu TikTok qadağasına qarşıdır  

22:26
16 Yanvar

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb 

22:23
16 Yanvar

Rumıniya hökuməti prezident seçkilərinin mayda keçirilməsini təsdiqləyib  

21:54
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb

20:31
16 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

20:28
16 Yanvar

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb  

20:02
16 Yanvar

Bakı metropolitenində Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələri ilə görüş keçirilib  

19:51
16 Yanvar

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb  

19:46
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb  

19:41
16 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib  

19:36
16 Yanvar

Gürcüstan Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcək  

19:34
16 Yanvar

Gia Volski: Müxalifət Avropaya inteqrasiya yolunda Gürcüstana maneələr yaratmağa çalışır  

19:30
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək  

19:29
16 Yanvar

Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub  

19:24
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!