19 Yanvar 2025 09:10
187
CƏMİYYƏT
A- A+
"Mən türkəm, qorxub təslim olan deyiləm"

"Mən türkəm, qorxub təslim olan deyiləm"


"Evdə oturub, günümü nəvələrimlə keçirirəm. İmkan düşdükcə də şəhid ailələrinə baş çəkib, gücüm çatdığı qədər problemlərinin həllinə yardımçı olmağa  çalışıram. Qarabağda Zəfər bayrağımızı ucaldanlar ilə  bayrağa bükülüb gələn qəhrəman oğullarımız olub. Onların yadigarlarına diqqət hamımızın borcudur. Bayraq mənim ruhum, bayraq mənim kimliyimdir".

Gözləri dolur. Əlinin arxası ilə gözünün yaşını silir. Fikrə dalır. Sonra özünü toparlayıb deyir: "Xəstəlik yaddaşıma da təsir edib. 20 Yanvarın "yadigarları" canımı indi də rahat buraxmırlar. Yüksək qan təzyiqi insultla nəticələnib... Etdiklərimdən qəti peşiman deyiləm. Tanrının mənə verdiyi ömrü şükür ki, şərəflə yaşayıram". 

Başına gələnləri danışır: "Bayrağmızın qaldırılması üçün başım daşdan-daşa dəyib. Sovet dönəmi idi. XXI Partiya Qurultayı adına Gəmi Təmiri Zavodunda işləyirdim. Zavodun istilikxanasında dəmirdən üçrəngli Azərbaycan bayrağını düzəldib, çox səliqəli şəkildə rəngləyib gəminin borusuna qaynaq etdim. O zaman bu hərəkətim rəhbərliyin və bəzi qurumların xoşuna gəlmədi. Məni həbs etmək istəyirdilər. Soruşdular ki, bu nədir, niyə belə etmisən? Dedim ki, bayraqdır da...

Deyirdilər ki, Azərbaycan müstəqil dövlətdir ki, sən gətirib "ekstremistlərin" bayrağını gəmidə qaldırırsan? Cavab verdim ki, respublikamız tezliklə müstəqil də ola bilər...

Milis çağırdılar ki, məni həbs etsinlər. Amma onların da içərisində milli ruhlu, vətənpərvər oğullar az deyildi. Gəlib mənimlə söhbət etdilər. Dedilər ki, kasıb ailədən çıxmısan, indi gəlib gəmi kapitanı olmusan. Bu nə işdir sən edirsən? And- aman etdim ki, bu, ekstremistlərin yox, bizim milli bayrağımızdır. Çıxıb getdilər...

Üçrəngli bayrağımız mənim üçün həm də ona görə müqəddəsdir ki, Vətən uğrunda canını fəda edən qəhrəman oğullarımız bu bayrağa bükülüb gəliblər. Övladlarıma demişəm ki, mən öləndə məni bayrağımıza büküb dəfn edərsiniz".

Həmsöhbətimiz 22 il gəmi kapitanı işləmiş 20 Yanvar qazisi Bafadar İbrahimlidir.

Bafadar Oğlan oğlu İbrahimli 1958-ci il sentyabrın 24-də Masallı rayonunun Türkoba kəndində anadan olub. Uşaqlıq illərini xatırlayan gəmi kapitanı dedi ki, çoxuşaqlı ailənin övladıydır: "5 bacı 3 qardaşıq. Atam fəhlə, anam kolxozçu işləyirdi. Dolanışığımız həsəd aparılası deyildi. Çətinliklərimiz var idi. Evimizdə arzuladıqlarımızın biri olanda o biri olmurdu. Çətinlik çəksək də, halallıqla böyüyürdük".

1975-ci ildə Azərbaycan Xarici Dillər İnstitutuna qəbul olmaq arzusu ilə Bakıya gələn Bafadar İbrahimli istədiyinə nail ola bilmir. Deyir ki, fikirləşdim ki, heç nəyin olmamasından, nəyinsə olması yaxşıdır. Elə bu fikirlə də sənədlərini Dəmir Yolu Texnikumuna verib qəbul olunur. Amma "axtardığını" orada tapa bilməyən çılğın gənc 2 ay sonra təhsil aldığı texnikumla vidalaşamaq qərarına gəlir. Bəzən insan özünü təsdiq etmək üçün çabalamalıdır. Arzularına işıq salan yolu tapmayınca axtarışda olur. Kənddən gəlmiş 17 yaşlı gənc də tanımadığı yad şəhərdə özünü, gələcəyini axtarırdı. Küləklər şəhərinin ruzigarı onu Bayıldakı XXI Partiya Qurultayı adına zavodun nəzdində fəaliyyət göstərən 23 nömrəli texniki peşə məktəbinə aparır. Məktəbdə oxuya-oxuya gəmi təmiri zavodunda işləməli olur.

Bafadar deyir: "İki il zavodda işlədikdən sonra hərbi xidmətə getdim. Tank taborunda xidmət edirdim. 7 ay atıcılıq kursunda oxumuşdum. O zaman heç ağlımdan da keçməzdi ki, nə vaxtsa atıcı olmağım məni dəniz quldurlarına girov düşməkdən xilas edəcək. Əsgərlik həyatım dünyagörüşümü tamam dəyişdi. Məni fərqli bir insan etdi. Baxmayaraq ki, biz böyük sovet ailəsinin üzvləri idik. O zaman bizə "ölkəmizin qardaşlıq ailəsi" olduğundan çox bəhs edilirdi. Amma əslində belə deyildi. Ciddi ayrı-seçkilik, millətçilik var idi. Sovet ordusunda da bu münasibət var idi. Bütün bunlara baxmayaraq, mən taborun ən yaxşı "atıcısı" ola bilmişdim. Əsgərlikdə gördüyüm bu ayrı-seçkilik təsirsiz ötüşmədi..."

Hərbi xidməti başa vurduqdan sonra Bafadar İbrahimli əvvəl işlədiyi gəmi təmiri zavoduna qayıtmalı olur. Həmsöhbətimiz o illəri xatırlayaraq deyir: "Zavodda beş il idi ki, bir gəmi təmir edilirdi. Təmir başa çatanda elekrik mexaniki mənə dedi ki, keç gəmiyə, dənizə gedirik. O zaman gəmidə işləmək üçün kadr çatışmırdı. Xüsusilə də biz azərbaycanlılar evə bağlı insanlar olduğumuz üçün ailəni qoyub dənizə getmək istəmirdik. "Bacarmaram" deyəndə "öyrədəcəyik, öhdəsindən gələcəksən" dedilər. Kapitan radioqrama verdi ki, "Bir matros, bir matoristlə dənizə çıxdıq".

Müdriklər əbəs yerə deməyiblər ki, dünya yaxşı adamların çiynində qərar tutub. Bir gün gəminin kapitanı ilə mühəndisi gənc bosmanı çağırıb deyirlər ki, "sən savadlı və bacarıqlı oğlansan, səni oxumağa göndərəcəyik". Belə də edirlər... Bafadar İbrahimli göndərişlə Qafur Məmmədov adına Dənizçilik Məktəbinə qəbul olunur. Təhsilini başa vurduqdan sonra üçüncü şturman olaraq fəaliyyətini davam etdirir.

Bafadar İbrahimli deyir ki, işlədiyim gəminin kapitanı Koftu familyalı bir yəhudi, ikinci şturman isə rus idi. Onların mənim təcrübəli kapitan olmağımda xüsusi xidmətləri var. Qaydaya görə iki ildən bir imtahan verirdim, sınaqlardan yaxşı çıxdığım üçün vəzifəmi dəyişdirdilər. Nəhayət, 10 ildən sonra gəmi kapitanı olmaq üçün imtahan verdim. Kapitan kimi ilk dəfə Süleyman Vəzirov adına boruçəkən gəmidə faəliyyətə başladım. Sonra isə fəaliyyətimi İsrafil Hüseynov gəmisində davam etdirdim. 

Deyir ki, o dövrün tərbiyəsi, əxlaq tərzi tamam başqa idi. İnsanlar çox qayğıkeş idi. Maaşımı alan kimi rayona gedirdim. Özüm üçün cüzi, yalnız növbəti məvacibi alana kimi saxlayıb qalanlarına valideynlərimə ərzaq alıb aparırdım. 

Bafadar İbrahimli 20 Yanvar qazisidir. 1990-cı ilin Yanvar hadisələri zamanı döyülüb, işgəncə görüb, həbs edilib...

O günləri xatırlayan sabiq gəmi kapitanı deyir: "Yanvarın 17-dən Bakıda fəlakət olacağını, ordunun "döyüşə" hazırlaşdığını bilirdim. Gəmi kapitanı idim. Radioqrama almışdıq... Amma inanmırdım ki, sovet ordusu sovet vətəndaşları ilə belə qəddarcasına rəftar edər.

1990-cı il yanvarın 19-da kapitanı olduğum "Lüdoqo" gəmisində idim. Çox soyuq, sərt hava hökm sürürdü. Gəmidən baxanda yol görünürdü. Etirazçılar Zığ tərəfdən gələn yolda barrikada qurub Kamaz maşınlarla yolu kəsmişdilər. Orada dənizçilik məktəbi də var idi. Məktəbdə oxuyan gənclər də ora cəmləşmişdilər. 300-400 nəfər adam olardı. Oraya gəldim ki, bildiklərimi deyim. Onlara AXC üzvü olan bir oğlan rəhbərlik edirdi. Boş-boş danışıb hay-küy salırdı. Dedim ki, mən sovet ordusunda xidmət etmişəm, o ordunun nəyə qadir olduğunu bilirəm. Yazıqdır bu uşaqlar. Boşuna güdaza verməyin. Mənə dedilər ki, sən təxribat ilə məşğulsan, öyrədilmiş adamsan.

Axşam saat 19:47-də telestudiyanın enerji bloku partladıldı. O zaman mən Lüdoqa gəmisində idim. Gördüm ki, tanklar, BTR-lər Zığ tərəfdən, indiki hərbi akademiyanın qarşısı ilə atəş aça-aça gəlirlər. Dəhşət idi. Gəmidən liman bazasının idarəsinin üçüncü mərtəbəsinə çıxdım. Orada komsomol komitəsinin otağı var idi. Otaqda da 4-5 telefon... Məlumat verdim ki, ordu kalonla atəş aça-aça şəhərə doğru hərəkət edir. Hadisədən xəbəri olanlar mənim olduğum yerə gəldilər. Beləliklə, 7 nəfər olduq. 

Belə qərara gəldik ki, yanvarın 20-si səhər saat 6-da bütün gəmilər Bakı limanını, Bakı buxtasını bağlasın. Əgər məlumat tutsaydılar, belə şeyə qəti imkan verməzdilər. Elə həmin andaca bizi həbs edərdilər. Səhəri günü ilkin olaraq 10-15 gəmi ilə Dəniz vağzalının qarşısında hərəkətə başladıq...

Dispetçer bizi hədələyirdi ki, niyə qanunu pozub belə hərəkətlər edirsiniz. Bu özbaşınalığa son qoyun. Bizimkilərdən bir nəfər 69-cu kanalın trubkasını götürüb cavab verdi ki, günahsız Azərbaycan vətəndaşlarını qırıb məhv edirlər. Heç sənin vicdanın yoxdur? Baş verənləri görmürsən? 

Sonra yoldaşlarımız dedilər ki, siz gəmi kapitanısınız, sözünüz keçərli olar. Bütün gəmiləri Bakı buxtasına çağırın. Elə də etdim, bütün gəmiləri çağırdım. O zaman Xəzər Dəniz Donanması və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi fəaliyyət göstərirdi. Gəmilərin cənub idarəsində Məzahir Niftiyev adlı kapitan var idi. Ona müraciət etdik ki, nə qədər gəmi varsa, hamısını çıxarın ki, Bakı buxtasını bağlaya bilək. Buxtada sovet ordusunun 36 hərbi gəmisi var idi. Aldığımız məlumata əsasən, gəmilər sahildən Nargin adasına kimi aralanıb dənizdən şəhəri atəşə tutmalı idilər.

Bizim isə Xəzərdə irili-xırdalı 500-ə yaxın gəmimiz var idi. Radiostansyanın 25-25 kanalını açıb açıq mətnlə SOS verdim: "Diqqət, diqqət! Danışan kapitan Bafadar İbrahimovdur. Sovet ordusu günahsız insanları qırıb məhv edir. Bütün gəmilər Bakı buxtasına toplaşsın". Qısa bir zamanda bütün gəmilər - Hövsan, Pirallahı, Yaşayış adası tərəfdən, "Nərimanneft"in gəmiləri, "Bahar"ın, "28 May"ın, "Neft Daşları"nın, bir sözlə, Xəzərdə olan bütün gəmilər çağırışımıza qoşulub Bakı buxtasına cəmləşdilər... 

Sonra komandanlığı Sabit Orucov adına gəminin kapitanı Mövlud Əliyev və Murad Əliyevə verdik. Sağ olsunlar, çox gözəl də idarə etdilər. Onu da deyim ki, ölkəmiz müstəqilliyini elan edəndən sonra Rusiya əsasən yararlı gəmiləri çəkib apardı. Azərbaycanda cəmi 80 gəmi qaldı. Bu 80 rəqəmini eşidənlər bəzən səhvən deyirlər ki, 20 Yanvarda Azərbaycan dənizçiləri Bakı buxtasını 80 gəmi ilə bağlamışdılar. Xəzərdə olan bütün gəmilər buxtada idi.

SOS siqnalı vermək üçün rus və ingilis dilində hazırlanmış mətnimiz var idi. Siqnalı "Sabit Orucov" gəmisindən vermişdik. Elə hər şey də bundan sonra başladı.

Yanvarın 21-nə keçən gecə ilk olaraq iki hərbi gəmi bizə yaxınlaşdı. Admiral Sidirov gəmisindən bizə ultimatum gəldi: "Sizi darmadağın edərik". Biz də cavab verdik ki, heç nə edə bilməzsiniz.Yaxşı bilirdik ki, böyük gəmilər sahildən dənizə kanallar vasitəsilə çıxırlar. Cəmi də 7-8 kanal var idi. Öz böyük gəmilərimizi kanala otuzdurub çıxışları bağladıq. Gizli kanalları da bilirdik. Hamısını bağlamışdıq. Gecə döyüş başladı. Bizim gəmiləri atəşə tutdular. Gəmilərimizdə aşbazlıq edən rus millətindən olan qadınlar var idi. Onlar əlaqə yaradıb bizi atəşə tutanlara izah edirdilər ki, bu gəmilərdə silah yoxdur, sizə güllə atan yoxdur. Dinc vətəndaşları niyə atəşə tutursunuz. Buna baxmayaraq 8 gəmimizi darmadağın etdilər. Əlacsız qalıb biz də gəmilərimizə "hücum" əmrini verdik. Sovet ordusunun zabitləri bizi ələ salıb gülürdülər ki, nə ilə hücum edəcəksiniz? Dedik tarana gedirik. Belə qərara gəldik ki, xırda gəmilərlə bir neçə istiqamətdən həmlə edib hərbi gəmiləri müxtəlif yerlərindən vurub zədələyək. Beləliklə, getdik üstlərinə... Onlar heç inana bilməzdilər ki, qısa müddətdə Bakı buxtasına bu qədər gəmi toplaya və silahsız tarana gedə bilərik...

Bu məqamda bir məsələni də qeyd edim ki, biz etiraz etmək üçün toplaşıb qərar qəbul edən zaman "Neft Daşları"ndan, "28 May"dan növbədə olan neftçilər zəng vurub dedilər ki, xalqımıza qarşı törədilən bu haqsızlığa etiraz olaraq yataqlara od vurmaq istəyirik. O zaman mən qəti etiraz etdim. Dedim heç bir təxribata getməyin. Onlar bizim maddi sərvətlərimizdir. O buruqlar Azərbaycan xalqına məxsusdur. O yataqlarda yanğın olsa, onu 100 ilə də bərpa etmək olmaz. İzah etdim ki, buruqların fəaliyyətinin dayanmaması üçün hər buruqda 3-4 nəfər növbətçi saxlayın, qalanlarını imkan olan kimi təxliyə edəcəyik.

Qərargahımız "Sabit Orucov" gəmisində idi. İclas etdik ki, SSRİ müdafiə naziri Dmitri Yazovla görüşə nümayəndə göndərək. Müdafiə naziri əməliyyata birbaşa özü rəhbərlik edirdi. 26 Bakı Komissarı rayonunun hərbi komissarlığını özünə qərargah etmişdi. Yazovla görüşə getmək üçün 7 nəfərdən ibarət qrup yaradıldı. Qərargahda sovet ordusunun demək olar ki, əksər yüksək rütbəli heyəti cəmləşmişdi. Admiral Sidirov hərbi gəminin komandiri, admiral rütbəli rus zabiti bizim Müzəffər Əliyevin qarşısına çıxaraq "kapitan, nədir, qiyam edirsiniz" demişdi. Müzəffər Əliyev də cavab vermişdi ki, "yoldaş admiral, qiyam yox, etiraz edirik".

Yazov hamımızın ağsaqqalı Babazadə sərnişin gəmisinin qocaman kapitanı Müzəffər Əliyevi qəbul etdi. 

Görüş zamanı Yazov demişdi ki,  "saat 3-ə kimi Bakı buxtasınıdan çıxmasalar, bütün gəmiləriniz adamları ilə birlikdə raket atəşinə tutulacaq".

Şəhidlər dəfn edilən gün Bakı buxtasındakı mənzərəni söz ilə təsəvvür etmək olmurdu. Təsəvvür edin ki, 500 gəmi birdən siqnal verir. Gəmilər SOS göndərir. SSRİ qapalı ölkə olsa da, artıq bütün dünya böyük fəlakətin baş verdiyindən xəbər tuturdu. Dənizçilərin etiraz edəcəkləri bəlkə də qarşı tərəfin heç ağlına gəlməmişdi. Əgər belə bir şey ola biləcəyini ehtimal etsəydilər, ilk növbədə bütün gəmiləri nəzarətə götürərdilər.

Müzəffər Əliyev Yazovla danışıqdan qayıtdıqdan sonra iclas edib qərar qəbul etdik ki, gəmilərdən ayrılaq. Bilirdik ki, bunlardan nə desən gözləmək olar. Onlar üçün qanun da, insanlıq da heç nədir. Gəmilərdə yaralılarımız da var idi. Özüm də başımdan yaralanmışdım. Belə qərara gəldik ki gəmiləri tərk edək. Özü də saat 15:00-da yox, üç saat tez - 12:00-da. Belə də etdik.

Ordu tam olaraq "təhlükəsizlik tədbiri" görmüşdü. Tankları, ağır döyüş texnikasını Hövsandan Şıxova kimi dəniz ətrafına düzmüşdülər. Ordu rəhbərliyi söz vermişdi ki, təslim olan dənizçilərə heç bir cəza verilməyəcək, toxunulmazlıqları təmin ediləcək. Lakin sözlərini tutmadılar. Avtomatla atəş açır, bizi yerə uzadıb üstümüzə çıxıb avtomatın qundağı ilə başımıza, böyrəyimizə vururdular. Onlarda təşkilatçıların kimliyi haqqında dolğun məlumat var idi. Aramızda olan QKB agentləri adlarımızı vermişdilər. Bizi həbs edib Dəniz vağzalının zirzəmisinə yığdılar. Oradan da apardılar qadın kolonuna. 18 nəfər idik. Sonra  Şüvəlandakı təcridxanaya gətirdilər. Aramıza yenə də KQB-nin 3 agentini salmışdılar. Şüvəlandan sonra da Nasoslu hərbi aeroportuna aparıb desant təyyarəsi ilə göndərdilər Krasnodara... 26 nəfərlik başqa bir qrupu da həbs edib Budyonovskaya apardılar.

Krasnodarda bizi qarşılayanların əksəriyyəti ermənilər idi. Bir hay-küy saldılar ki... Üstümüzə itləri buraxdılar. Məni böyrəyimdən, başımdan vurub yaraladıqdan sonra sürüyüb maşına atıb dəmir yolu vağzalına apardılar. Bizi qorxutmaq üçün deyirdilər ki, sizi göndərəcəyik Maqadana, bütün qalan ömrünüzü orada keçirəcəksiniz. Üstümüzdə bir kapitan gedirdi. Yoldaşlarımızdan bir nəfər rus dilini daha yaxşı bilirdi. O, izah etməyə çalışırdı ki, biz mülki gəmilərdə işləyən dənizçilərik. Bizdə adi silah belə olmayıb. Amma buna əhəmiyyət verən yox idi. Deyirdilər burada başqa şey yazılıb. Siz silahlı müqavimət göstərmisiniz. İçində əsgərlər olan hərbi gəmini batırmısınız, ölənlər var. 

Volqoqradda bir polkovnik sənədlərə baxanda bizi müşayiət edənləri söydü. Dedi ki, bunlar dənizçilərdir. Dənizdə fövqəladə vəziyyət elan olunmayıb ki, bunlar da onu pozmuş olsunlar. Volqoqradda da bizi qəbul etmədilər. Oradan da Orenburqa aparası oldular. Orenburqda olanda başımıza oyun gətirdilər. Üstümüzə it buraxmaq, təhqir etmək, döymək...

Nələr etmədilər ki... Əlimizə elə qandal vurmuşdular ki, tərpədən kimi qandal qolumuzu kəsib qanadır, yeri yara olurdu. Qandal çatmadığı üçün bəzilərimizin əlini tikanlı məftillə bağlamışdılar. Ölüm korpusunda saxlayırdılar bizi. Hər gün səhərdən axşama kimi süründürürdülər, hər cür işgəncə verirdilər.

Üzümüzü qırxmağa belə qoymurdular. Qara paltar geyindirib saqqallı şəklimizi çəkirdilər ki, guya biz silahlı müqavimət göstərmiş saqqallı ekstremistlərik. Yaxamızdan türmə nömrələri asmışdılar. Eynilə 1937-ci ildəki kimi...

Həbsimiz barədə yaxınlarımıza məlumat verilmədiyi üçün ailələrimiz elə bilirdilər ki, ölmüşük. Biz gəmidən düşəndə hərbçilərin atəş açdıqlarını görən olmuşdu. Gedib valideynlərimə demişdi ki, Bafadarı güllə ilə vurduqlarını gözümlə görmüşəm...

Üç aydan sonra bizi toplayıb dedilər ki, sizi azad edirik. Beləliklə, gəldik Azərbaycana. İlk qarşılaşdığım Musayev familiyalı bir təlimatçı oldu. Məni görüb hönkürtü ilə ağladı. Dedi ki, siz Azərbaycanın mərd və xilaskar övladlarısınız. Bundan sonra millət sizin qəhrəmanlığınızdan danışacaq...

Birbaşa getdim qardaşımgilə. Qapı açıq idi. Qapının ağzında dayanıb söhbətə qulaq asdım. Gördüm ki, söhbət məndən gedir. Atam infarkt olub yatırdı...

Bir müddət keçdi, 1992-ci ildə Andoqa təchizat-yedək gəmisində işləməyə başladım. Çox güclü gəmi idi.

Müstəqilliyimizin ilk illəri idi. Hamımız ürəklə, canla işləyirdik ki, vətənə xeyrimiz dəysin. Amerikalılarla, ingilislərlə bir qədər işlədikdən sonra Amerikanın "Tide Water" şirkətində gəmi kapitanı işləmək üçün dəvət aldım. Kapitanı olduğum gəminin 22 milyon dollar qiyməti var idi. Bir məsələni xüsusi qeyd edim ki, Xəzər dənizində işləyən kapitanlar bu dəqiqə dünya sularında hökmranlıq edirlər. Azərbaycanlı dənizçilərdən ibarət okean sularında hazırda elə bir ordu var ki, heç kim onlarla rəqabətə girə bilmir. Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Fars körfəzində, Meksikada, Kanadada, Avstraliyada böyük şirkətlərdə əsasən gəmilərə azərbaycanlı dənizçilər kapitanlıq edirlər. Azərbaycan neftçiləri də dünyaca məşhurdurlar. Türkmənistanın dənizdəki bütün neft buruqlarını, estakadaları biz tikmişik".

Bafadar İbrahimli 4 övlad atasıdır. Oğlanlarından Xalid İbrahimli atasının yolunu davam etdirir, dənizçidir. Hazırda Ekvatorial Qvineyaya məxsus gəminin kapitanıdır. 

Bafadar İbrahimli deyir ki, işləyəndə yalnız pul, şan-şöhrət üçün deyil, gərək elə işləyəsən ki, millətini, dövlətini də layiqincə təmsil edəsən. 


"Dedim ki, mən türkəm..."


- Bütün dövrlərdə dəniz quldurları olub. İndi də böyük, mütəşəkkil, idarə olunan bir şəbəkələri var. Bunun qarşısını almaq mümkün deyil.

Quldurların olduğu yerləri yaxşı bilirəm. Dəniz quldurları Malayziyada, Somali ilə Yəmən arasında daha çox olurlar. Bir neçə il qabaq onlarla rastlaşmışam da. Quldurların bir əsas gəmisi olur. O gəmilərdə sürətli qayıqları var. Hər qayıqda hər cür silahla təmin olunmuş 7 quldur olur. Əməliyyat zamanı quldurlar hər tərəfdən gəmilərə hücum edirlər. 

İşlədiyimiz şirkət quldurların olduğu yerlərin xəritəsini verib ehtiyatlı davranmamızı xəbərdar etmişdi. Təhlükəli suların girişi və çıxışı qırmızı xətlə işarələnmişdi. Demək olar ki, 3-4 gün idi ki, yatmırdım, yuxusuz idim. Dənizçiləri təhlükə barədə tam təlimatlandırmışdım. Sarı işıq hazırlıq, qırmızı işıq həyəcan siqnalı demək idi. Əvvəlcədən gəminin motorxanasında ehtiyat üçün gizli otaqlarda kislarod və ərzaqla təmin olunmuş xüsusi yerlər hazırlatmışdım.

7-8 mil aralıda bir gəminin yaxınlaşdığını hiss etdim. Bizə yaxınlaşan gəmidən 4 qayıq ayrılaraq gəminin müxtəlif istiqamətlərindən sürətlə bizə doğru irəlilədiyini gördüm. Gəmidə bizi qorumaq üçün NATO-nun 3 nəfər silahlı mühafizəçisi də var idi. Onlara hər ehtimala qarşı 4 avtomat silahı verilmişdi. Bu silahların biri gəminin kapitanı üçün nəzərdə tutulurdu. Mühafizəçilərin komandiri yatmışdı. Məlumat verdim ki, quldurlar gəmiyə yaxınlaşır. Dedi ki, sakitləş, narahat olmağa dəyməz.

Artıq terrorçular gəmiyə tam yaxınlaşmışdılar. Dərhal qırmızı işıqı yandırıb həyəcan siqnalı verdim. Heyətə tapşırmışdım ki, əgər məni quldurlar əsir götürsə, parolu deməyə məcbur etsələr belə, paroldan əlavə bir işarə də var o hərəkəti etməsəm məni öldürsələr də, qapıları açmayın. Quldurlar gəmiyə 100 metrə kimi yaxınlaşanda silahı götürdüm əlimə. Onlar işarə verib havaya atəş açdılar k, gəmini saxlayın. Yanımdakı mühafizəçilər də qorxdular. Hətta mənə deyirdilər ki, gəmini saxla, yoxsa əsəbləşib bizi öldürəcəklər. Cavab verdim ki, onsuz da öldürəcəklər. Əl atdım silaha. Amerika istehsalı olan avtomat idi. Gəmini saxlamadan havaya atəş açıb ingiliscə dedim ki, yaxınlaşmayın, sizi vuraram. Onlar atəş açdığımı görüb dayandılar. 

Bir qədər sonra quldurların gəmiyə təkrar hücumu oldu. 3-4 metr məsafəyə kimi yaxınlaşıb gəmiyə qalxmaq istədilər. Quldurlar adətən gəminin kapitanını, mühəndisini və mexanikini girov götürüb girovun müqabilində şirkətdən milyonlarla pul tələb edirlər. Çox qəribə, çirkli geyimlərdə, başları, üzləri bağlı adamlar idi. Təkrar atəş açıb, qayıqlarının uc hissəsindən vurdum. Dedim ki, mən türkəm, qorxub təslim olan deyiləm. Başqa çıxış yolu qalmadığı üçün radiostansiya ilə SOS siqnalı, "Alarium" siqnalı verdim. "Alarium" bizim ofisə də getdi. Yaxınlıqda növbə çəkən Hindistan gəmisi var idi. Dərhal bizə yaxınlaşıb, gəmiyə çatmağa 3-4 kilometr qalmış havaya atəş açdılar. Quldurlar kömək gəldiyini hiss edən kimi geri dönüb qaçdılar. Hindistan gəmisi təhlükəli zonadan çıxana kimi bizi müşayiət etdi.

Gəminin sahibi olan şirkət gəmini quldurlara təslim etmədiyim üçün mənə "Aypat" və pul mükafatı verdi. 


Sən demə, qarşıda şəhər yox, balıq sürüsü varmış


- Bir dəfə başıma gülməli bir iş gəldi. Okean sularında kapitanlığa başladığım ilk vaxtlar idi. Hindistana gəmi aparırdım. Hind okeanını keçib Bab Armandan dənizinə çatanda qarşıda böyük gur işıqlı bir "şəhər" gördüm. Həyəcanlandım ki, yəqin səhv gəlmişəm. Yolumun üstündə şəhər olmamalı idi. Xəritəyə baxıram, bir şey tapa bilmirəm. CPS-lə yoxladım, hətta "Sekstan"la ulduzları ölçdüm, gördüm ki, hər şey düzgündür. Onu da deyim ki, "Sekstan"la hər kapitan işləyə bilmir. Təəccüblüsü bu idi ki, hər şey düz olsa da, qarşımızda böyük, hündür bir şəhərin olması da göz qabağındaydı. İki saata yaxın təşviş içində nə edəcəyimi bilmədim. Mılts adlı qocaman bir alman dənizçisi var idi. Düzünü deyim ki, mənimlə heç xoş münasibəti də yox idi. Ona zəng vurub "Cənab Mılts başıma bir əhvalat gəlib. Nə edəcəyimi bilmirəm. Sizin kapitan göyərtəsinə çıxmağınız lazımdır. Hər şeyi ölçüb-biçirəm, hər şey yerindədir. Amma qarşıma çıxan şəhər məni çaşdırıb". O, gülərək mənə dedi ki, "Yolunu davam et, düz gedirsən. Qarşına şəhər yox, Skart balıqlarının sürüsü çıxıb. Onlar 380 volt gücündə işıqsaçan qanadlı balıqlardır".

 Sakit okenda delfinlərlə balinaların müharibəsinin də şahidi olmuşam. Suyun üzü qızıl qan idi. Delfinlər balinalara hücum edib onları burunları ilə vurub yaralamışdılar.


"Okenda gəmiləri birləşdirib ata-oğul görüşdük"


- Xəzər dənizi gəmiçilər üçün bir məktəbdir. Xəzər həm dalğalı dənizdir, həm də neft buruqları ilə zəngindir. Burada işləyənlər gəmi ilə ilk növbədə necə ehtiyatlı davranmaq lazım olduğunu öyrənirlər.

Bir dəfə oğlum Xalidlə təsadüfən Hind okeanında rastlaşdıq. Xalid Ekvatorial Qvineya, mən isə Amerika bayrağı ilə üzürdük. Mən Çindən gəlirdim, o isə Yaponiyaya gedirdi. Xalidin gəmisinə yan alıb gəmiləri bir-birinə bağladım. Ata-bala görüşdükdən sonra yolumuza davam etdik.

22 il gəmi kapitanı işləmiş Bafadar İbrahimli indi təqaüddədir. Deyir ki, 20 Yanvarda aldığı yaralar həyatını korladı: "Əlil oldum. Vaxtından əvvəl sevdiyim peşəmdən ayrıldım... Amma xoşbəxtəm. Ölkəm tam suveren və müstəqildir. Bayrağımız həm okean sularında, həm də bütün ərazilərimizdə əzəmətlə dalğalanır".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

13:51
19 Yanvar

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

12:59
19 Yanvar

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

12:50
19 Yanvar

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

12:49
19 Yanvar

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

12:47
19 Yanvar

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

11:49
19 Yanvar

Rəşadət və qürur tariximiz

11:01
19 Yanvar

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

10:37
19 Yanvar

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

10:05
19 Yanvar

Mənim sualım var

10:00
19 Yanvar

Kədərin səsi - səssizlik

09:55
19 Yanvar

Azərbaycan öz haqqını qorumağa qadir, müstəqil dövlətdir

09:50
19 Yanvar

"20 Yanvar - Azadlığımıza gedən yol"

09:45
19 Yanvar

Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir

09:40
19 Yanvar

GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

09:35
19 Yanvar

Qərənfillərin ağladığı gün

09:30
19 Yanvar

Azərbaycan İlahiyyat İnstitutunda 20 Yanvar faciəsi anılıb

09:25
19 Yanvar

Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri

09:20
19 Yanvar

Tarix boyu yaşayacaq əsərlər

09:15
19 Yanvar

"Mən türkəm, qorxub təslim olan deyiləm"

09:10
19 Yanvar

"20 Yanvar" abidəsi azadlıq uğrunda mübarizənin simvoludur

09:05
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!