Meşələr Tanrının insanlara bəxş etdiyi nadir nemətlərdəndir.
Meşələr planetimizin yaşıl ciyəridir.
Meşələr sərvətdir, var-dövlətdir, gözəllikdir.
Meşələr həm də dünyamızın iqlim tənzimləyicisidir.
Dünyanın harasındasa meşələrin yaranmasına yüz illər, neçə-neçə əsrlər sərf olunur.
Meşə itkisi tək bir dövlətin deyil, bütün planetin itkisi sayılır.
Meşələr həm də heyvanlar aləminin qoruyucusu, etibarlı yaşayış məskənidir.
Təbiətə tarazlıq gətirən vəhşi heyvanlar, quşlar burada yaşayır, özlərinə yuva qurub, yem tapırlar.
Milyonlarla hektar əraziləri əhatə edən ucsuz-bucaqsız meşələrin doxsan doqquz faizinə insan ayağı dəymir.
Amma insanlar imkan tapan kimi meşələrə yaxın ərazilərdə, lap meşənin içərisində özlərinə yurd salırlar.
Meşə yaxınlığında və meşə içərisində olan yaşayış məntəqələrinin gözəllik və təmiz hava baxımından tayı-bərabəri olmur.
Meşənin iki böyük düşməni var:
Vəhşi xislətli tamahkar insan və yanğın!
***
ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınlarının törətdiyi nəticələrdən danışan şerif maraqlı bir ifadə işlətdi:
"Bu ərazilərə sanki atom bombası atılıb".
Bu söz qulağıma bir qədər yaxın və "doğma" gəldi.
Vətənim Ağdamı xatırlatdı!
Erməni işğalından azad edilmiş Ağdamı!
Bir salamat evi, binası, tikilisi, bağ-bağatı qalmayan Ağdamı!
Xarici qonaqların bu vandallıqdan və vəhşilikdən sarsılaraq təəccüb və təəssüflə "Qafqazın Xirosiması" adlandırdıqları Ağdamı!
Biz, məcburi köçkünlər bir günün içində hər şeylərini itirən kaliforniyalıları daha yaxşı başa düşürük.
Başımıza gətirilənlər, yaşadığımız tanış hisslərdir.
Yəqin ki, yaşadıqları yer atom bombası atılıbmış kimi düzlənənlər belə dəhşətli mənzərəni seyr edərək bizi də, həm də daha dərindən anlayacaqlar!
Və günlər keçdikcə itkilərin təkcə maddi deyil, mənəvi tərəflərini də duyacaq, sarsıntı, şok keçirəcəklər.
***
"Öküz nə çəkir, qayışdan soruşun" - Azərbaycan atalar sözüdür.
Bir günün, bir neçə saatın içində ömrün boyu qazandığını itirmək böyük dərd, böyük bəladır.
Amma bu, hələ hamısı deyil!
Bu, yalnız başlanğıcdır!
Əsl dərd itirdiklərinin dərki, göynərtisi, yerini heç nə ilə doldura bilməməyindir!
Çünki itirilən təkcə maddiyyat olmur!
Bunun mənəvi tərəfi daha ağrılı, daha tükənməz, daha dözülməzdir!
Evindən didərgin düşənlərin gecə çatmamış həll etməli olduğu ən böyük problem harada, necə gecələməsi, kimə pənah gətirib, kimə sığınmasıdır.
Dərd təkcə sənlik olanda dərmanı daha tez və asan tapılır.
Lakin eyni vaxtda yüzlərlə sənin kimi insan evsiz, ocaqsız, çörəksiz, yataqsız, ən nəhayət, ümidsiz qalırsa, bax, əsl faciə onda başlayır!
Qucağındakı körpə uşaq süd üçün haray çəkib ağlayır!
Gün ərzində dilinə bir tikə çörək dəyməmiş ananın isə südü çəkilib, uşaq boş döşləri ha sortuqlasa da, ağzına bir şey getmir...
Qocalmış, taqətdən düşmüş ata-analar özlərini itirdiklərindən yerimək iqtidarında da deyillər!
Onları atıb getmək olarmı?!
Namərd gülləsi neçə insanı candan eləyib.
Nə yumağa su, nə basdırmağa kəfən, nə də qəbir qazmağa yer və "lopatka" var.
Hərə öz başının həşirindədir.
Nə ayrıla bilirsən, nə də özünlə apara!
Üstəlik, hər an yağı düşmən səni haqlaya, aman vermədən öldürə bilər.
...1993-cü ilin iyulunda ağdamlılar Uzundərədən Bərdəyədək yolların kənarlarına tökülüb qalmışdılar.
Əksəriyyəti arvad-uşaq, qoca-qarı...
Kişilər hələ də atışma yerindən aralanıb gələ bilmirdilər.
Bir çoxunun "başıpapaqlısı" özünümüdafiə batalyonlarında döyüşürdü.
Yaxınlıqdakı kəndlərə pənah aparmağın mənası yox idi.
Onlar da başlarının hayında idilər...
Bu gün də olmasa, sabah özləri də doğma yurddan didərgin düşəcəkdilər.
Uzaqlarda isə kimləri vardı?
Tanıdıqlarının hamısının qapısına gedə bilərdilərmi?!
Belə ümidsiz qeyri-müəyyənlik təkcə insanlarla bağlı deyildi.
Dövlət də başını itirmişdi, nə edəcəyini kəsdirmirdi.
Aca çörək, evsizə ev, xəstəyə dərman və xəstəxana çarpayısı, işsizə isə iş vermək iqtidarında deyildi.
***
Nə olsun ki, ABŞ dünyanın birnömrəli dövlətidir.
Yanğını söndürə, insanları ölümdən xilas edə, milyonlarla dollar dəyərində olan malikanələri alovun əlindən ala bilmədi.
Sabah milyardlarla dollar xərcləyərək insanları yerləşdirəcək, itirdikləri maddiyatı ödəyəcək, yeni iş yeri ilə təmin edəcəklər.
Ağac əkib illər ərzində meşələri də bərpa etmək mümkündür.
Lakin bu ev həmin ev olmayacaq!
Bu qonşular, bu ağaclar həmin qonşular, köhnə ağaclar olmayacaq.
Alov təkcə yana bilənləri deyil, yanmayanları da, xatirələri də külə döndərir!
* Bax, onda anlayacaqlar ki, doğma yurddan qopub getmək nə deməkdir.
* Bax, onda anlayacaqlar ki, uzun illər yaşayaraq isinişdiyin evindən, bağ-bağçandan həmişəlik ayrılmaq nə deməkdir.
* Bax, onda anlayacaqlar ki, haqsızlıq, ədalətsizlik, zorakılıq nə deməkdir!
Yurdu talanıb, var-yoxu əlindən çıxanlara 907-ci düzəlişi tətbiq etməyə nə var ki?!
Öz başına gələndə anlamaq isə (əgər anlasan) çox gec olur!
***
Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına çox böyük uğurla evsahibliyi etdi.
Buna qədər Cənubi Qafqazda belə möhtəşəm tədbir keçirilməmişdi.
Dünya miqyaslı bu tədbirə Azərbaycanın evsahibliyi edəcəyi 2023-cü ilin dekabrında bəlli oldu.
Əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxt qalmışdı.
Lakin Azərbaycan az vaxtda hazırlıq işlərini elə sürətlə apardı ki, tədbiri elə səviyyədə təşkil etdi ki, bu hamıda böyük məmnunluq hissi doğurdu.
Çünki biz tədbirin mahiyyətini də, bütün dünya üçün faydasını da, iqlim dəyişmələrinin getdikcə artan fəsadlarını, ölkələrin və insanların bundan böyük zərər gördüklərini, habelə ekoloji fəlakətlərin qarşısının irəlicədən alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinin zərurətini də yaxşı başa düşürdük.
Faktlar da iqlim dəyişmələrinin ciddiliyindən xəbər verir:
* 2024-cü il bəşər tarixinin ən isti ili olub və orta qlobal temperatur əvvəlki illərlə müqayisədə 1,5 dərəcədən çox artıb.
* Zəlzələlər, qasırğalar, leysan yağışları, sel suları, meşə yanğınları varlı və ya kasıb, böyük və kiçik, güclü və ya zəif ölkə tanımır!
Gələndə hamısına ziyan vurur, hamısına insan tələfatı yaşadır.
* Odur ki, iqlim dəyişmələrinə qarşı mübarizədə hamı əlbir olmalı, hamı əl-ələ verərək birgə tədbirlər görməlidir.
Təəssüf ki, bunu anlamayan ambisiyalı ölkələr və insanlar da var.
Onlar nə etdilər?
COP29-u boykot yolunu tutdular.
Lakin Azərbaycan bu müxənnətliyin də qarşısını aldı!
Boykot uğursuz oldu!
197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçdi, 80 dövlət və hökumət başçısı Bakıya gəldi.
COP29-da qazanılan nəticələri isə çoxları Bakı Nailiyyəti adlandırır!
İki vacib uğur COP29-un qələbəsi hesab edilir.
Birincisi, on il idi ki, tərəflər karbon emissiyaları ilə bağlı razılığa gələ bilmirdilər, COP29-un ilk günlərində uğur qazanıldı, Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə olundu.
İkincisi, əsas mövzulardan biri maliyyələşmə məsələsi idi.
Doğrudur, 1 trilyon dollar civarında gözləntilər vardı, lakin bu, qeyri-real görünürdü.
Nailiyyət isə odur ki, qarşıdan gələn illər üçün məbləğ 3 dəfə artırılaraq 100 milyard dollardan 300 milyard dollara çatdırıldı!
Bəli, COP29-a kimlərsə gəlmədi, boykot çağırışı kimi mənasız cəhdlər oldu.
Azərbaycan isə dünyanı təhdid edən iqlim dəyişmələrindən qorunmağa, təbii fəlakətlərin qarşısının qabaqcadan alınmasına və dünya dövlətlərinin imkanlarının bu məqsədlə səfərbər olunmasına öz töhfəsini verdi.
ABŞ-nin maliyyə yardımlarına ehtiyacı olmasa da, təbiətin kataklizmlərindən qorunmasına ehtiyacı var!
***
Son illər yanğınlar meşələrdə, meşə ərazisində yaşayan insanların da qəniminə çevrilib.
* Meşə yanğınları yanvarın 7-də Kaliforniya ştatının Los-Anceles şəhərində başlayıb.
* Ən güclü yanğınlar Los-Ancelesin İton və Paliseyds bölgələrində qeydə alınıb.
* Minlərlə yanğınsöndürən hələ də 116,5 kvadratkilometr ərazidə bir neçə böyük meşə yanğını ilə mübarizə aparır.
* ABŞ-də Kaliforniya ştatında qopmuş elektrik xəttinin yanğına səbəb ola biləcəyi bildirilib. Məftil Eagle Rock Sylmar elektrik xəttinə qoşulmuş qüllədə tapılıb. Bu qüllə Edison International şirkətinə məxsusdur.
* Los-Anceles Tibbi Ekspertiza İdarəsinin hesablamalarına əsasən, yanğınlarda azı 24 nəfər həlak olub, 10-dan çox adam isə itkin düşüb.
* Təqribən 105 min nəfər məcburi evakuasiya olunub, daha 87 min nəfər isə təxliyə xəbərdarlığı alıb.
* Fəlakətdən gələn zərərin məbləği təxminən 275 milyard dollara çatıb, 12300-dən çox tikili məhv olub.
* Hazırda 56 kvadratkilometr ərazini əhatə edən Los-Ancelesin İton bölgəsindəki yanğının 15 faizi lokallaşdırılıb, 97 kvadratkilometr ərazini əhatə edən Paliseyds bölgəsindəki yanğının isə 11 faizini lokallaşdırmaq mümkün olub.
***
ABŞ güclü dövlətdir, oturuşmuş sığorta sistemi var.
Evlərini itirənlər əvəzində pul alacaqlar, çöldə qalmırlar və qalmayacaqlar da.
Yanan meşənin əvəzində yeni, planlı qaydada təzə meşəliklər salınacaqdır.
İnsanların maddi itkilərinin yeri doldurulacaqdır.
Amma yaşadıqları dəhşətli günləri heç zaman unutmayacaqlar!
İtirdikləri doğmalarının, əzizlərinin yeri heç zaman dolmayacaqdır!
Keçirdikləri mənəvi sarsıntı, şok vəziyyəti ömürlük yaddaşlarından silinməyəcək, beyinlərində izləri qalacaqdır.
Bir qismi də yəqin köçüb başqa yerə gedəcək, bərpa işlərini gözləmədən özünə yeni ev, mənzil alacaqdır.
Amma hər şey əvvəlki kimi olmayacaqdır!
Həyatlarında baş verən bu dəhşətli dəyişiklik köhnə - yeni xatirələr kimi iki hissəyə bölünərək daim onları izləyəcəkdir.
Bunları biz özümüz yaşadığımız üçün dərindən bilirik!
Dövlətimiz məcburi köçkünlük dövründə daim yanımızda oldu, yardım əlini əsirgəmədi, yeni yaşayış məntəqələri salaraq bizi rahat mənzillərdə yerləşdirdi.
Amma o rahat evlər və mənzillər doğma yurdda qoyub gəldiyimiz köhnə komaların əvəzini vermədi.
Doğmalardan, qohumlardan, qonşulardan ayrı düşmək həsrətini daim yaşadıq.
Şəhidlərimiz ürəyimizi göynətdi, qəlbimizi sızlatdı!
Şükür, Prezidentimiz İlham Əliyevin yaratdığı möcüzə sayəsində yenidən doğma yurda, yeni yaşayış məntəqələrinə, müasir evlərə köçürük!
Prezidentimizə gecə-gündüz duaçıyıq!
Bizə bu möhnəti yaşadanlardan isə qarğışlarımızı əskik etmirik!
Daim Tanrıdan buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymamağını istəmişik!
Tanrı dualarımızı da, istəklərimizi də gerçəkləşdirir!
***
Özünü nə qədər güclü saysan da, bil ki, səndən də güclüsü var!
Hər zaman hər şeyi görən, bilən Tanrının mövcudluğunu heç vaxt unutma!
Gücünə və imkanlarına güvənərək nə qədər zalımlıq və ədalətsizlik etsən də, ilahi ədalətin bərqərar olacağını yaddan çıxarma!
Dinimiz və xalqımızın milli-mənəvi dəyərləri kiminsə pis gününə sevinməyi günah sayır, qəbahət hesab edir.
Qəhrəmanmaraşda zəlzələ böyük dağıntıya və insan itkisinə səbəb olanda türk qardaşlarımız qədər biz də ağrıdıq, üzüldük.
Güclü qasırğalar və sel suları insanları yersiz-yurdsuz qoyanda onları qəlbən başa düşdüyümüzdən daxilən narahat oluruq.
Təbiətə isə güc gəlmək, onun doğurduğu fəlakətlərin qarşısını dərhal almaq insanların imkanları xaricindədir.
İstəyimiz isə odur ki, güclü gücünü zəiflərin üzərində sınamasın!
İnsanlar da, beynəlxalq təşkilatlar da, dövlətlər də ədalətli hərəkət etsinlər!
Bir də nə vaxtsa haqqın divanının qurulacağını yaddan çıxarmasınlar!
Tanrının da, təbiətin də qisası amansız olur!
Bəxtiyar SADIQOV