Prezident İlham Əliyevin yol xəritəsi sülhə və inkişafa xidmət edir
Bu gün Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Mürəkkəb, ziddiyyətlərlə dolu dünyamızda dövlətin belə bir inkişaf xəttini qoruyub saxlamaq, yaranmış reallıqları fürsətə çevirmək, toqquşan maraqlar arasında tarazlığı möhkəmləndirmək ölkə rəhbərinin qətiyyəti, əzmi və düşünülmüş siyasətindən asılıdır. Digər tərəfdən, dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri də məhz strateji xətt, zamanın axarını duymaq bacarığı və gələcəyə hazır olmaq əzmidir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə 2024-cü ildə əldə olunmuş nəticələrin dəyərləndirilməsi, eyni zamanda gələcək perspektivlərə dair inamlı bir yol xəritəsinin təqdimatı baxımından böyük maraqla qarşılandı. Müsahibədə Azərbaycanın həmçinin son illərdə əldə etdiyi mühüm nailiyyətlər, problemlər və onların həlləri, müasir dünyamızda ölkəmiz qarşısında duran əhəmiyyətli çağırışlar dərindən və geniş şəkildə təhlil edilir. Cənab İlham Əliyevin vurğuladığı əsas məqamlar arasında Azərbaycanın iqtisadi inkişafının, ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni tarixi reallıqların, sosial sahədə atılan addımların və ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsinin ön planda olduğunu görürük.
Gələcək inkişafa zəmin yaradan möhkəm təməllər
Bu gün Azərbaycanın inkişafının ən mühüm istiqamətlərindən biri ölkənin getdikcə güclənən iqtisadiyyatıdır. Prezidentin müsahibəsində qeyd edilən əsas mövzular sırasında ölkənin ümumi inkişafı və əldə olunan iqtisadi uğurlar xüsusi vurğulandı. 2024-cü il bu baxımdan bir sıra ciddi nəticələrlə zəngindir. İlin yekunlarına görə, Azərbaycan iqtisadiyyatında ciddi artım müşahidə edilib. Ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb, qeyri-neft sektoru və qeyri-neft sənayesi sahələrində də müsbət nəticələr əldə edilib. Bu, Azərbaycan iqtisadiyyatının daha da diversifikasiyasını və dayanıqlığını təmin edən mühüm göstəricidir. Üstəlik, ölkənin valyuta ehtiyatları 72 milyard dollar səviyyəsinə çatıb, xarici borc isə 5,2 milyard dollar təşkil edib ki, bu da ölkənin maliyyə mövqeyini gücləndirən əsas faktorlardandır. Dövlətimizin başçısı bu amili ikinci vacib göstərici kimi vurğuladı və ümumi daxili məhsulun xarici borca olan nisbətini də xüsusi olaraq qeyd etdi. Bildirdi ki, biz burada da dünyada liderlər sırasındayıq: "Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə, doğrudan da, çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir". Yəni bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyatımız dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki dövlətimiz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışdır. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Ölkə iqtisadiyyatının belə möhkəm təməl üzərində qurulması, təbii ki, gələcək inkişafa zəmin yaradacaqdır.
Əldə edilən iqtisadi uğurlar, bu nailiyyətlərin yaratdığı imkanlar Azərbaycanın hərbi gücünün də getdikcə artması üçün lazımi şəraiti təmin edir. Ölkəmizin müdafiə qüdrətinin ən yüksək səviyyədə olması bir tərəfdən, geosiyasi reallıqların, digər tərəfdən, bölgəmizdəki ümumi vəziyyətin diktəsidir. Bunu zəruri edən əsas səbəblərdən biri də uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən sonra revanşizm meyillərinə qapılması, silahlanma yarışına qatılmasıdır. Prezident İlham Əliyev müsahibəsində bunu narahatedici məqam kimi qiymətləndirərək, Azərbaycanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə hərbi büdcəsini rekord həddə, 8,4 milyard manata yüksəltdiyini açıqladı: "Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz".
Bu addım, Ermənistanın hərbi təhdidləri qarşısında Azərbaycanın təhlükəsizlik məsələlərinə nə qədər ciddi yanaşdığını göstərir. Həmçinin nəzərə almalıyıq ki, Azərbaycanın hərbi qüdrəti təkcə ölkəmizin təhlükəsizliyinə xidmət etmir, eyni zamanda ümumən regionumuzda sülhün qorunmasında, sabitlik və dayanıqlı inkişaf mühitinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
Ermənistan ziyankarlığını davam etdirir: təhdidlərə qarşı qətiyyət
Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, ümumilikdə bölgəmiz üçün növbəti təhdid mənbəyidir. Çünki bu silahlanmanın heç bir məntiqi izahatı yoxdur. Bütün bunlar onu göstərir ki, Ermənistan uzun illər ərzində apardığı işğalçılıq siyasətinin tamamilə iflasa uğramasından, 2020-ci və 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən heç bir nəticə çıxara bilməyib. Dövlətimizin başçısı müsahibəsində digər narahatedici məsələ barəsində də danışdi: "Keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz". Müsahibədə vurğulandı ki, məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni Azərbaycan ikitərəfli danışıqlar formatının tərəfdarıdır və bu məsələdə öz mövqeyini müdafiə edəcək.
Cənab İlham Əliyev bir daha vurğuladı ki, Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü mümkün sülhü poza bilər. Azərbaycan Prezidenti onu da qətiyyətlə bəyan etdi ki, ölkəmiz bu məsələlərdə, sadəcə, tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın: "Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir".
Azərbaycan Prezidenti müsahibəsində açıq şəkildə bildirdi ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, ölkəni onlar elə özləri kimi də formalaşdırıblar: "İndi Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür".
Dövlətimizin başçısı hesab edir ki, əgər biz belə bir faşist dövlətlə qonşuyuqsa, bu təhdid məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. "Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır" deyən ölkə rəhbəri vurğulayıb ki, bu, bizim şərtimizdir, kim bunu necə istəyir elə də qəbul etsin. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.
Makron Fransasının acizliyi
Ermənistanın hazırkı hakimiyyətinin təəssüf doğuran qətiyyətsizliyi, xarici havadarlarından asılılığı və onların, xüsusilə Fransanın əlində bir alətə çevrilməsi bütöv bölgəmiz üçün təhlükə mənbəyidir. Bu gün özünü Nikol Paşinyanın himayədarı kimi göstərən Makron Fransasının boş geosiyası kaprizləri təkcə Azərbaycana deyil, qonşu Gürcüstana qarşı da yönəlib. Bir bölgənin üç dövlətindən ikisinə münasibətdə aqressivcəsinə yüklənmiş və regionu təmsil etməyən dövlətin Cənubi Qafqazın işlərinə qarışmağa rəsmi İrəvan tərəfindən şəraitin yaradılması qəbuledilməzdir. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi, əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir: "Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu eyni zamanda Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək".
Ölkəmizin yaratdığı yeni reallıqlar
Müsahibədə xüsusi qeyd edildi ki, Azərbaycanın 2024-cü ildəki ən mühüm uğurlarından biri də Qazax rayonunun 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş dörd kəndinin azad edilməsidir. Ən əhəmiyyətli məqam isə bundan ibarətdir ki, Azərbaycan bunu diplomatik yolla, bir güllə belə atılmadan həyata keçirdi. Müsahibədə xüsusi qeyd edildi ki, bu kəndlər haqqında dövlətimiz heç vaxt öz mövqeyindən bir addım belə geri çəkilməmişdi. Bu kəndləri biz unutmamışdıq. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. Qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində təmizləndi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Bu il isə Qazax rayonunun dörd kəndini geri aldıq. "Düşünürəm ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub",- dövlətimizin başçısı vurğuladı.
Bu faktın özü tarixi bir həqiqətdir ki, Qazaxın dörd kəndinin azadlığı son dörd ildə Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələrin məntiqi davamı kimi mümkün oldu. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bunlar baş verməsəydi, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytaran deyildi. Ermənistan ölkəmizin siyasi, hərbi gücünü dərk edərək bu kəndləri geri qaytarmağa faktiki məcbur qaldı. Azərbaycan Prezidenti bu məsələdə də ədalətə nail olduğumuzu, ərazilərimizi bərpa etdiyimizi bildirdi. Artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub: "Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var. Ona görə də mən tapşırıq verdim ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün biz, ilk növbədə əhalimizin təhlükəsizliyi haqqında düşünməliyik".
Milli inkişafı təmin edən siyasət
Müsahibədə 2024-cü ildə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, ölkəmizin qlobal nüfuzunun artması barədə də fikirlər xüsusi vurğulandı. Ötən il Azərbaycan COP29 kimi əhəmiyyətli bir tədbirə - müstəqillik tariximizin ən böyük beynəlxalq tədbirinə evsahibliyi etdi. 197 ölkədən 76 min iştirakçının qatıldığı, 80 dövlət və hökumət başçısının iştirak etdiyi bu tədbir ilk növbədə ölkəmizin qlobal liderlik mövqeyini təmin etdi. Konfransın uğurla keçməsi, bütün dünya üçün tarixi nəticə ilə tamamlanması Azərbaycana qarşı aparılan böhtan kampaniyasına, qərəzli məqsədlərlə edilən təzyiqlərə qarşı da tutarlı cavab oldu. Həmçinin ölkəmiz bu qlobal tədbirlə dünya ictimaiyyətinə ətraf mühit məsələlərindəki nailiyyətlərini təqdim etmək fürsəti qazandı və bu fürsətdən effektiv şəkildə istifadə etməyi bacardı.
Bu gün yeni dünya nizamı formalaşdırılır. Azərbaycan isə bu prosesin başlanğıcındadır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərə münasibəti Azərbaycan liderinin dünyaya ünvanlanmış növbəti qətiyyətli mesajıdır. Dövlət başçısının həm ölkəmizlə və regionumuzla bağlı hadisələrə, həm də qlobal xarakterli proseslərə reaksiyasının ana xətti bundan ibarətdir: biz ətrafımızda və daha geniş coğrafiyada izlənən proseslərin fəal iştirakçısıyıq, eyni zamanda müstəqilliyimizə hər hansı formada təhdid olan, yaxud olacaq amilləri neytrallaşdırmaq iqtidarındayıq. Qeyri-sabit, dəyişkən müasir dünyadakı proseslərə bu formatda yanaşmanı yalnız, sözün əsl mənasında, müstəqil olan dövlətin güclü lideri sərgiləyə bilər. Azərbaycan Prezidentinin dediyi kimi, zəif dövlətlər olmur, zəif liderlər olur. İlham Əliyev güclü dövlətin güclü lideridir!
İradə ƏLİYEVA,
"Azərbaycan"