Bölgəmizin və daha böyük coğrafiyanın həyatında əvəzolunmaz geosiyasi amilə çevrilən Azərbaycan-Türkiyə strateji birliyi təkcə eyni tarixi köklərə malik olduğumuz reallığa əsaslanan siyasi müttəfiqlik deyil. Ölkələrimiz yalnız Cənubi Qafqazda deyil, daha geniş və irimiqyaslı regionun siyasi əhatə dairəsini nizamlayan qlobal faktor rolunda çıxış edir. Son 30 il ərzində bölgəmizdə baş verən istənilən dəyişiklikdə Bakı ilə Ankaranın müştərək imzası var - siyasi sabitliyin bərqərar olunmasına yönəlmiş addımlardan tutmuş iqtisadi inkişafa istiqamətlənən yollaradək.
Azərbaycan-Türkiyə birliyinin bəhrələri bu illər ərzində yalnız ölkələrimizin rifahına yönəlməyib. Bu ittifaq güclü regional tənzimləyici amil olmaqla bərabər, həm də qlobal iqtisadi reallığın formalaşmasında fövqəladə rol oynayıb: həyata keçirilmiş və uğur qazanmış transmilli layihələrin istisnasız olaraq hər biri iki qardaş dövlətin birgə fəaliyyətinin nəticəsidir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri kimi iri enerji layihəsindən tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi Çinlə Qərbi birləşdirən böyük nəqliyyat marşrutunadək.
Tarixi bağlar üzərində qurulmuş dövlətlərarası əməkdaşlıq
Ölkələrimizi bir-birinə yaxın və doğma edən əsas amil təbii ki, siyasət və iqtisadiyyatın mövcudluğuna rəğmən aramızda olan mənəvi bağlardır. Ümummilli Lider Heydər Əliyevin dillər əzbəri olan və möhkəm ittifaq prinsipinə çevrilən "Bir millət, iki dövlət" şüarı bu bağları müəyyən edən əsas faktordur. Dövlətlərimiz və xalqlarımız bir-birimizin həyatında oynadığımız rolun əlahiddəliyinə elə bir səviyyədə alışmışdılar ki, həm sevincli, həm də kədərli anlarda birləşməyimiz, həmrəylik nümayiş etdirməyimiz mühüm şərtlərdən olmuşdur. Qardaş Türkiyənin Vətən müharibəsi günlərdində sərgilədiyi mənəvi dəstək bizə tarixi torpaqlarımızı azad etmək kimi müqəddəs amalın icrası zamanı tükənməz güc mənbəyində çıxış etdi. Eyni zamanda qardaş ölkədə on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələnin törətdiyi ağrı-acı hər bir azərbaycanlının qəlbində hüzn kimi qəbul edildi. Bu amillər Azərbaycan-Türkiyə birliyinin dünya arenasında unikal siyasi ittifaq, birlik, bərabərlik olaraq qəbul edilməsində başlıca rol oynayır.
Biz ümumi tarixi köklərimizi əsas tutaraq birgə gələcəyimizi qururuq. Bu gələcəyin siyasi əsası yeni çağırışlar, təşəbbüs və problemlərin çözümündə vahid mövqelərdən çıxış etməkdir. Türkiyə ilə Azərbaycanın qarşıdakı illərin siyasi mənzərəsinə baxışı Azərbaycanın döyünən ürəyi olan Şuşada liderlərimiz tərəfindən imzalanmış bəyannamədə əks olunur: dövlətlərimizdən birinə münasibətdə istənilən təhdid dərhal digərinə də qarşı yönəlmiş hesab edilir. Bu, Ankaranın Cənubi Qafqazın geosiyasi arxitekturasının ən ağır məqamlarında aktoru olmasını təsdiq edən gerçəklikdir. O zaman "Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi. Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan-Türkiyə birliyinin gücü idi.
Şuşa Bəyannaməsinə uyğun olaraq, Azərbaycan və türk diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi önəm verilir. Qloballaşan dünyamızda iki qardaş ölkənin bu sahədə də bir-birinə dəstək olması, ümumi hədəflərə doğru birlikdə irəliləməsi çox mühüm amildir. Hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına çalışmaqdır.
Bu, bəşəriyyətə xoşbəxtlik, rifah, daha gözəl bir dünya arzulayan liderlərin baxışları, verdiyi istiqamətlər, yaratdıqları reallıqdır.
İqtisadi anlamda həyata keçirilən və bir-birilərini əvəzləyən layihələr var ki, onlar dövlətlərarası və regional çərçivələri çoxdan aşıblar. Bu layihələrin dünya əhəmiyyəti qardaş Türkiyə ilə yanaşı, Azərbaycanın da bölgəni heyrətləndirən siyasi statusu və çəkisindən xəbər verir. Birgə həyata keçirilən qaz nəqli layihələri Avropanın 10 dövlətini hazırkı mürəkkəb geosiyasi reallıqlarda mavi yanacaqla təmin edir. Qarşıdakı illərdə Azərbaycan "qoca qitə"dəki enerji şəbəkəsini daha da genişləndirəcək və təkmilləşdirəcək. Təbii ki, qardaş dövlətin iştirakı ilə. Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Azərbaycan da hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi. Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür".
Əsası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə qoyulan logistik marşrutların inkişafı və diversifikasiyası artıq qlobal müstəviyə keçib: bu xətt Rusiya-Ukrayna qarşıdurmasının yaratdığı ümumdünya böhranından çıxış yollarının tapılması kontekstində aparıcı meyarlardan birinə və bəlkə də birincisinə çevrilib. Bu gün dünya trendi olan Orta dəhlizin məhz həmin layihə üzərində bərqərar olduğunu əminliklə söyləyə bilərik. Əgər Prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmiş bu regional yük və sərnişindaşıma marşrutları vaxtında işə düşməsəydi, indi bölgəmizin tranzit əhəmiyyəti bu qədər nəzərdiqqətləri cəlb etməzdi. Bu marşrut faktiki olaraq Azərbaycanla yanaşı, Gürcüstan üçün də güclü iqtisadi dividend mənbəyi rolunda çıxış edir. Hətta Ermənistanın özü belə bu kimi tarixi imkanlardan onları ya qəbul edə bilməməsi, yaxud da anlamaması, gec anlaması və reallıqla barışmamasına rəğmən, qazanc əldə etmək mənbəyi, əhalisinin rifahının qarşıdakı illərdə təminatı üçün dəyərli iqtisadi amil olaraq istifadə edə bilərdi. Təəssüf ki, Ermənistanda hakimiyyətdə olanların heç biri öz qəsbkar, revanşist mahiyyətlərini kənara qoyub proqressiv inkişafa sahiblənmək bacarığına malik olmayıblar. Bu qənaəti hazırkı Paşinyan hökumətinə münasibətdə də söyləmək olar.
Naxçıvanı gücləndirəcək layihə
Prezident İlham Əliyevin Türkiyəyə gerçəkləşdirdiyi növbəti işgüzar səfər bu dəfə də dövlətlərimiz və xalqlarımız üçün əlamətdar oldu. Fəaliyyətə başlamasına start verilən yeni İğdır-Naxçıvan qaz layihəsinin işə düşməsi ölkələrimiz arasındakı növbəti uğurlu birgə iqtisadi addım olmaqla yanaşı, həm də tarixi və siyasi əhəmiyyətə malikdir. Bu qaz kəməri vətənimizin ayrılmaz parçası olan və tarixi ədalətsizlik nəticəsində həm nəqliyyat logistikası, həm də kommunikasiyalar baxımından Azərbaycanın əsas hissəsindən ayrı düşən Naxçıvanı qazla təmin edəcək və bununla bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmlənməsində ciddi rol oynayacaq. Prezident İlham Əliyevin açılış mərasimində söylədiyi lakonik fikir məhz bu tarixi-siyasi kontekstdə xüsusi çəkiyə malikdir və kəmərin missiyasını olduqca konkret formada izah edir: "Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək".
On illərdir iqtisadi blokada şəraitində mövcudluğunu sürən Naxçıvan havadarlarına arxalanan Ermənistanın işğal təhdidlərinə mərdanə formada sinə gərməyi bacarıb və düşmənin bu istiqamətdəki qəsbkar planlarının uğursuzluğa yuvarlanmasına səbəb olub. Müasir Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü anlarında Naxçıvan camaatının Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməsi amili həm erməni işğalının qarşısının alınmasında, həm də bugünkü rifah mənzərəsinin bərqərar olmasında tarixi əhəmiyyətə malik olan gerçəklikdir. Simvolik haldır ki, bu prosesdə qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub. Ötən əsrin keşməkeşli 90-cı illərində Türkiyə ilə Naxçıvan arasında Ümummilli Liderin böyük xidmətlərinin nəticəsi olan körpü açılmış və bu hadisə muxtar respublikanın həyatında güclü xilas amilinə çevrilmişdi. Bu gün fəaliyyətə başlayan yeni qaz kəməri isə sıravi insanların gündəlik həyatında oynayacaq rolla yanaşı, həm də enerji təhlükəsizliyi kimi vacib əhəmiyyətə də malikdir.
Mərasimdə bildirilib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Bu kəmər bizə imkan verəcək ki, hətta Ermənistanın destruktiv addımları, regional sülh və əməkdaşlığa yeni-yeni maneələr yaratması fonunda belə vətənimizin qəhrəmanlar diyarı olan bu parçasının iqtisadi inkişafına nail ola bilək. Qaz təminatına yalnız əhalinin istiliklə təminatı müstəvisində baxmamalıyıq, bu, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən və göstərəcək çoxsaylı istehsal və təsərrüfat obyekti üçün danılmaz dəstəkdir.
"Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir", - Azərbaycan Prezidenti açılış mərasimindəki nitqində dedi.
Yeni geosiyasi nailiyyət
İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi Azərbaycanla Türkiyənin növbəti iqtisadi nailiyyəti olmaqla yanaşı, həm də yeni uğurlu geosiyasi addımdır. İrəvan Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsini, Ermənistanla böyük məsafəli sərhədə malik olmasını Bakıya qarşı uzun illər boyu bir təzyiq vasitəsi qismində istifadə etməyə çalışıb. Dövlətimiz üçün Naxçıvan və onun əhalisinin təhlükəsizliyinin təminatı ən əsas çağırış olub. Burada söhbət yalnız hərbi-siyasi müstəvidən getmir. Ərzaq, enerji təhlükəsizliyinin ümumi təhlükəsizlik müstəvisindəki əhəmiyyəti heç də az rol oynamır. Yeni qaz kəmərinin işə düşməsi məhz bu prizmadan baxarkən təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik faktorudur.
İğdır-Naxçıvan qaz kəməri növbəti dəfə nümayiş etdirir ki, Azərbaycan dövləti üçün problemlərin həlli yolunda dura biləcək heç bir maneə yoxdur. Çünki istənilən maneənin aşılması üçün siyasi əzm, qətiyyət və iradə ilə yanaşı, iqtisadi resursları və onları reallığa çevirmək üçün fərqli alətləri var. Azərbaycan vaxtilə Ermənistanın dağıdıcı və neqativ yanaşmasını dəf edərək neft və qaz kəmərlərini qonşu və dost Gürcüstan vasitəsilə dünya bazarlarına bağlamaqla qətiyyətini nümayiş etdirmişdir. Unutmamalıyıq ki, bunu həm də indiki qədər güclü olmadığımız tarixi şəraitdə əldə etmişik. Dövlətləri dövlət edən məhz bu kimi amillərdir: milli maraq və mənafelərin reallaşdırılması yolunda istənilən problemi dəf etmək. Hansı yolla olursa olsun, dövlətin öz əhalisinin təhlükəsizliyinin və rifahının təmin olunması məhz bu siyasətdən keçir. Azərbaycanın Ermənistanın süni şəkildə yaratdığı maneəyə önəm verməyərək, İrəvanın cəmi bir neçə kilometri - Zəngəzuru keçməklə bu ölkənin Naxçıvana çata biləcək kommunikasiyaların qarşısını almaq siyasətindən əl çəkməməsinə rəğmən, Gürcüstan və Türkiyə ərazisini aşaraq Naxçıvana mavi yanacağını çatdırması unikal iqtisadi və tranzit layihənin gerçəkliyə çevrilməsi ilə yanaşı, həm də siyasi iradənin parlaq nümayişidir.
İqtisadi təzyiq mexanizmi
Yeni qaz kəməri iqtisadi və milli təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də Azərbaycanın artan geosiyasi imkanlarının təzahürüdür. Bu kəmər Ermənistanın iqtisadi cəhətdən daha sıx şəkildə əl-qolunun bağlanması siyasətinin növbəti mərhələsidir. Nə qədər ki, İrəvanda Azərbaycan və Türkiyəyə qarşı revanşist əhvali-ruhiyyəyə, çağırışlara, əməli addımlara son verilməyib, konstitusiya səviyyəsində ərazi iddiaları aradan qaldırılmayıb, bu yarımdövlətin təhlükəsizlik konsepsiyasında Bakı və Ankara düşmən obrazında təsvir edilir, bu kimi tədbirlər davamlı olacaq. Azərbaycanın iqtisadi qüdrəti və nüfuzu erməni cəmiyyətinin qəsbkar iddialardan imtina etməsi yolunda başlıca təzyiq faktorlarından biri kimi istifadə ediləcək.
Yeni qaz kəməri aşkar şəkildə nümayiş etdirir ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən yaradılmış istənilən süni maneələri dəf etmək iqtidarındadır. Məsələn, Vətən müharibəsindəki sarsıdıcı məğlubiyyətinə rəğmən Azərbaycanın təklif etdityi sülh gündəmini qəbul etməyən, həm regionun, həm də erməni xalqının inkişafına xidmət edə biləcək layihələrdən imtina edən, bölgənin kommunikasiyalarını açmaq üçün özündə güc tapa bilməyən Ermənistan hər vəchlə Zəngəzur dəhlizi mövzusundan yayınır. Bu dəhliz onsuz da açılacaq və fəaliyyət göstərəcək. Bu gün Ermənistan rəhbərliyinin dünyada qaldırdığı hay-küylə müşayiət olunan təbliğat kampaniyasının ana xəttini Türkiyə və Azərbaycanın guya erməni dövlətçilyinə bir təhdid kimi təqdim etməsi cəhdləri təşkil edir. Əslində isə reallıq erməni hökumətinin xalqın müqəddəratını şəxsi ambisiyalarına qurban vermələri prosesindən ibarətdir. Əgər bir dövlət özü-özünü təcrid girdabına salıbsa və bundan çıxmağa cəhd etmirsə, o halda niyə Azərbaycandan və Türkiyədən şikayət etməlidir? Zəif, formalaşmamış erməni dövlətçiliyinə qarşı əsl və gerçək təhdid irəvandakıların işğalçı ambisiyaları deyilmi?
İradə ƏLİYEVA,
"Azərbaycan"