04 Mart 2026 08:00
195
SİYASƏT
A- A+
Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!


"2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi".

İlham ƏLİYEV


"Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır".

İlham ƏLİYEV


"Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam".

İlham ƏLİYEV


"Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir".

İlham ƏLİYEV



İkinci Qarabağ müharibəsində və ondan sonra keçirilən əməliyyatlarda dünya İlham Əliyev zəkasının, uzaqgörənliyinin, qətiyyət və dönməz iradəsinin şahidinə çevrildi!

Lap qısa desək:

"44 gün ərzində düşmən ordusu məhv edilərək diz çökdürüldü, qorxaqlar və fərarilər yığnağına çevrildi!

* Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmən qoşunlarının ölkə ərazisindən çıxarılması qrafiki təqdim edildikdən sonra ona təslim aktı sayılan üçtərəfli Bəyanatı da imzalatdırdı.

* Azərbaycan Prezidenti İlham Əliyev düşməni yalnız hərb meydanında deyil, informasiya cəbhəsində və diplomatiya meydanında da ağır məğlubiyyətə uğratdı!

* Bir vaxtlar ən yüksək status əvəzində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan beş rayonu geri qaytarmaq istəməyən Ermənistan Ağdam, Laçın və Kəlbəcər rayonlarını döyüşsüz, yalvara-yalvara geri qaytardı.

Forpostunu biabırçı məğlubiyyətdən qurtarmaq və separatçı ocağını qoruyub saxlamaq üçün əldən-ayaqdan gedən Rusiya xeyli zaman keçsə də, zəmanətçisi olduğu üçtərəfli Bəyanatın bir sıra mühüm bəndlərinin yerinə yetirilməsini təmin etmədi:

* Laçın dəhlizinə birgə nəzarət təmin olunmadı;

* Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni hərbi birləşmələri və terrorçu qruplaşmaları tərk-silah edilmədi;

* Zəngəzur dəhlizi açılmadı.

Əvəzində isə Rusiya Sülhməramlı Kontingenti qanunsuz erməni hərbi  birləşmələri üçün Ermənistandan göndərilən yardımlara və təchizat karvanlarına göz yumur, hətta erməni hərbi kolonlarını müşayiət edərək təhlükəsizliklərini qoruyurdular.

Rusiya bu yolla ərazimizdəki separatçı rejimi qoruyub saxlamaq, terrorçu qruplarının döyüş vəziyyətini hifz etmək və gələcəkdə qondarma rejimi xortladaraq yenidən separatizmi körükləmək niyyətində idi.

Hətta bir neçə dəfə Birinci Qarabağ müharibəsində olduğu kimi, hərbi əməliyyatlara açıq şəkildə müdaxilə etmək niyyətinə də düşdü!

102-ci hərbi bazasının qapılarını açaraq bütün döyüş texnikasını ermənilərin sərəncamına verdi, müharibə dövründə dayanmadan təyyarələr vasitəsilə Ermənistana hərbi texnika və silah-sursat daşıdı.

Yalnız Gəncə aeroportunda dayanmış qardaş Türkiyəyə məxsus F-16-lar onları açıq müdaxilədən çəkindirirdi.

Belədə başqa bir şantaja əl atıldı:

Erməni ordusunda olmayan "İskəndər M" raketləri ilə Şuşaya atəş açıldı, Gəncə, Tərtər, Bərdə və Goranboy rayonlarında yaşayış məntəqələri atəşə tutuldu, dinc əhali, qadınlar və uşaqlar arasında xeyli tələfat oldu!

Məqsəd Azərbaycanı analoji addıma təhrik etmək və Ermənistan ərazisinin vurulmasını bəhanə gətirərək KTMT-ni hərbi əməliyyatlara qoşmaq idi!

Azərbaycan bu avantüraya getmədi!

Əvəzində:

* 23 aprel 2023-cü ildə son dərəcə ustalıqla hazırlanmış unikal bir əməliyyatla Həkəri çayı üzərindəki düşmən postu ələ keçirilərək Laçın qapısı birdəfəlik bağlandı!

Bu, separatçı rejimin və qanunsuz erməni hərbi birləşmələrinin bellərinin qırılması demək idi!

* 2023-cü ilin 19-20 sentyabrında isə Azərbaycanın hərb tarixinə düşən daha bir antiterror tədbirləri baş tutdu!

Cəmi 23 saat çəkən bu əməliyyat nəticəsində qeyri-qanunu erməni hərbi birləşmələri və terrorçu qrupları ağ bayraq qaldıraraq təslim oldular!

Tərk-silah olunanların, habelə Azərbaycan qanunları əsasında ölkəmizdə yaşamaq istəməyənlərin  sağ-salamat ərazimizi tərk etmələrinə şərait yaradıldı.

Mülki əhalidən olan bir nəfərin belə burnu qanamadı!

Bununla da yeni "erməni soyqırımı" tamaşalarının yaradılmasının qarşısı alındı!

Dağlıq Qarabağda və Şərqi Zəngəzurda bir nəfər də olsun erməni "dığa"sı və "haxçı"ğı qalmasa da, Rusiya sülhməramlıları ölkədən çıxmaq istəmirdilər...

Çünki separatizmi də, terrorçuluğu da, erməni özbaşınalığını da yaradanlar məhz onlar idilər!

Məhz rus əsgərinə arxalanan, onlar tərəfindən silahlandırılaraq qudurdulan ermənilər "miatsun" bağıraraq "yeni erməni dövləti" yaratmaq fikrinə düşmüşdülər! 

Amma bu dəfə daş qayaya rast gəlmişdi...

İlham Əliyev müdrik siyasəti və dönməz qətiyyəti ilə Rusiya sülhməramlılarını musiqi sədaları altında birdəfəlik vətənlərinə yola saldı!

Yəqin ki, Qarabağdan gedənlər indi Ukraynada separatizmi hərbi yolla dəstəkləyirlər.

***

Hərbi əməliyyatlar bitəndən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni mərhələyə - sülhyaratma mərhələsinə start verdi.

Qalib dövlət olan Azərbaycan Ermənistandan hərb meydanında aldığı qisasla kifayətləndi.

Bu dəfə sülh əlini uzadaraq onu yeni reallığı qəbul etməyə və əməkdaşlığa çağırdı.

Ermənistanın başqa çarəsi yox idi!

Lakin burada da Azərbaycanın dəyişməz şərti var:

Yalnız Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh müqaviləsi imzalana bilər!

Hadisələrin gedişatı göstərdi ki, Rusiya həll olunmuş münaqişəni sülh yolu ilə yekunlaşdırmaq yox, onu hansısa vasitələrlə "yaşadaraq" hər iki tərəfə təsir vasitəsi formasında saxlamaq niyyətindədir!

Sadəcə, Ukrayna müharibəsi bataqlığında ilişib qaldığı üçün bu sahədə aktiv hərəkətə keçə bilmir...

Azərbaycan isə Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirmək, Orta dəhlizi işə salaraq Şimal-Cənub daşımalarını daha təhlükəsiz, az vaxt tələb edən və iqtisadi cəhətdən faydalı marşrut kimi tezliklə istifadəyə vermək fikrindədir.

Ölkəmizin qətiyyətli mövqeyi, bir sıra beynəlxalq təşkilata üzv qəbul olunması və xeyli sayda dövlətlərlə strateji tərəfdaşlıq müqavilələrini bağlayaraq qarşılıqlı fayda və bir-birinə hörmət əsasında əlaqələr yaratması Cənubi Qafqazı hələ də özünün "arxa bağça"sı sayan Rusiyanı heç vəchlə qane etmir.

Son dövrlərdə isə onun bu "narazılığ"ı açıq şəkildə görünməyə başlayıb...

* 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan sərnişin təyyarəmiz Rusiya tərəfindən vuruldu, nəticədə Aktau şəhərinə eniş etmək istərkən qəzaya uğradı.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak oldu, yalnız 29-u sağ qaldı.

Rusiya Prezidenti V.Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə beynəlxalq qaydalara uyğun olaraq dəyən ziyanın ödəniləcəyini və günahkarların cəzalandırılacağını söyləsə də, sonra vədini yerinə yetirmədi.

Qeyri-dost addımlar yenə davam etməkdədir.

* Rusiyada azərbaycanlılara qarşı təzyiqlər gücləndirilməkdədir.

* İki həmyerlimiz Rusiya hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən döyülərək öldürüldü...

* Bir neçə nəfər diaspor fəalımız saxta ittihamlarla həbs olunaraq uzunmüddətli cəza ilə hədələnir...

19 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə ABŞ-yə səfəri zamanı bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törətdilər.

Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları yüksək peşəkarlıq göstərərək təxribatın qarşısını aldılar.

* Aparılan araşdırmalar iştirakçıların tərkibində və təxribatların təşkilində "rus izi"ni aşkara çıxardı...

Azərbaycan Prezidenti İlham Əliyev dövləti maraqlarla bağlı məsələlərdə sərbəst, öz bildiyi kimi hərəkət edir, başqaları ilə heç zaman məsləhətləşmir.

8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanın Baş naziri N.Paşinyanla keçirilən görüş və imzalanan sənədlər də bu qəbildəndir.

ABŞ Prezidenti D.Trampın iştirakı və şahidliyi ilə imzalanan bir sıra sənədlər, xüsusən Azərbaycanla Ermənistan arasında Sülh Sazişinin paraflanması bəzilərinin xoşuna gəlməyə bilər.

Xüsusən də bundan sonra ATƏT-in Minsk qrupunun ləğvi...

Amma Azərbaycan Prezidenti İlham Əliyev özü bildiyi kimi hərəkət edir və  kimlərinsə narazı qalmasına zərrə qədər də əhəmiyyət vermir!

Azərbaycan daha "kiçik qardaş" deyil, öz taleyini özü həll edə bilən, iqtisadi cəhətdən güclü, hərbi cəhətdən qüdrətli, dünyada böyük siyasi nüfuzu olan müstəqil dövlətdir!

***

* Azərbaycan dünyada yeganə ölkədir ki, təkbaşına müharibə apararaq dünyanın güclü dövlətləri tərəfindən hərtərəfli müdafiə olunan, silahlandırılan, maliyyə təminatı göstərilən düşmənini darmadağın edib qarşısında diz çökdürmüş, təslim aktını imzalatdırmışdır!

* Azərbaycan yeganə dövlətdir ki, təkbaşına separatizmə qalib gəlmiş, onun bütün "təsisat"larını ləğv etmiş, kökünü torpağından çıxararaq sərhədlərindən kənara tullamışdır!

* Azərbaycan yeganə dövlətdir ki, ərazisində bir nəfər belə, separatçı və əcnəbi əsgər mövcud deyil!

* Azərbaycan yeganə dövlətdir ki, uzun illər ölkə ərazisində separatçılıqla məşğul olan, terrorçu dəstələri yaradıb saxlayan, dinc əhaliyə divan tutaraq kütləvi qırğınlar, soyqırımları törədən qondarma separatçı qurum rəhbərlərini, hərbçilərini ədalət məhkəməsində mühakimə edərək layiq olduqları cəzanı vermişdir!

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur!

Bu gün cənab İlham Əliyev möhtəşəm quruculuq işləri ilə məşğuldur.

Qarabağda və Şərqi Zəngəzurda görünməmiş vüsətlə bərpa və quruculuq işləri gedir, torpağın əsl sahibləri yurdlarına dönərək xoş və xoşbəxt günlərini davam etdirirlər.

Bu gün İlham Əliyev Avropada böyük hörmət və rəğbətlə qarşılanan, dünyanın ən mötəbər tədbirlərinə arzuolunan qonaq kimi dəvət olunan, çıxışları diqqət və maraqla dinlənilən siyasi liderlərdəndir.

İlham Əliyev transmilli layihələri gerçəkləşdirərək Azərbaycanı dünyada ən etibarlı və arzuolunan tərəfdaşa çevirmişdir!

* Azərbaycan 10-u Avropa İttifaqının üzvü olmaqla 14 ölkəyə təbii qaz ixrac edir!

* Azərbaycan çoxsaylı dövlətlərlə strateji tərəfdaşlıq barədə müqavilələr imzalayaraq qarşılıqlı maraqları təmin edən əlaqələr qurmuşdur.

* Azərbaycan qardaş Türkiyə ilə birlikdə  TDT-nin dirçəlməsinin, qarşılıqlı əlaqələrin möhkəmlənməsinin, hərtərəfli münasibətlərin güclənməsinin səbəbkarlarından biri olmuşdur.

* Azərbaycan Orta dəhlizin yaranmasının, dünyaya təqdim olunmasının, əhəmiyyətinin əlaqəli ölkələrə çatdırılmasının təşəbbüsçüsü və icraçısıdır!

* Tezliklə Azərbaycan dünyaya "yaşıl enerji" ixracına başlayacaq və bu məqsədlə dost ölkələrlə bərabər Qara dənizin dibi ilə kabel xəttinin çəkilişini reallaşdıracaqdır.

* Azərbaycan Xəzər dənizinin dibi ilə fiber-optik xəttinin çəkilişinin əsas tərəfdaşlarından biridir. 

* Azərbaycan ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını imzalamaqla, habelə TRIPP marşrutunun çəkilişini reallaşdırmaqla Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinin müəlliflərindən biridir.

Bütün bu sadalananların baş müəllifi isə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir!

Otuzillik işğala son qoyan, ərazi bütövlüyünü, dövlət suverenliyini təmin edən Azərbaycan 44 günlük müharibədən həm Zəfərlə, həm də güclənmiş vəziyyətdə çıxdı!

Bütün bunlar görünməmiş uğur və nailiyyətlərdir!

Əslində, möcüzəyə bənzər hadisələrdir!

Odur ki, düşmənlərimiz qısa zamanda qazanılan uğur, zəfər, qələbə və nailiyyətlərimizi dövlətimizin başçısına bağışlamaq istəmirlər.

Çünki belə qüdrətli Azərbaycan görmək istəmirlər!

Amma çox nahaq yerə!

Bizi həm qəbul edəcəklər, həm də bizimlə hesablaşacaqlar!

O şey ki mövcuddur, onu qəbul etməmək olmaz!

O özü özünü qəbul etdirəcəkdir!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!