Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin
qarşılaşdığı əsas problemlərdən biri də ikili standartlar siyasətidir. XIII
Qlobal Bakı Forumunda da bu məsələ xüsusi müzakirə olundu. Forum iştirakçıları
hesab edir ki, müasir dünyada həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda
beynəlxalq hüquqa qarşı “ikili standartlar”ın yayılması mövcud sistemi zəiflədir.
Bu tendensiya qlobal nizam üçün ciddi təhlükə kimi qiymətləndirilir.
Son illərdə Azərbaycan da müxtəlif geosiyasi
proseslər fonunda bu tendensiyanın təsirini daha qabarıq şəkildə hiss edən ölkələrdən
biridir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq normalarının tətbiqində
bəzi güc mərkəzləri selektiv yanaşma nümayiş etdirir. Münaqişələrə münasibətdə
fərqli mövqelərin sərgilənməsi, eyni prinsipin müxtəlif regionlarda fərqli şəkildə
şərh olunması faktları mövcuddur.
Cənubi Qafqaz regionu böyük güclərin
maraqlarının kəsişdiyi strateji məkan hesab olunur. Bu səbəbdən bəzi beynəlxalq
aktorların regionda selektiv yanaşma nümayiş etdirməsi Azərbaycanın haqlı
narazılığına səbəb olur.
Regionda sülh təşəbbüslərinə münasibətdə
ziddiyyətli mövqelər həm diplomatik proseslərin uzanmasına, həm də etimad
mühitinin zəifləməsinə səbəb olur. Bu baxımdan, beynəlxalq qurumların daha
balanslı siyasət yürütməsi regionda sabitlik üçün vacib amil kimi qiymətləndirilir.
Rəsmi Bakı hər zaman beynəlxalq hüququn
universallığının qorunmasının və dövlətlər arasında bərabər münasibətin təmin
olunmasının qlobal sabitlik üçün vacib olduğunu vurğulayır.
İkili standartlar siyasətinin aradan
qaldırılması yalnız bir ölkənin deyil, ümumilikdə beynəlxalq sistemin
legitimliyi və effektivliyi üçün mühüm əhəmiyyət daşıyır.
Yəni, Azərbaycanın üzləşdiyi bu problemlər təkcə
regional deyil, həm də qlobal siyasi nizamın gələcəyi ilə bağlı suallar
doğurur.
Yeri gəlmişkən, bu prosesdə antimilli
qruplardan da məharətlə istifadə olunur. Xarici aktorlar informasiya
kampaniyaları vasitəsilə süni narazılıq yaratmağa, maliyyə və institusional dəstək
vasitələri ilə müəyyən siyasi proseslərə təsir göstərməyə çalışır. Lakin belə
cılız ssenarilərin heç biri nəticə vermir. Çünki Azərbaycanda xalqla dövlət
arasında monolitlik mövcuddur və ölkə
daxilində parçalanma və ya ayrıseçkilik salmaq cəhdlərinin hamısı iflasa məhkumdur.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı