Azərbaycan dünyagörüşündə qadının yeri çox ucadır. Milli təfəkkürümüz üçün qadın ən ali dəyərlərimizin ünvanıdır. Ona görə də hər bir cəmiyyət digər əhəmiyyətli meyarlar kimi, həm də qadına verdiyi qiymətlə, göstərdiyi ehtiramla yüksəlir.
Qadın tarixin bütün dövrlərində mənsub olduğu nəslin, ailənin, elin, obanın yükünü daşıyır, əməlləri, davranışları ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışır. Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuşlar. 44 günlük Vətən müharibəsində də bu gerçəkliyi bir daha sübuta yetirmişlər.
Qadınlar üçün bərabər inkişaf imkanlarının yaradılması, öz potensiallarını reallaşdırmaqdan ötrü şəraitin qurulması, ictimai həyatda qadın fəallığı ənənələrinin gücləndirilməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biridir. Fədakarlıq, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının təməl xarakteridir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə qadınlarına təbrik məktubunda xanımlarımıza cəmiyyətimizdə dərin ehtiram bəsləndiyi xüsusi vurğulanır: "Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar... Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər".
Azərbaycan Prezidentinin rəhbərliyi ilə gender bərabərliyinin təmin edilməsi, bu zərif zümrənin ictimai, siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı üçün hər zaman müxtəlif proqramlar həyata keçirilir. Bu sahədə qanunvericilik bazası təkmilləşdirilir, qadın hüquqlarının qorunması və onların cəmiyyətin bütün sahələrində bərabər təmsilçiliyi Azərbaycanın davamlı inkişaf strategiyasının əhəmiyyətli hissələrindən biri kimi daim diqqətdə saxlanılır.
Mənəvi-insani dəyərlərin qorunması, xalqın arzu və amallarının gerçək həyata çevrilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdir. Dövlət başçısının reallaşdırdığı ali məqsədlər isə yüksək ideallardır. Azərbaycan Prezidentinin həmin məqsədlərə aparan haqq yolunda fəaliyyəti ona görə bu qədər uğurludur ki, o, ən çətin məqamın hər addımında öncə ümumxalq dəstəyindən güc alır. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqi səbəbi də ölkənin birinci xanımı Mehriban Əliyeva kimi dönməz məsləkdaşının, etibarlı yol yoldaşının olmasıdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir
Ana adı və missiyası bu xanım üçün çox əzizdir. Onun bütün çıxışlarından ananın səsi-sorağı gəlir, fədakar, eyni zamanda zərif zümrəyə dərin hörmət və ehtiramı duyulur. Başladığı hər yeni layihəyə ana qəlbinin hərarətini qatır. Müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından bəri qazandığı nailiyyətlərdə Mehriban xanım Əliyevanın imzası, misilsiz xidmətləri insanlarımızda böyük qürur doğurur.
Mehriban Əliyevanın adı uzun illərdir ki, xeyirxahlığın, insanlara sevginin, şəfqətin, mərhəmətin, el üçün yaxşı bir iş görmək hissinin, dəyərlərə sahib çıxmaq əzminin simvolu kimi çəkilir. Birinci xanım bunu hər hansı inzibati imkanların gücü ilə qazanmayıb. Onu belə bir ali mərtəbəyə ucaldan dünyaya və insanlara tükənməz sevgisidir. Özünün də dediyi kimi, dərk etdiyi məsuliyyətidir, sadə insanları hiss və həyəcanları, problemləri, qayğıları ilə bir yerdə görə bilməsidir.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 6-da Gəncə şəhərində səfərdə olmuşdur. Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olmuşdur. Eyni zamanda Gəncədəki 40 saylı körpələr evi-uşaq bağçasında, Gəncə şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində, şəhərdəki Şah Abbas və Hüseyniyyə məscidlərində, Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olmuş, şəhər sakinləri ilə görüşmüş, səmimi söhbətlər etmiş, problemləri ilə maraqlanmışdır. Bütün belə görüşlər kimi, Mehriban xanımın növbəti Gəncə səfəri də insanlarımız üçün xoş münasibətə, əlamətdar hadisəyə çevrildi.
Mehriban xanım adamların düşüncələrini, istəklərini duya və buna uyğun davrana bildiyi qədər müasir dünyamızın çağırışlarını, cəmiyyətin inkişaf yönünü, can atdığı istiqamətləri də həssaslıqla hiss edir. Zamanın gələcəyə doğru düzgün istiqamətlənməsi, inkişaf axarından kənarda qalmaması üçün böyük fədakarlıqlar göstərir. Müasir dövrün mühüm vəzifələr kimi aktuallaşdırdığı məsələlərin həllində böyük xidmətləri var. Yaratdığı nümunələrlə milyonlarla adama sabaha aparan yolları göstərir. Qadınlarımızın ölkənin ictimai-siyasi həyatında ilbəil artan rolu və mövqeyi isə bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır.
Strateji inkişaf kursuna əsaslanan qadın siyasəti
Bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu strateji inkişaf kursuna əsaslanır. Məlumdur ki, hələ sovet Azərbaycanına rəhbərliyi dövründən - ötən əsrin 70-80-ci illərindən respublikada gender siyasəti sahəsində mühüm addımlar atılmış, qadınların cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu böyük dövlət adamı ölkəmizin müstəqilliyi illərində də Azərbaycanda qadın hüquqlarının qorunması ilə bağlı müxtəlif beynəlxalq sənədlərə qoşulmuşdur. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, Azərbaycan qadınına layiq olduğu qiyməti verirdi, onların ictimai fəallığına mühit yaradırdı, ümumxalq mübarizəsinə ruhlandırır, böyük işlərə istiqamətləndirir, zərif zümrənin seçilən fəallarına yüksək vəzifələrdə etimad göstərirdi.
Azərbaycanın 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında", "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər hüquqların verilməsi haqqında", "Analığın mühafizəsi haqqında" və digər konvensiyaları, qanunları qəbul etməsi cəmiyyətimizdə qadın hüquqlarının qorunması istiqamətində atılan çox ciddi addımlar idi.
1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" fərmanla bu sahədə dövlət siyasətini icra edən ayrıca təsisat - Qadın Problemləri üzrə Dövlət Komitəsi (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılmış və bu qurum ötən illər ərzində qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmışdır. Müstəqilliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin burulğanına düşən fədakar, mübariz qadınlarımız 1990-1993-cü illərdə yaşananların sıxıntılarına rəğmən bu gün dünya qadınlarının öncülləri sırasında qərar tutur.
Yeni tarixi mərhələ
1998-ci ildən etibarən Azərbaycan qadınlarının qurultaylarının keçirilməsi də bir ənənəyə çevrilərək cəmiyyətin həyatında qadınların rolunun artmasına özünəməxsus töhfələr vermişdir. 2000-ci ildə imzalanmış "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanla isə müvafiq dövlət qurumlarında gender siyasəti tələblərinə uyğun olaraq bu məsələlər üzrə məsul şəxslər təyin edilmişdir. Eyni ildə "Azərbaycan Respublikasında Qadın Məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı"nın qəbulu və sənədin icra mexanizmlərinin hazırlanması da milli prioritetlər əsasında siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrində qadın problemlərinin həlli, eləcə də qaçqın və məcburi köçkün qadınların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına dəstək baxımından çox ciddi addım idi.
Prezident İlham Əliyev bu siyasəti inkişaf etdirərək daha yüksək mərhələyə çatdırmış, müasir çağırışlara uyğun olaraq qadın hüquqlarının müdafiəsi, xanımlarımız üçün yaradılan bütün imkanların genişləndirilməsi istiqamətində tarixi qərarlar vermişdir. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. İstənilən sahədə inkişaf proseslərinin sürətlənməsində təfəkkür dəyişiklikləri, mövcud stereotiplərin aradan qaldırılması, yeni baxış tərzinin formalaşdırılması həlledicidir. Dövlət başçısının siyasi iradəsi ilə belə qanunların qəbulu insanlarımızın yeni düşüncə tərzinin formalaşmasına təkan vermiş, qadınların ictimai həyatdakı yeri və rolu ilə bağlı bir çox dəyişməz qalan eyniliklərə son qoyulmuş, xanımlarımız qarşısında geniş üfüqlər açılmışdır.
Bütün bunlara paralel olaraq qadın hüquqları ilə bağlı məsələlər bir sıra qanunvericilik sənədlərində, o cümlədən Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s. məcəllələrdə də dəqiq şəkildə təsbit olunmuş, bununla qadın hüquqlarının etibarlı müdafiəsi sistemi yaradılmışdır. Qadınlarla bağlı məsələlər ötən dövrlərdə qəbul olunmuş müəyyən dövlət proqramlarında, strategiya sənədlərində də nəzərə alınmış, bütün bunlar ölkəmizin siyasi, sosial, iqtisadi, mədəni həyatında onların rolunun artırılması baxımından müstəsna əhəmiyyət daşımışdır.
2023-cü il oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilmişdir. Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 illiyi münasibətilə təşkil edilmişdir. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak etmişdir. Azərbaycan Prezidenti qadınların VI Qurultayının iştirakçılarına təbrik məktubu ünvanlamışdı. Məktubda deyilirdi: "Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başlatmışdır. Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir".
Azərbaycan Qadınlarının VI Qurultayında "Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük qayıdış", "Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər", "Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi", "Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar" mövzularında müzakirələr aparılmışdır.
Təhsilli qadın - işıqlı cəmiyyət
Hər bir ölkədə qadınların inkişafı üçün, ilk növbədə, onların təhsil almasına, müvafiq bilik və bacarıqlara yiyələnməsinə şəraitin yaradılması mühüm önəm kəsb edir. Çünki təhsil hər bir qadının cəmiyyətdə özünə layiqli yet tutmasına, ictimai həyatda fəal iştirakına yol açan sosial amildir. Digər tərəfdən isə təhsilli ana təhsilli övladlar deməkdir. Daha geniş mənada ifadə etsək, təhsilli qadın təhsilli millət, təhsilli nəsil, beləliklə, ölkənin, dövlətin, cəmiyyətin işıqlı gələcəyidir.
Bu gün mövcud reallığın faktlarla ifadəsi Azərbaycanda qadınların təhsil səviyyəsi göstəricilərinin kifayət qədər yüksək olduğunu, xanımlarımızın təhsil sistemində, eləcə də elmi fəaliyyətdə geniş təmsil olunduqlarını göstərir. Bu, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına şərait yaradan çox vacib amildir. Mehriban xanım Əliyeva hələ 2021-ci il fevralın 11-də ICESCO-nun təşkilatçılığı ilə "Qadınlar və qızlar elmdə" Beynəlxalq Günü münasibətilə keçirilmiş videokonfransdakı çıxışında diqqətə çatdırmışdı ki, qlobal çağırışlara cavab vermək niyyəti ilə elm, texnologiya və innovasiyalar həyatımızda artıq bir zərurətə çevrilib. Elm və gender bərabərliyi "Davamlı İnkişaf üzrə 2030 Gündəliyi" daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir.
Azərbaycan dövləti qadınların məşğulluğunun artırılması və onların iqtisadi həyatda fəal iştirakının təmin edilməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. Qadınların məşğulluğunun təmin olunması üçün ölkədə təkmil qanunvericilik bazası formalaşdırılıb. Müvafiq dövlət qurumları bu istiqamətdə ardıcıl addımlar atır, gənc qızların ixtisaslara, bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif təlim proqramları təşkil edilir. Onların əmək hüquqları və sahibkarlıq fəaliyyəti barədə məlumatlandırılması məqsədilə seminarlar və konfranslar keçirilir. Ayrı-ayrı regionlarımızda yaradılmış resurs mərkəzləri qadınların sahibkarlıq bacarıqlarının inkişafına və sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə dəstək olur.
Bərabər imkanlar mühiti
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dövlət idarəçiliyinin belə ali məqamında təmsil olunması, bu vəzifədə ölkəmizin, xalqımızın rifahı üçün gördüyü işlər, yaratdığı effektiv nəticələr dövlətimizin qadınlara verdiyi dəyərin ifadəsi, dövlət qadın siyasətinin təntənəsidir.
Mehriban xanımın şəxsində dünya ictimaiyyəti Azərbaycan qadınını daha yaxından tanıyır, xanımlarımızın potensialını, parlaq liderlik bacarıqlarını kəşf edir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti, təşəbbüsü ilə Azərbaycanda və ölkə hüdudlarından kənarda həyata keçirilən layihələrlə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadını adını layiq olduğu ucalıqlara yüksəldir. Onun simasında bütün dünyaya dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar, humanist, mərhəmətli, qayğıkeş Azərbaycan qadını obrazı təqdim olunur.
Azərbaycan qadını adı xalqımızın milli-mənəvi dünyasında hər zaman ən böyük dəyərlərdən biri kimi qəbul olunub. Xoşdur ki, bu dəyər getdikcə qloballaşan, xalqların mənəvi aləmini zaman-zaman aşındıran bir dövrdə də qorunur.
Azərbaycan qadını cəmiyyətimizin bütövlüyünü, ailə ocaqlarımızın istisini, həyatımızdakı saflıqları qoruyan mənəvi qüvvədir. Azərbaycan qadını gənc nəsli tərbiyə edən, Vətən sevgisini, milli təfəkkür işığını onlara ötürən müqəddəs varlıqdır. Bu anaların yetirdikləri övladlar ötən əsrin sonlarında sinələrini sipər edərək Azərbaycanın müstəqilliyinə nail oldular, Birinci Qarabağ savaşında böyük qəhrəmanlıqlar göstərdilər. Azərbaycan qadınlarının yetirdikləri övladlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində xalqımıza tarixi Zəfəri qazandırdılar. İşğalçıları torpaqlarımızdan qovub dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə nail oldular. Anaların ən böyük öyüdünü, arzusunu yerinə yetirdilər.
Azərbaycan qadını bu gün də öz sevgisi, müdrikliyi, gələcəklə bağlı arzuları ilə dövlətimizin yanındadır, milli birliyimizin, mənəvi bütövlüyümüzün sarsılmaz dayaqlarındandır.
İradə ƏLİYEVA,
"Azərbaycan"