09 İyun 2026 08:10
170
SİYASƏT
A- A+
Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu


Qlobal iqlim dəyişikliyi fonunda ekoloji təhlükəsizliyin təmin edilməsi müasir  beynəlxalq münasibətlər sisteminin strateji prioritetinə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində bu günlərdə ölkəmiz Ümumdünya Ətraf Mühit Gününə (WED) uğurla evsahibliyi etdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətində də xüsusi vurğulandığı kimi, ölkəmizin regionda ilk dəfə olaraq belə bir qlobal tədbirə evsahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir. Beynəlxalq ictimaiyyətə ünvanlanan müraciət həm də rəsmi Bakının qlobal "yaşıl gündəliy"in formalaşmasındakı mütərəqqi rolunu hüquqi və siyasi baxımdan təsbit edir. 

Belə bir tədbirə evsahibliyi ölkəmizin qlobal ekoloji təşəbbüslərdə fəal iştirakının və "yaşıl inkişaf" strategiyasına sadiqliyinin növbəti təzahürü oldu. Bu, ətraf mühitin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə və davamlı inkişaf məqsədləri istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanın ekoloji məsələlərin həllinə verdiyi töhfələrin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini də nümayiş etdirdi. 

Xatırladaq ki, "Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə" qlobal çağırışı altında keçirilən Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti Azərbaycan 2024-cü ildə Koreya Respublikasında təşkil olunan tədbirdə qəbul etmişdir. 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis olunmuş Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır. Belə mötəbər bir tədbirə evsahibliyi üçün məhz Azərbaycanın seçilməsi təsadüfi deyil. Ölkəmiz qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin mühafizəsi, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir. Azərbaycan həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpaolunan enerji sahəsini genişləndirir.

COP29-a evsahibliyinin yaratdığı dinamikanı davam etdirən dövlətimiz bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Ətraf Mühit Günü tədbirinin iştirakçılarına müraciəti ətraf mühitin qorunması naminə birgə fəaliyyətə strateji baxışın ifadəsi, ölkəmizin bu sahədə həyata keçirdiyi əməli tədbirlərin ümumi mənzərəsi kimi də beynəlxalq aləmdə çox böyük maraq doğurdu. 

  

Yeni çağırışlar qarşısında


Əsrimiz bəşəriyyətin qarşısında yeni çağırışlar qoyub: əgər ötən əsrlərdə ölkələrin inkişafı daha çox sənayeləşmə, iqtisadi güc və hərbi potensialla ölçülürdüsə, bu gün dövlətlərin məsuliyyət dərəcəsini müəyyən edən əsas meyarlardan biri məhz ətraf mühitə münasibətdir. İqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyatlarının azalması, biomüxtəlifliyin məhvi və ekoloji tarazlığın pozulması artıq ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın ortaq problemidir. Buna görə ekoloji təhlükəsizlik məsələsi beynəlxalq siyasətin və qlobal gündəliyin ən mühüm mövzularından biri kimi getdikcə daha da aktuallaşır. Müraciətdə oxuyuruq: "Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək nəsillərin rifahı bu gün bizim bu çağırışların öhdəsindən gəlmək bacarığımızdan asılıdır". 

Prezident İlham Əliyevin müraciətində bölüşdüyü strateji baxış bu reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır, həm qlobal ekoloji çağırışlar həm Azərbaycanın üzləşdiyi problemlər, həm də ölkəmizin "yaşıl inkişaf" strategiyası və beynəlxalq ekoloji diplomatiyadakı rolu bu baxışda ətraflı öz əksini tapır. İqlim dəyişikliklərinin getdikcə daha dağıdıcı xarakter alması, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi və atmosferin çirklənməsi artıq yalnız ekoloqların deyil, siyasətçilərin, iqtisadçıların, təhlükəsizlik ekspertlərinin də əsas müzakirə mövzusudur.

Bu gün dünyanın müxtəlif bölgələrində müşahidə olunan quraqlıqlar, daşqınlar, meşə yanğınları və anomal istilər iqlim böhranının real nəticələridir. Ətraf mühit sahəsində yaranan problemlər iqtisadi inkişafı ləngidir, insanların həyat keyfiyyətini aşağı salır, ərzaq və su təhlükəsizliyini təhdid edir.

Azərbaycan Prezidentinin vurğuladığı kimi, gələcək nəsillərin rifahı məhz bugünkü qərarlardan və həyata keçirilən tədbirlərdən asılıdır. Bu yanaşma ekoloji siyasətin yalnız təbiətin qorunması deyil, həm də insanın və cəmiyyətin gələcəyinin təmin olunması anlamına gəldiyini göstərir.


Azərbaycanın "yaşıl inkişaf" modeli


Son illər Azərbaycan dövlət siyasətində ekoloji məsələlərə xüsusi yer ayırır. Təsadüfi deyil ki, "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" hədəfi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə beş milli prioritetindən biri kimi müəyyənləşdirilib. Bu yanaşma, əslində, ölkəmizin inkişaf modelində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Əgər əvvəlki dövrlərdə əsas diqqət iqtisadi inkişafa və infrastruktur quruculuğuna yönəlmişdisə, hazırda bu proses ekoloji dayanıqlılıq prinsipləri ilə tamamlanır.

Yaşıllıq sahələrinin artırılması, meşələrin bərpası, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə və alternativ enerji mənbələrinin inkişafı Azərbaycanın "yaşıl transformasiya" strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu siyasət bir tərəfdən ətraf mühitin qorunmasına xidmət göstərir, digər tərəfdən isə iqtisadiyyatın yeni inkişaf modelinə keçidinə təminat yaradır. Dünya təcrübəsi göstərir ki, "yaşıl iqtisadiyyat" yaxın onilliklərdə qlobal rəqabətin əsas istiqamətlərindən biri olacaq. Azərbaycan da bu prosesin iştirakçısı olmaqla gələcək iqtisadi üstünlüklər üçün möhkəm zəmin yaratmaqdadır.

Prezident İlham Əliyevin müraciətində xüsusi diqqət çəkən məsələlərdən biri də su ehtiyatları ilə bağlıdır. Azərbaycan özü son illər həm quraqlıq, həm də daşqın risklərinin artması ilə üzləşir. Bu problem təkcə ölkəmiz üçün xarakterik deyil. BMT və digər beynəlxalq təşkilatların hesabatlarında da yaxın onilliklərdə su çatışmazlığının qlobal təhlükəsizlik məsələsinə çevriləcəyi vurğulanır.

Azərbaycanın yerləşdiyi regionda transsərhəd çaylardan asılılıq, iqlim dəyişikliklərinin təsiri və yağıntıların qeyri-sabitliyi su ehtiyatlarının idarə edilməsini daha da zəruriləşdirir. Dövlətimizin başçısının müraciətində qeyd olunan fakt - Xəzər dənizinin səviyyəsinin son iki yüzillikdə müşahidə olunan ən aşağı göstəricilərdən birinə yaxınlaşması vəziyyətin ciddiliyini göstərir. 

Xəzərin dayazlaşması təkcə ekoloji problem doğurmur, bunun çox ciddi iqtisadi və geosiyasi nəticələri də ola bilər. Çünki balıqçılıq, dəniz nəqliyyatı, sahil ekosistemləri və enerji infrastrukturu bu prosesdən birbaşa təsirlənir. Bu baxımdan Azərbaycanın su təhlükəsizliyinə yönəlmiş siyasəti artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməkdədir.


"Yaşıl yenidənqurma"

 

Müasir dünyada təbiətin qorunması yalnız ağaclar əkməklə, yaşıllıqlar salmaqla məhdudlaşmır, əsas məsələlərdən biri biomüxtəlifliyin saxlanılmasıdır. Azərbaycan coğrafi mövqeyi və təbii şəraiti baxımından dünyanın nadir biomüxtəliflik mərkəzlərindən biri hesab olunur. Prezidentin müraciətində də xüsusi vurğulanan Hirkan meşələri bunun ən parlaq nümunələrindəndir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Hirkan meşələri milyonlarla il əvvəl formalaşmış relikt meşə ekosistemini özündə qoruyub saxlayır. Burada dünyanın başqa yerlərində rast gəlinməyən çoxsaylı flora və fauna növləri mövcuddur. Həmin ərazilərin qorunması təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin təbii irsinin qorunması deməkdir. Məhz ona görə də xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biridir.

Azərbaycan Prezidentinin müraciətində işğaldan azad olunmuş ərazilərdəki ekoloji vəziyyət də mühüm yer tutur. Təxminən 30 il ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımız yalnız fiziki dağıntılara deyil, həm də ciddi ekoloji fəsadlara məruz qalmışdı. Meşələrin məhv edilməsi, təbii sərvətlərin talan olunması, su hövzələrinin çirkləndirilməsi və yaşayış məntəqələrinin dağıdılması regionun ekoloji tarazlığını pozmuşdu. Bu proses beynəlxalq hüquqda "ekosid" və "urbisid" anlayışları ilə xarakterizə edilir.

44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini həm də ekoloji reabilitasiya proqramı kimi həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrin əsas məqsədlərindən biri insanla təbiət arasında harmoniyanın yenidən qurulmasıdır. Hazırda bu ərazilər Azərbaycanın "yaşıl enerji" strategiyasının da əsas mərkəzlərindəndir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri, enerji səmərəliliyinə malik infrastruktur, rəqəmsal idarəetmə sistemləri və bərpaolunan enerji layihələri regionun inkişaf modelini müəyyənləşdirir. Bu ərazilər günəş, külək və hidroenerji potensialı baxımından olduqca zəngindir. Azərbaycanın məqsədi isə yeni yaşayış məntəqələri qurmaqla yanaşı, gələcəyin "yaşıl iqtisadiyyat" modelini də formalaşdırmaqdır. Bununla Qarabağ və Şərqi Zəngəzur dünyanın bir çox ölkəsi üçün postmünaqişə dövründə "yaşıl yenidənqurma" nümunəsinə çevrilə bilər.


COP29-dan başlayan yeni mərhələ


Azərbaycanın qlobal ekoloji gündəlikdəki rolunu müəyyən edən əsas hadisələrdən biri məlumdur ki, COP29-a evsahibliyi oldu. Prezident İlham Əliyevin müraciətində vurğulandığı kimi, Azərbaycan COP29 dövründə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqun qurulmasında mühüm vasitəçi rolunu oynadı. "Bakı sıçrayışı" adlandırılan nəticələr iqlim diplomatiyasının tarixində mühüm mərhələ kimi qiymətləndirilməkdədir. COP29 Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin "yaşıl transformasiya" sahəsində liderlik iddiasını da gücləndirdi.

Bu proses COP29-un başa çatması ilə yekunlaşmadı. Sonrakı dövrdə Azərbaycanın evsahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası və qəbul edilən "Bakı Fəaliyyətə Çağırış" sənədi ölkəmizin dayanıqlı şəhərsalma və iqlimədavamlı yaşayış mühiti sahəsində də qlobal təşəbbüslərə töhfə verdiyini göstərdi.

Prezident İlham Əliyevin Ümumdünya Ətraf Mühit Günü münasibətilə müraciəti isə Azərbaycanın ekoloji siyasətinin fəlsəfəsini aydın şəkildə ortaya qoyur. Bu fəlsəfənin əsasında təbiətin qorunması ilə iqtisadi inkişafın uzlaşdırılması, milli maraqlarla qlobal məsuliyyətin birləşdirilməsi dayanır.

Çağdaş dünyamızda Azərbaycan yalnız öz ətraf mühitini qoruyan dövlət kimi deyil, həm də beynəlxalq ekoloji əməkdaşlığın fəal iştirakçısı kimi çıxış edir. "Yaşıl enerji" layihələri, biomüxtəlifliyin qorunması, su təhlükəsizliyi tədbirləri, Qarabağın "yaşıl dirçəliş"i və iqlim diplomatiyasındakı təşəbbüslər ölkəmizin gələcəyə baxışını əks etdirir. Nəzərə alsaq ki, müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi göstəricilər və ya hərbi imkanlarla deyil, həm də planetin gələcəyinə verdiyi töhfə ilə ölçülür, Azərbaycanın seçdiyi bu yol məhz "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcəyə istiqamətlənib.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!