09 İyun 2026 08:05
179
SİYASƏT
A- A+
Qurtuluş missiyasının başlandığı gün

Qurtuluş missiyasının başlandığı gün


Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da  Bakıya gəlişi Azərbaycan xalqının sabaha olan inamını bərpa etdi


Tarix dəfələrlə sübut edib ki, geosiyasi kataklizmlər və daxili xaos burulğanında boğulan gənc dövlətlərin xilası uzaqgörən və milli maraqları hər şeydən uca tutan dahi bir liderin meydana çıxması ilə mümkündür. Liderlik, sadəcə, idarəetmə bacarığı deyil, kütlələrin ümidsizliyini milli özünəinamla əvəzləyən, iflas həddinə çatmış bir ölkəni yenidən ayağa qaldıran unikal siyasi düha və xilaskarlıq missiyasıdır. Azərbaycan xalqının müasir dövlətçilik salnaməsi məhz belə bir fundamental liderlik fenomeninin - Ümummilli Lider Heydər Əliyevin dühasının işığında yenidən yazılıb, məhv olmaq təhlükəsindən qurtularaq intibah və zəfər mərhələsinə qədəm qoyub.

XX əsrin sonlarında imperiya buxovlarının parçalandığı, dünyanın yenidən bölüşdürüldüyü mürəkkəb bir şəraitdə öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası hərbi və siyasi-iqtisadi böhranların içinə düşdü. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən səriştəsiz qüvvələrin siyasi naşılığı, dövlət maraqlarını daxili çəkişmələrə qurban verməsi və qlobal geosiyasi prosesləri düzgün qiymətləndirə bilməməsi Azərbaycanı daxildən vətəndaş müharibəsi, xaricdən isə Ermənistanın işğalçılıq siyasətinin dəhşətli uçurumu ilə üz-üzə qoydu. 

Mərkəzi hakimiyyəti iflic olmuş və parçalanma astanasında olan bir ölkəni bu fəlakətdən çıxarmaq insan ağlının və bacarığının sərhədlərini aşan bir missiya tələb edirdi. Böhranın pik həddində, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli və israrlı çağırışlarına səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın bütövlükdə dövlət olaraq mövcudluq mübarizəsinin dönüş nöqtəsi oldu.

9 iyun tarixi milli qurtuluş fəlsəfəsinin təməlinin qoyulduğu, xalq-lider birliyinin monolitə çevrildiyi tarixi gündür. Həmin gündən başlanan strateji gedişlər və həyata keçirilən qətiyyətli idarəçilik Azərbaycanı vətəndaş qırğınından xilas etməklə yanaşı, ölkəmizin gələcək onilliklər üçün qlobal inkişaf modelinin konturlarını cızdı. Müstəqil dövlətimizin qazandığı qlobal uğurlardan, beynəlxalq miqyasda əldə edilmiş etibarlı tərəfdaş və qüdrətli ölkə statusundan qürurla söz açarkən bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu xüsusi qeyd etməliyik. Çünki bu gün müasir, suveren və güclü Azərbaycanın beynəlxalq arenada qazandığı möhtəşəm uğurların, Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilməsinin, qlobal logistik layihələrin mərkəzi statusunu daşımasının sarsılmaz təməli Ulu Öndər Heydər Əliyevin 9 iyun qayıdışı ilə qoyulub. Tarixin silinməz məqamları müstəqil dövlətimizi böyük təhlükələrdən xilas edərək dünyada nüfuz qazanmış Azərbaycanın adını zirvələrə yüksəldib. 

Danılmaz tarixi reallıqdır ki, müstəqilliyi əldə etmək nə qədər çətin və fədakarlıq tələb edən bir prosesdirsə, onu qoruyub saxlamaq, dövlət təsisatlarını daxili və xarici təhdidlərdən sığortalamaq bir o qədər də mürəkkəb və önəmlidir. Dövlətçilik ənənələrinin formalaşması, xalqımızın milli azadlıq ideallarının real siyasi müstəviyə keçməsi, Azərbaycanın qanlı-qadalı illərdən çıxması və intibah dövrünə qədəm qoyması birbaşa Ulu Öndər Heydər Əliyevin adı və misilsiz fəaliyyəti ilə bağlıdır. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən sonra Ümummilli Liderin Moskvadakı xəyanətkar sovet rejiminin ciddi təqiblərinə və təzyiqlərinə baxmayaraq, öz həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, sovet imperiyasının rəhbərliyinə qarşı kəskin, ifşaedici və cəsarətli bəyanatla çıxış etməsi milli azadlıq hərəkatına verilən ən böyük tarixi, siyasi və mənəvi dəstək idi.

Dahi rəhbərin sonradan Azərbaycana qayıtması, doğma Naxçıvana üz tutması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi ölkəmizin hər yerində mübarizə alovunu daha da alovlandırdı. Müdrik siyasətçinin uzaqgörən taktikası xalqın buxovlanmış arzularının yolunda real bir ümid çırağı yandırdı. 

Ulu Öndər Heydər Əliyev yüksək rəhbərlik keyfiyyətləri sayəsində Naxçıvanı erməni təcavüzündən qorumaqla yanaşı, həm də dövlət müstəqilliyimizin əsas rəmzlərini ümummilli müstəviyə çıxardı. Ümummilli Liderin sədrliyi ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi iclasında muxtar respublikanın adından "sovet sosialist" sözləri birdəfəlik götürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında qəbul edilən qərarlar dövlətçilik tariximizin ən parlaq səhifəsini təşkil etdi. Naxçıvanda həyata keçirilən köklü demokratik tədbirlər və milli dövlətçiliyin bərpası istiqamətində atılan cəsarətli addımlar bütün Azərbaycana mütləq bir nümunə oldu. 

Məhz Naxçıvandan başlayan unikal ideoloji rəhbərliyin nəticəsi olaraq 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında demokratik qüvvələrin və xalqın tələbi ilə dövlətin adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı. Bunun ardınca 26 avqust 1991-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti tamamilə dayandırıldı və onun bütün strukturları birdəfəlik ləğv edildi. Azadlıq hərəkatının təzyiqləri fonunda Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. 

18 oktyabr 1991-ci ildə Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərək xalqımız əsrlər boyu can atdığı müstəqilliyinə yenidən qovuşdu. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev qeyd edirdi: "Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı. Azərbaycan xalqı tam əmin ola bilər ki, bütün Naxçıvan əhalisi milli azadlıq hərəkatı uğrunda başladığımız mübarizəni heç vaxt dayandırmayacaq və bundan sonra daha əzmlə davam etdirəcəkdir". 

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra daxili və xarici mütəşəkkil təhdidlərin, hərbi təcavüzün və dərin siyasi böhranların hədəfinə çevrilmişdi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, xaos, idarəolunmazlıq və avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə rəhbərlik etmək üçün heç bir liderlik xüsusiyyətinə malik olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, qlobal geosiyasi proseslərin mahiyyətini anlamaq və gələcəyi görmək imkanlarından tamamilə məhrum olan naşı şəxslərə görə baş vermişdi. Adi böhran vəziyyətlərindən belə çıxış yolu tapmağa qadir olmayan ozamankı səriştəsiz və bacarıqsız iqtidar əhali arasında nüfuzunu itirmiş, baş vermiş qanlı hadisələrdən düzgün nəticə çıxara bilməmişdi. Dövlət idarəçiliyindəki bu qətiyyətsizlik ucbatından ölkədə vətəndaş müharibəsinə rəvac verilmişdi. Siyasi hakimiyyətdə təmsil olunan qüvvələrin daxili çəkişmələri, dövlət strukturlarının tamamilə iflic vəziyyətinə düşməsi Ermənistanın işğalçılıq siyasətinin genişlənməsinə şərait yaratmışdı. 

Azərbaycanda siyasi böhranın pik həddi 1993-cü ilin iyun ayında yaşandı. 4 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissənin tərk-silah edilməsi məqsədilə hökumət qüvvələrinin həyata keçirdiyi əməliyyat uğursuzluğa düçar oldu. Nəticədə qan töküldü və qiyamçı hərbi qüvvələr mərkəzi hakimiyyətin tabeliyindən çıxaraq Bakıya doğru hərəkət etməyə başladılar. Ozamankı dövlət rəhbərliyi yaranmış bu dərin böhran, hərbi qiyam və vətəndaş qarşıdurması fonunda tamamilə iflic vəziyyətinə düşmüşdü. 

Ölkənin parçalanmaq, daxili müharibədə məhv olmaq təhlükəsi real idi və Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı şəkildə işğal edilməsi, Şuşa, Laçın və Kəlbəcərin itirilməsi, regional separatizmin baş qaldırması milli dövlətçiliyimizi ikinci dəfə məhv olmağın bircə addımlığına gətirmişdi.

Mürəkkəb və gərgin vəziyyət cəmiyyətin bütün təbəqələrində ölkəni bu bəlalardan xilas edə biləcək, daxili qiyamları yatıracaq, xalqı öz arxasınca aparmağa qadir güclü bir Liderə ehtiyac olduğunu şərtləndirmişdi. Ona görə cəmiyyətin bütün təbəqələrinin nəzərləri Naxçıvana yönəlmişdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin proseslərə müdaxilə etməsinin labüdlüyü həmin günlərdə bütün Azərbaycan ictimaiyyətinin siyasi istəyi idi. 

Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız bu böyük insan aradan qaldıra bilərdi. Hətta dövrün naşı rəhbərliyi də tamamilə əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi düşdüyü bu dərin geosiyasi, iqtisadi və mənəvi-psixoloji tənəzzüldən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Bu, bütün xalqın istəyi, milli harayı idi. 

Xalqın milli dövlətçiliyi qorumaq, ölkənin parçalanmasının qarşısını almaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün etdiyi təkidli, israrlı çağırışlarına səs verən Ümummilli Lider 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin gəlişi ilə Azərbaycanın siyasi-ictimai həyatında xoş ovqat, cəmiyyətdə yüksək əhvali-ruhiyyə baş qaldırmışdı. Bakı sakinləri "Heydər baba, xalqı bu bəladan qurtar!" kimi şüarlarla Ulu Öndəri qarşılamaq üçün hava limanına yollanmışdılar. 

Ulu Öndər çıxışlarının birində bu barədə deyib: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Dövlət müstəqilliyinin itirilməsi, ölkəmizin daxili regional didişmələr fonunda parçalanması, xarici güclərin təsiri altında olan hərbi qruplaşmaların dövlət təsisatlarını iflic etməsi fonunda 9 iyun tarixi milli qurtuluş salnaməsinin əsas tarixlərindən birinə çevrildi. Ulu Öndərin Naxçıvandan Bakıya gəlişi günü Azərbaycanın siyasi tarixində ümidsizliyin bitdiyi, milli özünəinamın və dövlətin bərpası prosesinin rəsmən başladığı gün oldu. 

Ulu Öndər Heydər Əliyev Bakıya gələn kimi dərhal fəaliyyətə başladı, böyük siyasi iradə və şəxsi cəsarət göstərərək vəziyyəti yerində qiymətləndirmək üçün birbaşa Gəncəyə səfər etdi. Dahi liderin nümayiş etdirdiyi yüksək dövlətçilik təfəkkürü və müdrik diplomatiya sayəsində Gəncədəki hərbi qarşıdurmanın geniş miqyas almasının və paytaxta doğru irəliləyən qüvvələrin qan tökməsinin qarşısı qətiyyətlə alındı. 

Xalqımızı nicata aparan strateji yol məhz 9 iyun qayıdışı və onun ardınca həyata keçirilən gərgin fəaliyyətlə başlandı. Bu misilsiz siyasi manevrin, xalq-lider birliyinin və daxili sabitləşmə prosesinin məntiqi davamı olaraq, 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi silinməz hərflərlə həkk olundu. 15 iyun 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı. 

Ali Sovetin həmin tarixi iclasındakı çıxışında Ümummilli Lider Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını, onun ideoloji, siyasi və iqtisadi konturlarını açıqlayaraq bildirdi ki, həyatını da, fəaliyyətini də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr edəcək: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək  öz məsuliyyətimi anlayıram və bunların  hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin  Sədri kimi Azərbaycan  xalqının tarixi nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının  ənənələri əsasında, müasir tələblərlə,  dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə  daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək". 

Ulu Öndər respublikamızda ictimai-siyasi sabitlik və sağlam mühit olmazsa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməyəcəyini qətiyyətlə ifadə etdi. Əgər Ümummilli Lider 9 iyun tarixində xalqın çağırışını qəbul edib paytaxta gəlməsəydi, siyasi idarəçiliyi öz əlinə almasaydı, müstəqil Azərbaycandan və ölkəmizdəki mövcud əmin-amanlıqdan, iqtisadi müstəqillikdən söz açmaq belə qeyri-mümkün olardı. Heydər Əliyev dühası Azərbaycan tarixində həm xilaskar, həm də modern qurucu lider statusunda yer almış unikal şəxsiyyətdir. 

Ulu Öndər daxili sabitliyi bərqərar etmək üçün qətiyyətli addımlar atdı, mərkəzi dövlət idarəçiliyindəki iflic vəziyyəti aradan qaldırdı, dövlət çevrilişinə cəhd edən separatçı və qiyamçı qüvvələrin fəaliyyətini daxili sabitlik qorunmaqla tamamilə dəf etdi. Ümummilli Lider 3 oktyabr 1993-cü ildə keçirilən şəffaf və demokratik seçkilərdə xalqımızın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 

Heydər Əliyev prezident seçildikdən sonra nəhəng dövlət quruculuğu işlərinə başladı. 20 sentyabr 1994-cü ildə Bakıda dünyanın ən nəhəng neft şirkətləri ilə imzalanan tarixi neft müqaviləsi, yəni "Əsrin müqaviləsi" ölkənin maliyyə müstəqilliyinin təmin olunmasında, sənaye profilinin yenidən qurulmasında, hərbi potensialının güclənməsində və modern milli kadr korpusunun hazırlanmasında həlledici rol oynadı, ölkəmizi beynəlxalq iqtisadi sistemin etibarlı tərəfdaşına çevirdi. 

Xarici siyasət sahəsində də Ulu Öndər Azərbaycanı regional təcriddən sürətlə xilas etdi. Həyata keçirilən balanslaşdırılmış və milli maraqlara söykənən diplomatiyanın ən parlaq nəticələrindən biri 1996-cı ilin dekabrında keçirilən ATƏT-in Lissabon sammitində qazanıldı. Heydər Əliyevin yüksək diplomatik məharəti və qətiyyəti sayəsində sammitdə iştirak edən 53 dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyan tarixi sənədi dəstəklədi. Bu, gələcək qələbələrimizin hüquqi təməllərindən biri idi.

Ulu Öndərin müstəqillik dövründə dövlət quruculuğuna verdiyi ən böyük fundamental töhfələrdən biri də cəmiyyətin vahidliyinin və həmrəyliyinin təmin olunması üçün milli ideologiyanın - azərbaycançılığın sistem halında təqdimatı oldu. Azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının ideologiyasına, milli birliyin təliminə və vahid dövlətçilik konsepsiyasına çevrildi. 

Azərbaycanın bugünkü möhtəşəm qlobal uğurlarına, beynəlxalq münasibətlər sistemindəki sarsılmaz yerinə və qazandığı tarixi qələbələrə nəzər saldıqda, bütün bu nailiyyətlərin təməlində birbaşa Ümummilli Liderin uzaqgörən strateji irsinin dayandığını aydın şəkildə görürük. 1993-cü ilin iyununda başlayan bu yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib, güclü və müasir Azərbaycanın uğur salnaməsinə çevrilib. Məhz taleyüklü zamanlarda verilmiş uzaqgörən qərarlar bu günün zəfərlərinin başlanğıcı oldu. 

Bu gün Azərbaycan qlobal miqyasda mühüm geosiyasi və geoiqtisadi proseslərin mərkəzində dayanan suveren bir gücdür. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi rola malik strateji tərəfdaşdır, irimiqyaslı qlobal infrastruktur layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Orta dəhlizin və regional kommunikasiya xətlərinin mərkəzi qovşağı məhz Azərbaycandır. Bakı şəhəri beynəlxalq miqyaslı siyasi, iqtisadi və humanitar forumların keçirildiyi mötəbər bir məkana, qlobal dialoq platformasına çevrilib. Bütün bu möhtəşəm uğurların əsası məhz 1993-cü ilin 9 iyununda başlanan xilaskarlıq missiyası, daxili siyasi sabitlik, güclü dövlətçilik fəlsəfəsi və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uzaqgörən daxili və xarici siyasət strategiyası üzərində ucalıb. 

Ümummilli Lider Heydər Əliyevin siyasi və strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq keyfiyyətcə yeni zirvələr fəth edir. 2003-cü ildən bu günədək keçən dövr aydın şəkildə göstərdi ki, Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində xalqa verdiyi vədlərin hamısını yerinə yetirdi, dövlət proqramlarını və genişmiqyaslı kompleks islahatları uğurla icra etdi. Həyata keçirilən çoxtərəfli, balanslaşdırılmış, milli maraqlara və beynəlxalq hüquqi prinsiplərə əsaslanan diplomatiya sayəsində Cənubi Qafqaz regionunda reallaşan bütün qlobal layihələrdə Bakının mövqeyi mütləq nəzərə alınır. 

Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə unudulmaz dərs verdi və öz adını qalib dövlət kimi bəşəriyyət tarixinə qızıl hərflərlə yazdı. Prezident İlham Əliyev bu möhtəşəm Zəfərlə ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu, torpaqlarımızın işğaldan azad edilməsini tam şəkildə gerçəkləşdirdi. Bu qələbənin qazanılmasında əsas yükü Ulu Öndər Heydər Əliyevin ideoloji xətti ilə yetişən, müstəqillik dövründə böyüyən, milli ruhda tərbiyə almış vətənpərvər gənc nəsil öz çiyinlərində daşıdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərqərar oldu, Xankəndidə, Xocalıda şanlı bayrağımız ucaldıldı. 

Bununla da 9 iyun qurtuluş fəlsəfəsinin dövlətçilik xətti özünün ən zirvə, ən mükəmməl nöqtəsinə çatdı. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin adı və rəhbərlik fəlsəfəsi doğma vətənimizlə birlikdə əbədiyyət rəmzinə çevrilib. Ulu Öndərin irəli sürdüyü fundamental ideyalar xalqımızın gələcək inkişaf üfüqlərinə və dövlətçilik strategiyamıza daim parlaq işıq saçmaqdadır. Ümummilli Liderin müəyyənləşdirdiyi uzaqgörən siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi, həmçinin bu strateji kursun yeni dövrün qlobal çağırışlarına uyğun olaraq daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. 

Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda müşahidə olunan hərtərəfli tərəqqi, icra edilən qlobal əhəmiyyətli transmilli və daxili infrastruktur layihələri, habelə ölkə həyatının sürətlə modernləşməsi Ulu Öndərin əsasını qoyduğu dövlətçilik məktəbinin və möhkəm təməllərin birbaşa məntiqi nəticəsidir.

Azərbaycanın qlobal arenada müasir, innovativ və qalib bir ölkə kimi yenidən təqdim olunmasına imkan yaradan bu köklü və müsbət dəyişikliklər dahi rəhbər Heydər Əliyevin cızdığı xilaskarlıq və tərəqqi yolunun uğurlu davamıdır. Bu möhtəşəm tarixi yüksəliş və qazanılan hər bir qlobal uğur Ümummilli Lider tərəfindən müəyyən edilmiş milli inkişaf strategiyasının heç bir alternativinin olmadığını, onun zamanı qabaqlayan universal xarakter daşıdığını tam dolğunluğu və fəlsəfi dərinliyi ilə bir daha təsdiq etməkdədir.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!