Prezident İlham Əliyevin Ankaraya işgüzar səfəri, keçirilən görüşlər ölkələrimizin əlaqələrinə yeni dinamizm gətirəcək
Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan-Türkiyə əlaqələri son illərdə yeni mərhələyə qədəm qoyub. Bunu şərtləndirən amillər hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, müxtəlif zirvə toplantıları çərçivəsində təmasları, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələrdir.
Bu gün Azərbaycan və Türkiyə iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqelərindən daha səmərəli şəkildə istifadə edirlər. Hazırda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də dünyada hər iki dövlətin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
İki qardaş ölkə arasında siyasi, sosial-iqtisadi, hərbi, mədəniyyət və təhsil sahələrində əlaqələr inkişaf etməkdədir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi humanitar proqramları iki xalq arasında daha da yaxınlaşmağa səbəb olub.
Xüsusən də prezidentlər - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı sarsılmaz qardaşlıq münasibətləri əlaqələrin yeni inkişaf mərhələsinə yüksəlməsini təmin edib. Bu, əsl dostluq münasibətləri son illərdə dünyada nümunə kimi göstərilir.
Bu münasibəti, sarsılmaz dostluğu dəyərləndirərkən İlham Əliyev deyib ki, Azərbaycan-Türkiyə qardaşlığı bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir.
Bu il fevralın 13-də isə Prezident İlham Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən ölkələrimiz arasında münasibətlərin yeni inkişaf tempini dəyərləndirib: "Bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur".
İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib.
Fevralın 27-də qardaşı Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik məktubu ünvanlayan İlham Əliyev bir daha həmkarına uğurlar arzulamışdır: "Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir. Bu xüsusda Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim".
Prezident İlham Əliyev vurğulamışdır ki, bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir: "Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir".
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.
Dünən Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri, keçirilən görüşlər və baş tutan tədbirlər bir daha təsdiq etdi ki, Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir. Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan qardaş Türkiyə Respublikası ilə çoxşaxəli münasibətlərini inkişaf etdirməkdədir. Əminliklə deyə bilərik ki, dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan mühüm sazişlər hər iki ölkəyə böyük siyasi və iqtisadi dividendlər gətirəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"