Bəzən insanlar əlbəyaxa döyüşdə özlərindən qat-qat güclülərə qalib gəlirlər!
Bəzən bir nəfər üzərinə gələn bir neçəsinin cavabını verərək onları şil-küt edir.
İnsanlar düşmənlərini gücləri ilə bərabər, həm də xüsusi hazırlıqları, döyüş təcrübələri və möhkəm iradələri sayəsində məğlubiyyətə uğradırlar.
Söylədiklərimizə təkcə bədii filmlərdə, idman arenalarında deyil, real həyatda da rast gəlmək mümkündür.
Müharibədə də belədir!
Bəzən kiçik bir dövlət böyük güclərin qarşısında duruş gətirir, hərbi gücü ilə bərabər, ağıllı siyasəti sayəsində istədiyinə nail olur.
Təbii, müharibədə yeni silah-sursatlardan istifadə mühüm şərtdir.
Lakin onunla bərabər digər şərtlər də az əhəmiyyət daşımır.
MƏSƏLƏN:
* Həmin silahlardan məharətlə istifadə bacarığından;
* Sistemli təlimlər keçməklə hərbi vərdişlərə yiyələnməkdən;
* Düzgün taktika və strategiya tətbiq olunmasından;
* Ali Baş Komandan və digər komandirlər tərəfindən uğurlu əməliyyat planları hazırlanması və döyüşlərin düzgün idarə edilməsindən;
* Şəxsi heyətin fiziki hazırlığı və dözümlülüyündən;
* Əsgər və zabitlərin mənəvi keyfiyyətlərindən, döyüş iradəsindən, düşmənə kin və qəzəbindən də çox şey asılıdır;
Ən nəhayət, hərbi əməliyyatlara başlamaq üçün əlverişli məqam seçilməsindən, müharibədən sonrakı dövrdə siyasət və diplomatik addımları uzaqgörənliklə müəyyənləşdirərək vaxtında zəruri addımlar atılmasından.
Bütün bu işləri əlbir və əlaqəli şəkildə görəndə, nəyi nə vaxt və necə etməyi bacaranda əsl möcüzə yaranır!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin baş sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu ilk möcüzəni 44 günlük Zəfər müharibəsində nümayiş etdirdi.
Faktiki olaraq bu, müstəqil dövlət kimi Azərbaycanın yeni yaratdığı ordusu ilə ilk müharibəsi idi.
Bütün bunlara baxmayaraq, hərbi mütəxəssislər keçirilən hərbi əməliyyatları, habelə tətbiq olunan taktika və strategiyanı çox yüksək dəyərləndirdilər!
Beləliklə, Azərbaycan Ordusu hansı hərbi uğurlara nail olmuşdur:
* Azərbaycan tətbiq etdiyi yeniliklərlə XXI əsrin müharibələr tarixində yeni səhifə açmış oldu!
* Müstəqillik tarixinin ilk müharibəsini aparan Azərbaycanın yenilikləri və təcrübəsi əsasında hətta dünyanın hərbi cəhətdən ən güclü dövlətləri belə bizdən öyrənməklə öz ordularında islahatlar apararaq zəruri dəyişikliklər etdilər.
* Azərbaycan elə hərbi manevrlər etdi ki, otuz il ərzində yaxın dostlarının köməyi və yerli relyefin yaratdığı imkanlardan istifadə edərək altı-on qat müdafiə mövqeləri quran düşmən Ağdam, Laçın və Kəlbəcər kimi strateji mövqeli əraziləri bir güllə belə atmadan dinməz-söyləməz geri qaytardı.
* Əsgər və zabitlərimiz keçilməz yollardan və cığırlardan keçərək, sıldırımlı yalçın qayalara dırmaşaraq dron, aviasiya, top və zirehli texnikanın istifadə edilmədiyi bir şəraitdə, demək olar ki, yalın əllə, yalnız əsgər süngülərinin və lapatkalarının köməyi ilə Şuşa kimi qala şəhəri düşməndən aldılar.
* Azərbaycan layiqli müharibə apardı, mülki obyektlərə və mülki əhaliyə heç bir ziyan vurulmadı, tələfat yaşadılmadı.
* Azərbaycan Ordusu hücuma keçən tərəf olsa da, ordumuzun yüksək peşəkarlığı, qəhrəmanlığı sayəsində hücum edən tərəf müdafiə olunandan üçqat az itki verərək, əslində, müharibə qanunlarını "pozmuş" oldu!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun 44 gündə göstərdiyi şücaət və qəhrəmanlıqlar əsl möcüzəyə bənzəyir!
Həm də Azərbaycan bu müharibədə təkcə Ermənistana qarşı və yalnız bir cəbhədə döyüşmürdü!
***
Bəs 44 günlük Zəfər müharibəsində Azərbaycan əslində kimlərə qalib gəlib?!
İşğalçı düşmən olan Ermənistan üzdə görünəndir.
İlana ağu verən kərtənkələnin sayı isə xeyli çoxdur...
Onlar müharibədən əvvəl də, müharibə davam edən dövrdə də, hətta müharibədən sonra da Ermənistana ən müxtəlif formada dəstək verməkdədirlər.
Rusiya iki dəfə Ermənistana dəyəri 1 milyard dollardan çox olan silah bağışlayıb.
Hərbi əməliyyatlar davam edən dövrdə dayanmadan Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silah-sursat daşındı, Rusiya sülhməramlıları Ermənistanın mövqeyində dayandı, Laçın dəhlizi ilə silah-sursat, canlı qüvvə gətirilməsinə göz yumdu, bugünədək də zamin olduğu üçtərəfli Bəyanatın bütün bəndlərinin yerinə yetirilməsini təmin etmir.
"Din qardaşı"mız İran hava səmasını Ermənistana silah daşıyan təyyarələrə açdı, dəfələrlə bizimlə təhdid dilində danışdı, bu gün də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, özünün "qırmızı xətti" elan edir.
Başda Makron olmaqla, Fransa bizə qarşı açıq-aşkar düşmən mövqeyində dayanıb, müharibə və sonrakı dövrdə dəfələrlə Azərbaycana qarşı qətnamə qəbul etdirmək üçün BMT Təhlükəsizlik Şurasında gündəliyə məsələ salmağa can atıb, bu gün isə təkcə özü deyil, Hindistan və Yunanıstan vasitəsilə də Ermənistanın hücum silahları ilə təmin olunması üçün əlindən gələni əsirgəmir, hayları revanşizmə hazırlayır.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ dövləti, parlamenti və bir çox siyasətçiləri erməni diasporundan asılı vəziyyətə düşdüklərindən daim Ermənistanın ədalətsiz mövqeyini müdafiə ediblər.
Nəinki münaqişənin həllinə kömək üçün hər hansı bir addım atmayıblar, əksinə, Ermənistana maddi və mənəvi dayaq durublar, müxtəlif mənbələrdən Ermənistana, hətta keçmiş "dqr"ə sistemli şəkildə maliyyə yardımları veriblər.
Son dövrlər hayları revanşizmə hazırlayanlardan biri də məhz ABŞ-dir.
Ermənistan ordusu ilə birgə təlimlər keçirilir, hərbi mütəxəssisləri Ermənistanın müdafiə nazirliyində çalışır, sülh danışıqlarında iştirak edəndə isə tərəf tuturdular.
Hətta Bayden administrasiyası gethagetdə imkan tapıb Ermənistanla strateji əməkdaşlıq barədə xartiya imzaladı.
Üstəlik, 907-ci düzəlişi də yenidən qüvvəyə mindirdilər.
Bundan belə necə olacaqdır, onu gələcəkdə biləcəyik.
Avropa İttifaqı da Ermənistanın müdafiəsi istiqamətində yaxa cıranlardandır.
Avropa İttifaqı təkcə özünün "sülh fondu"ndan (ada bax e!) Ermənistana silahlanması üçün vəsait ayırmayıb, həm də "müşahidə missiyası" adı altında bir qrup keçmiş polis və jandarmların əllərinə durbin verərək Azərbaycanla Ermənistan arasındakı təmas xəttinə casusluğa göndərilib.
Bütün bunlar azmış kimi, hələ bir sülh danışıqlarında vasitəçilik üçün dəridən-qabıqdan çıxırdılar.
Prezident İlham Əliyev yerlərini göstərdi!
Torpağımızı almışıq, "dəmir yumruğ"u da yenidən hazır vəziyyətə gətirmişik!
***
Qarabağdakı möhtəşəm və möcüzəvi hərbi əməliyyatların dəyərini və sanbalını daha da artıran məqamlardan biri də hər üç cəbhədə qalib gəlməyimizdir.
Diplomatiya sahəsində təkbaşına çarpışan Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın bütün "bacı" və "qardaş"larının xahiş, minnət və bəzən təhdidlərinə məhəl qoymayaraq ölkəmizin milli maraqlarını hər şeydən uca tutdu!
Qoyduğu şərt - Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılma qrafiki təqdim edilməyənədək hərbi əməliyyatları dayandırmadı!
Yalnız bundan sonra üçtərəfli Bəyanat - kapitulyasiya aktı imzalandı.
USAID-in maliyyələşdirdiyi, dünya erməniliyinin satın aldığı dünya KİV-i hərbi əməliyyatlar dövründə daim ölkəmizə qarşı informasiya müharibəsi apardılar!
Əsl gerçəklikləri təhrif etdilər, feyk xəbərlər uydurub yaydılar, erməni vəhşiliklərini azərbaycanlıların adına yazdılar, hayların müharibə qanunlarını pozmalarını, qadağan olunmuş kassetli, fosforlu bombalardan mülki əhaliyə qarşı istifadə etdikləri barədə susdular.
Müharibə davam edən dövrdə və sonrakı müddətdə cənab İlham Əliyev dünya KİV-inə, informasiya agentliklərinə və telekanallara otuzdan çox müsahibə verdi.
Bir neçəsi istisna olmaqla, müsahibə alan jurnalistlər Azərbaycanı şərləmək, feyk xəbərləri təsdiqləmək, öz torpaqlarını işğalçılardan azad edən xalqı qara boyalarla təsvir etmək məqsədilə gəlmişdilər.
İlham Əliyev hər bir jurnalistin suallarını səbirlə, təmkinlə və sonadək cavablandırdı.
Azərbaycana qara yaxmağa gələnlərin öz tribunalarından istifadə edərək təkzibolunmaz faktlar əsasında özlərini ifşa etdi.
Cavabsız sual, ifşa olunmamış yalan qoymadı.
Beləliklə, informasiya müharibəsinin də əsl qəhrəmanına çevrildi.
***
Zəfər müharibəsini möcüzə adlandırmağa əsas yaradan səbəblər aşağıdakılardır:
* Təkbaşına bir neçə dövlətə və quruma qarşı vuruşmaq;
* 44 gün ərzində 30 illik işğala son qoymaq;
* Ən güclü müdafiə xətti olan əraziləri döyüşsüz azad etmək;
* Nümunəvi müharibə aparmaqla XXI əsrin müharibələr tarixində yeni səhifə açmaq;
* Daim hücumda olaraq minimum itki vermək;
* Üç cəbhənin üçündə də qalib gəlmək.
Bu, Baş Sərkərdəmizin müdrikliyi, uzaqgörənliyi, hərbi əməliyyatlara hərtərəfli və məsuliyyətlə yanaşması, bir sözlə, nəyi necə və nə vaxt etmək məharəti sayəsində mümkün oldu!
Bu, Azərbaycan xalqının milli birliyi, kütləvi qəhrəmanlığı, əsgər və zabitlərimizin yüksək peşəkarlığı və möhkəm iradəsi sayəsində mümkün oldu!
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu döyüş ruhunu, bu qələbə əzmini, xalqın fədakarlığını müharibə bitən kimi bərpa və quruculuq meydanına yönəltdi, Böyük qayıdış proqramı qəbul edərək keçmiş məcburi köçkünlərin doğma el-obalarına daha tez qaytarılması üçün yeni möcüzələr yaradılmasına rəvac verdi!
***
İkili standartlar bu məqamda da özünü aşkar şəkildə büruzə verdi.
Heç bir beynəlxalq qurum və təşkilat ermənilər tərəfindən xarabazara çevrilən ərazilərin bərpasına yaxın gəlmədi!
Halbuki dünyada daim belə praktika mövcud olub...
Azərbaycan isə heç kimi gözləmədən və kimsədən minnət götürmədən Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə başladı.
Möhtəşəm quruculuğa maneə törədən ən böyük əngəl isə ərazilərin erməni vandalları tərəfindən geniş həcmdə minalanması və dəqiq mina xəritələrinin bizə təqdim edilməməsidir.
İndiyədək 400-ə qədər vətəndaşımız "ölüm tələləri"ndən əlil və həlak olsalar da, bərpa prosesi dayanmadan davam edir!
Azərbaycan özünün ikinci möcüzəsini yaratmaqdadır!
Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilərək təyyarələrin qəbuluna başladı!
Mürəkkəb və çətin relyefi olan ərazilərdə aerodromlar yaratmaq o qədər də asan iş deyil!
Artıq Zəngilan Hava Limanı da hazırdır.
Laçın aeroportu da tezliklə istifadəyə veriləcəkdir.
Xocalı aeroportunda isə yenidənqurma və genişləndirmə işləri gedir.
Prezident İlham Əliyevin birbaşa nəzarəti və rəhbərliyi ilə azad edilən ərazilərdə hər şey yenidən qurulur, hər şey yenidən yaradılır.
Prezidentimizin mühüm bir tapşırığı da var:
Dünyanın harasında şəhərsalma sahəsində yaxşı nə varsa, ondan Qarabağda və Şərqi Zəngəzurda da olmalıdır!
Burada gələcəyin smart tipli yaşayış məntəqələri, ən gözəl və rahat kəndlər, qəsəbələr, şəhərlər salınır.
Olanları və olacaqları təsvir etsək, bir neçə qəzet nömrəsinə sığmaz!
Çox yığcam şəkildə yenidənqurmanın başlıca parametrlərini qeyd edirik.
İlk növbədə, ən vacib infrastrukturlar qurulur:
* Yeni hava limanları açılır.
* Yollar, körpülər, tunellər, viaduklar tikilib-qurulur.
* Su-elektrik stansiyaları inşa olunur, yeni elektrik xətləri çəkilir, yarımstansiyalar istismara verilir.
* Kəhrizlər qazılır, içməli su xətləri və kanalizasiya sistemi qurulur.
* Aqrar sektorun inkişafına təkan vermək və əkinləri suvarmaq üçün süni göllər və su anbarları yaradılır, kanallar çəkilir.
* Yeni meşələr, meyvə bağları, istirahət guşələri və parklar salınır.
* Mədəni, tarixi və dini abidələr bərpa edilir, yeni məktəblər, muzeylər, uşaq bağçaları, ictimai binalar tikilir.
* İşğaldan azad olunmuş ərazilər həm də "yaşıl enerji" istehsalı məkanına çevriləcəkdir. Odur ki, bu istiqamətdə də ciddi addımlar atılır.
* Yeni sənaye məhəllələri, parkları yaradılır, çoxsaylı iş yeri açılır.
* Təhsil ocaqları istifadəyə verilir, universitetlərin və peşə texniki məktəblərin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Ən əsası, "dəmir yumruq" yenidən əvvəlki qüdrətinə yüksəldilərək yeni Qarabağın köhnə sakinlərini etibarlı şəkildə qoruyur!
***
Adətən, möcüzələr təkcə gözlə görünmür...
Həm də görülən işlərdə və statistik rəqəmlərdə də əksini tapır.
Qarabağda və Şərqi Zəngəzurda quruculuq işləri o qədər sürətlə gedir ki, statistik rəqəmlər belə qısa müddətdə "köhnəlir".
Möhtəşəm bərpa işlərini özündə yığcam şəkildə əks etdirən bəzi rəqəmləri diqqətə çəkirik:
*2021-2024-cü illərdə Qarabağın və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 19 milyard manatdan çox vəsait ayrılıb.
Bu il isə həmin vəsait 4 milyard manat təşkil edir.
* 2022-2024-cü illərdə Şuşa, Füzuli, Laçın, Xocalı və Cəbrayıl şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış, Xocalının Ballıca kəndlərində məskunlaşma təmin edilib, 11 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurduna qaytarılıb.
* 2025-ci ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı planlaşdırılır.
* Hazırda Qarabağ və Şərqi Zəngəzurda yaşayan və işləyən vətəndaşların sayı otuz min nəfərdən artıqdır.
Yol-nəqliyyat:
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı", həmçinin dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun bərpası məqsədilə indiyədək ümumi uzunluğu 3382,6 km təşkil edən 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi həyata keçirilib.
* 44 layihədən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun inşası başa çatdırılıb.
Onlar aşağıdakılardır:
* Tərtər-Suqovuşan-Talış avtomobil yolu - 28,5 km;
* Zəfər yolu - 101 km;
* Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu - 22 km;
* Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu - 22 km;
* Bərdə-Ağdam avtomobil yolu - 44,5 km;
* Füzuli-Hadrut avtomobil yolu - 12,3 km;
* Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi - 61,4 km.
"Yaşıl enerji" istehsalı sahəsində:
* Qarabağ və Şərqi Zəngəzurda 4 il ərzində 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara buraxılıb.
* 2025-ci ildə isə daha 11 su-elektrik stansiyasının açılışı planlaşdırılır.
* Növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su-elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.
Dövlət başçısı cənab İlham Əliyev təkcə ötən il işğaldan azad edilən ərazilərə 24 səfər edib, 34 obyektin açılışını aparıb.
***
Möcüzəni təkcə uca Tanrı yaratmır!
Onun dayaq durduğu insanlar da möcüzəvi işlər görə bilirlər!
Müzəffər Ali Baş Komandan İlham Əliyev Tanrının köməyi sayəsində 44 gün ərzində heç kəsin gözləmədiyi, ağlına belə gətirmədiyi möcüzəvi Zəfər müharibəsi apardı!
Birləşmiş qüvvələrə qarşı möhtəşəm hərbi əməliyyatlar keçirərək bir-birinin ardınca torpaqları murdar ləpirlilərdən təmizlədi, ərazi bütövlüyümüzü, dövlət suverenliyini və konstitusiya əsaslarını təmin etdi!
Bu gün isə Azərbaycanın öz imkanları hesabına sürətli bərpa və quruculuq işləri görür, yurd həsrətli insanları doğma el-obaya qovuşdurur!
Azərbaycan xalqı dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hələ bundan sonra da çoxsaylı möcüzə yaradacaq, qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən şərəflə gələcəkdir!
Bəxtiyar SADIQOV