30 il əvvəl xalqımız Azərbaycan Respublikası Konstitusiyasının timsalında dünyanın ən demokratik, tarixi reallıqlara uyğun, insana dəyəri bütün prinsiplərin mərkəzində saxlayan konstitusiyalarından birini qəbul etmişdir. Əsas Qanunumuz müstəqilliyimizin ilk illərindəki tarixi proseslərə uyğun şəkildə yüksək həssaslıqla hazırlandığından və zaman-zaman təkmilləşdirildiyindən özünün müasirliyi, hüquqi əsaslılığı, ən mühümü isə sosialyönümlülük prinsipləri ilə seçilir.
Prezident İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" haqqında sərəncamında deyilir: "Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır".
Müasir inkişaf standartlarına uyğun sivil cəmiyyət, demokratik dövlət quruculuğu müvafiq hüquqi baza tələb edir. Bu hüquqi bazanın əsasını isə Konstitusiya təşkil edir. Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra diqqət yetirdiyi ən mühüm məsələlərdən biri müstəqil dövlətin Konstitusiyasını yaratmaq idi. Qarşıda duran vəzifə son dərəcə məsuliyyətli olduğu üçün Əsas Qanun layihəsini hazırlamaq məqsədilə yaradılmış Dövlət Komissiyasına rəhbərliyi Heydər Əliyev öz üzərinə götürmüşdür.
Konstitusiya təcrübəsi tarixindən
Azərbaycan Respublikasında dövlətçiliyin inkişaf mərhələlərinə uyğun olaraq müxtəlif tarixi dövrlərdə bir çox konstitusiya qəbul edilmişdir. Azərbaycanın 1921-ci, 1925-ci, 1937-ci, 1978-ci il konstitusiyalarında hakim partiyanın ideoloji xətti açıq duyulur, oxşar ideyanın varisliyi saxlanılırdı. Onlarda totalitar sistemə məxsus olan xüsusiyyətlər öz əksini daha çox tapırdı.
İlk üç - 1921-ci, 1925-ci, 1937-ci il konstitusiyalarında hakimiyyətin təşkili prinsipləri dəyişməz qalırdı. Keçid dövründə hakimiyyətin proletariata məxsusluğu təsbit edilir və bu, proletariat diktaturası kimi icra olunurdu. Sovetlər isə yerli özünü-idarə, həm də dövlət hakimiyyəti orqanı sayılırdı. Təbii ki, proletar diktaturası ideyası ona görə nəzəriyyə şəklinə salınmışdı ki, birpartiyalı totalitar sistem ört-basdır edilsin. Bolşevik dövlətinin mövcudluğu dövründə, əslində, bir hakimiyyət forması var idi, bu da bütün ölkədə mərkəziyyət prinsipi ilə qurulmuş yeganə partiyanın hakimiyyəti idi.
1978-ci il Konstitusiyasında isə əsas müddəalardan birincisi dövlətin ümumxalq dövlətinə çevrilməsi idi. Bu da, əslində, gözdən pərdə asmaq üçün irəli sürülmüş bir tezis idi. Çünki əməldə dövlət idarəçiliyi əvvəlki kimi partiya funksionerlərinin əlində idi. Bir sözlə, sovet dövründə qəbul edilən konstitusiyaların hamısı ideoloji xarakter daşıyırdı. Bu sənədlər dövlət hakimiyyətinin hüquqi prinsiplərini müəyyən etmək əvəzinə Sov.İKP-nin hakimiyyətinin müxtəlif nəzəriyyələrlə izah edilməsi ilə seçilirdi.
1978-ci il Konstitusiyasında bizim üçün bir cəhət - Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olması haqqında müddəanın təsbit olunması xüsusi vurğulanmalıdır. Həmin müddəa o zaman uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü nəticəsində Konstitusiyaya salınmışdı. Bunun dövlət quruculuğu, yeni nəslin vətənpərvərlik tərbiyəsi, ana dilinin geniş şəkildə işlədilməsi baxımından böyük əhəmiyyəti var idi. Hələ 1977-ci ildə yeni sovet Konstitusiyası qəbul edilərkən Ulu Öndər Azərbaycanın yazılacaq növbəti Əsas Qanununun xalqımızın milli xüsusiyyətlərini və maraqlarını dolğun əks etdirməsi üçün tədbirlər barədə düşünürdü. Lakin o zaman Moskvada böyük narazılıqlar yarandı. Bəhanə o idi ki, başqa respublikaların konstitusiyalarında və layihələrində belə müddəa yoxdur. O zaman Heydər Əliyev Moskvadakı partiya funksionerləri ilə ciddi danışıqlara başladı və belə bir fikri əsaslandırdı ki, Azərbaycanın Konstitusiyasında bu maddə hökmən olmalıdır. Əks təqdirdə respublikada narazılıqlar başlaya bilər.
Azərbaycanın 1978-ci il Konstitusiya layihəsi Moskvada bir neçə dəfə müzakirə edildi, müxtəlif və ziddiyyətli fikirlər söylənildi. Bütün bunlara baxmayaraq, müdrik rəhbərimizin iradəsi ilə layihədəki maddə 1978-ci ilin aprelində qəbul edilən Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapdı. Bu, böyük qələbə, xalqın mənəvi sərvəti olan ana dilinin qorunması tarixində xüsusi əhəmiyyətə malik idi.
1978-ci il Konstitusiyası 1995-ci ilə qədər qüvvədə oldu və keçid dövrü ərzində ona çoxsaylı dəyişikliklər edilsə də, sənəd həyatdakı gerçəklikləri, müstəqilliklə bağlı yaranan ciddi problemləri, bir sözlə, dövlətin yeni xarakterini əks etdirmirdi.
Dövlətin əsas vəzifəsi cəmiyyətdəki sosial, iqtisadi, siyasi münasibətlərin qanunlara ciddi əməl etmək əsasında tənzimlənməsi, tənəzzülün qarşısını almaq, tərəqqini təmin etməkdir. Keçmiş respublika rəhbərlərinin dövründə sözdə millətin tərəqqisindən, müstəqil dövlətin möhkəmləndirilməsindən, xalqın xoşbəxt sabahından, iqtisadiyyatımızın inkişafından danışırdılar, əməldə isə dövlət dağılır, zəifləyir, cəbhədə vəziyyət pisləşirdi. Prosesin əsl konstitusion səbəblərini anlamayan müxalifət rejimin ağır böhranını mifik düşmən axtarışında görürdü.
1993-cü ilin iyun böhranı, Gəncədə qardaş qanının tökülməsi və faciəli hadisələrin baş verməsi yenicə formalaşan Milli Ordunun da parçalanmasına, mövcud hərbi qanunların əksinə olaraq totalitar qrupların görünməsinə səbəb oldu. Öz dar düşüncələri daxilində dövləti möhkəmləndirmək iddiasında və arzusunda olan həmin dövrün üzdəniraq siyasətçiləri özləri də anlamadan qanunları inkar edərək hakimiyyəti dağıdırdılar. Azərbaycanı xilas etmək, vətəndaş müharibəsini dayandırmaq, müstəqilliyi qorumaq üçün möhkəm iradə, cəsarət və zəngin quruculuq təcrübəsi lazım idi. Vəziyyətin son dərəcə ağırlığını görən Azərbaycanın tanınmış ziyalıları böhran başlayan kimi Naxçıvana gedib Ümummilli Lider Heydər Əliyevi təkidlə Bakıya dəvət etməyə çağırdılar. Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişi böyük bir hərəkata çevrilmişdi. Və nəhayət, xalqın təkidli tələbləri ilə böyük dövlət xadimi Azərbaycanın xilası naminə buna razılıq verdi.
Qısa vaxtda vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, cəbhədə atəşkəş elan olundu. Siyasi sabitlik yaranan kimi dövlətimizin başçısı yeni milli Konstitusiyanın qəbul edilməsini qarşıya məqsəd qoydu. Bu, tarixi məsuliyyət və şərəfli bir iş idi.
1995-ci il noyabrın 12-də xalq, cəmiyyətin bütün təbəqələri yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq səsverməsini böyük bayram kimi keçirdi. Hamı sənədin əhəmiyyətini anlayır, dövlətçilik tariximizdə yeni və şanlı səhifənin açıldığını dərk edirdi. Bu Konstitusiya dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqli nəticəsi idi. Hələ 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən özünün demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına sadiqliyini bəyan etmişdi. Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın müstəqil, azad dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini bəxş etmək əzmini və iradəsini nümayiş etdirdi.
Dünyanın ən mükəmməl əsas qanunlarından biri
Konstitusiyanın əsas fəsli insan hüquqlarına həsr edilmişdir. Bu hüquq və azadlıqlar hamılıqla qəbul olunmuş və sənədlərdə təsbit edilmiş beynəlxalq standartlara cavab verir, bir sıra hallarda isə geniş şəkildə öz ifadəsini tapır. Sovetlər Birliyi zamanında insan hüquqları ciddi formada məhdudlaşdırılmışdı. 1995-ci il Konstitusiyasında isə hüquq problemlərinin bünövrəsi kimi insanların, fərdlərin hüquqları əsas götürüldü. Onun mükəmməlliyini, ilk növbədə insan hüquqlarının əhatəliliyini göstərdi. Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları çox geniş şəkildə təsbit edilib, sosial, iqtisadi və siyasi hüquqlara bərabər dərəcədə yer ayrılıb.
Əsas Qanunumuz sosial dövlət prinsipinə əsaslanır. Ona görə də Azərbaycan Konstitusiyası vətəndaşların rifahına yönəlib və onların sosial təminat hüquqlarını açıq şəkildə tanıyır. Demokratik idarəçilik modeli də burada mükəmməl şəkildə öz ifadəsini tapıb. Dövlət idarəçiliyinin demokratik prinsiplərə əsaslanması, vətəndaşların seçki hüquqlarının qorunması sənəddə ön planda saxlanılır.
Konstitusiyanın ikinci fəslinin 12-ci maddəsində dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının qorunması, onlara riayət edilməsi və həyata keçirilməsindən ibarət olduğu vurğulanır. Hər bir insanın ləyaqətinin toxunulmaz sayıldığı və dövlətin bu ləyaqətin qorunmasına cavabdehliyi qeyd edilir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Üçüncü fəslin 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi əksini tapıb. Kişi ilə qadının eyni hüquqlarının və azadlıqlarının olduğu göstərilib. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Faktiki olaraq Əsas Qanunda müəyyən edilmiş bütün hüquq və azadlıqlar bu və ya digər formada həm Konstitusiya, həm də başqa qanun və qanunvericilik aktları ilə təmin olunur. Konstitusiya hüquqlarının təminatı isə sistemli və kompleks xarakter daşıyır.
İnsan hüquqları bəşəriyyətin inkişafının ən fundamental dəyərlərindən biridir. Demokratiya, inkişaf və insan hüquq və azadlıqlarının təmin edilməsi bir-biri ilə bağlı olan, bir-birini tamamlayan amillərdir.
1995-ci il Konstitusiyası Azərbaycan vətəndaşının təqsirsizlik prizumpsiyasını bəyan edir. Bu o deməkdir ki, heç kəs günahı məhkəmə tərəfindən sübuta yetirilmədən təqsirkar sayıla bilməz. Konstitusiyada verilən mühüm hüquqlardan biri də insanların müdafiə olunmaq hüququdur. Sovet ədliyyə sistemində bu, çox məhdud şəkildə tətbiq olunurdu. Amma bugünkü Konstitusiyamız hər kəsin barəsində cinayət işi qaldırıldığı andan müdafiəçinin köməyindən istifadə hüququnu təsdiqləyir.
Sovet hüquq sisteminin ən aşağılayıcı prinsiplərindən biri də yaxın qohumlardan bir-birinin əleyhinə ifadə alınıb dəlil kimi istifadə edilməsi idi. Lakin demokratik Konstitusiyamızda özünə, uşaqlarına, həyat yoldaşına, valideynlərinə, qardaş və bacılarına qarşı insanların ifadə verməyə məcbur edilməsi yolverilməz elan olunur.
Əsas Qanunumuzda vahid şəkildə təsbit olunmuş hüquqlar sırasında xüsusi mülkiyyət və azad sahibkarlıq ayrıca yer tutur. Mülkiyyət toxunulmazlığı prinsipi cəmiyyətin normal fəaliyyətini tənzimləyən ən köklü qaydalardan biridir.
Konstitusiyanın təsbit edildiyi plüralizm və siyasi fəaliyyət azadlıqları birbaşa demokratik respublikanın ideya prinsiplərinin davamı, digər tərəfdən isə bu sahədə dünya standartlarına nail olmaq deməkdir. Bu hüquqlar insanlara imkan verir ki, yaşadığı cəmiyyətdə, onun inkişafında öz yerini müəyyən etsin.
Azərbaycan Respublikası Konstitusiyasının üstün cəhətlərindən biri də fəaliyyətdə çeviklik imkanı yaratmasıdır. Zamanın axarı hər an dəyişir və özü ilə birgə insanların baxışlarını, gözləntilərini, strukturları, texnologiyaları da dəyişir. Ona görə dövlətlərin strateji inkişaf yolunda hər hansı maneələrin yaranmaması üçün Əsas Qanunun tarixin dəyişən reallıqlarına, dövrün çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi zəruridir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası inkişafa əngəl törətməyən, əksinə, tərəqqiyə təkan verən mütərəqqi bir ali sənəddir. Referendumlar vasitəsilə Konstitusiyanın dövrün tələblərinə uyğun yenilənməsi mümkündür.
Dövrün çağırışlarına uyğun formalaşan Əsas Qanun
Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edildikdən sonra üç dəfə - 2002-ci, 2009-cu və 2016-cı illərdə ümumxalq səsvermələr, referendumlarla ana qanunumuza müvafiq əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsasən insan hüquqlarının qorunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və hüquq sisteminin modernləşdirilməsi məqsədilə aparılmışdır.
2002-ci il referendumunda Konstitusiyaya edilən dəyişikliklər nəticəsində insan hüquqlarının qorunması daha da gücləndirilmiş, vətəndaşların seçki hüquqları ilə bağlı bəzi düzəlişlər edilmiş və hüquq sisteminin çevikliyi artırılmışdır. 2009-cu il referendumunda isə ölkə Prezidentinin seçilmə müddəti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, insan hüquqlarının daha geniş təmin olunması istiqamətində dəyişikliklər edilmişdir. 2016-cı il referendumunda yeni idarəetmə institutları yaradılmış və dövlət hakimiyyətinin daha səmərəli idarə olunması üçün islahatlar həyata keçirilmişdir. İdarəetmə sistemində vitse-prezidentlik institutunun yaradılması bunun tarixi örnəklərindəndir. 9 il əvvəl Əsas Qanunumuzda edilən ən mühüm dəyişikliklərdən biri də insan hüquqları ilə bağlı müddəaların daha da gücləndirilməsi, bu sahədə əlavə təminatların verilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasında şəxsi hüquq və azadlıqlar, siyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar, əmək hüququ, təhsil alma hüququ, sosial təminat hüququ, din və vicdan azadlığı ilə bağlı məsələlərə də geniş yer verilmiş, bütün bunlarla bağlı müddəalar aydın və əsaslandırılmış şəkildə təsbit edilmişdir.
Sosial hüquqların təminatçısı
Beynəlxalq sənədlərə uyğun tərtib olunaraq, onların tələblərinə tam cavab verən Azərbaycan Respublikası Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasını həyata keçirən əsas normativ aktlardandır. Bu hüquqların təmin olunması demokratik dövlət prinsiplərinə uyğun olaraq reallaşdırılır və vətəndaşların rifahını qorumaq üçün çərçivə yaradır. Digər ölkələrin konstitusiyaları ilə müqayisədə Azərbaycan Konstitusiyası sosial və iqtisadi hüquqlar sahəsində daha geniş tənzimləmələrə malikdir.
Əsas Qanunda məsələn, bir çox Avropa ölkəsi ilə müqayisədə Azərbaycan Konstitusiyası pulsuz təhsil və sosial təminat hüququnu açıq şəkildə vurğulayır. Xüsusi qeyd olunur ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət olunur. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir, eyni zamanda dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu, bəzi Qərb ölkələrində daha məhdud şəkildə təmin olunmaqdadır.
Arzuladığımız ali niyyət
Azərbaycan Respublikası Konstitusiyasının 30 illik tarixdə böyük uğur qazanmasını şərtləndirən ən mühüm amil onun müəyyən etdiyi çərçivələrdə ölkəmizin qanunvericilik bazasının yenilənməsi, Konstitusiyada irəli sürülmüş bütün müddəaların effektiv icra mexanizmlərinin formalaşdırılmasından irəli gəlir. Əsas Qanunumuz dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu ildönümünün bu gün ərazi bütövlüyü, suverenliyi təmin olunmuş dövlətimizdə qeyd edilməsi ən böyük tarixi nailiyyətdir.
2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması xalqımızın həyatında yeni və xoş başlanğıcların müjdəsidir. Bu gün Azərbaycan Respublikası özünün milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Xalqımızın milli iradəsi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, vətəndaşlarımızın bu inkişaf siyasətinə dəstəyi sayəsində Azərbaycan daha böyük hədəflərə çatacaq, tərəqqinin yeni mərhələlərinə yüksələcək.
İradə ƏLİYEVA,
"Azərbaycan"