Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın ardıcıl şəkildə atdığı siyasi-hərbi-diplomatik addımlar hazırda bölgəni münaqişələrdən tamamilə uzaq və əməkdaşlıq üçün mühüm strateji əraziyə çevirib. Dünyadakı müxtəlif qütblərin bir-biriləri ilə intriqalar və çəkişmələr içərisində yaşadığı bir dövrdə ölkəmizin Şərqlə Qərbin, Şimalla Cənubun mərkəzi, mühüm nəqliyyat habı, enerji qovşağı rolunda çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və yerini aydın şəkildə gözlər önünə sərir.
Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında ötən iki onillik boyu qətiyyətlə və səbirlə addım-addım bu gün qərarlaşdığı və dünyanın hər yerindən görünən mövqeyinə yüksəlib və hərtərəfli inkişaf mərhələsi keçən, sosial, iqtisadi, hərbi tərəqqi yaşayan Azərbaycanın uğur konsepsiyasının əsaslarını hər zaman sülh və əməkdaşlıq təşkil edib.
Yollar sülhə aparır
Tolerant, multikultural dəyərlərin daşıyıcısı olan ölkəmiz ərazilərinin 20 faizi işğal altında olanda belə həmişə münaqişənin dialoq yolu ilə həll olunmasına çalışırdı. Baxmayaraq ki, ilk illərdə informasiya savaşında hələ zəif idik, dünya erməniçiliyinə qarşı az qala təkbaşına mübarizə aparırdıq, ikili standartlarla tez-tez üzləşirdik. Lakin Azərbaycan heç vaxt milli mübarizəsindən və haqlı mövqeyindən geri dönmək barədə fikirləşmir, gec-tez ədalətin qalib gələcəyini bilirdi. Dövlətimizin elə bu istiqamətdə həyata keçirdiyi israrlı və qətiyyətli siyasət sonda milli maraqlarımızın təmininə və birbaşa bölgədə normallaşmaya yol açdı.
Son beş ildə Azərbaycanın normallaşma istiqamətində atdığı addımlar, bu prosesə verdiyi əməli töhfələr hazırda bölgədə müşahidə olunan faktiki sülhün səbəbidir. Bu yöndə əldə olunan uğurlar isə təkcə Cənubi Qafqazın inkişafı ilə məhdudlaşmaqla qalmır, daha geniş coğrafiyaya hərtərəfli əlaqələr üçün mühüm şərait yaradır. Bakının sülh səyləri həm bölgənin sabitliyinə mühüm töhfə verir, həm də burada investisiya imkanlarının, əməkdaşlığın artmasına geniş imkanlar açır.
Dekabrın 8-də Bratislavada Prezident İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin rəhbəri söylədi ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib: "Biz eyni zamanda bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir".
Cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar. Həmçinin Ağ Ev rəhbərinin iştirakı ilə sülh sazişinin mətni paraflanıb, vacib razılaşmalar əldə edilib.
Həmin tarixdə Vaşinqton Sammitində əldə olunan mühüm razılaşmalardan biri də Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üçün Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi ilə bağlıdır. Orta dəhlizin mühüm halqasına çevriləcək TRIPP beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verəcək.
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev dəhliz barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin (TRIPP) tikintisi başa çatmaq üzrədir. Eyni zamanda qeyd etdi ki, ilkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin (TRIPP) bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Etimad quruculuğu
Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün proseslər sadəcə siyasi müstəvidə inkişaf etdirilmir. Ölkələr və cəmiyyətlər arasında etimad quruculuğu istiqamətində də müəyyən irəliyə doğru addımlar atılır.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri kənar vasitəçilər olmadan görüşlər keçirirlər ki, bu uzun illər boyu münaqişə, müharibə şəraitində yaşamış tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün vacib əhəmiyyətə malikdir.
Mühüm məsələlərdən biri də Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlıdır. İlk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bununla işğal siyasəti nəticəsində özünü regional izolyasiyaya salan Ermənistanın bu vəziyyətdən qurtulması üçün tarixi fürsət yaranıb. Yəni Azərbaycanın gördüyü fundamental işlər sülhün bərqərar edilməsinə və regional əməkdaşlığa mühüm töhfələr verməs ilə diqqət çəkir.
Lakin bu mərhələdə Ermənistanın normallaşmaya zidd addımları da diqqətdən yayınmır. Belə ki, bu il dekabrın 2-də Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə postmünaqişə dövrünün reallıqları təhrif edilib və burada sülh gündəliyinə zidd olan məsələlər öz əksini tapıb. Sənədin həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi işlədilib. Bununla yanaşı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər "əsir" statusunda qeyd edilib.
Azərbaycanı hədəf alan məsələlərin yer aldığı bu sənədin sülh gündəliyinə zərbə olmaqla yanaşı, Azərbaycan-Aİ münasibətlərinə də mənfi təsir edəcəyi şübhəsizdir.
Bu mənada rəsmi İrəvanın iki ölkənin tarixində həlledici sülh mərhələsinin irəlilədiyi bir məqamda belə bir addım atması suallar doğurur. Həmçinin Aİ missiyasının Ermənistan üzərindən bölgədə varlığını davam etdirməsi də Cənubi Qafqazda real təhlükə mənbəyidir.
O da bir ayrı gerçəklikdir ki, 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi də Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasının mövcud olmasıdır.
Onsuz da milli maraqlarını tam təmin edən və dünya nizamında möhkəm mövqelərə sahib olan Azərbaycanın bu uğurlu inkişaf konsepsiyasının onun gələcək nailiyyətlərinin də açarı olacağı şübhəsizdir.
Bu mənada İrəvan bölgənin taleyinin müsbətə doğru həll olunduğu hazırkı həssas məqamda siyasi iradə nümayiş etdirərək həyata keçirdiyi fəaliyyətlərin məsuliyyətini dərk etməli və hadisələrə adekvat davranmalıdır. Çünki bölgədə sülh və kommunikasiyaların açılması Ermənistanın özünə hava və su kimi lazımdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"