Azərbaycan əsgərinin Cənubi Qafqazın ən hazırlıqlı hərbçisinə çevrilməsinin iftixarını yaşayırıq
Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər isə Silahlı Qüvvələrin gücünə güc qatır. Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından dünyada nümunəvi dövlət kimi qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən Silahlı Qüvvələr kimi düşmənlərə gözdağı verir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.
Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü bir daha dünyaya nümayiş etdirdi. Müharibədən keçən 4 ildən artıq müddətdə aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, müasir texnika ilə ordumuzun təchiz olunması nəticəsində isə daha da böyük hərbi potensial formalaşdı.
Vətən müharibəsindən sonra ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə daim xüsusi diqqət ayrılır. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ müasir texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair keçirilən kollegiya iclasında da bu barədə geniş məlumat verilib.
Nazir qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.
Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla icra edilib. 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib.
Azərbaycan Ordusunda qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikalarının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla təmin edildiyi bildirilib.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq və odun ehtiyatının normalara uyğun yaradılması, şəxsi heyətin isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat üzrə ötən il ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib.
Nazir Zakir Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin, eləcə də ötən ildə qazandığı nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın və birgə təlimlərin regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verdiyini qeyd edib.
2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.
Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində yaradılan bütün növ ehtiyatların daim diqqət mərkəzində saxlanılması, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələlərinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Prezident Ilham Əliyevin sərəncamına əsasən, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar müdafiə naziri tədbirlərin həyata keçirilməsi, cari ildə bölmələrin döyüş hazırlığına və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi, eləcə də cari il ərzində qarşıya qoyulmuş vəzifələrin icrasının yüksək səviyyədə təmin olunması ilə bağlı tələblərini kollegiya iştirakçılarına çatdırıb.
Kollegiya iclasının sonunda müdafiə naziri Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını doğruldacağını əminliklə vurğulayıb.
Bir sözlə, Prezident İlham Əliyevin həyata keçiridiyi islahatlar onu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Prezidentin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahl Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha da güclüdür. Bu hərbi güc Qafqazın ən güclü Zəfər Ordusudur!
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"