18 Dekabr 2025 08:45
199
Mədəniyyət
A- A+
Bir ömrə sığmayan həyat

Bir ömrə sığmayan həyat


XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli dönəmində yaşamış elə şəxsiyyətlər var ki, onların mənalı ömrü bütövlükdə xalqımızın tərəqqisi, elmi-mədəni yüksəlişi ilə bağlı olmuşdur. Həyatını bütünlüklə xalqına xidmətdə keçirən, xeyirxah əməlləri ilə nəsillərə örnək olan belə ziyalılardan biri də akademik Şəfaət Fərhad oğlu Mehdiyevdir. O, dövrünün gərgin tarixi epoxalarında yaşamış böyük alim idi, rəftar və düşüncəsi insanpərvərliklə əhatə olunmuşdu, bütün ruhu və təbiəti etibarilə əsl ziyalı idi.

Şəfaət Mehdiyev 1910-cu ildə Güney Azərbaycanının Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. Dörd yaşında ikən atasını itirmiş, ağır güzəran içərisində yaşayan anası uşaqları böyük çətinliklərlə boya-boşa çatdırmışdır. Oğlunu elmli, savadlı görmək istəyən ana elə bu məqsədlə kiçik ailəsi ilə birlikdə sənaye şəhəri kimi getdikcə şöhrətlənən Bakıya üz tutmuşdur. Ailə Sabunçuda kiçik bir otaq kirayə etmiş, anası buradakı neft mədənində işə düzəlmişdi.

Fəhlə təşkilatı o zaman Şəfaətin birinci dərəcəli fəhlə məktəbinə daxil olmasına zəmanət vermişdir. Bilikli, bacarıqlı, yazı qabiliyyətinə sahib olan gənc əvvəlcə dördüncü sinfə qəbul edilmiş, sonrakı illərdə isə o, hər ildə iki sinfin imtahanını verib bu nümunəvi məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirmişdi. Şəfaət, əslində, orta təhsil verən həmin məktəbi qurtardıqdan sonra neft mədənində işə düzəlib işləmək, ev almağa anasına kömək etmək istəyirdi. Elə bu məqsədlə rayon ərazisindəki "Gənc mədənçi" müəssisəsinə gəlir. Əvvəlcə onu işə götürürlər, sonra isə qabaqcıl fəhlə kimi müəssisənin hesabından gəncə ikiotaqlı mənzil verirlər. Artıq ailə kirayənişinliyin daşını atır, Şəfaətin əlindəsə birinci dərəcəli məktəbin əla qiymətli şəhadətnaməsi vardı. Bu, həmin dövrdə o demək idi ki, gənc istədiyi instituta üz tutub imtahansız daxil ola bilərdi. 

O, 1930-cu ildə Lassal adına Bakı Dağ-Mədən Texnikumunu bitirəndə artıq əvvəlki Şəfaət deyildi. Gənc geoloqun qəlbində yeni arzular baş qaldırmışdı. Azərbaycanın yeraltı sərvətlərinin sehri onu öz ağuşuna almışdı. Bu aləmə daxil olmaq, yeraltı dünyanın bütün sərvətlərinin sirrini aşkarlamaq bacarıqlı mütəxəssisin ən böyük istəyinə çevrilmişdi. Ona elə gəlirdi ki, yerin altında insanları xoşbəxt edə biləcək böyük sərvətlər var ki, onları Şəfaət tapıb üzə çıxarsa, insanlar kasıblığın, yoxsulluğun daşını atar, hamı xoşbəxt yaşayar. Bu arzu çox çəkmədən gənc geoloqun idealına çevrildi. Ancaq hələ qabaqda illər vardı... 


Çətin yol: ilk addımlar


Şəfaət Mehdiyev 1930-cu ilin yazında təhsilini başa vurub müəssisənin nəzarətçi-geoloqu kimi Sabunçu neft mədəninə gəldi. Bir ay idi yeni vəzifədə çalışırdı. Sübh tezdən bütün sahəni gəzər, bir-bir buruqları yoxlayıb onların "ürək döyüntüsünə" qulaq asardı. 108-ci buruğun yanından keçəndə birdən təlaşla ayaq saxladı. Yerin altından dəhşətli gurultu gəlirdi. "Fontan əlamətidir" - deyə gənc mütəxəssis öz həyatını təhlükədə qoyub buruğa tərəf irəlilədi. Ustanı səslədi. Növbə başsız idi. Sovet dövrünün sərt qanunları vardı. Bu işə görə bütün briqadaya ən ağır cəza verilə bilərdi. Risk edib elektrik sayğacına yaxınlaşdı. Düyməni basıb baltanı dayandırdı. Həyəcan siqnalını işə saldı. Hiss olunurdu ki, təhlükə lap yaxınlıqda idi. Neft fontan vurub böyük fəlakət yaradacaqdı. Bir neçə dəqiqədən sonra təhlükəsizlik xidməti hadisə yerinə gəldi. Mədən müdiri çaşqın halda "Tez olun, tez olun, kömək edin" - deyə haray çəkirdi. Qəzanı zərərsizləşdirmək yolunu yenə Şəfaət göstərdi. Hasilat borusuna əlavə altı xətt pərçimləndi, neftin sayğacdan ötürülmə həcmi tənzimləndi və fontan nefti ümumi xəttə qoşuldu. Üç gündən sonra gənc geoloq "Azərneft" birliyinin kollegiyasına çağırıldı. Ona fəxri fərman və böyük məbləğdə pül mükafatı verildi. Və təhsilini davam etdirmək üçün M.Əzizbəyov adına Neft İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinə göndərildi. Bu, Şəfaət Mehdiyevin ən böyük arzularından idi. 

O, harada işləyirdi, oxuyurdusa, özünün elmi-ictimai fəaliyyəti ilə daim diqqət mərkəzində olurdu. İkinci kursda təhsil alanda o, eyni zamanda institut komsomol komitəsi katibinin müavini və "Neft uğrunda" çoxtirajlı qəzetin redaktoru idi. 

Rus, ingilis dillərini təmiz öyrənməyə, onlar vasitəsilə dünya elminə çıxmağa çalışırdı. Tələbəlik illərində o, eyni zamanda natiqlik və tərcüməçilik fəaliyyətinə yiyələnmişdir. Bir sıra dərslikləri dilimizə çevirib nəşr etdirirdi. Bu sahədə Şəfaət Mehdiyevin ən böyük uğuru professor R.R.Şuşinskinin "Kristolloqrafiya kursu" adlı məşhur dərsliyin tərcüməsi ilə bağlı oldu. Bu dərsliyin tərcüməsini institutun elmi şurası yüksək dəyərləndirdi. 1932-1936-cı illər ərzində o, komsomol işində çalışdı, redaktorluq fəaliyyəti ilə məşğul oldu. Amma elmə həvəsi, geoloji-axtarış işlərinə əzəli marağı və istəkləri onu bir an rahat buraxmırdı. Bu sahənin ən mühüm tədqiqatları ilə hər gün məşğul olur, Azərbaycanın yeraltı sərvətlərinin aşkarlanmasının aktual problemləri ətrafında öz araşdırmalarını davam etdirirdi. 

Şəfaət Mehdiyev ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir, yaxınlaşmaqda olan 37-nin vahiməsini aydın duyurdu. Elə bu səbəbdən də ideoloji sahədən - komsomol və mətbuat işindən uzaqlaşmaq, öz ixtisası üzrə işləmək arzusunda olduğunu israrla rəhbərliyə bildirirdi. 1936-cı ilin əvvəllərində o, öz istəyinə nail oldu. Pirsaat neft mədənlərinə öz ixtisası üzrə geoloq vəzifəsinə təyin edildi. 1937-1938-ci illərdə Neftçalada geoloji-kəşfiyyat işlərində çalışdı. Elə burada özünün təşkilatçılıq bacarığı ilə yenidən diqqəti cəlb etdi. 


Təzadlı illər, məsuliyyətli dövr


1938-ci ildə Şəfaət Mehdiyevi Azərbaycan Neft Elmi-Tədqiqatları İnstitutuna baş geoloq, direktor müavini vəzifəsinə irəli çəkdilər. O, yenidən yeraltı dünyanın sərvətlərinin sehrinə düşdü. İllər üzünə güldü, uğurlar onu getdikcə şöhrətləndirdi. O, məsul vəzifələri icra edərkən elmi-tədqiqat işləri ilə də ciddi şəkildə məşğul olmağı qərara aldı. Bu məqsədilə İ.M.Qubkin adına Geologiya İnstitutunda aspiranturaya daxil oldu. Elmi-tədqiqat işlərini sistemləşdirdiyi ilk illərdə - 1939-cu ildə SSRİ Geologiya Mərkəzi tərəfindən Azərbaycan Geologiya Fonduna və Azərbaycan Geologiya Birliyinin Abşeron Geoseysmik partiyasına rəis təyin edildi. 1940-cı ildə özünün ən böyük nailiyyətlərini qazandı. Onun tərtib etdiyi "Abşeron yarımadasının geoloji xəritəsi"ni mütəxəssis qrupu yüksək dəyərləndirdi. Ancaq muharibə böyük işləri yarımçıq qoydu. Şəfaət Mehdiyev könüllü olaraq cəbhəyə getdi. 1944-cü ilin martında onu təcili olaraq arxa cəbhəyə çağırdılar. Ən qısa müddətdə Şəfaət Mehdiyev xüsusi tapşırıqla "Abşeron neft yataqlarının geotermikasını" işləyib hazırladı. Burada eyni zamanda yataqların perspektivlərinin praktiki şəkildə mövcudluğunu və zəngin ehtiyatlara məxsusluğunun proqramını verdi. Bunu Dövlət Müdafiə Komitəsinə və "Azərneft" rəhbərliyinə təqdim etdi. Müharibənin sona yetdiyi ərəfədə isə o, həmin mövzunu qapalı namizədlik dissertasiyası kimi müdafiə etdi. Elmi Şura və SSRİ Elmlər Akademiyası tərəfindən yüksək qiymətləndirlən işin dərhal istehsalata tətbiqinə icazə verildi. Abşeron neft yataqlarının öyrənilməsində, Xəzər də daxil olmaqla yeni mərhələ başladı. Bu, Şəfaət Mehdiyevin vətənə çox böyük xidməti idi. Həmin layihə Bakı-Tbilisi-Ceyhanın reallaşmasına bir zaman imkanlar verə biləcək tədqiqatların başlanğıcı idi.


Axtarışlar, uğurlu nailiyyətlər


Kəşfiyyatçı-geoloqun sonrakı axtarışları Lənkəran-Talış regionunda neft-qaz yataqlarının öyrənilməsi, onların ehtiyat həcmi, buradakı neftin tərkibi, işlənmə imkanları ilə bağlı idi. Bu sahədə əldə etdiyi nailiyyətlər onun 1950-ci ildə müdafiə etdiyi doktorluq tədqiqatının əsasını təşkil etdi. Bu elmi kəşfiyyat işlərinin yekunu son dərəcə əhəmiyyətli olub, əslində, Azərbaycanın Xəzər və Xəzərətrafı regionlardakı neft yataqlarını üzə çıxarmaq sahəsindəki yeni uğuru idi.

Şəfaət Mehdiyev bu illərdə ara vermədən işləyən, Azərbaycanın neft səltənətinin güman edilməyən yataqlarını aşkarlayan, onlar barədə yeni mülahizələr irəli sürən tədqiqatçı geoloq kimi daha çox tanınırdı. Görkəmli alimin respublikanın müxtəlif rayonlarında çoxlu dostları vardı. Akademiki tanıyanlar deyirlər ki, o, insanlarla ünsiyyət saxlamağı, dostluq etməyi bacarırdı. Ötən əsrin 50-ci illərinin əvvəllərində bir yay günü, şənbə axşamı Şəfaət Mehdiyev Qubada dostunun evində qonaq olarkən Qonaqkənd yaylasını görmək üçün dağlar qoynuna səfər edir. Gözəl təbiətli Təngədağa çatanda bir neçə dəqiqəlik maşından düşüb təbiəti seyr etmək istəyir. Az sonra yeraltı səsləri dinləyən geoloq dostlarını qucaqlayıb fərəhlə səslənir:

- Sizin dağların altında neft yataqları var...

Çox keçmədən onun Təngə altında qazılan kəşfiyyat quyusu hələ istismara verilməmiş neft yataqlarının zəngin sərvəti barədə ehtimalları təsdiqləndi. Alimin Xəzər hövzəsinin Quba-Xaçmaz zonasındakı neft yataqları ilə bağlı yeni dəyərli tədqiqatı həmin hadisələrdən sonra meydana çıxdı.

Şəfaət Mehdiyev ötən əsrin 50-60-cı illərində təkcə kəşfiyyat işləri ilə deyil, eyni zamanda analoqu olmayan Azərbaycan neftinin tərkibi, neft yataqlarının yaranması, onların istismara verilmə imkanları barədə geniş araşdırmalar apardı. O, ötən əsrin 50-ci illərindən başlayaraq, bir-birinin ardınca "Azərbaycan neft xəzinəsidir", "Xəzərin neft ehtiyatları", "Göy göl", "Neft layının su ilə basılmasına qarşı mübarizə", "Neft və qaz yataqlarının geotexniki tədqiqi", "Neftin genezisi, neft-qaz laylarının formalaşması" və onlarla başqa dəyərli tədqiqat əsərlərini yazır. Bu əsərlər onu təkcə Azərbaycanda deyil, bütün dünyada şöhrətləndirir.

Şəfaət Mehdiyev əldə etdiyi böyük elmi nailiyyətlərinə görə 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1958-ci ildə akademiyanın həqiqi üzvü seçilir. 1954-cü ildə onun üzərinə daha ağır yük qoyulur. Bir vaxtlar aspirant, laboratoriya müdiri kimi ayaq basdığı Azərbaycan EA-nın Geologiya İnstitutuna direktor təyin edilir. O zaman Şəfaət müəllimin 44 yaşı var idi. Ş.Mehdiyevin böyük alim, xeyirxah insan, vərtənpərvər ziyalı obrazı onu məhz bu instituta rəhbərlik etdiyi qısa bir müddətdə - cəmi 4 ildə sübuta yetirildi. 

1958-ci ildə akademik Şəfaət Mehdiyevin həyatında daha bir xoş hadisə baş verir. O, 20 ilə yaxın müddətdə çalışdığı Azərbaycan Dövlət Universitetinə rektor vəzifəsinə təyin edilir. Həmin vəzifədə çalışdığı müddətdə o, qarşısına iki mühüm vəzifə qoymuşdu - Azərbaycan elminin inkişafı üçün çalışmaq və yüksəkixtisaslı kadrlar yetişdirmək. İllərin təcrübəsi göstərdi ki, o, qarşısına qoyduğu hər iki məqsədi layiqincə həyata keçirə bildi. 

Böyük alim öz fəaliyyəti dövründə yeraltı sərvətlərimizin üzə çıxarılması, Azərbaycan neftinin dünyada şöhrətlənməsi üçün əlindən gələni etdi. Yüksək intellektə, yazıçılıq qabiliyyətinə və natiqlik mədəniyyətinə malik olan akademik Şəfaət Mehdiyev milli mədəniyyətimizin, tariximizin gözəl bilicisi idi. O, eyni zamanda şair və nasir idi. Onun "Oxu gözəl", "Ötən ötdü", "Könlümü alsaydın" kimi onlarla gözəl şeirləri, "Su pərisi", "Göy adamı", "Keçi əhvalatı" kimi hekayələri ilə yanaşı, çoxlu gözəl miniatürləri, "Mirzə Fətəli", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi gözəl hekayələri var. 

Akademik Şəfaət Mehdiyevin Azərbaycan neftini şöhrətləndirən tədqiqatları, həzin nəğmələrə çevrilib könülləri oxşayan şeirləri heç vaxt yaddan çıxmayacaq. Onun şərəfli ömrünün unudulmayan səhifələri daim nəsillərə örnək olacaqdır.


İradə ƏLİYEVA.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

Elektron siqaret infarkt riskini artıra bilər  

15:11
18 Dekabr

Oman Sultanlığı Azərbaycanla kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq istəyir  

15:09
18 Dekabr

Yağış yağanda…- FOTOREPORTAJ  

14:56
18 Dekabr

Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb  

14:41
18 Dekabr

Azərbaycanın sədrliyi ilə AQEM-in Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasları keçirilib  

14:37
18 Dekabr

Zilanlıda tikinti işlərinin 80 faizi başa çatıb - kənd yenidən qurulur

14:31
18 Dekabr

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib 

14:25
18 Dekabr

Donald Tramp: Mən nizamsızlığa varis oldum və onu düzəldirəm  

14:18
18 Dekabr

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb  

14:01
18 Dekabr

Fransada fermerlərin narazılığı artır  

13:58
18 Dekabr

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib  

13:56
18 Dekabr

Azərbaycan və ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:43
18 Dekabr

Humanizmə əsaslanan dövlət siyasəti və amnistiya ənənələri

13:28
18 Dekabr

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:05
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!