17 Dekabr 2025 09:10
149
Mədəniyyət
A- A+
Sənətkar ömrü

Sənətkar ömrü


Musiqi sevgisi uşaqlıq illərindən könlünə yol tapıb. Ruhunu pərvazlandıran nəğmələri qəlbi ilə dinləyib. Onların nə zaman yaddaşına köçdüyündən xəbəri belə olmayıb. Sonra asta-asta həmin mahnıları zümzümə etməyə başlayıb. Elə doğmaları, yaxınları Süleyman Zeynalovun məlahətli, bənzərsiz səsinin olduğunu da belə biliblər...

Müsahibimiz yetmiş üç illik ömrünün əlli ilini musiqi sənətinə həsr etmiş müğənni, Əməkdar artist Süleyman Zeynalovdur. O, sənədlərdə qeyd olunduğu kimi, 1953-cü ildə deyil, 1952-cü ildə iyulun 20-də Bakıda dünyaya gəlib. Valideynləri pedaqoq olub. Atası da, anası da riyaziyyat müəllimi idi. Anası Yasamal rayonunda 161 saylı orta məktəbdə direktor müavini, atası isə Məhəmmədəli kəndində məktəb direktoru işləyib. Atasını xatırlamır. O,  səkkiz aylıq olanda atası cavan yaşında dünyasını dəyişib. Anası isə səksən səkkiz il ömür sürüb.

Süleyman Zeynalov musiqini çox sevən bir ailədə böyüdüyünü deyir: "Atam əslən novxanılı idi. Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadə atamın bibisi oğlu olub. O da, dayım Hüseynağa İbrahimov da Böyük Vətən müharibəsində həlak olublar. Mehdi Hüseynzadənin rəssamlıq bacarığı olub. Atamın bibisi nəvəsi Aqşin Əlizadə tanınmış bəstəkar, Xalq artisti idi. Yəni bizim nəsildə incəsənətə hər zaman yüksək maraq, sonsuz sevgi olub. Valideynlərim riyaziyyatçı olsalar da, musiqinin, incəsənətin vurğunu idilər. Bacılarım pianoda çalırdılar".


Ürəkdən gələn səs


O, ailənin sonbeşik övladıdır. Dörd uşaq - iki bacı, iki qardaş olublar. Kədərlə deyir: "İndi ikimiz - böyük bacım və mən qalmışam. Qardaşımla bacım dünyadan köçüblər".

Orta təhsilini Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına 161 saylı  məktəbdə alıb. Məktəb yoldaşları, müəllimləri onun gözəl səsi olduğunu biliblər. Süleyman Zeynalov orta məktəbdə oxuyanda dərnəklərə gedib. Həmsöhbətimiz o illərdən söz açır: "Kiçik yaşlarından başlayaraq musiqi mənim yol yoldaşım, qəlb sirdaşım oldu. Orta məktəbdə oxuyanda tez-tez Əbilov adına kluba gedirdim. Üçüncü sinifdən on birinci sinfədək görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun rəhbərlik etdiyi Azərbaycan Televiziyasının "Bənövşə" uşaq xorunun solisti olmuşam. 17-18 yaşlarında idim. Bir gün dayanacaqda avtobus gözləyə-gözləyə öz-özümə zümzümə edirdim. Orada dayanan xanımlardan biri əlini çiynimə qoyub adımı soruşdu. Sonra vizit kartını mənə uzadıb, orada yazılan ünvana gəlməyimi söylədi. Vizit kartında Asəf Zeynallı adına Musiqi Məktəbinin adı yazılmışdı. Səhəri gün məktəbə yollandım. Həmin xanımı axtardım. Bir otağı nişan verdilər. İçəri girəndə onu royal arxasında oturan gördüm. Adı Pərixanım, soyadı Behbudova idi. Onun vokal müəllimi olduğunu da o gün öyrəndim. Pərixanım müəllim məni dinlədi. Bu təsadüf, demək olar ki, həyatımı dəyişdi. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim və qəbul olundum".

O zaman istedadlı gəncdən köməyini əsirgəməyən Pərixanım Behbudovaya rast gəlməsini Süleyman Zeynalov bu gün həyatının ən xoş xatirələrindən biri kimi yada salır. Asəf Zeynallı adına Musiqi Məktəbində vokal müəllimi də Pərixanım Behbudova olub.  Ondan musuqi sənətinin incəliklərini öyrənib.

Süleyman Zeynalov deyir: "Asəf Zeynallı adına Musiqi Məktəbinin Vokal şöbəsini bitirdim. İki il hərbi xidmətdə oldum. Sonra təhsilimi Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) davam etdirdim".

Süleyman Zeynalov 1974-cü ildə Heydər Əliyev adına Sarayda Mədəniyyət Nazirliyi tərəfindən keçirilən "İstedadları axtarırıq" müsabiqəsinin qalibi olub və Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.

O, 1974-cü ildə professional səhnəyə qədəm qoyub. Sənət yolu ilk addımlarından uğurlarla zəngin olub. 1977-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının xor kapellasının solisti olub. Müğənni daha sonra Azərbaycan Dövlət Konsert Birliyinin solisti kimi fəaliyyət göstərib. O, dövrün məşhur sənətkarları ilə uzun müddət bir yerdə çalışıb, eyni səhnəyə çıxıb. Süleyman Zeynalov deyir: "1978-ci ildən başlayaraq, iyirmi iki il Azərbaycan Dövlət Qastrol Konsert Birliyinin solisti olmuşam. Böyük sənətkarla işləmişəm. Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov, Əbülfəz Əliyev, Elmira Rəhimova, Natəvan Şeyxova, İslam Rzayev, Arif Babayev, Tükəzban İsmayılova, Mirzə Babayev və daha neçə-necə böyük sənətkarla səhnəyə çıxmışam. Görkəmli sənətkarlardan həmişə öz sənətim barədə xoş sözlər eşitmişəm, onların xeyir-dualarını almışam. 1990-cı ildə "Bakı" qəzetində mənim haqqımda "Ürəkdən gələn səs" adlı böyük məqalə dərc olundu. Həmin məqalədə  mənim sənətim haqqında Xalq artisti Tofiq Quliyev belə yazmışdı: "Şövkət Ələkbərova, Gülağa Məmmədov sənəti heç vaxt ölməyəcək və əbədi yaşayacaq, çünki bu sənətin gənc və istedadlı Süleyman Zeynalov kimi davamçıları var". Bu, mənim ifaçılıq sənətimə verilən böyük qiymət idi".

Süleyman Zeynalov "Təranə" gənclik ansamblının da solisti olub. O, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi, dövrünün çox sevilən, məşhur olan "Dan ulduzu" instrumental ansamblının solisti olub.


Əlli il sənətə sədaqətlə...


Müğənni görkəmli sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblının və Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Ansamblının solisti olduğu vaxtları da minnətdarlıq hissləri ilə xatırlayır: "Azərbaycan Dövlət Televiziyasının kollektivi olan bu ansambllarla dövlət tədbirlərində iştirak etmişəm. Mən dövlət televiziyasının yetirməsiyəm. Mənim ifamda 50-dən çox mahnı televiziyanın "Qızıl fond"unda saxlanıır. İki dram tamaşasında - Mirzə İbrahimovun "Kəndçi qızı" əsərinin tamaşasında Xalq artisti Sevda İbrahimovanın, İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşasında Oqtay Kazıminin bəstəsi olan mahnılar mənim ifamda səslənib. Xalq artisti Şəfiqə Axundovanın "Gəlin qayası" operasında balaca çoban, rejissor Ceyhun Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filmində Şarl Aznavur rolunu oynamışam".

Süleyman Zeynalov deyir ki, müğənnilik heç vaxt onun üçün təkcə sevdiyi sənət olmayıb, həm də vətənə xidməti olub.

Birinci Qarabağ müharibəsi illərində o da bir sənətkar kimi könüllü olaraq döyüşlərdə iştirak edən yurddaşlarının yanında olub. Süleyman Zeynalov həmin illəri yada salır: "Birinci Qarabağ müharibəsində demək olar ki,  cəbhənin bütün istiqamətlərində olmuşam. Sənət yoldaşlarımla bərabər döyüşçülərimizi ruhlandırmaq üçün müharibənin qızğın vaxtlarında səngərlərdə, hərbi hissələrdə konsertlər vermişik. Vətən haqqında oxuduğum mahnılar gənclərə vətənpərvərlik hissi aşılayır. Mən Prezident İlham Əliyevin apardığı düzgün, uzaqgörən daxili və xarici siyasəti həmişə dəstəkləmişəm. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm".

Süleyman Zeynalov Oqtay Kazıminin "Səninlə olsam", Cahangir Cahangirovun "Füzuli kantatası", Əfsər Cavanşirovun "İlk görüşlər", Tofiq Quliyevin "Azərbaycana gəlsin", Şəfiqə Axundovanın "Bu torpağa borcluyam" və başqa ölməz mahnıların ən gözəl ifaçılarından biri olub.

Süleyman Zeynalov Azərbaycan mədəniyyətinin və musiqisinin inkişafında göstərdiyi xidmətlətə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Həyat onu çox sınaqlara çəkib. Ömür-gün yoldaşı ağır xəstəlikdən cavan yaşında vəfat edib. Süleyman Zeynalov kədərlə danışır: "İkinci dəfə ailə qurmadım. İki övladımı - oğlumu və qızımı özüm tək boya-başa çatdırdım. Onları vətənə layiq, ağıllı, kamallı, tərbiyəli övladlar kimi böyütdüm. Qızım müəllimdir. Oğlum İdman Akademiyasını bitirib. Hazırda ürək xəstəliyindən müalicə aldığı üçün işləmir".

Özünün səhhətində də problemlər var. Süleyman Zeynalov deyir: "Mən gəncliyimi, sağlamlığımı Azərbaycan mədəniyyətinin inkişafına qurban vermişəm. Səhhətimə heç diqqət yetirmirdim. İndi həmin yorğunluqlar yavaş-yavaş üzə çıxır. Ayaqlarımda xəstəlik yaranıb. Hazırda təqaüddəyəm. Efirlərə çıxırdım. Altı aydır səhhətimlə əlaqədər olaraq çıxmıram. Yaşlı sənətkarlardan biri də mənəm... Yaradana minnətdaram ki, yaşayıram və bu ömrü mənə verir".


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!