Ölkəmizin atdığı çevik və düşünülmüş addımlar Orta dəhlizlə bağlı bir çox məsələnin operativ həllində vacib rol oynayıb. Məsələn, Azərbaycan Xəzər dənizinin şərq və qərb sahillərindəki tərəfdaşlarını ortaq məxrəcə gətirmək üçün mühüm layihələr təqdim edir. O üzdən marşrutun keçdiyi ölkələr Azərbaycanın ədalətli liderliyini yüksək qiymətləndirirlər.
Məlum olduğu kimi, Orta dəhlizin fəaliyyətinin səmərəliliyi Çinlə Azərbaycanın əməkdaşlığından keçir. Belə ki, dəhlizlə daşınacaq yüklərin mütləq əksəriyyəti Çinin payına düşür. Azərbaycan isə mühüm tranzit qovşaq kimi yüklərin Avropaya, şərqə və şimala daşınmasında əsas ölkə sayılır. Bu baxımdan Çin ölkəmizin apardığı logistika siyasətini və tranzit əhəmiyyətini yüksək dəyərləndirir. Azərbaycanla Orta dəhliz vasitəsilə bağlı sıx əməkdaşlıq edir. Ümumiyyətlə, hər iki ölkə marşrutla bağlı görülən işləri və gələcəkdə icra ediləcək layihələri birlikdə, koordinasiyalı şəkildə həyata keçirir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə növbəti görüşü də bununla bağlıdır. Görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. S.Əsədov qeyd edib ki, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olub. Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri barədə də çinli tərəfdaşlara ətraflı məlumat verib. Eyni zamanda qeyd olunub ki, region ölkələri ilə fəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyi getdikcə əhəmiyyətli dərəcədə artır.
Məlumdur ki, Çin Zəngəzur dəhlizinin (TRIPP) açılmasına ən çox maraq göstərən ölkədir. Bu səbəbdən dəhlizin tikintisi üzrə görülən işlər barədə Çin tərəfinə ətraflı məlumat verilib. Qeyd edilib ki, layihə regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.
Bu gün dünya iqtisadiyyatı sanksiyalar, geosiyasi gərginlik və tədarük zəncirlərinin pozulması səbəbindən durğunluq yaşayır. Lakin bu geriləmə Mərkəzi Asiya ölkələrindən kənar keçir və onlar konstruktiv əməkdaşlıq nümunəsi göstərirlər. Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırkı dövrdə qlobal transit marşrutlarının əhəmiyyətini vurğulayaraq demişdir: "Geosiyasi gərginliyin artması, beynəlxalq sanksiyalar, ticarət tədarük zəncirlərinin pozulması, texnoloji rəqabət və digər çoxsaylı amillər nəticəsində dünya iqtisadiyyatı ən ciddi sınaqlarla üzləşib. Qlobal iqtisadiyyat yavaşlayır. Şükürlər olsun ki, bu durğunluq Mərkəzi Asiya ölkələrindən yan keçir". Qazaxıstan Prezidenti onu da qeyd edib ki, beynəlxalq gərginlik şəraitində tranzit əlaqələrinin möhkəmliyinin, etibarlı nəqliyyat marşrutları və ticarətin fasiləsizliyinin proqnozlaşdırılmasını təmin edə biləcək müasir rəqəmsal həllərin əhəmiyyəti dəfələrlə artır.
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilib. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi həm Orta dəhliz, həm də Şimal-Cənub dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi mühüm əhəmiyyət kəsb edəcək.
Ölkəmiz tərəfindən Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı həyata keçirilən layihələr mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına başlanması bu prosesin mühüm mərhələlərindən biri hesab olunur. 188 kilometrlik dəmir yolu xətti həm Naxçıvanın nəqliyyat blokadasının aradan qaldırılması, həm də regionun iqtisadi inteqrasiyası, logistika imkanlarının genişlənməsi və sosial hərəkətliliyin artması baxımından strateji əhəmiyyət kəsb edir.
Ölkəmiz tərəfindən vaxtında görülən mühüm tədbirlər sayəsində Orta dəhlizlə yülklərin daşınmasının dinamikası ildən-ilə yüksəlir. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, ADY cari ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir. Məlumatda həmçinin bildirilir ki, 11 ay ərzində ümumilikdə 123 992 TEU konteyner yük daşınıb. Bu isə 2024-cü ilin analoji dövrünün göstəricisindən (105 496 TEU) təxminən 18 faiz çoxdur.
Rüstəm KAMAL,
"Azərbaycan"