Bu onu göstərir ki, belə qüvvələri cəmiyyət qəbul etmir
8 avqust 2025-ci il Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan arasındakı sülh prosesində müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Görüş və danışıqlarda müəyyən canlanma olsa da, sülhə əngəl törədən əsas mane, rəsmi İrəvanın konstitusiyasında dəyişiklik edərək, ölkəmizə qarşı ərazi iddialarını aradan qaldırmamasıdır. Bu barədə Ermənistanda müəyyən fikirlər səslənsə də, necə deyərlər, buz yerindən tərpənməyib. Bu istiqamətdə real addım atılmayıb. Eyni zamanda siyasi şərhçilərin fikrincə, Ermənistanın gələn il parlament seçkiləri ilə eyni vaxtda referendum keçirərək bu şərti də yerinə yetirəcəyi gözlənilir. Çünki bu ölkənin başqa yolu yoxdur.
Müşahidələr göstərir ki, Ermənistanda parlament seçkilərinin yaxınlaşması cəmiyyətdəki gərginliyi daha da artırıb. Bütün siyasi qüvvələr seçkilərdə qalib gəlmək üçün mübarizəyə qoşulub. Ən çox diqqəti cəlb edən isə ölkəyə rəhbərlik etmiş sabiq prezidentlərinin, Azərbaycan-Ermənistan arasında sülhə mane olan revanşistlərin yenidən fəallaşmasıdır. Erməni cəmiyyətində revanşistlərin siyasi dayaqları çox zəifdir. Ona görə də sülhə mane olan bu qüvvələrin qalib gəlməsi mümkün deyil. Amma reavanşistlər də möcüzə baş verəcəyinə inanaraq mübarizələrindən əl çəkmirlər. Hansı yolla olursa olsun, sülhə mane olmağa çalışırlar. Din xadimlərinin siyasi proseslərə qatılması isə cəmiyyətdəki gərginliyi daha da artırır. Erməni cəmiyyətinin qəbul etmədiyi revanşistlərin, sabiq cinayətkar xunta rəhbərlərinin meydanda olması onu deməyə əsas verir ki, bu qara qüvvələr hələ də bəzi xarici dairələrin diktəsi ilə oturub-dururlar.
Diqqəti çəkən amillərdən biri də əvvəlki illər siyasətə qayıtmayacağını bildirmiş Ermənistanın birinci prezident Levon Ter-Petrosyanın da seçkilərdə iddialı görünməsidir. Xatırladaq ki, Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistan prezidenti olub. 80 yaşlı sabiq prezident bir müddət əvvəl Ermənistan Milli Konqresinin (EMK) sədri seçilib. Qurultay nümayəndələri onun siyasi lider kimi qalmasını dəstəkləyiblər.
Bir neçə ay əvvəl Paşinyanla Ter-Petrosyan arasında müəyyən gərginlik hökm sürürdü. Həmin gərginliyin fonunda Baş nazir Nikol Paşinyan sosial media hesabında birinci prezidenti siyasi arenada ardıcıl mövqe sərgiləməməkdə ittiham edərək bu sözləri yazmışdı: "Hörmətli Levon Ter-Petrosyan! 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi isə anlayıram ki, yenə də harasa getmək istəyirsiniz, lakin artıq qaçmağa yer tapa bilmirsiniz. Əslində, buna ehtiyac da yoxdur. Sadəcə olaraq, sakitləşin və Ermənistanda bərqərar olmuş dinc həyatınızdan zövq alın. Hamımıza xoş gün arzulayıram".
Ermənistan Milli Konqresinin sədri Ter-Petrosyanın sabiq həmkarları - Köçəryan-Sarkisyan cütlüyü ilə də münasibətləri çox sərindir. Əvvəlki illər Ter-Petrosyan açıqlamalarının birində onların əleyhinə danışaraq deyib: "Koçaryan-Serj rejiminin idarəçiliyinin nəticəsi Ermənistandan 1 milyon adamın mühacirətinə səbəb olub. Dünyadan "erməni soyqırımı"nı tanımağı tələb edən insanlar öz ölkələrində soyqırımı həyata keçirirlər. Xahiş edirəm diqqət yetirəsiniz ki, bunu mən yox, Serj Sarkisyanın təyin etdiyi fövqəladə və səlahiyyətli səfir Şarl Aznavur deyib. Rejimin fəaliyyətinin mühacirlikdən başqa daha bir nəticəsi korrupsiyadır... Ermənistanın hazırkı hakimiyyətinin daha bir cinayəti ölkə vətəndaşlarının müdafiəsiz qalmasıdır. Problemlər yarandıqda, insanlar polisə və ya məhkəməyə müraciət etməkdən çəkinirlər". Deməli, Ermənistanda hakimiyyət uğrunda siyasi ziddiyyətlər getdikcə dərinləşir.
Hadisələrin gedişindən göründüyü kimi, Ermənistanda Azərbaycanla sülh prosesinə mane olan revanşist qüvvələr pozucu fəaliyyətlərindən əl çəkmək istəmirlər. Həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, həm də erməni kilsəsi Paşinyanı devirmək üçün birləşiblər. Onlar daim sülh prosesi əleyhinə çıxışlar edirlər. Bununla da cəmiyyəti öz arxalarınca çəkməyə çalışırlar. Sülhə mane olmağı qarşılarına məqsəd qoymuş revanşistlər erməni cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Qondarma "artsax"ın yaranmasının ildönümü münasibətilə separatçılar, daim onlara dəstək olan erməni kilsəsi və bəzi müxalifət partiyaları bir araya gələrək sülh əleyhinə çıxışlar edirlər. Onlar Minsk qrupunun buraxılmasını da qəbuledilməz adlandırıblar. Revanşistlər düşünürlər ki, bu, Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi üçün vacib mexanizm idi. Hansı ki, heç vaxt ermənilərin hüquqları pozulmayıb. Həmişə hüquları pozan elə onların özləri olublar.
Sülhə mane olmağa çalışan revanşist qüvvələr Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasının Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınmalı olduğunu bəyan ediblər. Həmin sərsəm bəyanatda deyilir ki, bu hüquqların təmin edilməsi üçün effektiv mexanizmlər olmadan ATƏT-in Minsk qrupunun buraxılması qəti şəkildə qəbuledilməzdir. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistandakı və ölkə xaricindəki revanşist qüvvələr hələ də "böyük Ermənistan" xülyası ilə yaşayırlar. Ona görə də Paşinyanı devirib xarici güclərin köməyi ilə yenidən hakimiyyətə gəlmək istəyirlər. Daim sülhün tərəfində olan, yeni müharibə istəməyən Azərbaycan isə Ermənistan tərəfini dəfələrlə revanşist meyllərlə bağlı xəbərdar edib.
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Baş nazir Nikol Paşinyan dəfələrlə bu mövzuya toxunsa da, ölkədəki siyasi vəziyyət səbəbindən konkret addım atmaqdan çəkinib. O, bəyan edib ki, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var. Konstitusiya Günü münasibətilə ilə xalqa ünvanladığı təbrik məktubunda da bu məqam yer alıb: "Ölkəmizin yeni konstitusiyaya ehtiyacı var. Mən konstitusiyanın yeni mətnindən deyil, onun yazılmasının və qəbulunun yeni üsulundan danışıram. Bizə xalqın özü tərəfindən yazıldığına və qəbul olunduğuna inandığı konstitusiya lazımdır". Paşinyan ehtiyat edir ki, əleyhinə olan qüvvələr, o cümlədən sabiq cinayətkar xunta rejiminin rəhbərləri, revanşistlər, kilsə seçki ərəfəsində bu məqamdan istifadə edib, onu devirə bilərlər. Buna görə də bəyanatlar versə də, konkret addım atmaqdan ehtiyatlanır.
Revanşist qüvvələrin duru suları bulandırmağa, erməni cəmiyyətində gərginlik yaratmağına baxmayaraq, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə nail olmaq üçün müvafiq addımlar atılır. Məlum olduğu kimi rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü şərtlərindən biri də yerinə yetirilib. Cari il dekabrın 1-də Minsk prosesi və onunla əlaqəli strukturlar tarixə qovuşub. Xatırladaq ki, bu barədə avqustun 8-də Vaşinqton sammitində imzalanmış Birgə Bəyannamə ilə razılıq əldə edilmişdi. Revanşist qüvvələrin müxtəlif pozucu təxribatlar törətməsinə baxmayaraq, Azərbaycan özünün sülh məqsədlərinə yaxınlaşır. Elə Ermənistanda da bu istiqamətdə müəyyən işlər görülür.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"