17 Dekabr 2025 09:00
407
CƏMİYYƏT
A- A+
Aprel zəfərinin Mühüd zirvəsi

Aprel zəfərinin Mühüd zirvəsi


Mühüd ORUCOV... 

Düşmən dərinliklərinə sızıb dəfələrlə ona qan udduran əfsanəvi kəşfiyyatçı...  

Aprel döyüşlərinin  onurğa sütunu...

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid kapitanı... 

Adı hər zaman torpağını, millətini, bayrağını canından çox sevən qəhrəman kimi anılan vətən oğlu... 

Sanki tanrı Mühüdü bu dünyaya  kəşfiyyatçı olmaq üçün gətirmişdi, həm fiziki, həm mənəvi anlamda. Qədd-qamətli, baxışlarından daim zəhm yağan bu igidin canında hər zaman düşmənə qarşı çarpışmağa hazır döyüşçü ruhu yatırdı.  

Qədim türk eli Qazaxın Fərəhli kəndində dünyaya göz açan Mühüd ta uşaqlığından elə bil od-alov idi, heç bir qorxu bilməz, təhlükələrin üzərinə hamıdan əvvəl cəsarətlə atılardı və bütün mübarizələrində də qalib çıxardı. Kəndlərinin düşmən mərmilərinin hədəfinə çevrilməsinə körpə yaşlarından şahidlik edən Mühüdün qanına qisas hissi zərrə-zərrə hopurdu, torpaqlarımızın işğalı ilə heç cür barışa bilmir, həyatının gələcək istiqamətinə də elə bu vətənpərvərlik hissləri yön verirdi. 

Beləcə, Mühüd Orucovun Cəmşid Naxçıvanski adına hərbi liseydən başlayan və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən (Heydər Əliyev adına Hərbi İnstitut) keçərək döyüş meydanlarına uzanan şərəfli hərbçi yolu onu Aprel zəfərinə, insanlığın şəhidlik məqamına ucaltmışdı.  


Şərəf illəri 

  

Kapitan Mühüd Qurban oğlu Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirərək müdafiə nazirinin əmri ilə kəşfiyyat  ixtisası üzrə tağım komandiri vəzifəsinə təyin olunub və sonra   xidmətini Xüsüsi Təyinatlı Qüvvələrdə  davam etdirməyə başlayıb. Xidməti zamanı  uğurlu nəticələr əldə etdiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qısa müddətdə kəşfiyyat qrup komandiri vəzifəsindən kəşfiyyat tabor komandiri vəzifəsinə kimi yüksəlib. 

Xidməti dövründə çox sayda fəxri fərmanlarla və 5 medalla müdafiə naziri və xüsusi təyinatlı qüvvələr komandanı tərəfindən təltif edilmişdir. 2008-ci, 2014-cü, 2015-ci illərdə Türkiyədə Xüsusi Təyinatlı Qüvvələr, Paraşüt, Qoruma və Komando kurslarını müvəffəqiyyətlə bitirərək sertifikatlar almışdır. 

Özünü peşəkar zabit, kəşfiyyatçı  kimi yetişdirən, daim üzərində çalışan Mühüd Orucov dəfələrlə öz tabeçiliyində olan şəxsi heyəti ilə düşmən arxasına sızaraq xüsusi təyinatlı qüvvələr komandanı general polkovnik Hikmət Mirzəyev tərəfindən verilən döyüş tapşırığını uğurla icra etmişdir. Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi səbəbindən 2014-cü il iyulun 31-dən avqustun 1-nə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verdiyi 3 gün ərzində davam edən döyüşlərdə kapitan Mühüd Orucov göstərdiyi şəxsi şücaətlə fərqlənib. Həmin zaman düşmənin Azərbaycan Ordusuna məxsus postu almaq üçün yaylım atəşi açması nəticəsində postdakı bir neçə zabit yaralanmış, əsgərlər şəhid olmuşdu. Kapitan Mühüd Orucov yaylım atəşinə rəğmən posta girib, oradan yaralı zabitləri çıxarda bilmişdi. Post silah-sursatla təmin edilmiş, düşmən layiqli cavabını almış və qarşı tərəf böyük itkilər verərək geri çəkilməyə məcbur qalmışdı. 

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Avqust döyüşlərində göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Mühüd Orucov ən ali səviyyədə mükafatlandırılıb. Belə ki, həmin döyüşlərdən az sonra Xüsusi Təyinatlılar Komandanı Mühüd Orucova xüsusi hazırlaşmalı olduğunu deyir. Həmin zaman Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev döyüş bölgəsini ziyarət etmiş, kapitan Mühüd Orucovla və onun döyüşçü yoldaşlatı ilə  görüşmüş, onlara döyüşdə göstərdiyi xüsusi şücaətinə görə komandan kimi öz adından və Azərbaycan xalqı adından təşəkkür etmişdi. Mühüd Orucovun əlini sıxaraq gələcək əməliyyatlarda uğurlar arzu edən Prezident ona xatirə üçün qızıl saat da hədiyyə etmişdi. 

 

Son döyüş, Mühüdün çin olan arzusu 

 

Onilliklərdən sonra Azərbaycan hərbçisi Aprel döyüşlərində qazanılan şanlı zəfər sayəsində ilk dəfə işğaldan azad edilən torpaqlarımıza qədəm qoydu. Mühüd Orucov və yüzlərlə qəhrəman Azərbaycan oğlunun böyük şücaətlər göstərərək bayrağımızı Lələtəpə yüksəkliyinə və Talış kəndinin hakim (indiki Suqovuşan) yüksəkliklərində dalğalandırmaları tezliklə digər ərazilərimizin də düşməndən azad ediləcəyinin müjdəsi, Şuşa Zəfərinin carçısı oldu.  

Çox təəssüf ki, böyük qələbəni görməyə XTQ-nin tabor komandiri kapitan Mühüd Orucovun ömrü yetmədi. Aprel döyüşlərində son damla qanına qədər döyüşərək şəhadət zirvəsinə ucaldı.  

Dördgünlük Aprel döyüşləri zamanı Ermənistan ordusu dayanmadan Azərbaycan Ordusunun cəbhə bölgəsindəki postlarına hücumlar edirdi. Mühüd Orucovun rəhbərlik etdiyi xüsusi təyinatlı tabor döyüşlərdə fəallıq göstərirdi və əsas istiqamətdə düşmənə qarşı mətanətlə vuruşurdu. Strateji əhəmiyyəti olduğu üçün düşmən bu postu ələ keçirməyə cəhd edir və əsas qüvvələrini də elə bu istiqamətdə cəmləmişdi. Mühüd Orucovun rəhbərlik etdiyi tabor düşmənə göz açmağa imkan verməyərək onun bütün canlı qüvvəsini məhv etmişdi. Buna görə də postu almağın mümkünsüz olduğunu anlayan erməni tərəfi onu almaq üçün zirehli hərbi texnikasını bu istiqamətə yönəltmişdi. Çoxsaylı tanklar hər iki tərəfdən postu nişan alaraq yaylım atəşləri açır, hər dəfəsində də istehkamlar zədələnirdi. Ancaq Mühüd Orucov bir addım da olsun geri çəkilməyi düşünmür, son ana qədər düşmənin canlı qüvvəsinə, ağır texnikasına qarşı qəhrəmancasına döyüş aparır. Növbəti zərbələrin birində ağır artilleriyadan atılan mərmilərin qəlpələri kapitanın bədəninə dolur. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qəhrəman kəşfiyyatçısı Mühüd Orucov yaralı halda son damla qanına kimi, son nəfəsinə kimi döyüşərək şəhid olur. 

Aprel döyüşlərində kapitan Mühüd Orucovun şəxsi qətiyyəti, əzmi, igidliyi sayəsində ön postu qoruyub saxlamaq mümkün olmuşdu. Qısa zaman ərzində Azərbaycan Ordusu hücumlarını kəskinləşdirmiş, düşmənin bütün mövqelərini vuraraq darmadağın etmişdi. Uğurla nəticələnən döyüş sayəsində hərbi strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi illərdən sonra azadlığına qovuşdurulmuşdu.  

Şəhadəti ilə doğmalarını, el-obasını, mənsubu olduğu Xüsusi Təyinatlı Qüvvələrin hər bir üzvünü yasa boğan kapitan Mühüd Orucovu son mənzilə yola salmaq üçün minlərlə insan bir yerə toplaşmışdı. Ön sırada isə onunla döyüşlərdə çiyin-çiyinə vuruşmuş zabit yoldaşları dayanmışdı. Hər birinin ürəyində isə Mühüd Orucov və Azərbaycanın bütövlüyü uğrunda bu torpağa canını qurban verən vətən övladlarının qisas hissi, gözlərində qəzəb atəşi...  

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan kapitan Mühüd Orucov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilib. Eyni zamanda xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilib. 

"Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.  

 

Təkbaşına 40 düşmən xüsusi təyinatlısını məhv edib 

 

Şəhidin həmsöhbət olduğumuz Xüsusi Təyinatlı Qüvvələrin mənsubları olan zabit yoldaşları bir ağızdan söylədilər ki, kapitan Mühüd Orucov onların hər birinin qəlbinin qəhrəmanıdır.  

XTQ mənsubu polkovnik-leytenant Mahir Babayev Mühüd Orucovla birlikdə 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. M.Babayev deyir ki, Mühüd Orucov hərbi məktəbdə oxuduqları zamandan fiziki hazırlığına, savadına, bacarığına görə həmişə seçilərdi:  

- Mühüd kəşfiyyatçı ixtisasında oxuyurdu və qarşıda peşəkar kəşfiyyatçı olmaq üçün öz üzərində çox çalışırdı. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra XTQ-yə xidmətə gəldim və biz haradasa iki ilə yaxın müddət ərzində Mühüdlə bir otaqda qaldıq. O, burada xidmətə məndən əvvəl gəldiyi üçün bir müəllim kimi Xüsusi Təyinatlı Qüvvələrlə əlaqədar hər bir şeyi öyrənməkdə mənə çox kömək oldu. Savadlı, bacarıqlı, fiziki hazırlığı yüksək olan Mühüdün həm də sərrast atıcılıq qabiliyyəti vardı. Bütün bu qabiliyyətlərinə görə, o, həmişə digərlərindən iki-üç pillə öndə olurdu. Həyata keçirdiyimiz döyüş tapşırıqlarını tutaq ki, biz 20-30 faiz icra edirdiksə, Mühüddə bu faiz həmişə 100 olurdu.  

Yalnız bir döyüş tapşırığını misal çəkim ki, o, təkbaşına erməni xüsusi təyinatlılarının 40-a yaxın şəxsi heyətini məhv etmişdi. Bu, çox böyük göstəricidir. Hər kəs bilir ki, bir xüsusi təyinatlı 3-4, daha yüksək hazırlıqlı olanda hətta 7-yə yaxın əsgərə bərabər olur. O, çox prinsipial adam idi və qatıldığı çoxsaylı xarici kursların hamısını birinciliklə bitirmişdi.  

Demək olar ki, Mühüddə qorxu hissi yox idi, çox cəsarətliydi, heç bir tapşırıqdan çəkinmirdi. Aprel döyüşlərində isə Mühüd Orucov elə böyük igidlik nümayiş etdirdi ki, hər kəsin qəhrəmanına çevrildi. Həmin vaxt o, səngərdə təkbaşına düşmən tanklarına qarşı əlində avtomat döyüş aparıb. Bu özü təsvirəgəlməz  şücaətdir. Mühüd Aprel döyüşlərində bütün hərbçi yoldaşlarını ağır vəziyyətdən çıxartdıqdan sonra özü səngərdə təkcə qalaraq sonacan vuruşub və qəhrəmanlıqla şəhid olub.  

 

Kəşfiyyatın "Mixaylo"su, qəlblərin qəhrəmanı 

 

Mühüd Orucovla Xüsusi Təyinatlı Qüvvələrdə eyni hərbi hissədə xidmət zamanı tanış olduğunu deyən XTQ mənsubu ehtiyatda olan baş leytenant, 2-ci qrup müharibə əlili Teyyub Hacıyev söylədi ki, xidmət etdiyi dövrdə Mühüd Orucov onların komandiri olub:  

- O, təkcə bizim komandirimiz deyil, müəllimimiz, dostumuz, böyük qardaşımız olub. Nə çətinliyimiz olurdusa, ona müraciət edirdik, həmişə də bizə dəstək olurdu.   

Mühüd əməliyyat tapışırıqlarına, yəni düşmən arxasına getməyə özü can atırdı. İstəyirdi ki, bir komandir kimi tapşırıqların icrasına özü nəzarət etsin. Yəni Mühüd təkcə Aprel döyüşlərində qəhrəmanlıq etməyib, 2016-cı ilə qədər də o, çoxsaylı şücaətlər göstərib. Xüsusi Təyinatlı Qüvvələrin tabor komandiri idi. Bunun özü Mühüdün yüksək peşəkarlığından xəbər verir. Eyni zamanda o, hərbçi kimi qazandığı peşəkar təcrübəni 2016-cı ilin aprelində döyüş meydanında əyani müstəvidə də nümayiş etdirdi.  

2012-ci ildə Qazaxda düşmən döyüş postumuza qumbara atıb beş əsgərimizi şəhid etmişdi. Ondan sonra Mühüdə qisas alınması üçün döyüş tapşırığı verilmişdi. Mühüd öz xüsusi təyinatlı kəşfiyyat qrupu ilə düşmən blendajını partladaraq güclü zərbə vurub, canlı quvvəsinə çox ciddi itki vermişdi. 

Mühüdə verilən bütün döyüş tapşırıqları  uğurla nəticələnirdi. Mühüd Orucovun ümumilikdə Xüsusi Təyinatlıların mənsubu olaraq Azərbaycan Ordusundakı yüksək uğurları təkcə əməliyyat tapşırıqları, yaxud döyüşlərlə ölçülmür. O, xüsusi təyinatlıların hazırlanmasında böyük rolu olan şəxslərdən biri idi. Mühüdin tabor komandiri kimi hərbi təlimlərdə peşəkar kadrların yetişdirilməsində böyük əməyi vardı. Tələbkar tabor komandiri öz biliyini, təcrübəsini yetişdirdiyi kadrlara da məharətlə ötürürdü və o da təsadüfi deyildi ki, Mühüd Orucovun taboru həmişə birinci yerdə olurdu. 

Bu gün Mühüdün adı gələndə döyüş yoldaşları deyir ki, o, bizim qəlbimizdə həmişə milli qəhrəmandır. Biz hamımız hər zaman "Mixaylo" deyə çağırdığımız Mühüd Orucovu Aprel döyüşlərinin simvolu sayırıq. Mühüd Orucovun şəhidliyi nəinki bizə - Xüsusi Təyinatlı Qüvvələrə, ümumilikdə Azərbaycan Ordusuna böyük itki oldu. Əgər o şəhid olmasaydı, əminəm ki, Vətən Müharibəsi Qəhrəmanı, öz arzuladığı kimi general olacaqdı...  

Onun həmişə dediyi bir sözü var idi ki, ya general olacam, ya da ki, şəhid.  Allahın qisməti belə oldu ki, ona şəhidlik qismət oldu...  

 

Xüsusi təyinatlıların "Alfa"sı 

 

2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini Mühüd Orucovla bir yerdə oxumuş XTQ mənsubu, ehtiyatda olan polkovnik-leytenant Bəhruz Abdurəhmanov söylədi ki, onlar hərbi təhsil ocağının ilk iki ilini bir sinifdə oxuyub, daha sonra isə ayrı tağımlarda olublar:  

- XTQ-də xidmət etmək üçün qəbul könüllüdür və altı aydanbir gəlib ora seçim edirlər. Əgər sən istəyirsənsə və tələb olunan parametrlərə, boy, yaş və sair şərtlərə uyğunsansa, altı ay kurs keçərək uğur qazanırsansa, xidmət  edirsən. Mən 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrə  gələndə Mühüd artıq kursu keçib burada xidmət edirdi və mən də onun qrupuna düşdüm. Mühüd qrup komandiri idi, mən isə onun müavini. Doqquz ay xidmətimizdən sonra yeni bir qrup yaradıldı və məni başqa qrupa verdilər. Ondan sonra Mühüdlə 2015-ci ildə yenidən bir bölmədə oldum. Həmin il o, bizə tabor komandiri vəzifəsinə gəldi. Bizim birlikdə xeyli döyüş tapşırığımız oldu. Mühüd Orucov çox bacarıqlı, inadkar, istədiyini əldə edənə qədər durmayan əzmkar bir insan kimi də bütün döyüş yoldaşlarının xatirində qalıb. Adətən Xüsusi Təyinatlı Qüvvələrin mənsublarına, orada xidmət edən şəxslərə deyirlər ki, ora canavar yuvasıdır. Əgər ora canavar yuvasıdırsa, Mühüd də oranın "Alfa"sıdır. 2016-cı ilin aprel hadisələrində Mühüd olduğu postda, hansı ki onu döyüşərək almışdılar, son nəfəsinə qədər vuruşdu, onu tərk etmədi və orada  igidliklə şəhid oldu.  

Mühüd Orucov daim ehtiramla, hörmətlə  yad ediləcək. Allah qəhrəman şəhidimizə rəhmət eləsin.  

 

Mühüddən sonra... 

 

Kapitan Mühüd Orucov hər zaman döyüş tapşırıqlarını şəxsən özü yerinə yetirmək üçün can atdı. Nə istirahətini düşündü, nə hansısa təhlükəli, çətin tapşırıq onu bu yoldan çəkindirdi. Cəsarətli, qorxmaz kəşfiyyatçı düşmən üzərinə hər zaman ürəyində ta uşaqlığından böyütdüyü qəzəb atəşi ilə getdi, hər dəfəsində də onu yerlə-yeksan edərək qayıtdı.  

Qaya kimi sərt və sarsılmaz Azərbaycan oğlu hərb gündəliyinə çoxsaylı qürurlu və qalibiyyətlərlə dolu səhifələr yazdı, 32 illik qısa ömür yoluna böyük qəhrəmanlıqlar sığdırdı...  

Beləcə, Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi kəşfiyyatçısı şəhid kapitan Mühüd Orucov adını Azərbaycan hərb tarxinə və xalqımızın qəlbinə unudulmaz qəhrəman kimi həkk etdi.

 

Yasəmən MUSAYEVA,  

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!