16 Dekabr 2025 08:45
623
Mədəniyyət
A- A+
Sənət yolunda fədakarlıq

Sənət yolunda fədakarlıq


Onun uşaqlıq illəri İkinci Dünya müharibəsi illərinə təsadüf etməmişdi. Ancaq sonralar ekran ömrü verəcəyi “Bizim Cəbiş müəllim” filmindəkinə bənzər köhnə məhəllədə böyümüşdü...

Əslən bakılı idi Həsən Seyidbəyli. Atası Mehdi nardaranlı, anası Rübabənin bir tərəfi buzovnalı, bir tərəfi maştağalı idi. Atası dövlət qulluğunda çalışırdı. Anası isə evdar qadın idi. Bolşeviklər qırmızı ordu ilə gəlib Azərbaycanda hakimiyyəti ələ keçirəndə çox varlı ailələrdən biri idilər. Sovet hökuməti yerini möhkəmlədib öz qayda-qanunlarını bərqərar etdikcə varlıları müflisləşdirdi. Onların da var-dövlətlərini, evlərini müsadirə etdi. Atasının evləri şəhərin yuxarı məhəllələrində idi. Yeni hökumət mal-mülklərini əllərindən alandan sonra onlara Lermantov küçəsində ev verdi. 1920-ci il dekabrın 22-də dünyaya gələn Həsən Seyidbəylinin uşaqlığı həmin evdə keçdi.

O, üç qardaşın ortancılı idi. Üçü də kiçik yaşlarından idmana meyil göstərirdi. Evin böyük oğlu Kamil voleybolla, Həsən akrobatika ilə, sonbeşikləri Adil isə gimnastikayla məşğul olurdu. Sonralar hərbçi olan Kamil podpolkovnik rütbəsinədək yüksəldi. Adil idmana yaxın sənət seçdi. Jurnalist kimi Azərbaycan Dövlət Televiziyasında idman verilişlərində çalışdı. Həsən isə rejissor, ssenarist kimi fəaliyyət göstərdi. 

Evlərinin ən nadinc, sözə baxmayan uşağı o, idi. “Bizim Cəbiş müəllim” filmində olduğu kimi, köhnə məhəllənin uşaqları bir yerə yığışıb müxtəlif oyunlar oynayırdılar. Pişiyin quyruğuna boş bankalar bağlayırdılar. Səs-küy aləmi başına götürərdi. 

Beləcə, uşaqlıq illəri ömrünə həsrətlə anacağı xatirələrlə iz sala-sala ötüb keçirdi. Xəyallar və arzular uşaqlıq çağlarında insanı gələcəyə aparan qoşa qanada bənzəyir. Ancaq bütün arzuları insanla birlikdə böyümür, bir çoxu yarı yolda qalır.  Həsən Seyidbəylinin kino ilə bağlı arzusu və sevgisi isə onunla birlikdə böyüyürdü. Bakıda kinofilmlər dəbə düşəndə o, hələ balaca idi. Elə o zamanlar kino aləminə heyran olmuşdu.

Orta məktəbi 1938-ci ildə bitirdi. Ailə üzvlərinə Leninqrada (indiki Sankt-Peterburq şəhəri) oxumağa gedəcəyini dedi. Həmin il Leninqraddakı Kino Mühəndisləri İnstitutuna qəbul edildi. 1939-cu ildə isə Moskvaya yollandı. Moskvadakı Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil almağa başladı.

Həsən Seyidbəylinin tələbəlik illəri alman faşist ordusunun Sovet İttifaqına hücum etdiyi, qanlı-qadalı müharibə dövrünə düşdü. Moskva şəhərinin də başının üstünü təhlükə aldı. Vəziyyətlə bağlı olaraq onların institutunu Alma-Ata şəhərinə köçürdülər. Qarlı, şaxtalı günlərdə soyuq vaqonlarda böyük çətinliklərlə Alma-Ataya yetişdilər. Həsən Seyidbəyli institutun son illərini orada oxudu. 1943-cü ildə təhsilini başa vurub vətəninə döndü. “Azərbaycanfilm” Kinostudiyasında rejissor kimi fəaliyyətə başladı. Gənc rejissora ilk vaxtlar kino çəkməyə imkan vermədilər. Kinostudiyanın bəzi qocaman rejissorları cavanlara maneələr yaradırdılar.

O, hələ tələbəlik illərində bədii yaradıcılığa başlamışdı. 1944-cü ildən hekayələri, novellaları mətbuat orqanlarında işıq üzü görürdü. Həsən Seyidbəyli sonralar Moskvada ikiillik ali ssenaristlər kursunda da təhsil aldı.

Sovet dövrünün qaydalarına uyğun olaraq, o da cibində Kommunist Partiyasının biletini gəzdirirdi. Çünki həmin vaxtlar bunsuz iş görmək, elə rejissor kimi də fəaliyyət göstərmək asan deyildi. Ancaq Həsən Seyidbəyli seyid nəslindən idi. O da ata-babaları kimi Allaha inanan adam idi. Görünür, sovet hakimiyyətinin məsul şəxsləri də bunu unutmamışdılar...

Bəy, xan, seyid soyadı olanların özlərini daim təhlükədə hiss etdikləri vaxtlar idi. Bir gün o da Mərkəzi Komitəyə çağırıldı. Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırov gənc rejissordan haralı olduğunu xəbər aldı. “Bakılıyam”, - Həsən Seyidbəyli dedi. Sonradan öyrəndi ki, hansısa rayondan olan Seyidbəylilərlə bağlı Mərkəzi Komitəyə məlumat çatdırılıb. Mircəfər Bağırovun göstərişi ilə sənədlər araşdırılıb. Həsən Seyidbəylinin həmin Seyidbəylilərlə əlaqəsi olmadığı məlum oldu. Və onu sərbəst buraxdılar. O vaxtdan Həsən Seyidbəyli soyadına görə narahat edilmədi.

Oğlu Ziya Seyidbəylinin söylədiyinə görə, atası xasiyyətcə yumşaq, mülayim olduğu qədər də tələbkar idi: “Əvvəllər yaşlı rejissorlar onu kino çəkməyə qoymasalar da, işləri tədricən yoluna düşdü. Atam tələbkar rejissor idi. Amma o, heç vaxt aktyorları sıxmazdı. Çəkilişlərdən qabaq məşqlərə çox ciddi yanaşırdı. Ona görə də aktyorlar çəkilişlər zamanı kameranın qarşısında hazırlıqlı olurdular. “Nəsimi” filminə dəvət olunanda Rasim Balayev gənc idi. Nəsimi kimi mürəkkəb surəti canlandırmaq o yaşda aktyor üçün asan deyildi. Atam bu rol üçün uzun müddət məşq etdi. Çox maraqlı ifası alındı”.

İstedadlı rejissor aktyorlar qarşı tələbkar olmaqla yanaşı, onlara sərbəstlik də verir, bacarıqlarını göstərmək imkanı yaradırdı. “Bizim Cəbiş müəllim” filminin çəkilişləri zamanı Ziya Seyidbəyli özü də bunun şahididi. Çünki rejissorun böyük oğlu həmin filmdəki Namiq obrazının ifaçısı olub: “Filmdə müxtəlif səviyyəli, müxtəlif yaşlı adamlar iştirak edirdilər. Uşaqlarla işləmək çətin idi. Bir də görürdün çəkiliş gedə-gedə biri kameraya baxır. Bizi başa salırdılar: “Kameraya tərəf baxmayın. Elə təsəvvür eləyin, kamera yoxdur”. Makedon rolunun ifaçısı Aqillə məşqlər olmuşdu. O, digər uşaqlarla müqayisədə hazırlıqlıydı. Mənim müsbət cəhətim o idi ki, uşaq yaşlarımdan kino çəkilişlərini müşahidə etmək fürsətim olmuşdu. Nəsibə Zeynalovanın oğlu Cahangir də mənim kimi. Filmdə bu cür üç-dörd əsas uşaq rolu vardı. Qalanları o qədər də diqqət mərkəzində olmurdular. Onları başa salıb üç-dörd dubla çəkirdilər. Çəkilişlər zamanı atamın mənə də acıqlandığı məqamlar olurdu. Bir də görürdün nəsə onun istədiyi kimi alınmırdı. Filmin bir yerində Makedona şillə vurmalıydım. Rejissor, yəni atam deyirdi ki, bərkdən vur. Mən vurmağa utanırdım. Çəkiliş alınmırdı. Əlağa Ağayevlə Nəsibə Zeynalova çəkiləndə heyranlıqla tamaşa edirdik. Onlar peşəkar aktyorlarıydılar. Nəyi isə deyirdilər, başa salırdılar ki, belə olmalıdır. Sözləri ifadə etmək, özlərini aparmaq artıq onların özlərinə məxsusuydu. Atam mane olmurdu. Çünki peşəkarlara şərait yaradılmalıydı”.

Düzgün aktyor seçimi Həsən Seyidbəylinin çəkdiyi filmlərin uğurlu alınmasının əsas səbəblərindən idi. “Bizim Cəbiş müəllim” filminin məşhur Makedon rolunun ifaçısı aktyorluq sənətindən uzaq gənc oğlan idi. Bu, Həsən Seyidbəylinin tapıntısı olub. Ziya Seyidbəylinin xatirələrində həmin günlər belə qalıb: “Pirşağıdaydıq. Yayda orada dincəlirdik. Atam “Bizim Cəbiş müəllim” filmini çəkməyə hazırlaşırdı. Aqili də o zaman gördü. Tipajı, görünüşü xoşuna gəldi. Yayda Pirşağıda qaldığı üç-dörd ay müddətində onunla məşq etdi. Aqil Makedon rolunu elə ifa etdi ki, sanki peşəkar aktyor idi”.

“Bizim Cəbiş müəllim” filmində Həsən Seyidbəylinin digər övladları - Məryəm və Mehdi də Cəbiş müəllimin uşaqları rollarında oynayıblar. Məryəm bundan əvvəl “Telefonçu qız” filmində Mehribanın uşaqlığını canlandırmışdı.

Filmlərində uşaqlarını çəksə də, onların nə rejissor, nə də aktyor olmalarını istəyib. Böyük oğlu Namiq rolunu uğurla oynasa da, bu sənəti seçməyib. Məryəm əvvəlcə aktirisa olmaq istəsə də, sonralar bu istəyi ötüb-keçib. Ziya Seyidbəyli səbəblərini belə izah edib: “Çünki görürdük bu necə çətin, zəhmət tələb edən sənətdir. Bir də biz arzulasaydıq da, inanmırdıq ki, atam bu sənətin ardınca getməyimizə icazə verəydi. Özü çox əzab-əziyyət gördü. Əvvəla başqa rejissorlar kimi o da sovet rejimindən çəkirdi. O vaxtlar digər sovet respublikaları kimi Azərbaycanla bağlı əksər məsələlər də Moskvada həll olunurdu. Hər ssenari qəbul olunmurdu. Rejissorlara sərbəstlik verilmirdi. Bir çoxları kimi atam da iki filmini Moskvadan göndərilən rejissorlarla qoşa çəkməli oldu. İstedadlı adamlar azadlığı sevirlər. Atam da beləydi. O elə adamlardan idi ki, təzyiq göstəriləndə heç nə eləmirdi. Öz içinə qapanırdı. Sifarişlə ola bilər ki, sənədli film çəkdi, amma bədii film yox. Onların bir çoxunu öz əsəri əsasında ekranlaşdırırdı. “Qızmar günəş altında”, “Uzaq sahillərdə” filmlərinin ssenari müəllifiydi. “Telefonçu qız”, “Kimi daha çox sevirik”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” filmlərinin həm ssenari müəllifi, həm də rejissoru oldu. “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmlərinin isə yalnız rejissor idi”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olduğu dövrün qaydasına görə, o, həm də SSRİ Kinematoqrafçılar İttifaqında rəhbər vəzifə tuturdu. Bir çox istedadlı aktyorun kino sənətinə gəlməsində Həsən Seyidbəylinin xidməti böyük olub.

Həsən Seyidbəyliyə qarşı haqsızlıqlar da çox olub. Ziya Seyidbəyli danışırdı: “1963-cü ildə çəkdiyi “Möcüzələr adası” filmində bir hissə var idi: neft buruğunda hansısa bir cihaz xarab olur, işçi onu düzəltmək istəmir. Atama Mərkəzi Komitədə məsul işçilərdən biri dedi ki, bizdə Neft Daşlarında belə insanlar yoxdur. Yəni ordakıların hamısı işləyən insanlardır. Atam soruşub: “Bu sizin fikrinizdir?” Aldığı cavab belə olub: “Yox, Mərkəzi Komitənin”. Atamı filmdəki həmin hissəni kəsməyə məcbur etmişdilər. O zaman göstəriş verənlər özləri sənətkar olmadıqlarından, onların sözləri bəzən atamın xoşuna gəlmirdi. Buna görə bəzən mübahisələr etməli olurdu. Elə belə məsələlərin, söz-söhbətlərin biri də onun infarkt keçirməsinə səbəb oldu. Onda atamın əlli səkkiz yaşı var idi”.

Görkəmli kinorejissor, kinodramaturq, nasir, Xalq artisti Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də gözlərini əbədi yumub. O, həmin gün ikinci dəfə Ali Sovetə deputat seçilmişdi. Deputat biletini vəfatından sonra simvolik olaraq ailəsinə veriblər. 


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:55
13 Yanvar

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər  

12:42
13 Yanvar

Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür

12:31
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!