Prezident İlham Əliyev bir daha tutarlı faktlarla tarixi həqiqətləri, reallıqları açıqladı
"Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir".
Bu il martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Prezident İlham Əliyev bir daha tarixi həqiqətləri bəyan edib.
Qardaş Türkiyənin, Rusiya, Ermənistan və Gürcüstanın, eləcə də digər ölkələrin maraqla izlədiyi sözügedən qaz kəmərinin açılış mərasimində İlham Əliyev Azərbaycan xalqının başına gətirilən oyunlardan, məruz qaldığı etnik təmizləmədən söz açaraq rəsmi İrəvana mesaj da ünvanlayıb.
Xatırladaq ki, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən İlham Əliyev hələ o zaman qəti fikrini bildirərək demişdi ki, İrəvanı, orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistanın və ermənilərin kifayətlənəcəyini düşünənlər böyük səhv edirdilər və sonrakı tarix bunu bir daha göstərdi. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirib. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlayıb: "Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır".
Prezident bildirib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bu, yalnız erməni maraqlarına xidmət edən qərarların icrası idi.
Lakin dövlətimizin başçısı əmin olduğunu bildirmişdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: "Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var".
Həmin görüşdə dövlətimizin başçısı icmanın qarşısına tapşırıqlar qoyaraq bu istiqamətdə ciddi işlərin görülməsini tapşırmışdı. Qeyd etmişdi ki, qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası hazırlanmalıdır.
Qeyd edək ki, artıq konsepsiya da hazırdır. Bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Konsepsiyada problemin təsviri, hədəf, məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları, beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, reinteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq, icmanın uzunmüddətli fəaliyyəti və yekun müddəalar öz əksini tapıb.
Şanlı Zəfərimiz Azərbaycan xalqının tarixini heç zaman unutmadığını və ona sahib çıxmağa qadir xalq olduğunu artıq dünya bilir. Eyni zamanda Ermənistan dövləti, erməni xalqı da yaxşı bilir ki, Azərbaycan Prezidenti nə deyirsə, onu gerçəkləşdirir. "Bir qarış torpağımızı düşmən tapdağında qoymayacağıq. Qarabağ Azərbaycandır!" deyən İlham Əliyev bunu dünyaya sübut etdi.
İndi növbə Zəngəzurundur. Prezident əminliklə bildirib ki, gün gələcək qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. O gün uzaqda deyil.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"