Əlcəzairin ən çox baxılan televiziya kanallarından “əl-Bilad tv”-də Azərbaycan haqqında Dördhissəli sənədli filmin birinci hissəsi nümayiş olunub. Filmin növbəti bölümləri bir ay ərzində hər cümə günü tamaşaçılara təqdim olunacaq.
AZƏRTAC televiziya kanalına istinadla xəbər verir ki, ümumi həcmi 72 dəqiqə olan filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, xalçaçılıq sənəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından bəhs edilir. Bakının gözəl parklarının xalqımızın mədəniyyətinin əsas rəmzlərindən olduğu diqqətə çatdırılır.
Filmdə Azərbaycanın zəngin mədəniyyətə malik və son illər ərzində dünyanın sürətlə inkişaf edən ölkələrdən biri olduğu qeyd edilir. Eyni zamanda, Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı dünyanın zəngin qədim tarix və memarlıq mərkəzlərindən biri hesab olunduğu bildirilib. Heydər Əliyev Mərkəzi, İçərişəhər və ölkəmizin digər memarlıq abidələri əlcəzairli çəkiliş qrupunun maraqlı və özünəməxsus təqdimatında tamaşaçılara nümayiş olunur. Filmdə deyilir ki, Heydər Əliyev Mərkəzinin binası müasir memarlıq incisidir və sənətlə təbiətin harmoniyasını göstərir, eləcə də ölkəmizin inkişafına işarə edir.
Filmdə, həmçinin Qəbələnin və Şəkinin əsrarəngiz təbiət mənzərələri, mətbəxi barədə söhbət açılır.
AZƏRTAC-ın Misir üzrə xüsusi müxbiri Şıxəli Əliyev filmdə ölkəmizin memarlıq abidlərində keçmişlə müasirliyin vəhdət təşkil etdiyini, paytaxtımızda ucaldılmış abidələrin, heykəllərin tariximizin və mədəniyyətimizin böyük şəxsiyyətlərinə hörmət əlaməti olduğunu qeyd edib.
“Əl-Bilad tv”-nin yutub kanalının 6 milyona yaxın abunəçisi var.