Hər bir xalqın faciələrini tarixdə yaşadan minlərlə bədii əsər, musiqi, kino, rəssamlıq və memarlıq nümunələri var. Belə əsərlər dərdlərin təsəllisinə çevrilir, insanlara faciələrdən güc almaq dərsi öyrədir. Deyirlər ki, şeir, musiqi, bədii və təsviri sənət qədər insanı yaşadan möcüzə yoxdur...
20 Yanvar faciəsi dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi, bizi yumruq kimi birləşdirdi, gücümüzü, yenilməzliyimizi, milli birliyimizi nümayiş etdirdi. Filmlər çəkildi, musiqi əsərləri yazıldı, təsviri sənət və memarlıq nümunələri yaradıldı. Görkəmli kinorejissor Vaqif Mustafayevin "Tale" və "Bir həsədin tarixi" filmlərində Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək hadisələrə münasibətini bildirməsi sənədli ekranın dili ilə ustalıqla əks etdirildi. Xalqın taleyinin və tarixi yaddaşının əks-sədası idi bu filmlər.
O məşum gecədə kinematoqrafçılarımız həyatlarını ölüm təhlükəsi qarşısında qoyaraq tariximiz üçün çox qiymətli olan xronika yarada bildilər. Həmin kadrlar bu gün neçə-neçə sənədli və bədii filmimiz üçün zəngin materialdır.
Dövlət mükafatı laureatı, Xalq artisti Xamis Muradov 20 Yanvar hadisələri ilə bağlı verdiyi müsahibələrdə bildirirdi ki, 1980-ci illərin sonunda ölkədəki vəziyyəti görəndə "Salnamə" film studiyasının tərkibində xüsusi qərargah yaradıldı: "Operatorlar Qazaxdan Sədərəyə qədər gedib çıxırdılar. Hər gecə bir nəfər növbətçi qalırdı. Çünki rayonlarla əlaqələr vardı, zəng vurub plyonka istəyirdilər. Bakıda isə hadisələr elə cərəyan etmişdi ki, artıq tanklar gəlib Biləcəri yoxuşunda dayanmışdılar. Həmin hadisə günü evə gələndən saat yarım sonra zəng vurdular ki, qoşun bu gün şəhərə girəcək. Ardınca ikinci zəng gəldi, artıq narahat oldum. Kinostudiyaya qayıtmalıydım. O vaxt Karl Marks heykəli olan yerin yanından keçəndə işıqsaçan güllələri atmağa başladılar. Birtəhər studiyaya çatdıq. Hamı yığışmışdı. Qrupları Salyanski kazarmanın, filarmoniyanın qabağına, Biləcəriyə, 20 Yanvara göndərdim. Əsgərlər studiyanın qabağında yanan lampaları daşla vurub söndürürdülər... Biz çəkilən materialları gizlədirdik. Çoxunu dostlarımın evində saxlayırdım. 20 Yanvar hadisələrinin 90 faizini, Qarabağ müharibəsinin 50 faizini çəkmişik. Sənədli kinonun bir borcu var, fövqəladə vəziyyəti çəkib gələcək nəsillərə saxlamaq. "Salnamə" o vaxt bu çəkilişlərdən üzüağ çıxdı".
Həmin hadisələrdən sonra bir-birinin ardınca 10-15 silsilə filmlər çəkildi - "Azadlığa gedən yollar", "Şəhidlərdən şəhidlərə", "Qədirin sorağında", "Haray", "9 dəqiqə", "Cənubda şimal küləyi" və s. Bu filmlər 20 Yanvar faciəsinə aparan yolların konkret mənzərəsini yaratmaqla yanaşı, hadisələrin ilkin görüntülərini də əks etdirir.
2001-ci ildə çəkilən "Şəhidlik zirvəsi" filmi yanvar şəhidlərinə həsr olunmuşdur. Burada 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr geniş əksini tapmışdı. "Cənubda şimal küləyi" 1990-cı ilin yanvar qırğını zamanı Biləsuvar rayonunda baş vermiş olaylardan bəhs edir. Filmdə arxiv materiallarından istifadə olunmuşdur. "9 dəqiqə", "Qədirin sorağında" kinolentlərində isə doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılmışdır.
1993-cü ildə istehsal olunmuş "Haray" filmi Xocalı faciəsi haqqındadır. Ermənilərin azərbaycanlı əsgərlərə verdikləri işgəncələrin şahidi olan iki yeniyetmə çıxış yolunu özlərini dağdan atmaqda görür. Bunların sırasına "Qarabağ düyünü", "Ömür qatarı", "Vətən mənə oğul desə", "İnama qayıdış", "Qəsd", "Xəzər köməyə çağırır", "20 Yanvar faciəsi", "Fəryad", "Dolu" və onlarca sənədli və bədii filmləri, televiziya tamaşalarını əlavə etmək olar. Ekran əsərlərində əsasən el dərdi, el hüznü əks olunur, millətinə, xalqına qarşı haqsızlığa, günahsız insanların qətlinə yönələn neçə-neçə fəlakətli günə etirazlar, çağırışlar səslənir, xalqın qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilir.
Yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşası da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq qələmə alınıb. İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
20 Yanvar faciəsi musiqi əsərlərimizdə də geniş əksini tapmışdır. Azərbaycan bəstəkarları simfoniyalar, simfonik poemalar, kantatalar, vokal instrumental əsərlər, mahnılar, tar, fortepiano, simli orkestr, orqan üçün musiqilər yazmışlar. Xalqın taleyinin və tarixi yaddaşının əks-sədası olan bu əsərlərdə millilik anlayışı, azərbaycanlılıq ideyasının geniş miqyasda yayılması və təbliği, ictimai inkişafın müqəddəratını müəyyən edən proseslər və hadisələr canlandırılmışdır. Bu baxımdan Xalq artisti, professor Firəngiz Əlizadənin yeni quruluşda təqdim olunan "İntizar" operası xüsusi qeyd olunmalıdır. Əsərin librettosu Əməkdar elm xadimi, professor Nərgiz Paşayeva tərəfindən yazılmışdır. Operanın süjeti Xeyirlə Şərin, Mərhəmətlə Riyakarlığın, bir sözlə, Ağ və Qara dünyaların əbədi mübarizəsi üzərində qurulmuşdur. Sadə, lakin hər bir sülhsevər insanın qəlbində əks-səda verən mövzu maraqlı bədii tərzdə təcəssümünü tapmışdır.
Bu gün demək olar ki, hər bir bəstəkarın yaradıcılıq irsində 20 Yanvar mövzusu əsas yer tutur. Görkəmli bəstəkar Cövdət Hacıyevin, Oqtay Kazıminin "Şəhidlər", Azər Rzayevin "Bakı 90" simfoniyaları, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil", "Haqq səninlədir, Azərbaycan", Mobil Babayevin kantataları, Aydın Əzim Kərimoğlunun orkestr üçün yazdığı "Qətl günü", Sərdar Fərəcovun simfonik poeması, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidləri", Arif Mirzəyevin orqan üçün "Yanvar mərsiyələri", Aqşin Əlizadənin "Ana torpaq" odası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi", "Qəm karvanı" oratoriyaları, Nəriman Məmmədovun "Xocalı" və s. orijinal üslub xüsusiyyətləri ilə seçilən tarixi, fəlsəfi, qəhrəmanlıq, mübarizlik ruhunda yazılmış əsərlərdir. Aqşin Əlizadənin "Muğam sədaları" xalqımızın yaşadığı qanlı olayların, kədərli anların təzahürüdür. Bəstəkar Sevda İbrahimovanın əsərlərində vətən sevgisi qırmızı xətlə keçir. O, 1991-ci ildə qaboy və piano üçün "Qəmginlik", 1994-cü ildə iki piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsini, 1999-cu ildə tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam", 2001-ci ildə simli orkestr üçün "Vətən düşüncələri" əsərlərini yazıb.
1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın "Bir şərqi de" şeirinə musiqi bəstələyib. Bu mahnı səslənəndə təkcə 20 Yanvar gecəsinin günahsız qurbanlarını deyil, cəmi şəhidlərimizi xatırlayırıq.
İ.ƏLİYEVA,
"Azərbaycan"