"İşıqlar şəhəri"ni sanki Tanrı özü nura boyamışdı. Gecə küknar ağaclarının üstünə düşən qırov gün düşdükcə mirvari dənələri kimi parıldayırdı. Ömürlərini günəşin "baxış"larına qurban verən buz dənəcikləri göz yaşı kimi suya dönüb ağacların dibinə süzülürdü.
Şəhərdə adamın ruhunu oxşayan qəribə bir sakitlik var idi. Küçədə arabir şütüyən maşınların siqnal səsi olmasaydı, deyərdin ki, şəhər yatıb.
Yolu keçən yaşlı bir xanımdan Mingəçevir Dram Teatrının ünvanını soruşuruq. "Düz gəlmisiniz" deyib əli ilə qarşıdakı binanı göstərir. Teatrın girişində bizi qarşılayan gəncdən direktorun otağını soruşduqda "İntiqam müəllim məşqdədir", - cavabını aldıq.
Şəhərin sakit küçələrindən fərqli olaraq burada tamam səsli-küylü bir mənzərənin şahidi oluruq. Səsgücləndiricidən gələn ötkəmli səs zala yayılır:
- İşıqları, söndürün! Musiqi gəlsin... Santa, arxaya baxma, tamaşaçılarla göz təması qur. Sənin işin uşaqların diqqətini özünə çəkməkdir. Elə et ki, seyrçilər də hər şeyin qaydasında olmadığını, çəkmələrini axtardığını hiss etsinlər...
Bir anın içində səhnədə sanki "tufan" qopur. "Dəcəl pişiklərin səsi", aktyorların dinamik hərəkətləri, maraqlı rəqslər adamı öz sehrinə salır. İstər-istəməz qayğıları, problemləri unudub özünü başqa bir dünyada hiss edirsən.
Öyrənirik ki, teatrın kollektivi İntiqam Soltanın rejissorluğu ilə Arzu Soltanın "Santanın çəkmələri" pyesi əsasında uşaqlar üçün yeni tamaşaya hazırlaşır. Tamaşanın musiqi tərtibatçısı Gülcahan Yusifova, rəssamı Sevda Məmmədovadır. Burada əsasən gənc aktyorlar - Aynur Mustafayeva, Lalə Abuşova, Ruhəngiz Allahverdiyeva, Hüseyn Mustafayev, Turğut Məsimli, Amil Fərzəliyev, Asim Məmmədov, Ceyhun Əhmədov, Cavidan Abdullayev və Rəvan Adil rol alıblar.
Tamaşa pişiklərin Santanın içində yuva qurduqları üçün istifadəyə yaramayan çəkmələrindən və onun başına gələn duzlu-məzəli macəralardan bəhs edir. Teatrın direktoru respublikanın Əməkdar artisti İntiqam Soltan deyir ki, 2024-cü il kollektiv üçün uğurlu olub. Ətraf rayonlarda da tamaşalar göstəriblər.
- Bircə faktı qeyd edim ki, Mingəçevir Dram Teatrı təsərrüfat xərclərini özü çəkir. Bu heç də kiçik rəqəm deyil. Teatrımız yeni idarəetmə üsullarından istifadə edir. Bu da öz nəticəsini verməkdədir.
Sovet teatr idarəetmə ənənəsindən danışan sənət adamı deyir ki, o zaman sistemi elə qəlizləşdirilmiş formada qurmuşdular ki, teatr bataqlıqda boğulmamaq üçün bütün ömrü boyu mübarizə aparmalı idi. Bura yaradıcı müəssisədir. Yaradıcılıqla məşğul olmaq qalırdı bir kənarda, diqqət yönəlirdi tearın direktoru ilə baş rejissorun dartışmasına. Bildiyimiz kimi, teatrlarda direktor və baş rejissor institutu fəaliyyət göstərirdi. Baş rejissor bu müəssisədə əsas yaradıcı hissənin rəhbəridir. Aktyorlarla işləyən birnömrəli adamdır. Deməli, əslində, teatrın rəhbəri də elə baş rejissordur. Aktyorlar onun rəhbərliyi altında çalışırlar. Belə deyək ki, onun dediyi ilə oturub-dururlar. Teatrın inkişafı da baş rejissorun necə fəaliyyət göstərməsindən asılıdır.
Bəs onda direktor kimdir? Teatrların direktorları dövlətin möhrünü öz seyfində saxlayan məmurdur. Deməli, direktor əsasən yaradıcılıqdan kənarda dayanan məmur olur. Bu səbəbdən də baş rejissorla teatrın direktoru arasında mübarizə baş verirdi. Məsələn, baş rejissor deyirdi ki, aktyorun ayaqqabısı qızıldan olmalıdır. Direktor isə deyirdi ki, mənim sizə veriləcək pulum yoxdur...
İ.Soltan bildirib ki, baş rejissorun səlahiyyətlərini yalnız direktorla məhdudlaşdırmırdılar: "Bundan başqa, teatrlarda ikinci tərəfdə, bədii şura deyilən qurum da var idi. Bədii şuranın üzvləri yalnız teatrın qabaqcıl aktyorlarından, rejissorlarından ibarət olmurdu. Hətta teatrı anlamayan adamlardan da təyin olunurdu. Deyək ki, öz sahəsinin qabaqcıl işçilərindən. Misal üçün, Ömər Ağayev uzun müddət teatrlardan birinin bədii şurasının üzvü olub. Teatrı anlamayan, teatrdan xəbəri olmayan qabaqcıl əmək adamları bədii şurada təmsil olunan "ziyalı"lar da teatrın işinə mane olurdular. Baş rejissorun hər hansı mütərəqqi ideyası direktorun göstərişi ilə bədii şura tərəfindən bloklanırdı. Beləliklə, teatrın başı qarışırdı yersiz mübahisəyə, dartışmaya...
Sizə "Titanik" filmindən bir səhnəni xatırladım. Gəminin suya qərq olacağını bilən hər kəs bir yolla xilas olmağa çalışır. Kimi çemodanını götürüb qaçır, kimisi pulunu. Yalnız gəmidə olan kvartet öz işlərini aramsız olaraq sona kimi davam etdirir, ölümlərini musiqi ilə qarşılayırlar. Onlar ölümü görmürlər, musiqi ifa edirlər. Amma onlar həm də ölümü gözləyirlər. Əsl yaradıcı adam bu cür olmalıdır. Əsl yaradıcı insan özünü fəda etməyi bacarmalıdır...
Çox sevindiricidir ki, son vaxtlar ölkəmizdə teatrı, yaradıcılığı anlayan adamlar iş başına gətirilir. Bu da öz nəticəsini verir..."
Direktor deyir ki, region teatrının öz çətinliyi var: ixtisaslı, peşəkar kadrlar region teatrlarına gəlmək istəmirlər. Bir diqqət edin. Bu gün teatrımızın baş rejissoru yoxdur, baş rəssamı yoxdur. Direktorun iki müavini olmalıdır, yoxdur. Teatrın bədii rəhbəri yoxdur. Bunları qoyaq bir kənara. Teatrın 35 aktyorundan cəmisi 4, ya 5 nəfərinin aktyorluq təhsili var. Bu işin bir tərəfidir. Bu bir faktdır ki, uzun müddət kim iş axtarıbsa, əlacsızlıqdan "adını" yazdırıb bura. İndi də başımıza bir bəla olublar...
Əslində, teatr ömrü boyu mübarizə aparır. Teatrı dövlət ailəsinin ərköyün övladına da bənzətmək olar. Ağıllı işləri ilə yanaşı, cığallığı da, çılğınlığı da olur. Buna da dözməliyik.
Mingəçevir Dövlət Dram Teatrının yaşı heç də az deyil. 1968-ci ildə yaradılan bu sənət ocağı 1969-cu il martın 28-də Cəfər Cabbarlının "Almaz" əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb. Yarandığı gündən repertuarında milli, klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı Türkiyə, rus və dünya dramaturgiyasına da müraciət edib. Bu illər ərzində yaradıcı kollektiv dünya və Azərbaycan dramaturgiyasının 300-ə yaxın əsərinə səhnə həyatı verib. Teatr respublikamızın əksər şəhər və rayonlarına, eləcə də Türkiyə, Gürcüstan və Rusiyaya qastrol səfərləri edib, respublika festivallarının iştirakçısı və qalibi olub.
Söhbətimizi qocaman səhnə ustası, respublikanın Xalq artisti Ella Yaqubova ilə davam etdiririk. Ella xanım söhbətə ötən günlərini yada salmaqla başlayır:
- Atam hərbçi olub. Müharibədə ağır yaralanıb. Ella adında bir polyak həkim atamı ölümdən xilas edib. O, müharibədən dönəndən sonra, 1946-cı ildə Gəncədə dünyaya gəlmişəm. Atam öz xilaskarının adını yaşatmaq üçün adımı Ella qoyub. Atam xidməti yerini dəyişdiyi üçün Bakıya köçməli olduq. Mən orta təhsilimi 44 nömrəli məktəbdə davam etdirdim. Qardaşım Yaqubla rəqsə gedirdik. Hətta televiziyada çıxışlarımız da olub. Atamın arzusu məni şərqşünas görmək idi. Mən isə aktrisa olmaq istəyirdim. Orta məktəbi bitirəndə ali məktəbə qəbul olmaq üçün sənəd verməyə gedəndə atam məni tək buraxmadı. Mənimlə universitetə getdi. Onun təkidi ilə sənədlərimi Şərqşünaslıq fakültəsinə verdik, amma mən qərarımda qəti idim. Bir qədər sonra atamdan xəbərsiz sənədlərimi alıb Krupskaya adına Mədəni Maarif Texnikumunun Aktyorluq fakültəsinə verdim. Valideynlərim elə bilirdilər ki, universitetin Şərqşünaslıq fakültəsində oxuyuram. 1941-1945-ci illər müharibəsinin ildönümü münasibətilə "Gənc qvardiya" tamaşasını hazırlamışdıq. Tamaşa televizorda göstərilirdi. Atam məni görüb təəccüblənmişdi. Hətta çox əsəbiləşmişdi də... Amma mən öz geridönməz seçimimi etmişdim. Təhsilimi başa vurub Gəncəyə qayıtdım. Gəncə teatrında 3 il işlədim.
1968-ci ildə bir tədbirdə teatrın aktyoru Qurbanla birlikdə aparıcılıq edirdim. Tədbirin sonunda Mingəçevir Xalq Deputatları Sovetinin sədri Zülyha Həsənova yaxınlaşıb məni bağrına basdı: "Qızım, sənin çıxışın çox xoşuma gəldi. Bizim sənin kimi istedadlı gənclərə ehtiyacımız var. Səni özümlə Mingəçevirə aparacağam", - söylədi. Dedim ki, axı Mingəçevirdə teatr yoxdur. Cavab verdi ki, Mingəçevirdə dram teatrı açılır. Beləliklə, təklifi qəbul edib Mingəçevirə gəldim. Teatrın ilk tamaşasında Almaz rolunu mənə verdilər... O gündən Mingəçevir Dram Teatrının bütün tamaşalarında rol almışam.
Qocaman səhnə ustası deyir ki, bu gün də səhnədəyəm: "Məni yaşadan da elə səhnədir. Səhnə adamına nə lazımdır: tamaşaçı alqışı, diqqət. Biz sənət adamları əməyimizə görə nə qədər pul alacağımızdan çox oynadığımız rol nə qədər tamaşaçının ürəyinə yatacağını düşünürük. Açığını deyim ki, dövlətimizin qayğısını da istəyirik. Sağ olsunlar, məni dəyərləndiriblər. Region teatrının aktrisasıyam, Xalq artisti fəxri adım var..."
Mingəçevir Dram Teatrında ötən illərdə "Almaz" (C.Cabbarlı), "Hacı Qara" (M.F.Axundzadə), "Eşq və İntiqam", "Laçın yuvası" (S.S.Axundov), "Həmyerlilər" (A.Məmmədov), "Fərhad və Şirin", "Vaqif" (S.Vurğun), "Yağışdan çıxdıq yağmura düşdük" (N.B.Vəzirov), "Kəndçi qızı" (M.İbrahimov), "Cavanşir", "Şeyx Şamil" (M.Hüseyn), "Qətl günü" (Y.Səmədoğlu), eləcə də "Ezop" (Q.Fiqeyredo), "Toros canavarı" (Ə.Nesin), "Müfəttiş", "Evlənmə" (N.Qoqol), "Ayrılmaq anı" (M.Bayciyev) kimi əsərlər müvəffəqiyyətlə tamaşaya qoyulub, seyrçi rəğbətini qazanıb, mətbuatda geniş işıqlandırılıb. Hüseyn Cavidin "Ana" əsərinin tamaşası isə 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı ilə klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
2018-ci il oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Mingəçevir Dövlət Dram Teatrında olarkən bir məqama da şahidlik etdik. Mehribanlıq, səmimiyyət... Sanki bu kiçik kollektivi birləşdirən, bütün çətinliklərə sinə gərməyə də güc verən bu idi.
Elşən QƏNİYEV,
"Azərbaycan"