Neft kapitalı xalqın rifahına xidmət edir
Hazırda dünya enerji keçidi dövrünü yaşayır. Ekoloji cəhətdən təmiz olan "yaşıl enerji" layihələri getdikcə geniş vüsət alır. Dərin biliyə və uzaqgörənlik qabiliyyətinə malik bir çox mütəxəssis vurğulayır ki, bununla yanaşı, bəşəriyyətə neft və qaz da hələ uzun müddət lazım olacaq. Hərçənd müxtəlif yerlərdə bəzi dairələr neft və qazın atmosferi çirkləndirdiyini bəhanə gətirərək yanacaq enerjisini gözdən salmağa cəhd edirlər.
Azərbaycan da karbohidrogen ehtiyatları bol olan, onları hasil və ixrac edən ölkələr sırasında dayandığı üçün Prezident İlham Əliyev bir sıra mötəbər tədbirlərdə həmin dairələrə tutarlı cavab verib. Belə ki, əsas məsələ onlardan necə istifadə etməkdir. Bizdə bu sərvət müxtəlif vasitələrlə cəmiyyətə yönəldilib, inklüziv cəmiyyət qurulub, yoxsulluq 50 faizdən 5 faizə endirilib. Xarici borc təxminən 100 faizdən 7,7 faizə düşüb. Üstəlik də enerji keçidi məsələsində irəlidəyik, "yaşıl gündəliy"imiz artıq hamıya bəllidir. Eyni zamanda ölkəmizin iqtisadiyyatında neft-qaz sektoru önəmli rol oynamaqda davam edir.
Keçən il sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezidentimiz neft hasilatının sabit saxlanılmasının vacibliyini qeyd etmişdir: "Gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".
Dövlət başçısı bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələyə bir daha toxunaraq bildirmişdir ki, son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişik və aparılan danışıqların, göstərilən səylərin nəticəsində artıq bu tənəzzülə son qoyulacaq, hasilat sabit qalacaq. Nəticədə bundan sonra hasilatın azalması ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.
Ölkəmizdə neft və qazdan əldə olunan gəlirlər xalqın rifahına yönəldilir. Başqa sözlə, son illər ərzində Azərbaycan neft kapitalını insan kapitalına çevirə bildi. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin yaratdığı Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanan vəsaitlər ölkəmizin ən ümdə problemlərinin həllinə yönəldildi. O cümlədən vaxtilə erməni vandalları tərəfindən yurd-yuvasından didərgin salınmış minlərlə soydaşımıza sahib çıxan dövlətimiz neftdən əldə olunan gəlirlərlə ilk növbədə onlar üçün 100-dən çox qəsəbə tikdirdi. Bircə çadır şəhərciyi belə qalmadı. Oğuz, Qəbələ bölgələrindən paytaxtacan su kəməri çəkdi, Abşeron yarımadasının sakinlərini əsl bulaq suyu ilə təmin etdi. Neçə-neçə azərbaycanlı gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsilini dəstəklədi. Yeni yollar çəkdi, körpülər saldı...
"Əsrin müqaviləsi" neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan verdi. Kənd təsərrüfatı, unudulmuş, tənəzzülə uğramış digər sahələr dirçəldildi.
"Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox Olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır". Prezidentimiz bu sözləri səkkiz il əvvəl, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi üzrə sazişin müddəti 2050-ci ilin əvvəlinədək uzadılarkən - "Yeni əsrin müqaviləsi" imzalanarkən deyib. Ondan sonrakı nailiyyətlərimizi isə saymaqla bitməz.
Ən başlıcası, Azərbaycan 30 illik işğala son qoyub, düşməni qovaraq əzəli-əbədi torpaqlarına qayıdıb. Belə ki, neftdən əldə olunan gəlirlər o cümlədən Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Prezident İlham Əliyevin bu barədə dediklərinə də diqqət yetirək: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".
Görək "Əsrin müqaviləsi"nin gətirdiyi misilsiz bəhrələri mütəxəssis necə dəyərləndirir? BP-nin Xəzər regionunda xarici işlər və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli yazır: "Bu müqavilə dünyanın əsasən bütün iri neft və qaz şirkətlərinin iştirakı ilə bağlanmış 30-dan çox digər hasilatın pay bölgüsü sazişinin imzalanmasına yol açdı. Güclü və davamlı şəkildə artan iqtisadiyyatın yaranmasına töhfə verdi. Azərbaycan dövləti üçün bu iqtisadi artımı dəstəkləyən yeni əhəmiyyətli gəlir mənbəyi təmin etdi. Ölkənin beynəlxalq aləmlə qurduğu yeni ticarət əlaqələrinə əhəmiyyətli dəstək göstərdi... Dünya səviyyəli istehsal, təlim və təhsil obyektlərinin yaradılmasına imkan verdi və ümumilikdə ölkədə peşə və bacarıq bazasını gücləndirdi. Rəqabətqabiliyyətli yerli təchizat zəncirinin formalaşmasını stimullaşdırdı. Yüksək təhsilli yerli mühəndislərin və dünya səviyyəli digər peşəkar kadrların yetişməsinə imkan yaratdı. Yerli tikinti sektorunda on minlərlə iş yeri açdı. Bacarıqların inkişafı, infra-struktur, təhsil və gəlirli biznes imkanları yaratmaqla yüzlərlə kənd icmasının davamlı inkişafına dəstək verdi".
BP-dən (Azərbaycanda ən iri neft, qaz və ixrac layihələrinin əməliyyatçısı) söz düşmüşkən qeyd edək ki, bu şirkət tərəfdaşları ilə birlikdə ölkəmizdə həm də geniş sosial sərmayə layihələri həyata keçirir. Məsələn, 2024-cü ilin ilk üç rübündə BP və onun operatoru olduğu layihələrdəki tərəfdaşları bu sosial proqramlara Azərbaycanda təqribən 0,8 milyon dollar vəsait xərcləyiblər. Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi sosial layihələrə ilin ilk üç rübündə təqribən 1 milyon dollar vəsait xərcləyib. BP və tərəfdaşları bu proqramları genişmiqyaslı əməliyyatların ayrılmaz bir hissəsi hesab edir, onları davamlı şəkildə həyata keçirirlər.
XX əsrin 90-cı illərində imzalanmış "Əsrin müqaviləsi"nin XXI əsrin ortasınadək uzadılması göstərir ki, bu, Ulu Öndər Heydər Əliyev dühası ilə həqiqətən də yüzilliklərə hesablanmış bir layihədir. Keçən ilin aprelindən həm də "Yeni əsrin müqaviləsi" çərçivəsində neft çıxarır və gəlir əldə edirik. AÇG-nin bir "vəd"i də var. Yaxın zamanlarda dərin laylarından qaz da verəcək.
Ümumilikdə isə Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Ən azı 100 il özümüzə də, bir sıra digər ölkələrə də yetər.
2017-ci il noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı"nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz qara qızılı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".
Prezidentimizin dediyi kimi, bütün bunlar bizə Allahın bəxşişidir. Dövlətimiz də, xalqımız da bu nemətlərin qədrini yaxşı bilir. Biz yenə də tikib qururuq. Vəhşi düşmənin caynağından azad etdiyimiz Qarabağımızda, Şərqi Zəngəzurumuzda şəhərlərimizi, kəndlərimizi yenidən abad məkana, yamyaşıl bağa, hətta "yaşıl enerji" zonasına çeviririk.
Flora SADIQLI,
"Azərbaycan"