Dünyanın diqqət mərkəzində olan Orta dəhlizin qlobal ticarət marşrutu kimi xüsusi önəm daşıdığı barədə çox yazılıb, çox danışılıb. Buna baxmayaraq bir daha xatırlatmaq istərdik ki, bu dəhliz yüklərin tez və təhlükəsiz çatdırılması ilə fərqlənir. O üzdən yük göndərən və yük qəbul edən tərəflər Orta dəhlizə üstünlük verirlər.
Onu da xatırladaq ki, marşrutun yeni fəaliyyətə başladığı dövrdə hamını maraqlandıran əsas məsələ yüklərin Xəzər dənizi üzərindən necə aşırılması idi. Çünki yüklərin Xəzərin və ümumiyyətlə, bütün su hövzələrinin bir sahilindən digərinə daşınması həm mürəkkəb, həm də vaxt aparan bir prosesdir. Dünya logistikasında "dar boğazlar" adlı bir termin var. Bu, yüklərin göndərilməsinin ləngidiyi bir nöqtə kimi başa düşülür, yəni "dar boğazlar" yüklərin vaxtında çatdırılmasına mane olur.
Bu baxımdan ilk dönəmlərdə Xəzər dənizi üzərindən yüklərin aşırılmasının problem olacağı da istisna deyildi. Lakin Prezident İlham Əliyev belə problemin yaranmasına imkan vermədi, vaxtında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasına qərar verməklə bu istisnanı, necə deyərlər, istisna etdi. Başqa sözlə, bununla yüklərin Xəzər aşırı mərhələsində "dar boğazlar" problemi aradan qalxmış oldu.
1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi üçün 400 hektar ərazi ayrıldı. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın "Van Oord" şirkəti həyata keçirdi. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160, dərinliyi 7 və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olundu. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verirdi.
Bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175, eni 12,5 metr olan əsas yanalma körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. 5 dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır.
Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacağı proqnozlaşdırılmışdır. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılması nəzərdə tutulmuşdur. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlər göstərmək mümkündür.
Hazırda Bakı Limanı Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı kimi yüklərin Şərqdən Qərbə və əks istiqamətə daşınmasında önəmli rol oynayır. Yeni Bakı Limanı ölkəmizi qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağı kimi beynəlxalq əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın müxtəlif rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlarla əlaqə qurmaq imkanını, həmçinin daşınan yüklərin həcmini artırır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə qovuşur:
Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3,2 faiz çoxdur. Bakı Limanından ötən il ərzində konteyner daşınmasında 73, ümumi yükaşırma həcmində 3, təkərli texnikanın daşınmasında 7 faizdən çox artım olub.
Keçən il ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. 2024-cü ildə Bakı Limanında 76,775 TEU ekvivaletində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 73 faizlik artım deməkdir. Ötən il Bakı Limanında qəbul edilən və yol salınan təkərli texnikaların sayı isə 58169 ədəd olub ki, bu da 2023-cü ildəkindən 7,2 faiz çoxdur. Eyni zamanda, 2024-cü ildə limanda aşırılan quru yükün həcmi 1 milyon 44 min tondan çox, vaqon sayı isə 37515-dən yüksək olub. Bu göstəricilər də əvvəlki illə müqayisədə çoxdur. Keçən il ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi, yəni 70 faizi tranzit yüklərin payına düşüb. Bu göstəricilər üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağın nəticəsidir.
Göründüyü kimi, liman Avropa və Asiya bazarlarına xidmət göstərərək bu qitələri birləşdirən mühüm beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edir.
Rüstəm KAMAL,
"Azərbaycan"