115-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların ən çox üz tutduğu mədəniyyət ocaqlarından biridir. Həmişə olduğu kimi, bu mövsümdə də teatrın yaradıcı kollektivi bir çox uğurlu layihələrə imza atdı.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev söhbət zamanı yaradıcı kollektivin fəaliyyətindən, həyata keçirilən layihələr və tamaşaya qoyulmuş əsərlərdən ətraflı söhbət açdı. Dedi ki, 2024-cü il Dövlət Akademik Musiqili Teatrı üçün olduqca uğurlu il kimi yadda qaldı. Həm repertuarda yer alan tamaşaların nümayişləri, həm də yeni səhnə əsərlərinin təqdimatı baxımından zəngin bir il yaşadıq. Həmişə olduğu kimi, 2024-cü ildə də teatrsevərlərin zövqünü oxşamağa, sənətimizə olan maraq və diqqəti artırmağa çalışdıq. Məqsədimizə də nail olduq. Teatrımızı bir-birindən maraqlı tamaşalarla həm ölkəmizdə, həm də xarici səfərlərdə uğurla təmsil etdik: "Ötən il repertuarımızda özünəməxsus yeri olan tamaşaların nümayişi ilə yanaşı, bir-birindən maraqlı yeni səhnə əsərləri də teatrsevərlərin ixtiyarına verildi. Tamaşaçılara təqdim olunan əsərlər "Adamın adamı" (Vasif Adıgözəlov, Anar, quruluşçu rejissor Əsgər Əsgərov), "Palata" (Anton Pavloviç Çexov, səhnələşdirən B.Osmanov, quruluşçu rejissor Ər-Toğrul), "Qadınım" (Tuncər Çücənoğlu, quruluşçu rejissor İradə Gözəlova), "Əliqulu bu gün evlənir" (O.Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal) tamaşaları, "Aysedora" (Zinovi Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev), "Killerdən teleqram" (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev), "İnanıram" (Ülviyyə Heydərova, rejissor Leonid Klets) monotamaşaları böyük alqışlarla qarşılandı. Ötən il ərsəyə gələn yeni səhnə əsərləri sırasında uşaqlar üçün "İki küpəgirən qarı" (Əli Əlizadə, Tatyana Karelina, Roman Sef, quruluşçu rejissor Əhəd Hacıyev) və "Evdə tək" (Kris Kolumbusun eyniadlı filmi əsasında, quruluşçu rejissor Zaur Əliyev) tamaşaları isə balacalar tərəfindən çox sevildi".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif mədəniyyət ocaqları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir. Teatrın direktoru bu barədə məlumat verərək bildirdi ki, ötən ilin mayında Moskvanın "Pyotr Fomenkonun Emalatxanası" teatrı qonağımız oldu. Kollektiv səfər zamanı dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan "Qurdlar və qoyunlar" (quruluşçu rejissoru Pyotr Fomenko) adlı iki hissəli komediyasını nümayiş etdirdi. Bundan başqa, teatrın yaradıcı heyəti ötən il ərzində həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə gedib, müxtəlif beynəlxalq festivallara qatılıb və böyük uğurlar qazanıb. Dostluq, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinə köklənmiş belə ənənələr hər il davam etdirilir və uğurlar qazanılır.
Söhbət zamanı onu da öyrəndik ki, 2024-cü ilin sentyabrında teatrın rəhbəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) XXV Opera Günləri çərçivəsində keçirdiyi tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. Onun Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) baş katibliyinin binasında TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının üçüncü iclasındakı çıxışı iştirakçılar tərəfindən maraqla dinlənilib.
Ötən il yaradıcı kollektivin qastrol səfərləri də çox uğurlu olub. Sentyabrın 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "Aysedora" (Z.Saqalov) monotamaşası Belarusun Brest şəhərində keçirilən 28-ci "Belaya Veja" Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirilib. Münsiflərin diqqətini cəlb etdiyinə görə tamaşa festivalın mükafatına layiq görülüb. Onu da bildirək ki, dünyanın 7 ölkəsindən 22 teatr kollektivinin qatıldığı bu festivalda ölkəmizi teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.
Həmçinin 2024-cü ilin sentyabrında teatrın solisti Rauf Babayev Qazaxıstanın Karaqanda şəhərində keçirilən "DosStar" XIII Açıq Operetta və Müzikl Festivalında iştirak edib, böyük uğur qazanıb. Aktyor Qazaxıstan, Rusiya, Özbəkistan və Macarıstanın tanınmış opera ulduzlarının iştirak etdiyi festivalda həm məşhur macar bəstəkarı İmre Kalmanın "Sirk Şahzadəsi" əsərində Toni Bonvil obrazını canlandırıb, həm də qala-konsertdə çıxış edib.
Oktyabrın 4-də isə teatrın yaradıcı heyəti Cəbrayıl Şəhər Günü münasibətilə keçirilən təntənəli bayram tədbirində dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ölməz əsəri olan "Arşın mal alan" (quruluşçu rejissor E.Mirzəyev, bərpaçı rejissor Ə.Hacıyev) operettasını təqdim edib.
Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) paytaxtımızda keçirildiyi günlərdə yaradıcı kollektiv tamaşaçıların qarşısına xüsusi seçilmiş repertuarla çıxmış, tanınmış aktyorların ifasında 3 dildə (Azərbaycan, rus, ingilis) nümayiş etdirilən səhnə əsərləri rəğbətlə qarşılanmışdı.
COP29-un ölkəmizin paytaxtında davam etdiyi günlərdə Qırğızıstanın incəsənət ustaları da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı oldular. Onlar ekoloji problemlərin mövcudluğuna diqqət çəkmək üçün "Adəm" adlı balet tamaşası ilə çıxış etdilər. Nümayiş olunan səhnə işi təbiətin harmoniyasının bərpası və "yaşıl dünya"nın qələbəsi ilə bitdi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Elə bu ərəfədə beynəlxalq tədbir çərçivəsində Bakıya gələn Esvatini Krallığının Kralı III Msvatinin xanımı Philile Thulile Dlamini teatrımızda qonaq oldu və buradan xoş təəssüratlarla ayrıldı.
Noyabr ayında teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirovanın rəhbərliyi altında teatrın yaradıcı heyəti Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında iştirak edib. Əməkdar artist Şövqi Hüseynovun təqdimatında "Killerdən teleqram" (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev) monotamaşası festival iştirakçılarının böyük marağına səbəb olub və bu beynəlxalq tədbirin təşkilatçıları tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.
Kollektiv dekabrın əvvəllərində Şəkidə keçirilən IV Beynəlxalq Teatr Festivalında da alqışlarla qarşılanıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlarda təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq bu festivala qatılan teatr "Molla Nəsrəddinin beş arvadı" (İbrahim Sadıqov, quruluşçu rejissor Əsgər Əsgərov) komediyasını təqdim edib.
Sənət ocağının yaradıcı kollektivi ötən il daha bir uğura imza ataraq "Qadınım" tamaşasını Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş etdirib. Xatırladaq ki, kollektiv bu tamaşa ilə may ayında Türkiyənin Konya şəhərində 16-cı dəfə keçirilən "Min nəfəs, bir səs" Teatr Festivalında da uğurla iştirak edib.
Aparılan işlərdən, tamaşaya qoyulan əsərlərdən, qazanılan mükafatlardan aydın görünən odur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi 2024-cü ili böyük uğurlarla yola salıb. İnanırıq ki, yaradıcı kollektiv belə bir fəaliyyəti 2025-ci ildə də davam etdirəcək. Yaradıcı heyət yeni layihələrlə, bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirəcək, onların zövqünü oxşayacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"