ABŞ-nin səlahiyyətləri başa çatmaqda olan hazırkı iqtidarının Azərbaycana qarşı bütün çirkin planları iflasa uğrayıb
ABŞ-nin hazırkı hakimiyyətinin sonuna sayılı günlər qalır. Siyasi təcrübə, elə ABŞ-nin tarixi də göstərir ki, belə günlərdə hakimiyyəti başa çatacaq siyasilər daha çox bütün cəmiyyət üçün məmnunluq doğuran qərarların qəbul edilməsinə çalışırlar. Belə bir xətt ölkənin xarici siyasətində də özünü göstərir.
Lakin bunu səlahiyyət müddəti başa çatmaqda olan Bayden administrasiyası barədə demək mümkün deyil. Elə bu günlərdə ABŞ-lə Ermənistan arasında imzalanan sazişdə yenə də "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi Entoni Blinkenin bu günə kimi həyata keçirdiyi dağıdıcı və riyakar siyasətin növbəti təzahürü oldu.
E.Blinken vəzifəsinin son günlərində də ABŞ-nin maraq və mənafelərinə zərbə vurmaqla məşğuldur
Öncə onu qeyd edək ki, ABŞ-nin öz səlahiyyətini başa vurmaqda olan iqtidarı ötən 4 ildə qlobal səviyyədə ölkənin milli maraqlarını və nüfuzunu ciddi şəkildə zədələdiyi kimi, son günlərində də onilliklər boyu formalaşmış pozitiv siyasi ənənələrə qarşı çıxmaqdadır. Bir neçə gündən sonra öz postunu tərk edəcək dövlət katibi Entoni Blinken son günlərində də dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqla, ölkəyə rəhbərliyə başlayacaq Prezident Donald Tramp komandası üçün müxtəlif problemlər yaratmaqla, bir sözlə, ənənəvi riyakarlığını davam etdirməklə məşğuldur. Bunun da adı siyasi cılızlıqdan və mənəviyyatsızlıqdan başqa bir şey deyil. Müqəvvadan başqa bir şey olmayan, bütün siyasi fəaliyyəti boyu korrupsiya girdabından çıxa bilməyən, ailəsinin, oğlunun adı demək olar ki, yalnız kriminal hallarda, maliyyə maxinasiyalarında çəkilən C.Bayden kimisinin hakimiyyətinin belə vəziyyəti heç də təəccüblü olmamalıdır. Mənəviyyatdan, siyasi etikadan, hamılıqla qəbul olunmuş yüksək dəyərlərdən uzaq olanların xisləti elə ABŞ-nin siyasi kursunda da özünü göstərməkdədir.
Son dörd ilin qlobal mənzərəsi bunu deməyə bir daha əsas verir. Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa - bir sözlə, dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır.
Son 30 ildə dünyanın müxtəlif ölkələrində baş verən hakimiyyət çevrilişləri əsasən, ABŞ-nin layihələri əsasında reallaşıb. Belə ölkələrdə Sorosun, USAID-in planları ilə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə birbaşa hərbi təcavüz edilir. Bir müddət əvvəl USAID-in Gürcüstanda hakimiyyət çevrilişinə cəhd göstərməsi bütün dünyaya məlumdur. Amma ABŞ-nin Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.
Ümumiyyətlə, adında inkişaf əksini tapsa da, USAID-in fəaliyyət göstərdiyi bütün ölkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olduğu dəfələrlə öz təsdiqini tapıb. Keçmiş Sovet İttifaqının bir çox ölkəsində bu təşkilatın adı hər zaman siyasi proseslərə açıq müdaxilədə, hakimiyyət çevrilişlərinə cəhdlərdə və bütün bunlar üçün gənclərin radikal şəkildə yönləndirilməsi və s. hallanıb.
Gürcüstan və digər ölkələrdə USAİD-in iştirakı ilə ortaya çıxan problemlər müxtəlif formalarda bir vaxtlar Azərbaycanda da yaşanıb. USAİD maliyyə ayırdığı, dəstəklədiyi təşkilatlar vasitəsilə təmsil etdiyi siyasi mərkəzlərin maraqları naminə respublikamızda da pozuculuq fəaliyyəti həyata keçirməyə çalışıb. Əlbəttə, Azərbaycan güclü dövlətdir, cəmiyyətimiz sağlamdır, milli və dövlətçilik amalları uğrunda səfərbərdir. Buna görə USAİD kimi təşkilatların bütün antimilli fəaliyyətləri Azərbaycanda hər zaman fiaskoya uğrayıb.
Bütün bunlar ABŞ-də Bayden hakimiyyəti dövründə daha geniş vüsət alıb. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident C.Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi əksər mənfi keyfiyyətlərin daşıyıcısı olan E.Blinkendir. ABŞ prezidentinin özünü idarə edə bilmədiyi bir şəraitdə E.Blinken yalnız və yalnız öz dövlətinin milli maraqlarını bütün dünyada məhv etməklə məşğul olub.
Ukraynada baş verənlər, yüz minlərlə ukraynalının qanı Bayden administrasiyasının, birbaşa E.Blinkenin üzərindədir.
Yaxın Şərqdə baş verənlər də dünyanı "qandırmaq" istəyən Blinkenin oyunlarıdır. O, Qəzzada, Livanda baş verən faciənin baiskarıdır, əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb.
Ona görə də bu gün dünya xalqları ABŞ-yə inanmır və bu ölkəni qarışıqlıq, təcavüz, böhran, faciə, siyasi və iqtisadi kataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər. Bu, Bayden administrasiyasının və Blinkenin son dörd ildəki fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət həm Amerika, həm onun dünyada imici üçün çox baha başa gəldi və həm də iqtidarı qazanmış Donald Trampın işini çox ağırlaşdıracaq.
E.Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə, feminizm, LGBT ideyalarının hökmranlığına aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biridir. Təsadüfi deyil ki, Bayden administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da var.
Bayden administrasiyası Azərbaycanın qələbəsini həzm edə bilmir
E.Blinkenin Azərbaycanla bağlı riyakarlıqları ABŞ-nin Azərbaycanın öz haqlı mübarizəsinə olan siyasi mövqeyində daha çox özünü göstərib. Ümumiyyətlə, tarixi təcrübə, eləcə də Vətən müharibəsindən sonrakı proseslər Azərbaycan cəmiyyətində ABŞ-lə bağlı konkret rəy formalaşdırıb. Bu da ondan ibarətdir ki, Vaşinqton artıq həllini tapmış Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb. Bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri olsa da, problemin ədalətli həllinə heç bir təşəbbüs göstərməyib. Əksinə, ABŞ-nin ortaya qoyduğu mövqe Ermənistanın işğal siyasətinin dəstəklənməsinə xidmət edib.
Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və xüsusən də öz əraziləri üzərində milli suverenliyini bərpa etməsindən sonra erməni məkrinin digər ünvanı olan ABŞ öz antiazərbaycançı simasını ortaya qoyaraq, ölkəmizə qarşı riyakar davranışlarını açıq müstəviyə çıxarıb. Bu gün ABŞ erməni separatizminin darmadağın edilməsinə görə Azərbaycanı ittiham edir. Bu ölkənin siyasi dairələri Azərbaycanın öz əraziləri üzərində milli suverenliyini bərpa etməsi ilə razılaşa bilmirlər. Bunun bir neçə gün əvvəl Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinkenin imzaladıqları iki ölkə arasında strateji tərəfdaşlıq sazişi də təsdiq edir. Sazişdə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi çox güman ki, ABŞ Dövlət katibinin şəxsi təşəbbüsüdür və bu onun antiazərbaycançı mövqeyindən irəli gəlir. Əlbəttə, bu sazişin Bayden hakimiyyətinin son günlərində imzalanması da maraq doğurur. Çünki məhz belə bir ərəfədə imzalanan sazişə Prezident Donald Trampın nə dərəcədə diqqət yetirəcəyi də suallar yaradır.
Ümumilikdə isə bu saziş də göstərir ki, Bayden hakimiyyəti Azərbaycanın Vətən müharibəsindəki qələbəsini, ərazi bütövlüyünün bərpasını qəbul etmək istəmir. Görünən həm də odur ki, E.Blinken heç vaxt Azərbaycanın regionda yaratdığı reallıqları həzm etməyib.
ABŞ-nin indiki hakimiyyətinin son illərdəki fəaliyyətinə nəzər salanda bunu görmək mümkündür. Sanki onların işi, gücü riyakarcasına Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlara kölgə salmaqdan, Ermənistanın maraqlarını müdafiə etməkdən ibarət olub. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Ermənistana səfərini yada salaq. O zaman onun bölgədəki vəziyyəti təhrif edən açıqlaması göstərdi ki, ABŞ ədaləti müdafiə etməkdən çox uzaqdır.
Bu hadisədən bir qədər sonra isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilmişdi. Həmin dinləmələrdə çıxış edən ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayn və qanunverici orqan nümayəndələri regionda sülh prosesinin davam etdirilməsinə maneələr törədən, düşmənçiliyi qızışdıran açıqlamalar vermişdilər. Qərəzli şəkildə Azərbaycanı hədəfə alan, ölkəmizin özünümüdafiə hüququndan istifadəsini tənqid edən həmin açıqlamalar bir daha təsdiq etdi ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilmir. Dinləmələrdə verilən açıqlamaların böhtan xarakterli məzmunu göstərdi ki, ABŞ rəsmiləri reallıq hissini itirərək, beynəlxalq hüquqa qarşı çıxır, Azərbaycanın öz milli haqqını bərpa etməsi ilə barışa bilmirlər.
2023-cü ildə ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı"nı qəbul etməsi, bədnam 907-ci düzəlişin icrasını hər il müvəqqəti dayandırmış ABŞ-nin bunu yenidən qüvvədə saxlaması bir daha Bayden və Blinkenin ermənipərəst xislətindən, onların Azərbaycana qarşı olan düşmən münasibətlərindən xəbər verir. Və bu münasibət ABŞ-nin milli maraqlarından yox, onların şəxsi niyyətlərindən irəli gəlir. Əlbəttə, bugünkü Azərbaycan 30 il əvvəlin Azərbaycanı deyil. Bugünkü Azərbaycan torpaqlarını işğaldan azad edən, öz milli haqqını qətiyyətlə qorumağı bacaran, müstəqil və cəsarətli bir dövlətdir. Azərbaycan həm də başqalarına əl tutan, kömək edən humanist ölkədir. Belə bir dövlətin isə ABŞ-nin hansısa yardımına da ehtiyacı yoxdur.
E.Blinken bu cür addımları ilə Azərbaycana təsir edəcəyini, Ermənistanın maraqlarını təmin edə biləcəyini düşünsə də yanılıb və Azərbaycan öz qətiyyətli yolu olan, ona qarşı istənilən riyakar davranışı layiqincə cavablandırmağa qadir ölkədir. Məsələn, hələ 2023-cü ildə Azərbaycan ABŞ-nin qərəzli və düşmən mövqeyinə görə Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində təklif olunan görüşün keçirilməsini mümkün hesab etməyib. Eyni zamanda Azərbaycanan yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfər etmələrinə əsassız qadağa qoyulmasına görə Azərbaycan da ABŞ rəsmilərinin ölkəmizə səfərinə qadağa qoyub.
2023-cü ilin noyabr ayında ABŞ Dövlət katibi E.Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi isə Azərbaycanın siyasi-diplomatik qələbəsinə çevrildi.
2024-cü ilin payızında Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeninin Dövlət katibi E.Blinkenə yazdığı məktub da bir daha ABŞ Dövlət katibinin siyasi riyakarlığını ortaya qoydu. Çünki Azərbaycana qarşı sankiyaların tətbiq edilməsinin vurğulandığı həmin məktub məhz E.Blinkenin özü tərəfindən hazırlanmışdı. Prezident İlham Əliyev ötən il oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşü zamanı bununla bağlı deyib: "O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri".
Azərbaycanın uğurlarına qara yaxmaq üçün ən iyrənc vasitələrə əl atıldı
Azərbaycana təsir etməklə bağlı bütün siyasi planları iflasa uğrayan ABŞ Blinkenin nəzarəti və USAİD-in təşkilatçılığı ilə ən iyrənc vasitələrə də əl atmaqdan çəkinməyib. Azərbaycanda müharibə əleyhinə hərəkatın - "NoWar"ın meydana çıxması USAİD və digər xarici təşkilatların fəaliyyətinin nəticəsi idi. Eyni zamanda "feminist"lərə, nəinki Azərbaycanda, bütün dünyada heç bir cəmiyyətin qəbul etmədiyi qeyri-əxlaqi əməllərə dəstək verməklə USAİD Bayden Administrasiyasının və şəxsən Blinkenin tapşırıqlarını yerinə yetirib.
Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırılması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni maraqlandırır. Onun əsas məqsədi gedən ayaqda bir sülhpərvər obrazı yaratmaq və çoxillik münaqişəyə son qoyan "sülh göyərçini" kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Amma alınmadı.
COP29 ərəfəsində ABŞ Azərbaycanın uğurlarına kölgə salmaq yolunu tutdu. Bu tədbir zamanı bütün dünya ABŞ və Avropa İttifaqının, Qərbin iqlim məsuliyyətindən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu.
ABŞ dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasətini Cənubi Qafqazda da reallaşdırmağa çalışır
Son dövrlərdə ABŞ-nin Ermənistan vasitəsilə Cənubi Qafqazda yeni gərginlik mənbəyinin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlərin başında da E.Blinkenin ermənipərəst sevgisi dayanır. ABŞ-nin hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Vaqner stilində fəaliyyət göstərən bir sıra şirkətlər bir müddət əvvəl Ermənistanda təlimlərə başlamışdılar. Eləcə də ABŞ-nin də dəstəyi ilə Ermənistanda militarizasiya proqramı həyata keçirilir.
Görünən odur ki, ABŞ dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasətini indi də Cənubi Qafqaz regionunda reallaşdırmağa çalışır. Ermənistan ordusunun yenidən qurulması, onun yeni silahlar, hərbi təyinatlı texnologiyalarla təmin olunması qeyd etdiyimiz kimi, xoşməramlı sayıla bilməz. Bu, Ermənistanı Azərbaycana və digər qonşu dövlətlərə qarşı müharibəyə hazırlamaqdan başqa bir şey deyil. Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyətinin yenidən təşkili də bu məqsədə xidmət edir. Avropa İttifaqının da bu prosesə dəstək verməsi və qoşulması kollektiv Qərb tərəfindən regionun yenidən müharibə ocağına çevrilməsi məqsədlərinə xidmət edir. 2024-cü il aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçirilən görüş də bunu təsdiqləyir. Deməli, Qərb Cənubi Qafqazda yaranmış yeni status-kvonu qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır.
ABŞ-yə qarşı son onilliklərdə beynəlxalq səviyyədə etimadsızlıq mühiti formalaşıb. Dünyanın bir çox yerlərində müharibələrin, siyasi kataklizmlərin, dövlət çevrilişlərinin baş verməsinin səbəbkarı məhz ABŞ-dir. Azərbaycana qarşı məlum davranışlarına görə isə ABŞ həm də özünün Qafqaz siyasətinə də böyük zərbə vurdu.
Bütün bunların fonunda görünən həm də odur ki, Bayden administrasiyası ümumiyyətlə yeni prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem qoyub getmək yolunu tutub. Təsadüfi deyil ki, Tramp administrasiyası dərin bataqlığa düşmüş, on minlərlə insanın ölümünə, milyonlarla insanın qaçqına çevrilməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsi kimi gərgin problemlərlə məşğul olmaq məcburiyyətindədir. Bayden administrasiyası, Blinken tarixdə qalacaqlar. Amma dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət nümunələri kimi.
"AZƏRBAYCAN"