Hamlet Xanızadə Qanlı Yanvar gecəsindən cəmi 13 gün sonra dünyasını dəyişdi
1941-ci ildə Bakının Şağan kəndində anadan olmuşdu. 49 yaşı vardı. Qanlı Yanvar gecəsindən cəmi 13 gün sonra dünyasını dəyişdi. 20 Yanvar hadisələri bu insanın sinəsinə sağalmaz bir dağ çəkmişdi.
Həmin hüznlü günlərin birində xalq özünün ən sevimli, ən dəyərli sənət xadimlərindən birini - respublikanın əməkdar artisti Hamlet Xanızadəni itirdi. Teatr və kino ictimaiyyətinin dərdinin üstünə bir dərd də gəldi.
1990-cı ilin o acı, dəhşətli olaylarından üzü bəri biz bu işıqlı şəxsiyyəti şəhid sənətkar adlandırırıq, xatirəsini Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizlə yanaşı ehtiramla yad edirik. Unudulmaz sənətkar artıq 35 ildir ki, aramızda yoxdur.
Hamlet Xanızadə Qanlı Yanvar hadisələrindən sonra qəlbində çox ağır bir yük gəzdirirdi. Yaradıcı insanlar çox həssas olurlar. Hər gün şəhidlərin məzarlarını ziyarət edir, dərin düşüncələrə dalırdı, böyük kədərə təsəlli tapmağa çalışırdı. "Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar" desə də o, içində qövr edən ağrı-acını çəkə bilmədi... Tükəndi və qəmi-kədəri ilə bu dünyadan köçüb getdi...
Taleyin hökmü: o, mütləq aktyor olmalıydı
Kiçik yaşlarından kinoya, teatra həvəs göstərmişdi. Böyüdükcə aktyorluq istedadı da üzə çıxmışdı. Atası Bəbir kişi həkim olsa da, teatra böyük marağı vardı. Elə buna görə də oğluna məşhur Şekspirin qəhrəmanının adını vermişdi.
Hamlet orta məktəbi bitirib, atasının yolunu davam etdirmək məqsədilə sənədlərini Tibb İnstitutuna verir. Amma daxil ola bilmir. Onun həyat yolunu bir təsadüf müəyyən edir. Günlərin birində belə bir elana rast gəlir: "Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdində ikiillik aktyorluq kursu açılır. Arzu edənlər dəvət olunurlar".
Kursda oxuyarkən görkəmli rejissor Adil İsgəndərovun Hamletin gələcəkdə bacarıqlı aktyor kimi yetişəcəyini deməsi gəncin bu sənətə həvəsini daha da artırır. Sən demə, taleyin hökmü belə imiş: o, mütləq aktyor olub şöhrətlənməli, tanınmalı, bu sənətdə öz dəst-xətini yaratmalı, imzasını qoymalı imiş.
O zaman hər şey çox sürətlə baş verirdi. Ötən əsrin 50-ci illərinin sonunda istedadlı gənc İncəsənət Universitetinə daxil olur. Hamlet ali məktəbdə yenə də Adil İsgəndərovla rastlaşır. Böyük sənətkar ona aktyor sənətinin sirlərini daha dərindən öyrədir. Gərgin məşqlər, yaradıcılıq axtarışları davam edir.
1961-ci il Hamletin həyatında əlamətdar hadisə ilə yadda qalır. Rejissor Tofiq Kazımov onu Akademik Dram Teatrında işləməyə dəvət edir. Rejissor ona V.Şekspirin "Antoni və Kleopatra" pyesində Sezarın sərkərdəsi Qall rolunu tapşırır. Hamlet bu rolu yüksək səviyyədə ifa edir.
Sənət dünyası bu gənc aktyoru öz doğması kimi qəbul edir. Hamlet Xanızadə çox tez sevilməyə, tanınmağa başlayır. Çünki o, xarakterlər yaradan aktyor idi. Sənətə əsrarəngiz bir dünya kimi baxırdı, ifa etdiyi obrazlarla yaşayırdı. Onun psixoloji cəhətdən bir-birinə bənzəməyən, böyük məharətlə yaratdığı rollar bu gün milli kino və teatr mədəniyyətimizin inciləri sayılır.
1970-ci ildə teatrda "Xəyyam" tamaşası hazırlanarkən rejissor Mehdi Məmmədov ona Həsən Səbbah rolunu həvalə edir. Bu rol gənc aktyora uğur qazandırır. İllər ötür, Hamletin yaradıcılıq bioqrafiyasına yeni-yeni maraqlı obrazların adı yazılır. İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Qlaqolev ("Kreml saatı"), Antonio ("Fırtına"), Topal Teymur ("Topal Teymur"), doktor ("Şöhrət və ya unudulan adam") və digər rollar yaradıcılığın çətin yolları ilə Hamlet Xanızadəni aktyor sənətinin zirvəsinə qaldırır. Aktyor İblis roluna görə isə Azərbaycan Dövlət mükafatına layiq görülür.
Bəzən Hamlet Xanızadəni Azərbaycan aktyorluq məktəbinin, teatr sənətinin Hüseyn Ərəblinskinin "Otello"sundan gələn xəttini davam etdirən istedadlı sənətkar adlandırırlar. Həmin xətt ki, orada Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Ələsgər Ələkbərovun ruhu, nəfəsi var. Bu qənaətdə ən maraqlısı ondan ibarətdir ki Hamlet Xanızadə o rolu heç vaxt ifa etməyib və təbii ki, burada söhbət onun daxilindəki "Otello" çılğınlığından gedir. Sənətkar narahatlığından, mənəvi-estetik paklıqdan gedir ki, onun səhnə təcəssümü də bu fikri oyadır.
Hamlet Xanızadənin səhnədə yaratdığı obrazları yada saldıqca dalğavari bir rəngarənglik görünür. Aktyor "Ölülər" əsərində bir neçə sözü olan xəstəni də oynayırdı, "İblis" tamaşasında İblisin mürəkkəb, psixoloji cəhətdən fərqli, təzadlı obrazını da yaradırdı. Bu, yalnız böyük aktyorlara xas olan xüsusiyyət idi.
Hər bir rola qəlbinin odunu bəxş edirdi
Mehdi Məmmədov Hüseyn Cavidin "İblis"ini tamaşaya qoyanda İblis obrazını iki aktyora - Həsənağa Turabova və Hamlet Xanızadəyə tapşırmışdı. Onların hər ikisi istedadlı, böyük yaradıcı potensiala malik sənətkar idi. İkisi də rolu uğurlu, amma bir-birindən fərqli oynayırdı. Hamletin oynadığı İblis əfsanələr, miflər, ruhlar aləmindən gəlməmişdi. O İblis həyatın içindən çıxmışdı. Elə bil aktyor göstərmək istəyirdi ki, mən sizin hər birinizin içindəyəm, insanların ürəyində, daxilindəyəm. İblis obrazı bir tərəfdən sanbalı, digər tərəfdən sadəliyi ilə seçilirdi. Həm Hamletin yaradıcılığında, həm də Azərbaycan teatr tarixində o, çox layiqli yerlərdən birini tutan obraz idi.
Unudulmaz sənətkar çox tamaşalarda oynayıb. Səhnədə Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Məlik Dadaşov və başqa korifeylərlə tərəfdaş olub, yaddaqalan obrazlar yaradıb. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"ndakı Molla Abbası, Səməd Vurğunun "Vaqif"indəki Qacarı, Nəriman Həsənzadənin "Atabəylər"indəki Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ındakı doktoru onun ifasında görənlər uzun müddət aktyoru da, obrazları da unuda bilmirlər. Onlar tamaşaçı qəlbinə yol tapan Hamleti sevirdilər, alqışlayırdılar, yeni rollarını səbirsizliklə gözləyirdilər. Onun rollarının sırasına nəzər yetirəndə heyrətlənməyə bilmirsən. Çünki məşqlərdə canını qoyurdu, hər bir rolu öz qəlbindən, daxili dünyasından keçirirdi, ən əsası, oynadığı obrazın mahiyyətini, dramaturqun məram və məqsədini dərk edirdi. Elə o üzdən məşq qurtarandan sonra xeyli vaxt özünə gələ bilmirdi.
İkinci istiqamət: o, kino üçün əsl tapıntı idi
Hamlet Xanızadənin teatr uğurları kinorejissorların diqqətini cəlb etməyə bilməzdi. Onun xarici görkəmi, kəskin və mənalı baxışları, daxilindən gələn paklığı, təmizliyi, mənəviyyatını əks etdirən üz cizgiləri kino üçün əsl tapıntı idi. Beləliklə, sevilən aktyorun yaradıcılığında ikinci bir istiqaməti onun kino sənətindəki xidmətləri təşkil edirdi. 80-ə yaxın filmdə irili-xırdalı xarakterlər yaratmış aktyor "Bir çənub şəhərində", "Bizim Cəbiş müəllim", "Burulğan", "Dağlarda döyüş", "Dədə Qorqud", "Doğma sahillər", "Ən vacib müsahibə", "Əzablı yollar", "Haray", "Qəm pəncərəsi", "Üzeyir ömrü", "Od içində" və s. filmlərdəki rolları ilə kinosevərlərin də məhəbbətini qazanmışdı.
İlk dəfə onu Həsən Seyidbəyli kəşf etmişdi. 1970-ci ildə "O qızı tapın" filmində kiçik bir rolu ifa edən Hamlet Xanızadə elə həmin il Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmində çəkilir. Burada Gəray bəyin "vuran əli" olan Gizir obrazını yaradır. Aktyor filmdə bu surətin bütün xarakterini önə çəkir və elə orijinal üslub seçir ki, onu filmin əsas qəhrəmanı səviyyəsinə qaldırır, güclü obraz kimi göstərir.
Rejissorlar çox vaxt onu mənfi rollara çəkirdilər. Bu da təsadüfi deyildi. Çünki obrazın ifası üçün sənətkarın seçdiyi üslub o qədər inandırıcı, həyati, təkrarolunmaz və reallığa yaxın olurdu ki, bunlar istər-istəməz tamaşaçılarda şər əməllərə qarşı nifrət hissi doğururdu. Ən mühümü o, qəhrəmanını hamının gözündə seçilənlərdən edirdi.
İnsan taleyinə biganə qalmayan xarakterləri oynamaq ona çox yaraşırdı. Rejissor Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmindəki Talıbov məhz belə qəhrəman idi. Hamleti 1972-ci ildə "Var olun, qızlar" filmində çəkən Eldar Quliyev onunla bir də "Babək"in çəkilişində görüşür. Bu tarixi filmdə onun ifa etdiyi Xəlifə Mötəsim rolu hadisələrin ümumi gedişinə təsir göstərən tarixi şəxsiyyətdir.
Aktyorun ən baxımlı ekran qəhrəmanlarından biri də "Arxadan vurulan zərbə" filmindəki İmaş obrazıdır. İmaş həyatın ağrı-acılarını görmüş insandır. Həbsxanaya da düşüb, müxtəlif, ən təhlükəli, riskli hadisələrdə adı da hallanıb, ən kiçik cinayətlərdə belə ondan şübhələniblər. Amma Qəmərlinskinin öldürülməsindən xəbəri yoxdur. Əyninə sırıqlı geyinmiş İmaşın taleyinə tamaşaçı biganə qala bilmir. Cəmiyyət bu insanı başa düşmür. Amma onun daxilində bir təmizlik, əxlaq var. Hamlet bunu koloritli bir obraz kimi yaradır, içindəki ziddiyyətləri tamaşaçıya çox real çatdırır.
Çəkildiyi filmlərin süjet xətti təlatümlü və daha mürəkkəb olduqca, rolları bir-birindən fərqləndikcə Hamlet oynadığı obrazların xarakterini daha dəqiq açıb göstərir, baxımlı edirdi. Məsələn, pulun hakim olduğu cəmiyyətin iç üzünü, eybəcərliklərini, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsiri, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı qüsurları açan "Qızıl uçurum" filmindəki Lütfəli bəy obrazında əyninə sırıqlı geyinmiş İmaşdan, yaxud Gizirdən, Xəlifə Mötəsimdən əsər-əlamət yoxdur.
Hamletin Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış "Qətl günü"ndə yaratdığı Sədi Əfəndi rolu da çox maraqlıdır. Aktyor zamanın min bir ağrılarını çəkmiş insanın daxili aləmini, iç dünyasını məharətlə açır. "Qətl günü" Hamlet yaradıcılığının finalı olur.
H.Xanızadə elə bir aktyor idi ki, istənilən rolda uğur qazana bilirdi. Bunun da səbəbləri vardı. Rejissorları yaxşı başa düşür və onlarla dil tapırdı. Səmimiyyəti ilə yanaşı, ciddiliyi, həssaslığı, yüksək məsuliyyət hissi və nəhayət, istedadı vardı.
Rejissor Rafiq Quliyev deyirdi: "Hamlet Xanızadə ilə onun son dəfə çəkildiyi "Qətl günü"ndə birgə işlədim: Filmdə bir səhnə var - Hamlet qəfəsdədir. Dönüb qəfəsdəki Hamleti iri planda çəkən zaman düz kameraya baxdı. Baxışından gördüm ki, o, artıq öz cəlladını gözləyir. Tərki-dünya olmuşdu..."
Təəssüf ki, 1990-cı ilin Qara Yanvarı bu istedadlı, sevimli aktyorumuzu əlimizdən aldı. Hamlet mənəvi yaralara dözməyib həyatına vida etdi, dərdlərimizin, ağrılarımızın şəhidinə çevrildi. Onun cənazəsini Şağan qəbiristanlığına aparan yollar həmin gün al qərənfillərə qərq olmuşdu.
O vaxtdan 35 il keçir. Bu illər ərzində H.Xanızadə nə qədər yeni obrazlar yaradardı, teatrımıza, kinomuza nə qədər töhfə verərdi?! Heyf! Belə ölümü heç kim gözləmirdi.
İradə ƏLİYEVA,
"Azərbaycan"