18 Yanvar 2025 08:50
123
Mədəniyyət
A- A+
Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi


"Mənim həyatımı uzun bir yola bənzətsək, bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu günlərim də olub, kədərli günlərim də. Bir sözlə, məşəqqətli və ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm". Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin (Cavanşirovanın) bu sözləri bu günlərdə 105 illiyi qeyd edilən məşhur aktrisanın həyat yolunu vərəqləməyə, teatr və kinomuza şöhrət gətirən səhifələrlə tanış olmağa imkan verir. 

Atası Ağalar bəy Abdı ağa oğlu Bədirbəyli Şəmkir bəylərinin nəslindən, anası Bikə xanım Musaxan qızı isə əsl xan qızı idi. Ağalar bəy əvvəlcə Gəncədə gimnaziyada oxuyub. Sonra Rusiyada yüksək hərbi məktəb bitirib. Bakıda Xalq Daxili İşlər Komissarlığı sistemində çalışıb. Anası Bikə xanım Musaxan qızı isə ixtisasca həkim olub, hərbi hospitalda rəis müavini vəzifəsinədək yüksəlib. Ağalar bəyin kiçik qardaşı, Leyla Bədirbəylinin əmisi Xanlar bəy də gimnaziyada oxuyub, XDİK-in yüksək hərbi təhsilli zabiti işləyib. Bir sözlə, Leyla Bədirbəyli ziyalı ailəsində doğulub, Bakıda 132 nömrəli orta məktəbi bitirib.

Həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisasının istedadının üzə çıxdığı ilk sahə də məhz rəqs olur. Xüsusi rəqs bacarığına malik olan Leyla xanım Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

O, səhnəyə ilk dəfə 8 yaşında çıxır. Bakının keçmiş Poluxin küçəsində yerləşən Mərkəzi Kəndçi Evinin səhnəsində "Coşqun" tamaşasında Coşqunun bacısı rolu onun ifasında maraqla qarşılanır. Leylanın anası bu mədəniyyət evinin tibb məntəqəsində işləyirmiş. O, tez-tez balaca Leylanı özü ilə iş yerinə aparar, qız da həvəskar aktyorların məşqlərinə maraqla baxırmış. Bir gün dərnəyin rejissoru Əlisəttar Babayevin "görürəm səhnəyə yaman həvəsin var, gəlsənə, özün kimi balaca bir rol tapşıraq sənə..." sözləri sonradan onun gələcək seçimini müəyyənləşdirir.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirərək Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. Aktrisa fitri istedada malik teatr ustası kimi, ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verməyi bacarmışdır.

1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti kimi bu ansamblda "Bir dənəsən", "Naz eləmə", "Tərəkəmə" rəqslərini elə məharətlə ifa edir ki, tamaşaçılar böyük zövq alırlar. "Ayna" və "Bakının işıqları" filmlərində rol alan Leyla Bədirbəyli 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edilir. Aktrisa 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli obrazlar yaradır.

O, milli teatrımızın səhnəsində yaratdığı Sara ("Solğun çiçəklər"), Solmaz ("Od gəlini"), Şəlalə ("Yalan"), Dezdemona ("Otello"), Liza ("Canlı meyit"), Nərminə ("Göz həkimi") və başqa obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. Leyla Bədirbəyli tamaşalarda əsasən baş rolları ifa edib.

O, kinoya da çox erkən yaşlarında gəlib. Hələ yeniyetmə ikən moskvalı rejissor D.Vertovun "Lenin haqqında üç mahnı" sənədli filmində pioner qız rolunda çıxış edir. Aktrisa peşəkar teatr səhnəsinə gəlməzdən əvvəl, 1937-ci ildə "Dəcəl dəstə" filmində pioner dəstə rəhbəri, 1941-ci ildə "Səbuhi" filmində Tubu, 1942-ci ildə "Sovqat" filmində Ayna rollarında oynayır. Aktrisanın "Səbuhi" filminə rol almasının da maraqlı tarixçəsi var. O dövrün qəzet məqalələrindən məlum olur ki, "Film üçün aktyor seçmək rejissorları çox düşündürür. Onlar filarmoniyaya gedirlər. Məqsədləri Leyla Bədirbəylini bir daha rejissor gözü ilə yoxlamaq idi. Milli paltar geyinmiş Leylanı səhnədə görürlər. Azərbaycan xalq çalğı alətləri üçlüyünün müşayiəti ilə "Tərəkəmə" rəqsini elə məharətlə oynayırmış ki, rejissorlar dərhal səhnənin arxasına keçib Leyla ilə görüşürlər. Leylanın boy-buxunu, incə rəqsləri rejissorların xoşuna gəlmişdi".

1945-ci ildə "Arşın mal alan" filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir bəy Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Bu filmin yaranmasının da maraqlı tarixçəsi var. 1943-cü ildə Tehran konfransı zamanı İrana mədəni proqramla azərbaycanlı artistlər səfər edirlər. Onlar təsadüfən Hollivudda çəkilmiş "Arşın mal alan" filminin nümayişində olurlar. Filmdən sonra titrlərdə filmin rejissorunun Tiqranov, ssenari və musiqi müəllifinin isə Maqalyanın olduğu haqda yazıları oxuyurlar. Artistlər bunu Üzeyir bəy Hacıbəyliyə çatdırırlar. O isə "Arşın mal alan" operettasının Stalinin xoşuna gəldiyini bilərək, onun adına etiraz ünvanlayır. Qısa zamanda dahi bəstəkar Stalindən "Təklif edirəm, bizim öz, əsl sovet "Arşın mal alan" filmini çəkək" yazılı teleqram alır.

1945-ci ildə Stalinin göstərişi ilə Azərbaycanda əsər ekranlaşdırılır. Filmin ssenarisini Sabit Rəhman yazır, quruluşçu-rejissor vəzifələrinə isə Rza Təhmasib və Nikolay Leşenko təyin olunur. Bu işə cavabdehlik Mircəfər Bağırova həvalə edilir. Baş rollara artistlərin axtarışı başlayır. Bu zaman Rəşid Behbudov Bakıya qastrol səfərinə gəlir. Üzeyir bəy Hacıbəyli, Rza Təhmasib və Nikolay Leşenko onun konsertində olurlar. O zaman R.Behbudov öz konsert repertuarına "Arşın mal alan"dan iki musiqi nömrəsi - Əsgər və Vəlinin ifa etdikləri mahnıları daxil etmişdi. Əsgərin ariyasına Rəşidin ifasında qulaq asandan sonra onlar müğənnini filmdə çəkmək qərarına gəlirlər. Konsertdən sonra ona yaxınlaşan yaradıcı qrupun iştirakçıları sevinərək "Axır ki tapdıq…qarşımızda əsl tacir Əsgər durur!" deyirlər.

Gülçöhrə roluna Leyla Bədirbəyli dəvət edilir. Əvvəlcə 20 yaşlı rəqqasə çəkiliş qrupunun xoşuna gəlmir. Lakin Leyla filmdə çəkilməyi çox istəyir və bu səbəbdən Üzeyir bəy Hacıbəylinin yanına gələrək, Gülçöhrə rolunda çəkilməyi arzuladığını və bunun üçün gecə-gündüz işləməyə hazır olduğunu bildirir. Bəstəkar  rejissorlardan qızı təkrar "sınaqdan keçirməyi" xahiş edir.

Filmin ssenarisi 1944-cü il martın 22-də Moskvada təsdiq olunur. Ekran əsəri Bakı kinostudiyası tərəfindən Azərbaycan və rus dillərində çəkilməyə başlayır. Filmin çəkilişləri Mərdəkanda aparılır. Rəşid Behbudovun sözlərinə görə, Bakı camaatı film çəkildiyini eşitdikdə sandıqlarından bəy interyerinə layiq olan qab-qacaqları, paltarları çıxararaq çəkiliş meydançasına gətirirlər. Buna görə də bütün rekvizitlər - qızıl portsiqar, dəbdəbəli paltarlar, bəzək əşyaları, mebel, qab-qacaq hamısı həqiqi olur.

1945-ci il iyulun 5-də filmin yoxlanması zamanı Moskva komissiyasının üzvləri arasında münaqişə yaranır. Üzvlərdən biri filmi tənqid edərək yaradıcı qrupu Sibirə sürgünlə hədələyir. Toplantıda "bu, bəy-xan həyat tərzinin ideallaşdırılmasıdır", "çəkiliş reklama bənzəyir", "bu filmi çəkməklə nə məqsəd güdürdünüz?", "demək istəyirsiniz ki, inqilabdan öncə həyat bu qədər gözəl idi?" kimi ifadələr səsləndirirlər. Lakin bədii şuranın fikri ilə razı olmayan və filmin dünya miqyasında məşhur olacağını hesab edən Sergey Eyzenşteyn, filmin Stalinə nümayiş etdirilməsinə nail olur və ölkə rəhbəri ekran əsərini bəyənir. Stalin bəyəndikdən sonra film SSRİ səviyyəsində nümayiş etdirilməyə başlayır və əsərin yaradıcı kollektivi "Stalin" mükafatına layiq görülür. "Arşın mal alan" 136 ölkədə nümayiş olunur və 86 dilə dublyaj edilir. Təkcə SSRİ-də filmə 16 milyondan çox tamaşaçı baxır. Filmin büdcəsi 5 milyon 807 min rubl təşkil etdiyi halda, gəliri 5 milyard rublu aşır. 

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə film restavrasiya edilir və rəngli versiyaya keçirilir. Hollivud ustaları bir il ərzində bərpa ilə məşğul olurlar. Film yaradıcı heyətə, o cümlədən Gülçöhrə rolunda çəkilən Leyla Bədirbəyliyə böyük şöhrət gətirir. 

Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakar xidməti təkcə Gülçöhrə ilə bağlı deyil. 1940-cı illərdən etibarən ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirir.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən "Fətəli xan", "Dəli Kür", "Sevil", "Onun böyük ürəyi", "Dərviş Parisi partladır" filmlərində yaddaqalan obrazlar yaradır. O, "Azərbaycanfilm" kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin inkişafına kömək edir, onlara dəyərli məsləhətlərini verir.

Ötən əsrin 90-cı illərində, Qarabağ savaşının  qızğın çağlarında çox narahatlıq keçirirdi. Tez-tez hospitallara gedən, yaralı döyüşçülərlə söhbətində onlara maddi və mənəvi kömək göstərən Leyla xanım deyərdi: "Səhhətim imkan versə, günü bu gün cəbhəyə gedərəm". O zaman Leyla xanım nəinki hospitallara gedib yaralı əsgərlərimizin yanında olur, habelə tez-tez şəhid ailələri, qazilərlə də görüşürdü. Bunu özü üçün böyük savab hesab edirdi. Onun qəlbi vətən məhəbbəti ilə dolu idi. Çünki bütün ömrü boyu xalqına xidmət edən sənətkar onun Qarabağ nisgilli taleyinə biganə qala bilmirdi.  

Leyla xanım çoxlu sayda mükafata, fəxri fərman və hədiyyələrə, dövlət təltiflərinə layiq görülüb. Ən böyük mükafatı isə  çıxışından sonra sürəkli alqışlar, tamaşaçı sevgisi və xalq məhəbbəti olub...    

Belə demək mümkünsə, Allah-Təala ona hər şeyi nəsib etmişdi. Gözəllik, ailə səadəti, sənət uğuru. Bir sözlə, xoşbəxt həyatı var idi. Onu sevən və sevilən həyat yoldaşı, üç övladı - oğlu (Cavanşir) Elxan, qızları Lalə, Bikə və nəvələri. Sonbeşik qızına anası Bikə xanımın adını vermişdi. O, dünyada ən gözəl nemət olan analıq hissini yaşamışdı. Aktrisanı yaxından tanıyanlar deyirlər ki, Leyla Bədirbəylinin zahiri qədər daxili də gözəl olub. Həssaslığı, səmimiliyi, qəlbinin təmizliyi zahiri gözəlliyini tamamlayıb. "Azərbaycan gözəli" titulunu da ona bu gözəlliyini vəsf edərək veriblər.

Azərbaycan teatr sənətinə, milli kinoya işıq və əlvanlıq gətirən əfsanəvi aktrisa, respublikanın Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Leyla xanım Ağalar bəy qızı Bədirbəyli 1999-cu il noyabrın 23-də dünyasını dəyişir. 

Leyla xanım Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Birinci fəxri xiyabanda dəfn edilir. Məzar daşını düzəldən heykəltaraş zəng vuraraq abidənin üstünün necə yazılacağı barədə soruşanda, "Leyla xanımın o qədər fəxri adları, titulları var ki... Hamısından yaxşı Xalq artisti yazın" - deyə bildirirlər. Azərbaycan xalqı Leyla xanım Bədirbəylini həmişə böyük ehtiramla yad edir.  


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın  

11:37
18 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

11:35
18 Yanvar

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub  

11:25
18 Yanvar

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb  

11:13
18 Yanvar

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

09:30
18 Yanvar

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

09:22
18 Yanvar

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər  

09:17
18 Yanvar

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb

09:13
18 Yanvar

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər  

09:10
18 Yanvar

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb  

09:09
18 Yanvar

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!