Amma unudur ki, bu ona baha başa gələ bilər
2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistana qalib gəldi, onun silahlı qüvvələrini darmadağın etdi və qarşımızda diz çökdürdü. Qazanılan Zəfər nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Döyüşlərdə məğlub olan Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr 2020-ci il üçtərəfli razılaşma əsasında Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü.
Dünyada həmişə xoşməramlı təşəbbüslərlə çıxış edən Azərbaycan qalib dövlət kimi yenə də humanist addım ataraq sülh danışıqlarının aparılması üçün Ermənistana 5 baza prinsipi təqdim etdi. Bu prinsiplər beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə əsaslanırdı. Məğlub durumda olan Ermənistan ilkin mərhələdə bu baza prinsiplərini məqbul saydı. Amma bir müddətdən sonra rəsmi İrəvan fikrini dəyişərək əvvəlki mövqeyindən geri çəkildi. Onu himayə edən Qərb ölkələrinin diktəsi ilə oturub-duraraq müxtəlif bəhanələr uydura-uydura yanlış addımlar atmağa başladı. Bu addımlar isə sülhə, əmin-amanlığa xidmət etmirdi. Ermənistan bu prinsiplərdən yayınmaqla danışıqlar prosesini sonsuzluğa qədər uzatmağa çalışır. Rəsmi İrəvan bununla regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına bir çox maneələr yaradır.
Ermənistan danışıqlar prosesini uzatmaqla öz xalqına deyil, Qərb ölkələrinin və digər qüvvələrin maraqlarına xidmət edir. Sülhdən dəm vuran Ermənistan başda Fransa olmaqla həm Qərb ölkələrindən, həm də Hindistandan müxtəlif təyinatlı silahlar alır. Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş silahlı qüvvələrini bərpa etməyə çalışır. Bir əli ilə silah alır, bir əlini də özünü sülh müqaviləsinə imza atmaq istəyir kimi uzadır. Sual olunur ki, əgər Ermənistan sülh müqaviləsinin şərtləri ilə razıdırsa, onda niyə Qərb ölkələrindən silah alır? Yəqin ki, gizli maraqlar güdən Ermənistan yaranmış bu imkandan öz xeyrinə istifadə etməyə çalışır. Tərəfdarlarından həm maddi yardım, həm silah qoparmaq istəyir. Əsas məqsədləri də hansı yolla olursa-olsun, danışıqlar prosesini uzatmaq və hansısa bir "möcüzə"nin baş verəcəyini gözləməkdir. Təbiidir ki, möcüzələr də həmişə baş vermir. Baş verən proseslərin gedişi onu da aydın şəkildə göstərir ki, bu gün Ermənistan "naz" edib razılaşmadığı şərtlərə görə bir zaman Azərbaycana yalvarmalı olacaq. Nəhayət, Ermənistan ağlını başına yığıb dərk etməlidir ki, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır, onun bundan başqa yolu yoxdur. Bunu yaşadığımız bugünkü reallıq tələb edir, sülhə, əmin-amanlığa gedən bu yoldan kənara qaçmaq mümkün deyil.
Sülh müqaviləsi ilə bağlı Ermənistan hökuməti qarşısında qoyulan şərtlərdən biri də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət olunmasıdır. Çünki bu təşkilat beşinci ildir ki, fəaliyyət göstərmir. Fəaliyyət göstərdiyi dövrlərdə də Qarabağda heç vaxt sülhə nail ola bilmədi. Artıq Azərbaycan Qarabağ məsələsini öz gücü ilə həll edib. Buna görə də belə bir təşkilatın qalmasına lüzum yoxdur və təcili olaraq ləğv olunmalıdır. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki paylaşımında bildirib ki, hökumət bu məsələni ciddi şəkildə araşdırır. "Biz anlayırıq ki, əgər münaqişə mövcud deyilsə, bu münaqişənin həlli ilə məşğul olan formatın varlığının mənası nədir? Ancaq biz həmçinin əmin olmaq istəyirik ki, Azərbaycan bu yanaşma ilə hərəkət edir və onun "Qərbi Azərbaycan" termini kimi anlayışları inkişaf etdirmək cəhdləri Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzkar siyasətin bir hissəsi deyil". Mətbuat katibi daha sonra qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanıyır və bunu sülh müqaviləsi imzalamaqla bir daha təsdiq etməyə hazırdır. Erməni siyasətçiləri bu fikirləri yalnız dildə deyirlər, əməli işə gələndə isə müxtəlif bəhanələr uydurub masaya oturmurlar və beləliklə, siyasi oyunbazlıq yolu tutublar.
Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsindən dərhal sonra bu qurumun ləğvi məsələsini qaldırmış, bunu Azərbaycanın tələbinə çevirmiş və Ermənistana sülh müqaviləsinin şərtlərindən biri kimi irəli sürmüşdür. Bu addımı atmaqda əsas məqsəd Cənubi Qafqaza və Azərbaycan-Ermənistan arasında gedən proseslərə kənar aktorları, xüsusilə də açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirən Fransanı və ABŞ-ni buraxmamaq idi.
Sülh müqaviləsinin imzalanmasına maneçilik törədən şərtlərdən biri də Ermənistan konstitusiyasında zəruri dəyişikliklərin edilməsidir. Ermənistan dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, amma konstitusiyasında ölkəmizin ərazilərinə iddialarını saxlayır. Xatırladaq ki, 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası "Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə"ni qəbul edib. Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin "Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi bazası müəyyənləşdirilmişdi.
Bu gün Ermənistan müəyyən fikirlər səsləndirərək özünü sülh danışıqlarına gedən kimi göstərmək istəyir. Amma səsləndirilən bu fikirlər ölkənin konstitusiyasına uyğun gəlmir. Ermənistan sülh istəyirsə, əvvəlcə konstitusiyasına düzəliş etməlidir. Baş nazir Nikol Paşinyan müraciətlərinin birində deyib ki, Ermənistan konstitusiyası Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir. Azərbaycan isə bu qismən olan istinadı rədd edir. Onu ərazi bütovlüyünə iddia kimi qəbul edir və bunu Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür.
Ermənistan hakimiyyəti digər tərəfdən, orduda islahatlar aparır, müntəzəm olaraq silahlanır. Hindistandan, Fransadan, eləcə də başqa Qərb ölkələrindən silah alıb ölkəsinə gətirir. Düşmən ölkənin hərbləşməyə doğru getdiyi açıq şəkildə görünür. Göründüyü kimi, Paşinyan ənənəsinə sadiq qalaraq yenə də ikibaşlı oyun oynayır. Amma unudur ki, oynamağın vaxtı çoxdan keçib. Artıq bu qədər yetər. İndi Azərbaycanla sülh müqaviləsi imzalamaqdan ötrü Ermənistanın real addımlar atmağının zamanı gəlib. Azərbaycan həmişə sülhün tərəfdarı kimi çıxış edib, bu gün də ona sadiqdir, sözünün arxasında dayanır. Ermənistan özünün əsassız iddialarından əl çəkməli və beynəlxalq hüquqa söykənən sülhə imza atmalıdır. Əks halda, rəsmi İrəvan xoşagəlməz nəticələrlə üz-üzə qalacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"