18 Yanvar 2025 11:28
124
Mədəniyyət
A- A+
Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi


Bu gün Xalq artisti Eldar Quliyevin doğum günüdür


“Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmlər Eldar Quliyevin adı ilə bağlıdır. Onun çəkdiyi ekran əsərləri dünən olduğu kimi bu gün də sevilə-sevilə baxılır. Sözsüz ki, bütün zamanlarda da belə olacaq.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü tamam olur.

Fərdi təfəkkürünü, dünyagörüşünü kinoda əks etdirən, mürəkkəb münasibətlərə, qəliz həyat hekayələrinə məntiqli münasibət bildirən, insanları narahat edən müxtəlif səpkili problemləri, görmək istədiyi həyat tablolarını kino sənətində canlandıran realist sənətkar Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək… ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Rejissorun 1979-cu ildə çəkdiyi “Babək” filmi görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Babəkin həyat yolu və fəaliyyətini əks etdirən film, ən bahalı filmlər sırasında yer alıb. Eyni zamanda tarixi janrda çəkilən film kimi istər öz dövrünün istərsə də hazırkı dövrün qəhrəmanlıq simvoluna çevrilib. Xatırladaq ki, 60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalıdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini, həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…” kimi filmlərdə əksini tapıb.

Müsahibələrində “Federiko Fellininin filmlərinə vurulmuşdum. İstəyirdim ki, çəkdiyim filmlərin hər hansı bir epizodu onun filmlərinin epizoduna bənzəsin” deyən rejissor, məşhur “Bir cənub şəhərində” filmi ilə iddialı yaradıcılığını isbatladı, məntiqli əsaslarla da davam etdirdi. Bir il rəfdə qalan film haqqında “bilirdim ki, film nə vaxtsa nümayiş olunacaq” deyən sənətkar sonrakı filmlərini də daxili intuisiyasına, məntiqinə əsasən əminliklə kinosevərlərə töhfə etdi.

E.Quliyev filmləri haqqında danışarkən bir məqamı xüsusilə qeyd edib ki, heç bir filmində yalan danışmayıb: “Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”.

Eldar Quliyevin quruluş verdiyi ekran əsərləri gənc kinematoqrafçılar üçün məktəb, kinoşünaslar üçün tədqiqat obyekti, kinosevərlər üçünsə həyatın inikasıdır. Odur ki, onun ekranlaşdırdığı sənət əsərləri öz müəllifini daim yaşadacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir  

13:59
18 Yanvar

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub

13:59
18 Yanvar

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

13:47
18 Yanvar

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

13:33
18 Yanvar

Sabaha olan hava proqnozu açıqlanıb

13:30
18 Yanvar

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb  

13:16
18 Yanvar

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

13:15
18 Yanvar

20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz    

12:48
18 Yanvar

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

12:37
18 Yanvar

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

12:14
18 Yanvar

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın  

11:37
18 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

11:35
18 Yanvar

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub  

11:25
18 Yanvar

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb  

11:13
18 Yanvar

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!