20 Yanvar faciəsindən 35 il keçməsinə baxmayaraq, soyuq qış günündə imperiya əsgərlərinin xalqımızın övladlarına atdığı güllələrin yeri sağalmır. Hələ də güllələrin dəydiyi yerlərdən qan sızır. Elə buna görə də yaralar qaysaq bağlamır, sağalmır. Sağalmayan, qaysaq bağlamayan bu yaralar daim qəlbimizi göynədir, ürəyimizi yandırır, ağlamaqdan qızarmış gözlərimizin yaşı qurumur, baxışlarımızdan qəm süzülür.
Keçmiş sovet imperiyasının başımıza gətirdiyi 20 Yanvar faciəsinin üstündən illər karvanını çoxdan sürüb keçib. Amma bizə elə gəlir ki, bu qanlı hadisə 35 il əvvəl yox, elə dünən baş verib. Həmin gecə atılan güllələrin səsi, insanların hay-harayı, qışqırığı hələ də qulaqlarımızda səslənir. Dəhşət püskürən bu anlar həmişəlik olaraq yaddaşımıza hopub. Belə dəhşətli hadisələr isə heç vaxt unudulmur, yaddan çıxmır. Çünki yaddan çıxmayan bu tarix yaddaşımıza qanla yazılıb. Qanla yazılan tarix isə nə kitabların səhifələrindən, nə də yaddaşlardan silinir. Belə qanlı hadisələr özünə əbədilik qazanır, tarixin pozulmayan səhifələrində özünə dərin yer edir.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qanla yazıldı. Artıq illərin o üzündə qalmış həmin gecədə Bakıda və bir sıra regionlarda Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən biri yaşandı. Tarixə qovuşmuş keçmiş sovet imperiyasının ordusu heç bir xəbərdarlıq etmədən paytaxtımıza soxuldu. Onlar şəhərimizin küçələrini qana boyadılar, günahsız sakinləri gülləbaran etdilər, Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq üçün amansız qətllər törətdilər. Bu hərəkəti ilə keçmiş imperiya özünün qanlı sifətini və zorakılığını bir daha dünyaya göstərdi.
O günə qədər həm dərsliklərdə, həm də başqa kitablarda sovet ordusunun sülhsevər olduğu haqqında kifayət qədər həm bədii, həm də publisistik məqalələr yazılmışdı. Həmin yazılarda bu ordunun tərifi göylərə qaldırılmışdı. Amma sən demə, buna qədər imperiya ordusu haqqında yazılanların hamısı başdan-ayağa yalan imiş. 20 Yanvar hadisələri zamanı keçmiş sovet ordusunun əsgərləri, zabitləri qanlı əməlləri ilə bir daha göstərdilər ki, əvvəlki illər onlar haqqında yazılan təriflər həqiqəti əks etdirmir, hamısı yalan və uydurmadır. Əslində isə, keçmiş sovet ordusunun hərbçiləri sülhsevər deyil, qaniçən, insanlara ölüm gətirən vəhşiləşmişlərdir. Bir zamanlar haqlarında xoş sözlər yazılmış dərsliklərin və başqa əsərlərin üstündən onlar özləri soyuq bir qış gecəsində Bakıda tökdükləri qanla qırmızı xətt çəkdilər.
Xalqımız zaman-zaman tarixin sınaqlarından üzüağ çıxıb. Heç vaxt düşmənə, işğalçıya baş əyməyib, onun gücündən qorxub geri çəkilməyib. Həmişə başını ucadan-uca tutub, qamətini dik saxlayıb. Azərbaycan xalqı 1990-cı ilin 20 yanvarında tarixinin ən kədərli günlərindən birini yaşadı. Bir gecənin içində Bakının küçələri qana boyandı. Həmişə insanların əmin-amanlıq içində gəzdikləri, təbəssüm içində dolaşdıqları küçə və prospektlər həmin gecə atəş səslərinə büründü, havadan barıt qoxusu gəldi, yollar, dalanlar qana boyandı. Xalqımızın oğul və qızları heç bir günahı olmadan sovet əsgərləri tərəfindən güllələndi. Gecənin sakitliyində, soyuğunda şaqqıldayan silahlar neçə-neçə insanın həyat yoluna bir gecənin içində son qoydu.
Soyuq yanvar gecəsində güllələnmiş, öldürülmüş insanların sayını eşidəndə göy başımıza uçdu, yer ayağımızın altından qaçdı. Həmişə insanlara, insanlığa qarşı sevgi ilə döyünən ürəyimiz ağrıdı, kövrəkdən kövrək olan qəlbimiz göynədi, bu qanlı faciəyə baxan gözlərimizin yaşı qurumadı. Ölüm və qan püskürən 20 Yanvar gecəsində Bakıda, həmçinin ölkəmizin bir neçə rayonunda keçmiş imperiya əsgərləri tərəfindən 132 nəfər qətlə yetirilmişdi. 700 nəfərdən çox insan ağır yaralanmış və müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 12 nəfərin isə taleyi barədə heç bir məlumat yox idi. Şəhid olanlardan 123-ü kişi, 5-i qadın, 4-ü isə uşaq idi. Bu qanlı faciədə təkcə azərbaycanlılar deyil, şəhərimizdə yaşayan başqa millətlərin nümayəndələri də əsgərlərin atdığı güllələrin hədəfinə tuş gəlib şəhid olmuşdular. Əsgərlər hətta yaralıların xilasına tələsən həkimlərə də qıymışlar.
Hər il, hər zaman, həmişə böyük qürurla yada saldığımız, ehtiramla xatırladığımız bu tarix, bu gün təqvimə qara hərflərlə yazılıb. 20 Yanvar ölkəmizin hər yerində hüzn günü kimi qeyd olunur. Qanlı faciənin ildönümlərində tədris müəssisələrində, bütün idarə və təşkilatlarda şəhidləri anma mərasimləri keçirilir. Bu mərasimlərdə faciə qurbanlarının qəhrəmanlığından ətraflı danışılır, onların igidliyi, cəsarəti gələcək nəsillərə nümunə göstərilir.
Uzun illərdir ki, hər birimiz üçün müqəddəs ziyarətgaha, and yerinə çevrilmiş Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb. Burada əbədi məşəl yanır. Bu məşələ böyük iftixar və qürurla baxırıq. Heç vaxt sönməyən və sönməyəcək məşəl sanki şəhidlərin ruhuna işıq salır.
Əvvəlki illərdən fərqli olaraq bu gün daha uca səslə və qürurla deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır. Çünki onların illər əvvəl uğrunda şəhid olduqları müqəddəs amallar, ülvi arzular artıq çiçək açıb. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində Zəfər qazanmış, Qarabağı azad etmişdir. Bu gün biz alnıaçıq, başıuca ərazi bütövlüyü, suverenliyi bərpa olunmuş güclü, qüdrətli, daim inkişafda olan bir ölkədə yaşayırıq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"