Xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 yanvarıdır. Bu tarix Ümumxalq Hüzn Günü olaraq çağdaş tariximizə qanla yazılmış şanlı bir gündür. Xalqımızın heç vaxt unutmayacağı, həm də qürurla xatırlayacağı həmin tarix 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının zülmünə qarşı azadlıq mübarizəsinin doğuluşu ilə əlamətdardır.
1980-ci illərin sonlarında ölkəmizdə ictimai-siyasi vəziyyətin kəskinləşməsi, ittifaq rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Bu kəskinləşmənin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızı hiddətləndirmişdi. Qədim türk torpaqları olan indiki Ermənistandan 300 mindən çox soydaşımızın zorla ata-baba yurdundan qovulması Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda erməni separatizminin baş qaldırması Azərbaycanda milli-azadlıq mübadiləsinin başlanmasına səbəb oldu.
Ermənistanın sabiq prezidenti LevonTer-Petrosyan 32 il əvvəl azərbaycanlıların doğma yurdlarından deportasiyası ilə bağlı bu yaxınlarda yayımlanan çıxışı da bunu təsdiqləyir: "Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu", - fikirləri sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyət daşıdığını və bu cinayətlərin sistemli olaraq mütəşəkkil şəkildə törədilməsinə sübutdur.
Ötən əsrin 80-90-cı illərində nümayiş və mitinqlərdə əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin Levon Ter-Petrosiyanın da etiraf etdiyi qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zorla öz doğma yurdlarından qovulur, evləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi.
1990-cı ilin 19 yanvar gecəsi sovet rəhbərliyi hərbi güclə ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmış Azərbaycan xalqını susdurmaq istəsə də, atılan güllələr milli müqavimət sipərinə dəyərək qayıdıb imperiyanın öz ürəyinə sancıldı. Bu yaradan özünə gələ bilməyən imperiya iki il keçməmiş tarixin arxivinə gömüldü. Yetmiş il ölkəmizi işğal altında saxlayaraq istismar edən, Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin yerində əsarət səltənəti yaradan sovet rejimi zor və hiylə ilə çox şeyə nail olsa da, xalqımızın milli qürurunu yox edə bilmədi.
Elə buna görə də ən müasir texnika və silahlarla təchiz edilən ordu əliyalın xalqın qəzəb və nifrətini aşa bilməyərək rüsvaycasına məğlub oldu. Minlərlə dinc vətəndaş gülləbaran edilsə də, Bakıda, digər əyalətlərimizdə misli görünməmiş bir qətliam törədilsə də, insanlarımız əsarətin yeni zəncirini parçalayıb azadlıq savaşına qalxdı. Bu zaman milləti susdurmaq, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə həmin gün imperiya mərkəzi Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdi.
Günahsız vətəndaşlara qarşı sovet qoşunlarının bu hücumu 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının davamı idi.
Xalq hərbi rejim, fövqəladə vəziyyət şəraitində belə öz mübariz şəhidlərini çiyninə qaldıraraq dünyaya əyilməz iradəsini və milli ləyaqətini göstərdi. Bütün bu vəhşiliklərə rəğmən işğalçı kütləvi insan qırğınını gizlətmək istiqamətində növbəti cinayətinə əl atdı. Dövlət televiziyasının enerji bloku partladılaraq Azərbaycan informasiya blokadasına salındı. O zaman Azərbaycanın mərkəzə bağlı kölə rəhbərliyi qaçıb gizləndi, populist meydan qəhrəmanları yoxa çıxdı. Xalq özü qanla yazılmış yeni tarixinə sahib çıxaraq xəyanətkar imperiyaya birdəfəlik "yox!" dedi.
Həmin ağrılı-acılı günlərdə Azərbaycanın iradəsini, haqq səsini dünyaya çatdıran həqiqi liderə ehtiyac var idi və bu missiyanı ovaxtadək Vətəninə olan sədaqətini, xalqına sevgisini, müdrik fəaliyyəti ilə sübut etmiş Ulu Öndər Heydər Əliyev cəsarətlə yerinə yetirdi. Ümummilli Lider Bakıda silahlı ordu ilə üz-üzə gələn xalqın səsini imperiyanın mərkəzində, Moskvadakı Azərbaycanın Daimi Nümayəndəliyində kəskin şəkildə ifadə edərək dünyanı bu qırğın barədə məlumatlandırdı. Dahi şəxsiyyət Heydər Əliyev Qorbaçov başda olmaqla keçmiş ittifaq rəhbərliyini bu cinayətdə təqsirli bildi. Həyatı üçün yarana biləcək təhlükəyə baxmayaraq, xalqımızın böyük oğlunun dünyanı silkələyən məlum bəyanatı Azərbaycana göstərdiyi sədaqətin, xidmətin davamı idi. Ümumiyyətlə, Ulu Öndər harada yaşamasından, hansı vəzifədə olmasından asılı olmayaraq nümunə göstərirdi. Bu, lider-xalq vəhdətinin bütün coğrafi və siyasi məhdudiyyətlərə üstün gələn növbəti ifadəsi idi. Proseslər bir daha sübut etdi ki, Ulu Öndər düşmənçilik qəsdi ilə vəzifəsindən kənarlaşdırılmasaydı, xalqımız belə faciə yaşamayacaqdı.
Azərbaycana qarşı törədilən bu amansız qırğına təəssüflər olsun ki, siyasi qiymət çox gec verildi. O illərdə müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunanlar 20 Yanvar faciəsinə siyasi qiymət verməkdən belə çəkindilər. Xalq yenidən unudulmaz Heydər Əliyevin fədakarlığına şahidlik etdi. Ümummilli Liderin təkidli tələbi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə siyasi qiymət verdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasındakı tarixi çıxışında 1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı hərbi qətliam törədilməsi bir daha bəyan edildi.
1994-cü ilin yanvarında 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Ulu Öndərin imzaladığı fərman cəmiyyət tərəfindən məmnunluqla qarşılandı. 1994-cü il yanvarın 5-də isə Ulu Öndərin imzaladığı fərmanla Milli Məclis 20 Yanvar qətliamını müzakirəyə çıxararaq xalqımıza qarşı törədilmiş bu dəhşətli cinayətə siyasi qiymət verdi.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Bu, Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan İkinci Qarabağ savaşından sonra da müşahidə edilməkdədir. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, istər Birinci Qarabağ savaşında, istərsə 44 günlük Vətən müharibəsində şücaətlər göstərmiş əsgər və zabitlərin, şəhid ailələrinin, əlillərin sosial təminatı daha da möhkəmləndirilir. Onların mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına tikilən fərdi və yaşayış evlərinin sayı ildən-ilə artır.
Xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar, habelə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın da bu istiqamətdə həyata keçirdiyi tədbirlər yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ münaqişəsi ilə, xalqımızın qanlı tarixi 20 Yanvarla bağlı kitablar, bukletlər, albomlar nəşr olunur, filmlər çəkilir.
20 Yanvar müstəqillik eşqi ilə yaşayan xalqımızın mübarizə etirazına, qəhrəmanlıq tarixinə çevrildi. Azadlıq təşnəsi ilə düşmən tanklarının üzərinə əliyalın gedən bu xalq xarakter nümayiş etdirərək dünyanı heyran qoydu və təsdiqlədi ki, müqəddəs amalı uğrunda canını qurban verməyə hazırdır.
Rəhman SALMANLI,
"Azərbaycan"