Xalqımızın qan yaddaşından - 20 Yanvar hadisələrindən 35 il ötür. Ayın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə sovet ordusu Bakıya və Azərbaycanın bir neçə rayonuna qoşun yeridərək dinc əhalini qətlə yetirdi.
Yanvar faciəsi barədə danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarixçi Anar İsgəndərov qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu hadisədir: "20 Yanvar nə üçün baş verdi, bizdən nəyi aldı, bu hadisələrdən ibrət götürdüyümüz nə oldu? Yetmiş il ərzində sovet dövləti hər birimizi inandırmışdı ki, SSRİ onun vətənidir, Moskva onun paytaxtıdır, xalqlar arasında qardaşlıq, dostluq var və Azərbaycan da dost və qardaş xalqlardan biridir. Amma, əslində, 70 il ərzində təbliğ olunanlar kitablarda, dissertasiyalarda öz əksini tapsa da, real həyatda belə deyildi. Onun iç üzünü açan 1990-cı ilin 20 Yanvar faciəsi oldu. Bu tarix Azərbaycan xalqına göstərdi ki, bu ordu heç vaxt bizim ordu olmayıb, şimaldan heç vaxt Azərbaycana isti külək əsməyib".
Deputat qeyd edib ki, əsl həqiqət 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin xalqın əsl dövləti və müsəlman Şərqində ilk respublika olduğudur. AXC-nin ordusu Azərbaycan ordusu, hökuməti də Azərbaycan hökuməti olub. 1920-ci ilin aprelindən sonra müstəqil Azərbaycan dövləti devrildi və on minlərlə azərbaycanlı repressiyaya məruz qaldı. Gələn ordu Azərbaycanın var-dövlətini taladı və onun üzərinə əl qoydu. Ərazi Azərbaycanın olsa da, amma öz ərazisinin sahibi olmadı. 70 il Azərbaycan xalqı bu tarixi yaşadı və yazılanlar isə tamam başqa idi. 20 Yanvar hər şeyi göstərdi. Bu tarix faciədir, qırğındır, yüzlərlə dinc əhalinin qanı tökülüb. Bu tarix eyni zamanda ibrətli bir tarixdir. Bu tarix hər birimizi inandırdı ki, 70 il ərzində yaşayan dövlət totalitar, ədalətsiz bir rejimdir, o, Azərbaycan xalqının yaratdığı dövlət deyil və xalqı heç vaxt sevməyib. Ermənilərlə müqayisədə təbii ki, sovet tərəfi Ermənistanı müdafiə edirdi və Azərbaycanı qurban verirdi. Həmişə ağızdolusu danışardıq ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan nefti olmasaydı, sovet dövləti qalib gələ bilməzdi. Sonda isə bu dövlət həm Ermənistana, həm də Azərbaycana eyni gözlə baxdı.
A.İsgəndərov vurğulayıb ki, 1985-ci ildə Qorbaçov hakimiyyətə gələndən sonra onun üçün ən güclü şəxsiyyət, savadına qibtə etmək əvəzinə qısqandığı şəxs Heydər Əliyev idi. Ona görə də Heydər Əliyev 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırıldı və həmin ərəfədə də ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini ortaya atdılar. Sover rəhbərliyi də erməniləri müdafiə etdi. Kənardakı havadarları da Ermənistana hər cür yardım göstərdilər. Yanvar hadisələri də həmin dönəmdə baş verdi. "Dünənə qədər azadlıqdan, demokratiyadan danışan, xalqın ordusu deyilən bir ordu xalqı gülləbaran etdi, xalqı küçələrə çıxmağa belə qoymadı. Komendant saatı yaratdı, televiziyanın bloklarını partlatdı, bir sözlə, insanların televiziyada, bədii kinolarda gördüklərini sovet ordusu Azərbaycan xalqının başına gətirdi. Təbii ki, 20 Yanvar həm də Azərbaycan xalqını başa saldı ki, xalq və iqtidar birliyi olmasa, uğur qazanıla bilməz", - deyə o əlavə edib.
Həmin dövrdə Azərbaycan rəhbərliyi ilə xalqın maraqlarının üst-üstə düşmədiyini qeyd edən komitə sədri bildirib ki, əksəriyyət bütün ümidini Moskvaya bağlamışdı, lakin ziyalılar, demokratlar elə bu işin başında Moskvanın durduğunu başa düşürdülər. Təəssüflər olsun ki, bu qüvvələr birləşə bilmədi və ermənilər də bundan çox məharətlə istifadə etdilər. 20 Yanvar faciəsindən sonra Azərbaycan hakimiyyəti bu hadisənin üzərində çox dayanmaq istəmirdi. Hadisənin səhərisi Ulu Öndər Heydər Əliyev özünü və ailəsini təhlükəyə ataraq Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək Azərbaycan dilində sovet rəhbərliyini ittiham edən bəyanatla çıxış etdi. Heydər Əliyev həqiqəti dedi. 1990-cı ilin noyabrında Naxçıvanda Ali Məclisin sədri səviyyəsində o, 20 Yanvar hadisələrinə qiymət verdi. Azərbaycan hökumətindən, parlamentindən bu məsələyə baxılmasını tələb etdi.
Deputat bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələrinə bir daha siyasi və hüquqi qiymət verdi, əsl cinayətkarların iç üzü açıldı:
"20 Yanvar faciəsindən artıq 35 il keçir. Əgər 44 günlük Vətən müharibəsi baş verməsəydi, Azərbaycan 30 ildən sonra öz tarixi torpaqlarını qaytarmasaydı, onda 20 Yanvar şəhidlərinin qarşısında da günahkar olardıq. Azərbaycan Vətən müharibəsi ilə düşməni darmadağın etdi, şəhidlərin ruhu rahatlıq tapdı. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanı suveren dövlətə çevirdi, ərazilərimizdəki separatçı yuvanı darmadağın etməklə bütün şəhidlərin ruhu şad oldu, onların qisası alındı. Bu mənada 20 Yanvar Azərbaycan tarixində nə qədər ağır hadisə olsa da, qəhrəmanlıq tarixi daha böyükdür".
A.İsgəndərov bu gün orta, ali məktəblərdə 20 Yanvar hadisəsinin olduğu kimi tədris edildiyini deyib. Tarix o zaman tarix olur ki, insan onu unutmur. Tarixdən o vaxt nəticə çıxarmaq olur ki, o tarix tədris olunur. 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində baş vermiş qanlı hadisədir, amma bu gün xalq olaraq 20 Yanvar qəhrəmanları ilə öyünürük, şəhidlərin xatirəsini ehtiramla yad edirik. Azərbaycan artıq müstəqil və suveren dövlətdir. "Onların ideyalarını heç kim əllərindən alıb xalqı azadlıq hisslərindən məhrum edə bilmədi. Əksinə, xalq birləşdi və nəticədə "dəmir yumruğ"a çevrilərək 44 günlük müharibədə düşməni darmadağın etdi və havadarlarını məyus etdi", - deyə komitə sədri əlavə edib.
Deputat bildirib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, orduya malik dövlətdir. Azərbaycanı bu zirvələrə qaldıran Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, təcrübəsi ölkəmizin uğurlarını daha da artırır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"