19 Yanvar 2025 08:30
209
SİYASƏT
A- A+
Azadlıq mübarizəsinin zirvəsi

Azadlıq mübarizəsinin zirvəsi


1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Bu, öncədən planlaşdırılmış hərbi cinayət idi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Fövqəladə vəziyyətin yanvarın 20-də səhər saatlarında elan edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında həmin an əhali xəbərdar edilməmişdi. 

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla həyata keçirilmişdi. Bu əməliyyata rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra, yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki ona kimi keçirilən hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlaklar məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaklara həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. 

Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmışdı. Onlar kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. Bu qanlı faciədən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 

1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini Ümummilli Lider Heydər Əliyev verdi. Ulu Öndər Heydər Əliyev Bakıya sovet ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: "Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər  4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır". Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. 

Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər". 

Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında 2006-cı il 19 yanvar tarixli fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Prezident İlham Əliyev Azərbaycanın bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 

Bu gün 20 Yanvar faciəsi təkcə hüzn günü kimi anılmır, həm də Azərbaycan xalqının azadlıq mübarizəsinin ən önəmli səhifələrindən biridir. Qanlı gecədə həlak olan azərbaycanlıların uyuduğu xiyaban vətəndaşlar üçün ən müqəddəs məkana çevrilib. Prezident İlham Əliyev Azərbaycan xalqına Şuşa müjdəsini də məhz Şəhidlər xiyabanından verdi. Sanki bununla xiyabanda uyuyan həm 20 Yanvar, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin narahat ruhu dinclik tapmış oldu. 20 Yanvar faciəsi Azərbaycan xalqına böyük bir zərbə olsa da, onu sındırmadı. Düşmən öz vəhşiliyi ilə qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi. 30 il Azərbaycan torpaqlarını əsarətdə saxlayan Ermənistanın və onun havadarlarının da niyyəti baş tutmadı.

 Bu gün müqəddəs Şəhidlər xiyabanında olduğu kimi, Qarabağda da Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır. Azərbaycanın döyüş meydanında qazandığı qələbə siyasi arenada da uğurla davam etdirilir. Son hadisələr bizə daha nikbin olmağa və gələcəyə ümidlə baxmağa əsas verir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başlanıb. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük qayıdış mərhələli şəkildə həyata keçirilir. İnanırıq ki, bu qayıdış təkcə işğaldan azad edilmiş ərazilərlə yekunlaşmayacaq. 1980-ci illərin sonunda Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın da öz dədə-baba yurdlarına qayıdacağı gün uzaqda deyil.


Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək  

18:50
19 Yanvar

Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib  

18:49
19 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub 

18:47
19 Yanvar

Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük

18:42
19 Yanvar

Azərbaycanda yanvarın 20-də olan hava proqnozu açıqlanıb  

18:19
19 Yanvar

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

17:45
19 Yanvar

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstana verdiyi dəstəyin əvəzi yoxdur

17:32
19 Yanvar

Ukrayna nəşri qanlı Yanvar faciəsindən yazıb

17:02
19 Yanvar

Şimal-qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir  

16:40
19 Yanvar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib  

16:18
19 Yanvar

Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində irəliləyib

15:43
19 Yanvar

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

15:25
19 Yanvar

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib

14:47
19 Yanvar

35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 230 nəfərin iştirakı nəzərdə tutulub

14:27
19 Yanvar

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

13:51
19 Yanvar

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

12:59
19 Yanvar

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

12:50
19 Yanvar

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

12:49
19 Yanvar

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

12:47
19 Yanvar

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

11:49
19 Yanvar

Rəşadət və qürur tariximiz

11:01
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!