Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Müstəqillyin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Qarabağ müharibəsi, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutdu.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq bir neçə nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Yanvarın 20-də isə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır yaralanmış (aralarında 25 qadın və 20 uşaq var idi ki, onlardan da bəziləri ömürlük şikəst oldu), 4 şəxs itkin düşmüş, 881 nəfər isə qanunsuz həbs edilmişdir. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-ə çatmışdı.
Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan "Şit" ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannaməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Paktı, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq Paktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa müqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulub. Bu qanlı hadisə həmçinin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır ki, bu da 1949-cu il Cenevrə konvensiyalarına və onlara edilən 1977-ci il Əlavə protokollarında nəzərdə tutulan digər prinsiplərə də zidd idi.
Eyni zamanda sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, 1974-cü il dekabrın 14-də BMT Baş Assambleyasının XXIX sessiyasının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlanmış, ona beynəlxalq hüquqi qiymət verilmiş və 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirilmişdi. Bu baxımdan bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və hərbi təcavüz hesab olunur.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız Ümummilli Lider Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti kəskin ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını qətiyyətlə pisləmişdi.
1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir". Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə həm müasir tariximizdə şərəfli bir dövr başlandı, həm də Azərbaycanın azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarımızın ruhu şad oldu.
Elçin ƏHMƏDOV,
professor, siyasi elmlər doktoru