"20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə, azərbaycanlılara tuşlanmış amansız terror aktı idi. Xalqımızın qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il ötsə də, insanlarımız bu dəhşətli faciənin ağrı-acısını unutmurlar.
İllər keçdikcə bütün dünya ictimaiyyəti heç bir ölçüyə sığmayan haqsızlığın miqyasının, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığının şahidi olur. Bu qanlı tarixi unutdurmaq üçün vaxtilə nə qədər təşəbbüslər oldu: qəzetlər buraxılmadı, dövlət televiziyasının enerji bloku partladıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətinə salındı. Hətta 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr bilərəkdən təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum olundu. Lakin xəyanətkarlar nədənsə anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək şücaətini belə bütün dünyaya göstərmək əzmindədir.
Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.
Həmin gün 147 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 744 vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd idi. Lakin bu hadisə eyni zamanda insanlarımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsinə çevrildi. O gecə xalq həm də vətən uğrunda həlak olan qəhrəmanlarını tanıdı.
Tarixi prizmadan yanaşdıqda aydın olur ki, 1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra qondarma Dağlıq Qarabağ problemi Moskvanın razılığı ilə yenidən ortaya atıldı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi haqqında DQMV Xalq Deputatları Sovetinin qərar qəbul etməsi nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və torpaqlarının bir qisminin işğalına yönəlmişdi. Ölkə ictimaiyyəti SSRİ rəhbərliyinin respublikamıza qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etirazlarını bildirdi, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın müqavimət əzmi daha da artmışdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda bu dalğanın yüksəlməsinin qarşısını müəyyən qədər alsa da, əhalinin narazılığını qətiyyən boğa bilmədi. Millətin səbri artıq tükənmişdi.
Ümumxalq etirazları artırdı
1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü. Buna səbəb Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda Moskvanın atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Həmin ildə bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, İranla sərhədyanı rayonlarda məftillərin sökülüb atılması, xalq hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq bəhanəsi vermişdi.
Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi. SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərdə belə bir təsəvvür yaratmağa çalışırdı ki, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə bərabərlik mövqeyindən çıxış edir. Halbuki Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. Bu, 1988-ci ildə Ermənistanda, eləcə də DQMV-də başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi də hesab edilə bilərdi.
Ermənistanda yaşayan azərbaycanlılar misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilən zaman neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Bütün bunlar SSRİ rəsmiləri tərəfindən tam sükutla müşayiət olunurdu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün xalq ayağa qalxdı. SSRİ rəhbərliyi isə hüququ pozulan azərbaycanlılara divan tutmaq yolunu seçdi.
Fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış...
Araşdırılmış istintaq materiallarında müəyyən edilmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin əsgər və zabitləri Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaqla, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.
1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Şəhərin zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu. Öz milli mənafeyi və hüquqlarının qorunması üçün ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və beləliklə, sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycana, azərbaycanlılara qarşı hərbi təcavüzü və ağlasığmaz cinayəti idi. Bu, insan hüquqlarına dair bir çox beynəlxalq sənədin, o cümlədən "İnsan hüquqlarının ümumi Bəyannaməsi", "Vətəndaş və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktların, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulması demək idi.
SSRİ DTK-sının "Alfa" qrupu əvvəlcə Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək xeyli adam öldürüldü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Həmin vaxtda öldürülən və yaralananlarla yanaşı, 841 nəfər qanunsuz həbs olundu, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdıldı, alışdırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Ən ağrılı məqam isə güllələrə tuş gələn əliyalın insanlar idi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.
Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə bitmək bilmirdi. Qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş "Xəzərneftdonanma"nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edildi, onlarca dənizçi həbs olundu.
"Sabit Orucov" gəmisi "SOS!" siqnalı ilə bütün dünyaya faciə barədə məlumat verdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığdılar. Yanvarın 21-də saat 20:30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə başladılar. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21" , "Vodoley-4" gəmiləri zədələndi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qaldılar.
Tankların, topun-tüfəngin hər küçədə qoyulmasına, komendant saatı və fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini "Azadlıq" meydanından son mənzilə - Şəhidlər xiyabanına yola saldı. Xiyabandakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi.
Həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalı idi
Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Ulu Öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Sarsıntı içərisində yaşayan azərbaycanlılar Ümummilli Liderin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördülər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.
Bəyanatda Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması qarşıya qoyuldu. Həmin məsələ Ümummilli Liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxladı. Heydər Əliyev həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Həmin il noyabrın 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması göstərildi. Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət daşıdıqları göstərildi. Bu, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Çünki bu hadisə Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi. Ümummilli Lider dövrün mürəkkəbliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə ciddi məşğul oldu. Dövlət səviyyəsində layihələr hazırlandı. Bütün iştirakçıların, şahidlərin ifadələri toplandı, hadisələrin təfərrüatı dəqiqliyi ilə sənədləşdirildi. Baş verənlərə obyektiv siyasi qiymət vermək çağırışı və təkidi ən çox Ulu Öndər Heydər Əliyevə məxsus idi. Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olundu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin.
Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda 20 Yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Bu, xalqımızın, dövlətimizin milli tariximiz qarşısında müqəddəs borcu idi. Azərbaycan 20 Yanvar faciəsinin milli azadlıq mübarizələrini şanlı tariximizin fonunda yenidən gördü və qiymətləndirdi.
1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya bir daha siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.
Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısının 20 Yanvar faciəsi ilə bağlı sərəncamlarında bildirilir ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.
Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi.
20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı.
2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə antiterror əməliyyatında ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı, suverenliyini, ərazi bütövlüyünü bərpa etdi, tarixi ədalət öz yerini tutdu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qəhrəman xalq hələ 1990-cı il yanvarın 20-də özünün azad və müstəqil yaşamağa layiq olduğunu sübut etdi. Bu, bizim şanlı tariximizdir!
İradə ƏLİYEVA,
"Azərbaycan"