Onlar heç vaxt unudulmayacaqlar
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi Qanlı Yanvar faciəsindən artıq 35 il ötür. Bu faciəni azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, habelə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin davamı kimi qiymətləndirə bilərik. 20 Yanvar xalqımızın yaddaşına ömürlük həkk olunmuş və bağışlanılması mümkün olmayan bir hadisədir.
Yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ölkəmizin azadlığı və müstəqilliyi naminə böyük bir ordunun, ağır texnika və artilleriyanın qarşısına əliyalın çıxan Azərbaycan oğul və qızları 20 Yanvar hadisəsində bir daha xalqımızın mərd, qorxmaz və şücaətli olduğunu nümayiş etdirmiş, özlərinin həlak olacaqlarını bilə-bilə vətənin qorunması üçün geri addım atmadan öz canlarını fəda etmişdilər. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdi ki, "biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub".
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə paytaxt Bakı və digər rayonlara yerləşdirilən, tərkibində erməni zabit və əsgərlər olan 66 min nəfərlik ordu ağır texnikalardan və müxtəlif tipli silahlardan Azərbaycan xalqını atəşə tutaraq kütləvi şəkildə qətllər törətdilər. Məqsədyönlü şəkildə planlaşdırılmış qanlı hadisənin törədilməsi üçün sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunlarının Azərbaycana daxil olması və ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə əhaliyə qabaqcadan məlumat verilməmişdir. Bu məkrli planın reallaşması üçün Azərbaycanda fövqəladə vəziyyətin tətbiqindən öncə sovet hərbi qulluqçuları 82 nəfər vətəndaşımızı amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yanvarın 19-dan 20-nə keçən gecə kütləvi insan qırğını törədildikdən sonra səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki ölkədə yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlar zamanı tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desantlar çıxarılmışdı.
1990-cı il 20 Yanvar hadisəsi zamanı respublikada ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlaklar məhv edilib. Azərbaycanda fövqəladə vəziyyət elan edildikdən sonra, yanvarın 20-dən sonrakı günlərdə də Bakı şəhərində 21 nəfər öldürülüb. Yanvarın 25-də fövqəladə vəziyyətin elan olunmadığı Neftçalada, yanvarın 26-da isə Lənkəranda insanlar qətlə yetirilib.
1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev həyatı üçün təhlükələrdən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet hakimiyyətinin
"20 Yanvar" əməlinə etirazını bildirdi, bu faciəyə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ulu Öndər Heydər Əliyev Bakıya sovet ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama istəyib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilib.
Xalqı böhranlı vəziyyətdən çıxarmaq üçün hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi həmin qərarda faciənin günahkarları konkret göstərilib, bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Qərara əsasən, şəhidlərin xatirəsi əbədiləşdirilib, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib.
Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutub, həmin hadisə zamanı həlak olan şəhidlərin ailələrinə xüsusi diqqət və qayğısını hər zaman nümayiş etdirib.
Ölkə rəhbərinin tapşırığı ilə Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Prezidentin "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında 2006-cı il 19 yanvar tarixli fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Eyni zamanda cənab Prezidentin diqqət və qayğısı nəticəsində ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil və 100-dək avtomobil bağışlanılıb.
Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 Yanvar hadisəsi təkcə ölkəmizdə yox, həm də dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir. Bu hal isə bir daha Azərbaycan xalqının birliyini, həmrəyliyini və ölkəmizə bağlılığını təcəssüm etdirir.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı