07 Noyabr 2024 08:15
89
SİYASƏT
A- A+
Zəfərin Azərbaycanı 

Zəfərin Azərbaycanı 


Dünyaya səs salan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı olan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin dörd ili tamam olur. Bu günlər 4 il əvvəl olduğu kimi, yenə də hamımız bir-birimizi  dünya hərb tarixində bənzəri olmayan tarixi Zəfərimiz münasibətilə ürəkdən təbrik edir və uca səslə deyirik: Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! 


Biz bu Qələbəyə layiqik


Məhz 4 il bundan əvvəl, 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan xalqının timsalında yenilməzliyin, məğrurluğun, tarixinə sahib çıxmağın şahidinə çevrildi. Son 4 ildə tarixi Zəfərinin sevincini yaşayan, daim xoşbəxt xalqlar arasında ön  cərgədə dayanan Azərbaycan xalqı bu gün daha xoşbəxt, daha qürurlu, daha məğrurdur. Çünki Ermənistanın işğalının davam etdiyi 30 ildə həsrətlə azadlığına qovuşacağı, özünün tarixi sahibinə qucaq açacağı günü  səbirsizliklə gözləyən doğma torpaqlarımızda xalqımızın qalibiyyət rəmzi olan üçrəngli bayrağımız əzəmətlə dalğalanır. 

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra  andiçmə mərasimində  Ümummilli Liderə müraciətlə bildirmişdi ki, əsəriniz olan müasir, müstəqil Azərbaycanı inkişaf etdirəcəyik, möhkəmləndirəcəyik, zəfərlərə doğru aparacağıq.

Təbii ki, hər bir vəd, hər bir hədəf möhkəm təməl, liderlik keyfiyyətləri, prinsipial mövqe, dövlətə, xalqa bağlılıq və sair kimi amillərə əsaslananda uğur qazanmaq o qədər  də çətin olmur. Məsələyə bu kontekstdən yanaşsaq, tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin  şah əsəri olan çağdaş müstəqil Azərbaycanı  dahi rəhbərin yaratdığı möhkəm təməl üzərində yeniliyi, müasirliyi, dövrün çağırışlarını özündə ehtiva edən təkmil siyasəti ilə inkişaf etdirir, zənginləşdirir, hər sahədə təcrübəsinin nümunə olmasına çalışır.  2003-cü ildə qarşıya qoyulan əsas hədəf dahi şəxsiyyət Heydər Əliyevin  həmin ilin 1 oktyabr  tarixli müraciətində göstərdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" etimadını doğrultmaq oldu. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioritetinə və strateji hədəfinə çevrildi.

Bugünkü uğurlarımız, zəfərlərimiz, onların əsasında yeni hədəflərin, prioritetlərin müəyyənləşdirilməsi böyük qətiyyətin, iradənin, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi fəaliyyətinin 17 ili işğal altında olan torpaqlarımızın azadlığa qovuşmasına hazırlığa həsr edildi. Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" çağırışı bu müddətdə dövlətimizin həyata keçirdiyi siyasətin əsası oldu. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı.  Prezident İlham Əliyev  iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə yanaşı, bu çağırışı da etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsəd regionların sosial-iqtisadi inkişafını sürətləndirməyi əsas hədəflərdən birinə çevirdi. Regional inkişaf proqramlarının uğurlu icrası bölgələrdə yeni iş yerlərinin açılması və bunun nəticəsi olaraq məşğulluq probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün geniş imkanlar yaratdı. Artan iqtisadi və maliyyə imkanlarımız digər sahələrdə də uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji nəinki ölkəmizin, eyni zamanda  iştirakçı dövlətlərin dayanıqlı iqtisadi inkişafını təmin etdi və bu uğurlu tendensiya hazırda da davam etməkdədir. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələri ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin etdi. 

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin qüdrətini artırdı. Respublikamızda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində ölkəmizin hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ordumuzu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaratdı. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. 


Zəfərə doğru


Vətən müharibəsinə qədər və 44 günlük savaşın davam etdiyi dövrdə Azərbaycanın diplomatik mübarizədə də uğurları bir-birini əvəzlədi. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan  bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi bazanı möhkəmləndirdi. Həmin müddətdə BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlar Ermənistan silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı  qətnamələr qəbul etdilər. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. 

Ümummilli Lider Heydər Əliyev  bu gün artıq tarixin arxivinə atılmış  Qarabağ münaqişəsinin həllində vacib amillər sırasında  dövlətin qətiyyətini, xalqın iradəsini önə çəkməklə yanaşı, beynəlxalq dəstəyi də xüsusi qeyd edirdi. Azərbaycanın tarixi ədalətə, real faktlara əsaslanan siyasətinin nəticəsi olaraq dünya Qarabağ münaqişəsi ilə bağlı əsl  həqiqətlərdən  xəbərdar oldu. Lakin təəssüf ki, bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin şahidi olduq. Təəssüf ki,  postmünaqişə dövründə də bu yanaşmalar davam etməkdədir. Münaqişənin həllində maraqların  ədaləti, beynəlxalq hüququ üstələməsi 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirən amil idi. Ermənistandan maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edən bəzi dünya gücləri bəyanatlarında münaqişənin həllinə, Azərbaycanın mövqeyinə dəstəklərini ifadə etsələr də, reallıqda işğalçını müdafiə edir, münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinin uzanmasına,  təcavüzkarın yeni planlar hazırlamasına açıq-aşkar çalışırdılar. 

Bunu sübut etmək üçün 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyəti dövrünə nəzər salmaq  kifayətdir. Minsk qrupu, xüsusilə onun həmsədrləri işğalçını adı ilə çağırmadılar, münaqişənin ədalətli həlli istiqamətində heç bir yaddaqalan addım atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.  Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.  Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti təxribatlar dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Həmin gün Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun həmin vaxt işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə  əmr verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. 

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda xalqımız səfərbər və həmrəy oldu. 44 gün davam edən  hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.  Rəşadətli Azərbaycan Ordusu irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, Vətən yolunda ən ali məqama ucalan şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. 

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat ölkəmizin hərbi-siyasi Qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təsdiqi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişi dövründə xalqımıza hər bir müraciəti hansısa şəhərin, kəndlərin, qəsəbələrin, strateji yüksəkliyin azad edilməsi müjdəsi kimi xalqımıza sonsuz sevinc, qürur hissi bəxş etdi. 

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri xalqımızın qəlbində Zəfərə əminlik yaratdı. Bu müsahibələrin  hər biri çağdaş tariximizə Azərbaycanın diplomatik uğurlarının təqdimatı kimi yazıldı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə yeni istiqamət verdi. Həmin  müsahibələrin hər biri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Vətən müharibəsinin davam etdiyi günlərdə müsahibələrini düşmənə və onun havadarlarına qarşı real mübarizə, silah üsuluna çevirən Azərbaycan Prezidenti informasiya cəbhəsində  də bədxahlarımıza  qalib gəldi. Həmin müsahibələrdə gerçəklikdən doğan konkretlik, qətiyyət, yenilməz siyasi  iradə əsaslı şəkildə yer aldı. 

Müzəffər Ali Baş Komandan xarici KİV-ə  verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə, qürurla durmağa ruhlandırdı. Hər bir azərbaycanlı müharibə dövründə özünün əvəzolunmaz Liderinin şəxsində artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını gördü.


Düşmənin kabusuna çevrilən "dəmir yumruq"


Bu qürurverici məqamı  xüsusi vurğulamalıyıq ki, "Dəmir yumruq" əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəliləyirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Məhz İkinci Qarabağ müharibəsinin  davam etdiyi günlərdə yağı düşmənin kabusuna çevrilən,  kod adı "dəmir yumruq" olan, dünya hərb tarixində bənzəri olmayan əməliyyatların son dərəcə yüksək peşəkarlıqla aparılması sayəsində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması növbəti şanlı hərbi qələbəmiz oldu. Həmin üçtərəfli Bəyanata uyğun olaraq  Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını döyüşsüz  Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix - 27 Sentyabr Anım Günü, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi 8 Noyabr Zəfər Günü kimi təsis edildi.

Azərbaycan dövləti  hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri yüksək səviyyədə həll olunur. Hər kəs əmin ola bilər ki, Azərbaycan dövləti bundan sonra da  öz əsgərinin yanında olacaq. Çünki Azərbaycan əsgər və zabitləri  misilsiz  qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub, öz adlarını Azərbaycan tarixinə qalib hərbçi kimi  yazdırıblar.


Ərazi bütövlüyümüzün və suverenliyimizin tam  bərpası


Təbii ki, tarixi Zəfərimizdən sonra əsas məqsəd ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Bu mənada 2023-cü il müstəqillik tariximizə daha möhtəşəm uğurları yazdı. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın ərazi bütövlüyü tam  təmin olundu. 

Azərbaycan tarixi Zəfərimizdən ötən üç il ərzində  yenə də böyük səbir və təmkinlilik göstərdi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan  dövrdə baş verən hadisələrin xronologiyası bir daha göstərdi ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat, minalar göndərib. Azərbaycana qarşı  mina terroru davam edib. Ermənistan bütün dünyanı aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil. Bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırdılar. Ona görə antiterror əməliyyatı qaçılmaz idi.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan hərbi birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. 

Tarixi Zəfərimizdən sonrakı dövrün əsas hədəflərindən biri azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, eyni zamanda regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Son dörd ildə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində görülən işlərin təqdimatı 5 şəhərə və dörd kəndə keçmiş məcburi köçkünlərin qayıdışıdır. Bu gün Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşaraq həyatının yeni dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, bu proses davamlıdır. Böyük qayıdış proqramının icrasının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulur. Tarixi Zəfərimizdən dərhal sonra  dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən şəhərlərinə səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. İşğaldan azad edilmiş ərazilərin müasir tələblər səviyyəsində yenidən qurulması, bərpası xüsusi diqqətdədir. Soydaşlarımızın bu torpaqlarda yaşayışı üçün bütün zəruri imkanlar yaradılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.


Güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə...


Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bunun qarşısında duruş gətirə bilməz. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Bu gün tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın bütün sahələrdə  uğurla inkişaf edərək daha möhtəşəm uğurlara imza atdığını görürük. Müasir müstəqil, qalib Azərbaycanın hər bir uğurunda öz payı olan, dünənin, bu günün, gələcəyin partiyası kimi  mövqeyini möhkəmləndirərək ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası şanlı Qələbəmizin reallıqlarına söykənərək VII Qurultayını keçirdi. Həmin qurultayda dövlət başçısı İlham Əliyev müasir dövrün çağırışlarına uyğun olaraq yeni proqramın hazırlanması ilə bağlı tapşırığını verdi. Artıq YAP-ın yeni proqramının təsdiqlənməsindən üç ilə yaxın vaxt keçir. Ötən üç il həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qaldı. "Biz birlikdə güclüyük!" devizi əsasında təsdiqlənən yeni proqramdan irəli gələn vəzifələrin uğurlu icrası birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi. Bu həmrəyliyi cari ilin fevralında keçirilən prezident və sentyabrda reallaşan parlament seçkilərində növbəti dəfə nümayiş etdirdik. Xalqımız Heydər Əliyev siyasətinə dəstəyini, Yeni Azərbaycan Partiyasına inamını seçkilərdə yüksək fəallıq nümayiş etdirməklə təsdiqlədi. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi yeni dövrün hədəflərinin qısa zamanda reallığa çevriləcəyinə əminlik artırdı. Yeni dövr yeni hədəfləri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində qələbəsindən sonra keçirilən  andiçmə mərasimində, eyni zamanda VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı bu hədəfləri açıqladı. Hazırda bütün azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması sabaha daha böyük inamla addımlamağa əsas verir. 

Tarixi Zəfərimizin qürurverici məqamlarından biri kimi  Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsini qeyd etməliyik. 44 günün hər anı belə tarixi məqamlarla zəngindir. Bu sıralamaya suverenliyimizin tam bərpasından sonra Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günləri də daxil oldu. 

Şübhəsiz, tarixi Zəfərimizə qədərki, həmçinin ondan ötən dördillik dövrün reallıqlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Uğurlarımızın miqyası geniş və davamlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz, eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırır.

Bunun bariz nümunəsi hazırda dünyanın diqqətini Azərbaycana yönəldən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-dur.  200-ə yaxın ölkənin dəstəyi ilə qəbul edilən bu qərar Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunun göstəricisidir. Zirvələri fəth edən, Zəfərdən-zəfərə inamla addımlayan, ədalətin və beynəlxalq hüququn yanında olan, müstəqil siyasəti ilə hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olan müasir, müstəqil, qalib, bütövləşən Azərbaycanın vətəndaşı olduğumuz üçün qürurluyuq. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ağır  günlər yaşadığı 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra böyük əminliklə söyləmişdir ki, bu çətin günlər keçib gedəcək, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə qüdrətli, zəngin ölkənin  vətəndaşı olması ilə fəxr edəcək. 

Artıq bu çağırış günümüzün hər bir reallığında öz təsdiqini tapıb. Yaşadığımız qürurlu, bu günümüz və gələcəyimiz üçün tarixi  hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir. Zəfərli günlərin mübarək, Azərbaycan!


Vüqar RƏHİMZADƏ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər tətbiq ediləcək  

10:20
07 Noyabr

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:18
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:13
07 Noyabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb  

10:12
07 Noyabr

Bilik yarışması Zəfər Gününə həsr olunmuşdur

09:55
07 Noyabr

Misirin Baş müftisi Aİİ-ni ziyarət edib

09:50
07 Noyabr

Şəhidin anım günü ehtiramla qeyd edilib

09:45
07 Noyabr

Zəfər Günü ərəfəsində şəhidin ailəsi evlə təmin olundu

09:40
07 Noyabr

"Bu gün elə döyüşək ki, sabah peşman olmayaq"

09:35
07 Noyabr

Azərbaycanı "yaşıl enerji" sahəsində də etibarlı tərəfdaş adlandıran Ursula fon der Lyayen COP29-a niyə gəlmir 

09:30
07 Noyabr

Avropa Komissiyası Qərb imperializminin əlində alətə çevrilib

09:25
07 Noyabr

Azərbaycan türk dünyasının birləşdirici gücüdür 

09:20
07 Noyabr

"Yaşıl düşüncə"nin təbliğində gənclərin rolu

09:15
07 Noyabr

Qarabağ Universiteti "yaşil inkişaf" çağırışlarına cavab verir

09:10
07 Noyabr

Bakı COP29-a hazırdır

09:05
07 Noyabr

Dövlət-sahibkar tərəfdaşlığı sağlam rəqabətin qarantıdır

09:00
07 Noyabr

"Neft Daşları əsl qəhrəmanlıq məktəbidir"

08:55
07 Noyabr

Erməni əsgəri döyüşməkdən imtina edib

08:50
07 Noyabr

Xilaskar Komandan

08:45
07 Noyabr

İnsanlığın vəhşilik üzərində qələbə çaldığı gün

08:40
07 Noyabr

Qələbəyə gedən yol

08:30
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!