Azərbaycan bu yolda əsas ölkələrdən biri olmaqda qərarlıdır
İki qütbə bölünən dünya arasında davam edən gərginliyin fonunda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-in XVI sammitindən sonra hər kəsi bir sual düşündürür: bundan sonra beynəlxalq aləmdə hansı proseslər baş verəcək?
Hələlik görünən odur ki, iki cəbhə arasında münasibətlər tezliklə səngiyənə oxşamır. Ən azından ona görə ki, Kazanda səslənən bəyanatlar haqlı olaraq Qərbin hegemonluğuna qarşı yönəlib. Qərbinsə bununla razılaşdığını güman etmək sadəlövhlük olardı.
Bundan sonrakı prosesləri proqnozlaşdırmaq üçün indiyədək baş verən beynəlxalq hadisələrə yenidən baxmaq lazımdır. Məlumdur ki, sovetlər birliyinin mövcud olduğu dönəmdə qlobal müstəvidə yaranan hər hansı bir problem iki qütb arasında beynəlxalq qanunlar çərçivəsində müzakirə olunaraq əvvəl-axır həll edilirdi. Çünki keçmiş SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsi ilə ABŞ-nin söz sahibi olduğu Qərb birliyi arasında güc bərabərliyi vardı. İqtisadi məsələlərdə Qərb öndə olsa da, hərbi məsələlərdə güc bərabərliyi aşkar idi. O üzdən hərdən bu iki qütb bir-birinə "diş qıcasa" da, sonda müəyyən bir razılığa gəlinirdi. Məsələn, Kuba ətrafında baş verən "Karib böhranı" məhz qarşılıqlı güzəşt şəklində həll edilmişdir.
Amma sovetlər birliyinin dağılması ilə Qərb dünyanın tək güc mərkəzi oldu. SSRİ-nin süqutundan sonra demək olar ki, keçmiş sosialist düşərgəsinin bütün üzvləri Qərbin yaratdığı regional birliyi seçdilər. İş bununla da bitmədi. Üç Baltikyanı respublika da Qərb düşərgəsinə qoşuldu. Bu gün isə Gürcüstan, Ukrayna və Moldovadakı bəzi qüvvələr həmin sevdaya düşüblər.
Amma belə ədalətsiz vəziyyət uzun müddət davam edə bilməzdi. Ona görə də Qərbin hegemonluğunu qəbul etmək istəməyən ölkələr yeni ittifaqlar yaratmağa qərar verdilər. BRICS-in yaranma səbəbi də bundan qaynaqlanır. Elə dünyanın tanınmış ekspertləri də həmin təşkilata son dövrlər marağın artmasını və təşkilata qoşulmaq istəyən dövlətlərin sayının artmasını Qərbin heç bir məntiqə sığmayan davranışları ilə əlaqələndirirlər.
Qardaş Türkiyəni 60 ilədən çoxdur ki, Avropa İttifaqına üzv qəbul etmirlər. Hər dəfə qarşısında ittifaqa qəbul olunmaq üçün müxtəlif şərtlər qoyulur. İndi Türkiyə bu üzücü və sonsuz münasibətə son qoymaq üçün BRICS-ə daxil olmaq istəyir. Oktyabrın 23-də Ankarada bu ölkənin iri müdafiə sənayesi müəssisəsi olan TUSAŞ-a qarşı törədilən terror aktını Türkiyənin tanınmış hərbi və siyasi ekspertləri həmin istəklə bağlayırlar. Çünki qardaş ölkənin Şərq blokunun yaratdığı bir təşkilatda yer almaq istəyi Qərbi ciddi narahat edir. Axı Türkiyə güclü hərbi potensiala və böyük iqtisadiyyata malik ölkədir, Asiyanın Avropaya açılan qapısıdır. Dünyanın mühüm ticarət marşrutları Türkiyədən keçir və bu səbəbdən qardaş ölkənin tərəf dəyişməsini istəmirlər.
BRICS-in yaranma tarixi 2006-cı il olsa da, aradan keçən bu müddətdə təşkilatın ciddi bir fəaliyyəti hiss edilməyib, daha çox simvolik bir görüntüsü olub. Bəs birdən-birə dünyada bu təşkilata marağın artmasına səbəb nədir? Cavab məlumdur: son zamanlar birləşmiş Qərbin dünya hegemonluğuna daha çox can atması, beynəlxalq qanunları ayaqlar altına atması, dövlətləri özünə tabe etmək üçün onların daxili işlərinə qarışması, onlara iqtisadi və siyasi təzyiq göstərmək üçün sanksiyalar tətbiq etməsi.
Azərbaycan da Qərbin ikili standartlarından əziyyət çəkən ölkədir. 20 faiz ərazimiz Ermənistan tərəfindən işğal edilmişdi. Amma Qərbin elə bir ucadan səsi çıxmamışdı. Biz onların səsini yalnız torpaqlarımızı işğaldan azad edəndən sonra eşitdik. Baxmayaraq ki, torpaqlarımızı işğaldan azad etmək bizim təbii və qanuni haqqımız idi, Qərb bunu qəbul etmək istəmirdi. İndi isə Azərbaycanı elə cinayətlərdə günahlandırırlar ki, əslində onların hamısını işğal zamanı Ermənistan etmişdi. Ermənilər Xocalı soyqırımını törətmiş, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə aparmış, müharibə qanunlarının əleyhinə olaraq mülki əhalinin canına və mülkünə qəsd etmişlər. Amma Qərbin heç tükü də tərpənməmişdi. İndi də Qərb sülhə töhfə vermək əvəzinə, Ermənistana revanşist müharibə aparmaq üçün silah verir. Bu gün Azərbaycanın BRICS-də yer almaq istəməsinin bir səbəbi də budur. Daha yetər Qərbin "ədalət"inə bel bağladığımız, olmayan ədalətə ümid etmək özü-özünü aldatmaqdır.
Bu baxımdan Kazanda keçirilən BRICS-in XVI sammiti Qərbin əsas istəyinin iflasa uğramasını göstərdi. Sammitdə BMT-nin baş katibi və 24 ölkənin lideri iştirak etdi. Onlar bu yolla anti-Qərb cəbhəsində yer aldıqlarını nümayiş etdirdilər. Azərbaycan da haqlı olaraq həmin sıradadır. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tədbir zamanı çıxışında demişdir: "Logistika dəhlizlərinin inkişafında Azərbyacanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir". Deməli, Azərbaycan doğru olan yerdə qərar tutub. Biz Avropa İttifaqı üçün nə qədər vacib ölkə olsaq da, "qoca qitə"nin siyasi "qırğı"ları bunu dərk etmirlər.
Prezident İlham Əliyev bu mötəbər tribunadan dünyaya səslənərək ölkəmizin beynəlxalq müstəvidə qlobal təhlükəsizliyə, hüququn aliliyinə, dövlətlərin bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipinə və məsələlərin qarşılıqlı anlaşma şəraitində həll olunmasına töhfə verəcəyini bildirdi. Bunlar Azərbaycanın xarici siyasətinin məqsəd və məramı idi.
Bəli, Azərbaycanın bu gün BRICS platformasında olmaq istəməsi uzun illər ölkəmizin Qərb tərəfindən aparılan anti-Azərbaycan siyasətinə tutarlı cavabıdır. Bununla belə, əsas məqsədimiz hər iki beynəlxalq platformada milli mənafelərimizə uyğun siyasət aparmaq, alternativ məkanlarda ölkəmizin milli maraqlarını qorumaqdır. Çünki Azərbaycan həm Qərb, həm də Şərq üçün önəmli ölkədir. Prezident İlham Əliyev Azərbaycanın dünya üçün bu əhəmiyyətini vurğulayaraq demişdir: "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq".
Rüstəm KAMAL,
"Azərbaycan"