Xocavənd və Xocalı rayonları yeni qayıdış karvanlarını qarşıladı
Tariximizin ən mühüm mərhələlərindən biri olan postmünaqişə dövrü bu gün özünün yeni reallıqları ilə diqqət çəkir. Üç onillik işğal altında qalan torpaqlarımızın azad olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu proses təkcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə məhdudlaşmır. Eyni zamanda uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların yurdlarına qayıdışının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Azərbaycan dövləti azad olunmuş ərazilərdə bərpa prosesinə böyük qələbədən dərhal sonra start verərək qısa müddət ərzində bu torpaqlarda yeni həyatın bərpası üçün mühüm addımlar atıb. İnfrastrukturun qurulması, yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən salınması, sosial obyektlərin inşası və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdış prosesinin əsas istiqamətlərini təşkil edir. Dövlətin qarşıya qoyduğu əsas məqsəd yalnız insanların öz yurdlarına köçürülməsi deyil, onların uzunmüddətli və dayanıqlı yaşayış mühiti ilə təmin edilməsidir. Bu baxımdan həyata keçirilən layihələr sistemli və mərhələli şəkildə reallaşdırılır.
Əzəli yurd yerlərimizdə aparılan bərpa və yenidənqurma işlərinin nəticəsi olaraq 2022-ci ilin iyul ayından etibarən keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı başlayıb. Uzun illər dədə-baba yurdlarına həsrət qalan vətəndaşlarımız artıq öz torpaqlarına qovuşur, burada yeni həyat qururlar. Bu qayıdış prosesi tədricən genişlənir və demək olar ki, elə bir ay, hətta həftə yoxdur ki, yeni köç karvanlarının yola düşməsinin şahidi olunmasın. Bu mənzərə həm dövlətin gücünü, həm də xalqın öz torpaqlarına bağlılığını bir daha nümayiş etdirir.
Böyük qayıdış proqramı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı sosial layihələrdən biri hesab olunur. Xüsusilə 2025-ci il Böyük qayıdış proqramının icrası baxımından mühüm mərhələ kimi yadda qalıb. Həmin il ərzində bir sıra yeni kənd və qəsəbələr sakinlərini qəbul edib, müxtəlif infrastruktur layihələri paralel şəkildə həyata keçirilib. Yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi, evlərin tikintisi və təmiri, sosial obyektlərin fəaliyyətə başlaması qayıdış prosesinin daha da sürətlənməsinə səbəb olub. Dövlətin həyata keçirdiyi bu kompleks tədbirlər insanların doğma yurdlarında rahat və təhlükəsiz yaşamasını təmin etməyə yönəlib.
Dünən daha iki yaşayış məskəni qayıdış karvanlarını qarşılayıb. Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 81 nəfər köçürülüb, Xocalı rayonunun Xanabad kəndinə isə 21 ailə - 103 nəfər qayıdıb. Bu köçlərlə birlikdə doğma torpaqlarına qayıdan insanların ümumi sayı 7400 ailəyə, yəni 29 min 728 nəfərə çatıb. Bu rəqəmlər Böyük qayıdış proqramının real nəticələrini və onun geniş miqyasını aydın şəkildə göstərir.
Doğma torpaqlarına qayıdan sakinlər dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər. Onlar rahat yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirirlər. Eyni zamanda torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edir, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər.
Xocalı rayonunun Xanabad kəndində həyata keçirilən bərpa və yenidənqurma işləri də Böyük qayıdış proqramının konkret nəticələrini göstərən nümunələrdən biridir. İşğaldan əvvəl bu kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərirdi. Kənd həm də tarixi və mədəni irsi ilə diqqət çəkir. Burada XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan qalası" memarlıq abidələri yerləşir. Bu abidələr regionun zəngin tarixinin və mədəni irsinin mühüm nümunələrindən sayılır.
İşğal dövründə kənddəki yaşayış evlərinin böyük hissəsi dağıdılıb və ya yararsız hala düşüb. Ümumilikdə kənddə 276 ev mövcud olub. Onlardan 115-i tam yararsız vəziyyətə düşüb, 161-i isə qismən yararlı hesab olunub. Dövlət tərəfindən həyata keçirilən bərpa işləri nəticəsində indiyədək 120 ev təmir olunaraq istifadəyə hazır vəziyyətə gətirilib. Cari ilin sonunadək daha 41 ev də bərpa edilərək sakinlərin istifadəsinə veriləcək.
Kəndə dönüş prosesi mərhələli şəkildə həyata keçirilir. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər Xanabada qayıtmışdı. Son köçlərlə birlikdə kənddə yaşayan sakinlərin sayı artıq 257 nəfərə çatıb. Bu isə kənd həyatının yenidən canlanmasının göstəricisidir.
Xanabad kəndində infrastrukturun bərpası və yenidən qurulması istiqamətində də mühüm layihələr həyata keçirilib. Belə ki, mövcud 3 transformator məntəqəsi bərpa olunub, elektrik və qaz xətləri yenilənib. Bununla yanaşı, yeni elektrik, qaz və optik rabitə xətləri çəkilib. Su təminatının yaxşılaşdırılması məqsədilə subartezian quyularında və mövcud su anbarında təmir işləri aparılıb, əlavə olaraq iki yeni su anbarının tikintisinə başlanılıb.
Kəndin su təminatını daha etibarlı etmək üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib. Bununla yanaşı, kənddaxili yollar bərpa olunub, yaşayış məntəqəsinin girişində "Xanabad" kompozisiyası quraşdırılıb. Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və burada dövlət bayrağı ucaldılıb. Görülən bu işlər kənddə həm yaşayış şəraitinin yaxşılaşdırılmasına, həm də estetik mühitin formalaşmasına xidmət edir.
Qarabağ və Şərqi Zəngəzur artıq yalnız münaqişənin acı xatirələri ilə deyil, həm də quruculuq, inkişaf və gələcək perspektivləri ilə xatırlanır. Burada həyata keçirilən hər bir layihə Azərbaycanın uzunmüddətli strateji baxışının tərkib hissəsidir. Dövlətimizin məqsədi bu torpaqları ölkənin ümumi inkişaf modelinə inteqrasiya etmək, regionu iqtisadi, sosial və mədəni baxımdan cəlbedici məkana çevirməkdir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"