İqtisadiyyatda ən riskli sahə aqrar sektordur. Əsas səbəbi onun iqlimlə birbaşa bağlı olmasıdır. Son dövrlər isə iqlim dəyişikliyi nəticəsində baş verən anomal havalar daha çox risk yaradır, başqa sözlə, kəndlinin olan-olmaz vəsaitindən istifadə edib gördüyü iş təbiətin inkişafına qalır. Bu zaman onun köməyinə sığorta sistemi gəlir.
Qlobal səviyyədə qəbul edilən aqrar sığorta fermeri hər cür risklərdən qoruyan yeganə düzgün yoldur. Ölkəmizdə də bu məqsədlə aqrar sığortaya geniş yer verilir. Dövlət kəndliyə təsərrüfatını sığorta edərkən yük düşməsin deyə 50 faizlik güzəşt edir. Yəni sığorta vəsaitinin yarısı dövlət tərəfindən ödənilir. Dövlətin verdiyi bu cür dəstək sayəsində ildən-ilə daha çox fermer öz təsərrüfat sahəsini sığorta etdirir.
Aqrar Sığorta Fondu (ASF) tərəfindən verilən məlumata görə, keçən il 54 rayonda aqrar sektorda çalışan fərdi təsərrüfat sahibləri və fermerlərə 9,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. O cümlədən bitkiçilik məhsulları ilə bağlı baş verən zərərlərə görə 51 rayonda 8,8 milyon manat məbləğdə ödənişlər edilib. Əvvəlki illə müqayisədə 2025-ci ildə Zərdab, Astara, Oğuz, Abşeron, Siyəzən, Xızı, Sabunçu və Cəbrayıl rayonlarında, eləcə də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında - Babək və Şahbuz rayonlarında sığorta ödənişləri verilib.
Heyvandarlıq sahəsində aqrar sığortanın tətbiqi ildən-ilə artır. 2025-ci ildə heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə ASF tərəfindən 21 rayonda təsərrüfatlara ümumi məbləği 400 min manat olan sığorta haqqı ödənilib.
Fond tərəfindən sığorta ödənişlərinin davamlı artması və zərərlərin qarşılanması nəticəsində fermerlərin aqrar sığorta mexanizminə marağı artmaqdadır. Məlumat üçün bildirək ki, aqrar sığorta mexanizmi bitkiləri təbiət hadisələri - dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, leysan, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Kənd təsərrüfatı heyvanları isə yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, vəhşi heyvanların hücumu, ilan və həşərat sancması, yanğın, təbii fəlakətlər, avtomobil vurması, qəza nəticəsində tələf olma, üçüncü şəxslərin hərəkətləri kimi risklərdən sığortalanır.
Ağdam rayonunun Ergi qəsəbəsindən olan fermer buğda sahəsinə dolu yağması nəticəsində dəymiş zərərə görə böyük məbləğdə sığorta ödənişi alıb. Qəsəbə sakini Aybəniz Şirinova 2025-ci ildə 61 hektar buğda sahəsini sığortalamış və bunun üçün 2034 manat sığorta haqqı ödəyib. 2025-ci il mayın 11-də baş verən dolu hadisəsi onun da əkin sahəsinə zərər vurdu. Aparılmış zərər qiymətləndirməsi nəticəsində əkin sahəsində məhsulun 39 faizinin itirilməsi qeydə alındı. Zərər hesablaması nəticəsində fermerə 24702 manat məbləğində sığorta ödənişi olundu.
ASF daha çox fermerləri sığortaya cəlb etmək məqsədilə rayonlarda təsərrüfat sahibləri ilə görüşlər keçirərək onlara aqrar sığortanın əhəmiyyətini çatdırırlar. Belə tədbirlərdən biri də bu günlər Zərdabda keçirilib. Bu rayonun iqtisadiyyatının böyük hissəsi - 60 faizi kənd təsərrüfatının payına düşür, əhalinin isə 80 faizi kəndlərdə yaşayır. Rayonun 33 min hektardan artıq əkin sahəsinin böyük hissəsi - təqribən 29 min hektarında taxıl və yem bitkiləri əkilir. Təkcə buğda və arpa əkilən ərazilər 14 min hektardan artıqdır. Bundan başqa, rayonda 3100 hektar sahədə pambıq, 505 hektar qarğıdalı, 380 hektarda çəltik, təqribən 700 hektarda kartof, tərəvəz və bostan bitkiləri əkilir. Rayonda dolu, leysan və subasma kimi hallar nətincəsində bu təsərrüfatlara böyük məbləğdə ziyan dəyir. Elə bu səbəblərdən belə bir tədbirin Zərdabda keçirilməsi təsadüfi deyildi. İştirakçıların verdikləri suallardan, ASF-nin fəaliyyətinə göstərdikləri maraqdan aydın görünürdü ki, fermerlər bu işin onların xeyrinə olduğunu artıq qəbul edirlər. O üzdən ASF-yə müraciət edən zərdablı fermerlərin sayı bu gün ardıcıl artır.
Rüstəm KAMAL,
"Azərbaycan"