Bu gün ölkəmizin ən əsas siyasi parametrlərindən birinə çevrilən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində hər bir vətəndaşımızın şüurunda, amalında, fikrində bir "yaşıl düşüncə" formalaşıb. Bəs "yaşıl düşüncə" necə inkişaf etdi və nə oldu ki, əsasən gənclərin bu sahəyə olan marağı getdikcə artır?
"Yaşıl düşüncəyə" maraq Prezident İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı sərəncam ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə başlamışdır. Sərəncamda "ağıllı şəhər", "ağıllı kənd" innovativ yanaşmaları, ekosistemlərin perspektivləri, "yaşıl enerji" və iqtisadiyyatın prioritet amilə çevrilməsi, ekoloji problemlərin müzakirəsi və həlli, təmiz mühitin formalaşması, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirin təqdirəlayiq şəkildə keçirilməsi kimi ölkə əhəmiyyətli məsələlərə toxunulmuşdur.
Sərəncamdan dərhal sonra yaşıllıq zolaqlarının genişləndirilməsi, ağacəkmə aksiyalarının daha davamlı keçirilməsi, iməciliklərin təşkili, gənclərin bu tədbirlərə cəlbi və könüllülük proqramlarına qoşulması, ali təhsil müəssisələrində konfrans, konqres və simpoziumların, habelə dövlət əhəmiyyətli maarifləndirmə tədbirlərinin keçirilməsi sübut etdi ki, ölkəmiz bu sahədə "yaşıl düşüncə"nin mərhələli formalaşmasına maraq göstərir.
Azərbaycanda COP29 kimi mötəbər tədbirin keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Çünki COP29 zamanı minlərlə xarici qonağın ölkəmizə gələrək buradakı əmin-amanlığı, rifahı, mühiti və şanlı qələbəmizin nəticələri ilə tanış olması nüfuzumuzu daha da artıracaq. COP29, sadəcə, ekoloji problemlərin müzakirəsi üçün tədbir deyil, ekoloji problemlərin həlli yolunda mühüm addımların atılacağı böyük qlobal forumdur. Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var. Cənab İlham Əliyev demişdir: "Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni burada yekdil mövqe bir daha özünü göstərdi".
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində də ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Biz də Gənclər Mərkəzi İctimai Birliyi olaraq öz növbəmizdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc fotoovçu yaşıl kənddə" adlı layihəni həyata keçirmiş və "yaşıl düşüncə"nin inkişafına öz töhfəmizi vermişik. Layihənin keçirilməsində məqsəd gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları "yaşıl kənd"lərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox, fotoaparatla ovlamağı təbliğ və gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq idi.
Şübhəsizdir ki, Azərbaycan COP29-u da yüksək səviyyədə keçirəcək və bu, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji"dir. "Yaşıl enerji" növlərinin istehsalı və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritetidir.
Kənan QUBADZADƏ,
Gənclər Mərkəzi İctimai Birliyinin sədri