07 Noyabr 2024 12:00
2653
SİYASƏT
A- A+
Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı



D.Trampa dəstəyini hələ aylar öncə rəsmən bildirən Azərbaycan Prezidenti həm də ona qarşı terrora etiraz edən azsaylı liderlərdən idi


ABŞ-də prezident seçkiləri hər dörd ildən bir dünyanın diqqət mərkəzində olan əsas hadisəyə çevrilir, mühüm qlobal siyasi proses kimi, qəbul olunur. Hər dəfə dövlətdəki nöqsanların, demokratiyanın kobud pozuntularının, siyasi korrupsiya hallarının bariz göstəricisi olan seçkilər 8 il öncəki kimi bu dəfə də sistemin planlarından kənar nəticələndi.

Və bu dəfə də planı - sistemin dünya üçün hazırladığı yeni idarəçilik konfiqurasiyasını Tramp pozdu…

Özü də Azərbaycanda yaxşı tanınan və Azərbaycanı yaxşı tanıyan Tramp…


D.Trampa olan etimad ABŞ-nin xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır

 

Ağ Ev özünü "demokratiyanın beşiyi" adlandırır və azadlıq, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edir. Rəsmi Vaşinqtonun özünü necə adlandırmasından asılı olmayaraq müasir reallıq, ən əsası isə "azadlıq ixracı" pərdəsi altında Şərq-müsəlman dünyasına gətirdiyi savaş və iflas ABŞ-nin demokratiyanın təməl prinsiplərindən tam uzaqlaşdığını, həmçinin xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir. "Demokratikləşmə dalğası"nın, əslində, yeni ekspansiya hərəkatı və müasir müstəmləkəçilik siyasəti olduğunu bilmək üçün hansısa xüsusi araşdırmalara da lüzum yoxdur.

Bütün Şərqin qana boyanması, hər addımda partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ "demokratiyasının" nəticəsidir, məhsuludur...

Son onilliklərdə postsovet məkanını, Şərq coğrafiyasını "azadlıq", "insan hüquqları" nağılı ilə nəzarətə götürməyə çalışan və buna əsasən də nail olan ABŞ-nin Avrasiya bölgəsinə bəxş etdiyi "demokratiya" nə qədər qanlı və faciəlidirsə, öz ölkəsində tətbiq etdiyi "demokratiya" rejimi bir o qədər nöqsanlı, problemlidir. Dünya xalqlarını öz müqəddəratını təyinetmə hüququndan zorakılıqla məhrum edən bu fövqəlgüc elə öz vətəndaşlarının da normal seçimetmə imkanını minimuma endirib.

Və bu real fikri səsləndirən, konkret faktları təqdim edən insanlar artıq okeanın bu tayında yaşayanlar deyillər. ABŞ-nin seçki sistemini ifşa edən, bu ölkədə demokratiya elementlərinin tam olaraq iflasa uğradığını təsdiqləyənlər elə ABŞ-nin milyonlarla vətəndaşı və onların mövqeyinin tərənnümçüsü olan Donald Trampdır.

ABŞ siyasi sistemi bu şəxsin son 8 ildə qeyri-ciddi obrazını yaratmağa çalışsa da, D.Tramp özünün ciddi siyasi liderlik keyfiyyətlərini, birləşdiricilik xüsusiyyətlərini, Amerika üçün yeni ümid ola bilmək ehtimalını dördillik prezidentliyi ərzində dönə-dönə sübut etdi. O, "mafiyalaşmış dövlət aparatı" dediyi siyasi sistemə qarşı mübarizə apardı. D.Trampın 8 il öncəki qələbəsini dünənki revanşı ilə uğurla təkrarlaması və belə möhtəşəm rəğbət qazanması elə Amerika cəmiyyətinin öz hakimiyyətlərinin siyasətindən, Ağ Evin transmilli korporasiyaların lobbi mərkəzinə çevrilməsindən duyduqları narahatlıqdır. Yəni D.Trampa olan etimad əslində ABŞ-nin xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır!

Donald Tramp artıq faktiki olaraq ABŞ-nin 47-ci Prezidentidir və gələn ilin 20 yanvarında rəsmən fəaliyyətə başlayacaq. Bəs onun prezidentliyi dünyaya nə vəd edir?

Ağ Ev və onun kimi digər fövqəldövlətlərin təsirlərindən yaxa qurtarmağa çalışan, bu təsirlərə etiraz edən dövlətlərdə və xalqlarda D.Trampa qarşı açıq rəğbət var. Şübhəsiz ki, bunun səbəbi onun öncəki prezidentliyi dönəmində ABŞ-nin bu ölkələrə nisbətən loyal yanaşması, aşkar müstəmləkəçi siyasət yürütməməsi idi.

Əlbəttə, D.Trampın öncəki rəhbərlik vaxtında da ABŞ müstəqil ölkələrdə çaxnaşmalar yaradır, iqtisadi təzyiqlər göstərirdi. Lakin bunlar onun sələfləri və xələfi ilə müqayisədə o qədər az oldu ki, Trampa dünyada indi az qala Azadlıq abidəsinin prototipi kimi yanaşırlar.


D.TRAMP: "Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşitmişəm" 


Bəs D.Trampın prezidentliyinin Azərbaycana nə kimi təsiri ola bilər?

Öncə onu qeyd edək ki, onun əvvəlki idarəçilik dönəmində Azərbaycan ikiəsrlik problemini və 30 illik münaqişəni zəfərlə həll etdi. İlham Əliyevin tarixi ədaləti bərpa etməsində xarici faktorlar sırasında D.Trampın tutduğu obyektiv mövqeyi də xüsusi qeyd etməliyik.

Prezident İlham Əliyevin hələ müharibənin gedişində -  2020-ci ilin 25 oktyabrında ABŞ-nin "Fox News" televiziya kanalına müsahibəsində söylədiyi - "Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik" fikirləri həmin dövrdəki gərgin diplomatik situasiyada Ağ Ev rəhbərinin tutduğu ədalətli mövqeyi isbatlayır. "Biz görürük ki, ABŞ-nin mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir", - deyə Azərbaycan Prezidenti bildirib.

Xalqımız bu mövqeyi ötən illərdə əsla unutmadı və D.Trampın Azərbaycanda daha yüksək nüfuza sahib olması da məhz bundan qaynaqlanır. Lakin bu dövrədək də D.Trampın Azərbaycana və Prezident İlham Əliyevə düzgün dostluq münasibətləri dəfələrlə nümayiş olunmuşdu.

İlk ünsiyyət 2016-cı il noyabrın 17-də Prezident İlham Əliyevin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa zəngi ilə başladı. Dövlət başçımız Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd etdi. 

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşitdiyini söyləyən Tramp dövlət başçımıza fəaliyyətində uğurlar arzuladı, Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş etdi. 


Donald Trampdan İlham Əliyevə məktub: "Sizinlə birgə işləmək əzmindəyəm"


2017-ci ilin may ayında isə D.Tramp yeni siyasi kursuna uyğun olaraq bəzi müsəlman liderləri ilə tanışlıq görüşü təşkil etmək üçün Ər-Riyadda Ərəb-İslam-Amerika Sammiti təşkil etdi. ABŞ Prezidentinin təşəbbüskarı olduğu tədbirə, əslində, islam ölkələrinin yarısından da az liderləri dəvət olunmuşdu. Ancaq dəvətlilər sırasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi.

İki Prezidentin birbaşa görüşü isə 10 ay sonra - 2017-ci ilin sentyabrında baş tutdu.  Donald Trampın təşkil etdiyi rəsmi qəbulda Prezident İlham Əliyevlə Mehriban Əliyeva xüsusi qonaqlar statusunda iştirak etdilər.

Münasibətlərin xoş ovqatını göstərən amillərdən biri də prezidentlər arasındakı məktublaşmalar idi. Onlardan bəzilərini xatırlayaq.

Məsələn, 2018-ci ilin 27 aprelində Donald Tramp Azərbaycan İlham Əliyevə məktub göndərir. "Hörmətli cənab Prezident, Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm"  - deyə yazan D.Tramp ardınca qeyd edir: "Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik".

Bu məktubun lakonik mətninin mahiyyətində isə həqiqətən də böyük mətləb var idi. Belə ki, ABŞ Prezidenti azərbaycanlı həmkarına açıq dəstəyini bildirir və onunla birgə qlobal problemlərin həllində əməkdaşlığını daha da gücləndirməyə çalışırdı.


D.Trampdan İlham Əliyevin islahatlarına tam dəstək 


Bir ay sonra D.Trampdan yeni məktub gəldi. 2018-ci il mayın 30-da göndərilən məktubda ABŞ Prezidenti hər bir vətəndaşımızda böyük məmnunluq yaradan fikirlər bəyan etdi: "Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm".

Bəli, D.Tramp İlham Əliyevə rəğbətini ifadə etdi!

D.Tramp İlham Əliyevin islahatlarını dəstəklədi! 

D.Tramp İlham Əliyevin liderliyindəki Azərbaycanı firavan və güclü ölkə kimi səciyyələndirdi!

D.Tramp İlham Əliyevin qlobal enerji təhlükəsizliyi siyasətinə etimadını bildirdi!

D.Tramp Qafqazın gələcəyini İlham Əliyevlə əməkdaşlıqla gördüyünü bəyan etdi!


Donald TRAMP: "İlham Əliyevin liderliyini dəyərləndirirəm"


Azərbaycanla ABŞ, İlham Əliyevlə D.Tramp arasında münasibətlər artıq daha da səmimi və sıx xarakter daşıyır, qarşılıqlı etimad yüksəlirdi. 

2019-cu ilin may ayının 24-də dünyanın əsas fövqəlgücü sayılan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Dövlətlərimiz arasında ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi" təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm", - deyə İlham Əliyevə yüksək münasibətini ifadə edirdi.

Ardınca isə İlham Əliyevin islahatlar kursuna tam dəstəyini bir daha ifadə edirdi: "Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq".

ABŞ Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində İlham Əliyevin iştirakını təqdir etməsi də mühüm münasibət idi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik".

Maraqlı məqam odur ki, ABŞ Prezidenti Donald Tramp İlham Əliyevlə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirsə də, bunu yetərli saymır və "tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram" diləklərini çatdırırdı.


D.TRAMP: "Azərbaycanın suverenliyini güclü şəkildə dəstəkləyirik"


5 gün sonra yeni məktub gəldi. D.Tramp İlham Əliyevə xitabən "ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm" - yazaraq, qeyd etdi ki: "Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. "Cənub qaz dəhlizi" daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir. Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram".

Göründüyü kimi, Donald Tramp Azərbaycanın və İlham Əliyevin böyük liderlik rolunu qəbul edir, dövlət başçımızın islahatlar kursuna dəstəyini bildirir, ölkəmizin bütün region üçün meyar olduğunu söyləyirdi.

Bu məktublar silsiləsində ən əhəmiyyətlilərindən biri isə heç şübhəsiz ki, Donald Trampın 2020-ci ilin may ayında İlham Əliyevə yazdığı məktubdur. 

"Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir" - bu cümlə 1991-ci ildən - Azərbaycan müstəqillik əldə etdikdən etibarən ABŞ prezidentlərinin ölkəmizin suverenliyi, yəni ərazi bütövlüyü barədə verdiyi ilk və hələki son rəsmi bəyanat idi!

Bu, mühüm nailiyyət idi və 4 ay sonra baş verəcək savaşda D.Trampın nümayiş etdirdiyi ədalətli mövqenin ilk işartıları oldu. 

Birləşmiş Ştatların və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini xatırladan D.Tramp bu sahələrdə Azərbaycanın mühüm töhfələrini yüksək dəyərləndirdi. 


Hamı susanda D.Trampa açıq dəstək məhz İlham Əliyevdən gəldi


2020-ci ilin noyabr seçkilərində ABŞ siyasi sistemi D.Trampın timsalında dünya ölkələrinə dost və tərəfdaşlıq təklif edən yeni siyasi kursu "məğlub" etdi. Vətəndaşlarının "sarsaq qoca" adlandırdığı, özündən, danışığından, hərəkətindən xəbərsiz bir başbəlası marioneti prezident kürsüsünə oturtdu. 

Beləliklə, dünyanın daha təlatümlü, daha qan-qadalı dövrü başladı, yeni müharibələr alovlandı. Belə təlatümlər fonunda isə D.Tramp əsla unudulmadı və əslində, onun yenidən hakimiyyətə qayıdışı məhz ABŞ ekspansiyasının hədəfi olan xalqların sosial sifarişi, birmənalı istəyi idi.

D.Trampı Azərbaycanda da unutmadılar. Prezident İlham Əliyev də bu qlobal nüfuzlu lider barədə daim ehtiramla danışdı. Faktlara nəzər salaq.

Bu ilin 21 iyulunda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda dünyada geniş tüğyan edən dezinformasiya, böhtan və yalan informasiyalar bəlasından danışan Prezident İlham Əliyev sabiq amerikalı həmkarını xatırladı: "Prezident Tramp "Vaşinqton Post"u və "Nyu-York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Bu fikirlərinin ardınca Prezident İlham Əliyevə qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzuladığı barədə sual gəldi. "Mən çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm" - əslində, elə bu cümlələrdən İlham Əliyevin D.Trampa dəstəyi məlum oldu.

Prezident sonra daha konkret danışdı: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Bəli, bütün Avropa liderləri D.Trampın məğlubiyyətini arzuladıqlarını açıq etiraf edəndə, hətta Fransa Prezidenti Makron onu məsxərəyə qoyanda, MDB və digər Asiya, Afrika ölkələrinin rəhbərləri Bayden-Harris cütlüyünə dəstəyini aşkar bildirəndə, fərqli mövqeyi cəmi 3-4 lider bildirdi. 

Bütün dünyada D.Trampa açıq dəstəyini bildirən 3-4 prezident sırasında İlham Əliyev də var idi!

Yaxud ABŞ siyasi sistemi D.Trampa qarşı terror təşkil edəndə yenə də dünya liderləri arasında ilk etirazını bildirən məhz İlham Əliyev oldu. Azərbaycan Prezidenti "X" platformasında öz rəsmi səhifəsində kəskin mövqeyini ifadə etdi:  "Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik".

D.Tramp haqsızlığa uğrayanda, hamı ondan üz döndərdi, ancaq İlham Əliyev dəstək oldu!

D.Tramp terrora məruz qalanda, hamı susdu, yalnız İlham Əliyev danışdı!


D.Trampa ən səmimi təbrik İlham Əliyevdəndir 


İndi bütün dünya liderləri D.Trampı təbrik üçün sıraya düzülüblər. Dünənədək onu "qlobal bəla", "qeyri-ciddi adam", "təlxək" adlandıran böyüklü-kiçikli az qala 150 dövlətin rəhbəri artıq ritorikalarını dəyişiblər. 

Və Tramp yenə oldu "dost", "tərəfdaş", "müttəfiq"…

D.Trampa göndərilən təbrik məktubları sırasında ən səmimisi isə heç şübhəsiz ki, Prezident İlham Əliyevə məxsusdur: "Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim".

İlham Əliyev Ağ Evin məkrli, rəzil siyasəti sayəsində son 4 ildə tam korlanan ABŞ-Azərbaycan münasibətlərinin yeni dövrdə əvvəlki yüksək səviyyəsinə qayıdacağına inamlıdır: "Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, "yaşıl" və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır. Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik".

Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətləri yanvar ayından yeni səhifədən yazılmağa başlayacaq…

Bunun üçün tarixi təcrübə və hər iki liderin qətiyyəti var!


İxtiyar HÜSEYNLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!