Beynəlxalq miqyasda aparıcı mövqeyi davamlı yüksələn Azərbaycan Qərbi də ədalətə səsləyir
Bu gün Azərbaycan bəşəriyyəti narahat edən problem və proseslərin müzakirə və həll olunduğu ünvan rolunu oynayır. Bu yaxınlarda Bakıda keçirilən COP29-un, eləcə də digər nüfuzlu tədbirlərin timsalında ölkəmizin qlobal məsələlərin həlli yollarının tapılması səylərinə şərait yaratması, dünyanı bu istiqamətdə səfərbər etməsi, özünün mühüm çağırışları beynəlxalq səviyyədə təqdir olunur. Bu baxımdan Azərbaycanın dünya ölkələri tərəfindən yekdilliklə müxtəlif beynəlxalq təşkilatlara üzv seçilməsi də təsadüfi deyil.
Ötən cümə axşamı Azərbaycanın Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi ölkəmizin növbəti diplomatik uğuru oldu.
Azərbaycan D-8-in daha da inkişafı üçün öz səylərini əsirgəməyəcək
"İslam Səkkizliyi" adlanan D-8-ə üzvlüyü Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun və ölkəmizə olan yüksək etimadın bariz göstəricisidir.
Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik D-8-ə üzvlüyümüz Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və məqsədyönlü xarici siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev ilk dəfə olaraq fəxri qonaq qismində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Görüşündə xüsusi qonaq qismində iştirak edib.
Azərbaycanın D-8-ə qoşulması ölkəmizin təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək.
Ölkəmizin D-8 üzvlüyü bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin böyük rəğbətini qazanan dövlətlərdəndir.
Prezident İlham Əliyev də Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Dövlətimizin başçısı paylaşımında D-8 Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarına təşəkkürünü bildirib: "Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.
Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir".
Məlumat verək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri "2020-2030-cu illər yol xəritəsi" sənədində əks olunub.
Azərbaycanın təşkilata üzvlüyü D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi də əlamətdardır.
Qlobal barışdırıcı güc mərkəzi
Hazırda dünyada gedən geosiyasi çəkişmələr, müharibələr, maraqların toqquşması fonunda bəlkə də Azərbaycan kimi ikinci bir ölkə yoxdur ki, öz balanslı siyasətini qoruyub saxlaya bilsin. Həmçinin nəinki bütün qütblərlə eyni məsafədə olsun, eyni zamanda qlobal barışdırıcı güc mərkəzinə çevrilsin.
Ötən çərşənbə axşamı Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində Prezident İlham Əliyev vurğuladı ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.
Daim ədalət, sülh, barış tərəfdarı olan və bu istiqamətdə mühüm səylər göstərən Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalması və ardınca suverenliyini təmin etməsi Cənubi Qafqazda dayanıqlı sülhə də rəvac verib. Azərbaycan yenə də dünya tarixində rastlanmayan nümunə ortaya qoyaraq məğlub ölkəyə təkmil sülh modeli təklif edib. Artıq Ermənistan ilə Azərbaycan arasında sülh sənədinin 17 maddəsinin 15-i razılaşdırılıb, yalnız ikisi qalıb.
Sözügedən müsahibəsində ölkəmizin rəhbəri bildirdi ki, onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Digər maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Eyni zamanda erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. İkinci şərt isə ATƏT-in Minsk qrupunun ləğvidir. Bütün bunlar həll ediləcəyi təqdirdə sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.
Ancaq hadisələrin bu istiqamətdə inkişafı kollektiv Qərbi qane etmir. Çünki bununla onların Cənubi Qafqaza yerləşmək planları suya düşmüş olur. Buna görə də Ermənistanı silahlandıraraq regionda planlaşdırdıqları müharibə planlarını həyata keçirmək üçün təcavüzkar Ermənistanı silahlandırırlar, onu revanşa qızışdırırlar.
Müsahibəsində Ermənistanın silahlanması prosesinin sıçrayışla getdiyini söyləyən Prezident İlham Əliyev söylədi ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik: "Məncə, bu, fəlakətə aparan yoldur".
Hazırda Parisin Azərbaycana qarşı qərəzinin səbəblərini sadalayan dövlətimizin başçısı onu da dedi ki, Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir: "Baxın bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara "Əlvida!" dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik!..
...Baxın "Moody`s" Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq "Triple-A"ya çatıb, orada kiçik "A" mövcuddur. Çox kiçik, güclə görünən".
Azərbaycan gərginliyin aradan qaldırılması işinə töhfəsini verə bilər
Prezident İlham Əliyevin liderlik qabiliyyəti, siyasi səriştəsi, praqmatik addımları ölkə daxilində əldə edilən hərtərəfli inkişafı stimullaşdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə də birbaşa zəmin yaradıb. Faktdır ki, bu gün sadəcə regional deyil, beynəlxalq miqyaslı məsələlərdə də ölkəmizlə hesablaşılır, şəxsən İlham Əliyevin mövqeyi diqqətə alınır. Sözü imzası qədər kəsərli olan İlham Əliyevin dəfələrlə qlobal barışa birbaşa töhfələr verdiyi dünyaya bəllidir.
Sözügedən müsahibə zamanı Dmitri Kiselyovun NATO tərəfindən səsləndirilən fikirlərə əsaslanaraq qarşıda mümkün görünən NATO-Rusiya müharibəsi ilə bağlı sualını cavablandırarkən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq: "Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin".
Dövlətimizin başçısı dedi ki, Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik: "Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, - gərginliyin azaldılması - "detente". Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq".
Prezident, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycanın müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edildiyini bildirdi: "Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq".
Ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq
"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycanın gərginliyin azaldılması işinə effektiv töhfə verə biləcəyinə diqqət çəkən Prezident İlham Əliyev bu gün ənənəvi dəyərlərə münasibətin heç də dünyanın hər yerində ürəkaçan səviyyədə olmadığından narahatlığını da dilə gətirdi: "Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik".
Prezident İlham Əliyevin hazırkı dünyanın mənzərəsinin şərhi də sayıla biləcək siyasi təhlil xarakterli müsahibəsi həm ümumilikdə Azərbaycanın beynəlxalq proseslərdə tutduğu ədalətli mövqeyə bir daha işıq tutdu, həm də dünya müstəvisində sülhə böyük ehtiyac olduğunu qabarıqlığı ilə önə çəkdi.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"